Milli Qəhrəman Allahverdi Bağırovun heykəlini yaradan tələbə: “Buna görə mənə pul təklif etdilər…”

Milli Qəhrəman Allahverdi Bağırovun heykəlini yaradan tələbə: “Buna görə mənə pul təklif etdilər…” backend

Rəssamlıq Akademiyasının tələbələrindən biri diplom müdafiəsi üçün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun heykəlini hazırlayıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Bu gənc akademiyanın magistrı Elxan Zeynalovdur.

Elxan Zeynalov Cebhe.info-ya müsahibəsində bu barədə danışıb.

-Elxan bəy, diplom müdafiəniz üçün Milli qəhrəmanımız Allahverdi Bağırovun heykəlini hazırlamanız sosial şəbəkədə olduqca maraqla qarşılanıb. Necə oldu ki, bu qərara gəldiniz? Diplom müdafiəsi üçün niyə məhz Allahverdi Bağırovun heykəlini yaratmaq istədiz?

- Allahverdi Bağırovun heykəlini yaratmağımdakı əsas səbəb onun xilaskar ruhu olub. O, 1003 Xocalı əsirini xilas edib, qürur yerimizdir. Bu gün Xocalıda törədilən qətliamı fikirləşəndə, Allahverdi Bağırovun ən böyük xilaskar olduğunu görürəm.



-Belə başa düşdüm ki, bu ideya sizdə birdən-birə formalaşmayıb. Siz sanki neçə illərdir bu anı gözləmisiniz…

- Uşaq yaşlarımda rəssamlığa böyük həvəsim olub, daha sonra heykəltaraşlığa yönəlmişəm. Hətta uşaqkən Allahverdi Bağırovun portretini işləmişdim. Çünki hələ uşaq yaşlarımdan qəlbimdə Allahverdi Bağırova qarşı böyük sevgi olub. Burada təbii ki, ibtidai sinif müəllimimin də az rolu olmayıb. O, Allahverdi Bağırovdan bizə tez-tez danışırdı, çox sevirdi. Mənim də sevgim o vaxt yarandı. Mən Gəncə şəhərində doğulmuşam. Yəni Allahverdi Bağırovla eyni bölgədən deyiləm. Mənə bu sənətlə bağlı hər şeyi öyrədən Gəncədəki müəllimim Yusif Hüseynov olub. 9-10 yaşımdan yeniyetməlik dövrünə qədər rəssamlıqla , ondan sonra isə heykəltaraşlıqla məşğul olmuşam.



-Bundan əvvəl də hansısa Milli qəhrəmanımızın heykəlini yaratmısızmı?

-Bundan əvvəl Allahverdi Bağırovun büstünü düzəltmişəm, ondan başqa Vəzir Orucov, Məzahir Rüstəmov, “Fred Asif” kimi vətən uğrunda canından keçən qəhrəmanlarımızın büstünü yaratmışam.

-Müəllimləriniz Allahverdi Bağırovun heykəlini yaradacağınızı öyrənəndə nə reaksiya verdilər?

-Akademiyada ilk əvvəl heykəlin eskizlərini hazırladım. Onları təqdim edən zaman müəllimlərim çox müsbət rəy verdilər. Mənim diplom rəhbərim Ömər Eldarov idi, təşəbbüsüm onun tərəfindən yüksək qiymətləndirildi.

-Bu təşəbbüsünüzlə bağlı məlumatlar yayıldıqdan sonra məsələyə diqqət göstərən oldumu?

-Açığını desəm, heç nə olmadı. Dövlətin mənə qayğısı o olub ki, Rəssamlar Akademiyasında yüksək keyfiyyətli təhsil almışam.

-Heykəlin açılışı nə vaxt olacaq?

-İnşallah, heykəlin açılışı Ağdamda mart ayının əvvəli baş tutacaq. Xətai rayon Qarabağ Qazilər Birliyinin sədri İlham Həsənovun təşkilatçılığı ilə Ağdam camaatı bu işin həyata keçirilməsi üçün pul yığdı. İcra başçısı ilə görüş keçirildi. Mən bu işi təmənnasız görmüşəm. Həmin pullar heykəlin materialı, yəni qəlibə getməyi və Ağdamda onun postamentinin yüksək keyfiyyətli hörülməsi üçün xərclənəcək. Hətta mənə bununla bağlı mükafat kimi pul təklif olundu, mən qəbul etmədim.



-Sizin yaradıcılığınız əsasən, Milli qəhrəmanlarımızın heykəlini yaratmağa köklənib, ya fəaliyyəti başqa sahəyə aid olan tanınmış şəxslərin də heykəlini yaradırsınız?

-2018-ci ildə bakalavr üçün diplom müdafiəmdə İmadəddin Nəsiminin heykəlini yaratmışam. Bu, mənim magistratura üçün hazırladığım diplom işidir.
Diaspora