“Uşaqpulunun bərpası ilə bağlı konkret fikir olarsa...”
Geridə qoyduğumuz 2019-cu il bütövlükdə sosial islahatlar ili kimi yadda qaldı. Bu islahatların davamını 2020-ci ildə də görə biləcəyikmi? Uzun müddətdir müzakirələri davam edən uşaqpulunun bərpası mümkün olacaqmı? Bu və digər suallara aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Samir Vəliyevə müraciət etdik. Modern.az onunla müshaibəni təqdim edir:- Samir müəllim, 2019-cu il Azərbaycanda sosial islahatlar ili kimi yadda qaldı. Ötən il nazirlik tərəfindən görülmüş işlərə qısaca da olsa nəzər salmaq istərdik...
Bildiyiniz kimi, ölkə Prezidenti, cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycanda bütün sahələri əhatə edərək, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına fokuslanıb. Sosial islahatlar sahəsində son ilin əsas göstəriciləri kimi ölkə başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq mühafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatların əməkdaşlarının əməkhaqlarının, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişiklikləri xüsusi vurğulanmalıdır. Həmçinin, Prezident tərəfindən təqdim edilmiş iki sosial zərfi qeyd etmək olar. Aparılan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyədək -130 manatdan 250 manatadək yüksəldildi. Eyni zamanda, dövlət sektorunda çalışanların əməkhaqları sahədən asılı olaraq 20-100 faiz arasında artırıldı. Qeyd etmək lazımdır ki, minimum əməkhaqqının və dövlət sektorunda çalışanların əməkhaqqının artımından əhalinin 13,5 faizi - 1 milyon 350 min şəxs yararlanıb. Minimum əməkhaqqı artımı dövlət sektorunda çalışanların 1 milyona yaxınını, özəl sektorda çalışanlardan 350 min nəfərini əhatə edib.
Ümumiyyətlə minimum əməkhaqqının 2 dəfəyədək artımı nəticəsində 2019-cu il üçün dövlət büdcəsindən 900 milyona yaxın vəsait ayrılıb, 2020-ci ildə həmin vəsaitin həcmi 2 milyard manat olacaqdır. Eyni zamanda, təqdim olunan 2 zərf sayəsində pensiyaların minimum məbləği 72,4 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılıb. 2019-cu ildə minimum pensiya artımı nəticəsində 162 milyon manat əlavə vəsait ayrılıb. 2020-ci ildə isə bu məbləğ 460 milyon manat təşkil edəcəkdir. Mimum əməkhaqqı və minimum pensiyanın artımı ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına ciddi təsir göstərib.
Qeyd etmək istərdim ki, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə Azərbaycan MDB məkanında ikinci yerdə, minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi üzrə isə birinci yerdədir.
Eyni zamanda, ölkə Prezidenti tərəfindən təqdim olunan islahat zərflərində təqaüdlərin və sosial müavinətlərin artımını da qeyd etmək istərdim. Sosial müavinətlər və təqaüdlər 100 faizədək artırılıb. Eyni zamanda, iki yeni təqaüd - sağlamlıq imkanları məhdud uşaqlara və I qrup əlilliyi olanlara qulluğa görə və müharibə veteranlarına təqaüdlər təsis olunub. Artıq 2019-cu ildən bu təqaüdlərin tətbiqinə başlanılıb. Bütövlükdə sosial islahatlar 10 milyonluq Azərbaycan əhalisinin 42 faizini - 4 milyon 200 min nəfərini əhatə edib. Bu sosial paketlərin həyata keçirilməsi üçün ümumilikdə dövlət büdcəsindən 2,3 milyard vəsait ayrılıb. 2020-ci ildə həmin vəsaitin 3 milyard olacağı nəzərdə tutulub.
Məlumat üçün bildirim ki, müavinət və təqaüdlərin artırılması sahəsində mühüm addımlar atılıb ki, bu sahədə aparılmış son islahatlar ümumilikdə 1,3 milyon şəxsi əhatə etdi və bunlardan 300 mindən çoxu məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən çoxu tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri əhəmiyyətli şəkildə artırılıb.
Konkret olaraq, 488,8 min vətəndaşımıza aylıq və birdəfəlik sosial müavinətlər, 291,6 min vətəndaşımıza isə Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri təyin olunaraq, ödənilib. 296 mindən çox vətəndaş isə ünvanlı dövlət sosial yardımla təmin olunub.
- Aydın olur ki, bu il də ötən il start verilən genişmiqyaslı islahatların davamının şahidi olacağıq. Maraqlıdır, 2020-ci ildə davam etdiriləcək sosial layihələr daha çox hansı sahələri əhatə edəcək?
- Minimum əməkhaqqı və minimum pensiyaların artımı davamlı şəkildə olacaq. Bunu ölkə Prezidenti dəfələrlə öz çıxışlarında bildirib. 2020-ci ildə də bu artımlar həyata keçiriləcək. Bundan əlavə nazirlik tərəfindən 2020-ci il üçün özünəməşğulluq proqramının genişləndirilməsi, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara reabilitasiya xidmətlərinin artırılması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi kimi məsələlər əsas hədəflər olaraq müəyyən edilib.
-Minimum əməkhaqqı, minimum pensiya məbləğləri artırılsa da, bu gün vətəndaşın dolanışığı üçün adekvat deyil. Bu baxımdan hansı tədbirlərin realizə olunması hədəflənib?
- Pensiya və əməkhaqqı artımı davamlı bir prosesdir. Aparılan kompleks islahatlar nəticəsində Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 15 faiz, əlilliyə görə pensiayların orta aylıq məbləği 22 faiz, median pensiyanın məbləği isə 54 faiz artırılıb. Aparılmış indeksasiya nəticəsində 2020-ci ilin ilk ayında pensiyalarda 15 faiz artım olub ki, bu artımının dövlət tərəfindən qarşılanması kifayət qədər böyük məbləğ təşkil edir. Nəzərə almaq lazımdır ki, bu proses ardıcıl olaraq davam edəcək. Əməkhaqlarının orta aylıq məbləğində də 15 faizlik artım olub ki, bu da ciddi rəqəmdir. Cənab Prezidentin qərarı ilə tələbələrə, məcburi köçkünlərə verilən təqaüdlərin artımı baş verib. Bu gün nəzərə alsaq ki, ehtiyac meyarımız müəyyən olunub, bununla müqayisə apardığımız halda və islahatların davamlı həyata keçiriləcəyi təqdirdə insanlar da sosial həyatında bunu hiss edəcəklər.
- “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Bu hansı məqsədi daşıyır? Və bu dəyişikliklər bəzi vətəndaşların illər sonra pensiya almamaq risklərini artırır...
- “Əmək pensiayaları haqqında” Qanuna edilən dəyişikliklərlə bir çox problemlərə son qoyulub. İlk növbədə pensiya kapitalının mövcudluğu məcburi xarakter daşıdığından hər bir şəxs pensiya yaşına çatanda onun mövcud olan sosial sığorta ödəmələrinin həcmi yetərli olmalıdır ki, o, pensiya almaq hüququna malik olsun. Qanunvericiliyə uyğun olaraq, pensiya almaq hüququ olmayan şəxslərə dövlət tərəfindən müavinətlər verilir. Bildiyiniz kimi, bu gün kişilər üçün pensiya yaşı 64 il 6 ay, qadınlar üçün 61 il 6 aydır. Sosial müavinət alanların yaş həddi də pensiya yaşı ilə uyğunlaşdırıldı və bununla da sosial ədalət bərpa olundu. O şəxslər ki, tələb olunan pensiya kapitalına malikdirlər və müvafiq olaraq pensiya yaşına çatıblarsa, onlar üçün pensiya ilə bağlı heç bir problem yoxdur. Sonuncu qərarla sosial müavinət alanlarla pensiya alanlar məsələsində ədalət bərpa olunub ki, bu da dövlətin vətəndaşlarımızın sosial qayğısına olan diqqətinin nümunəsidir.
Cənab Prezidentin sosial təşəbbüsü sayəsində 2018-ci ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan olundu və 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş fərdi uçotla əhatə olunmuş şəxslərə belə 25 il sığorta stajı tətbiq edildi. Bu addım keçmiş iqtisadi farmasiyadan miras qalmış pensiya təminatı sahəsində sosial problemin həll edilməsi məqsədilə, vətəndaşlarımızın pensiya hüququna əlçatanlığının təmin edilməsi məqsədi ilə atılıb. Bunun nəticəsində 2019-cu ilin yanvar ayının 1-dən etibarən avtomatlaşdırılmış pensiya təyinatına başlanıldı. Avtomatlaşdırılmış pensiya təyinatı pensiyaya çıxan vətəndaşlarımızın 80 faizini, təqribən 15 mindən çox insanı əhatə edib. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər. Bu siyasətin davamı olaraq bu sahədə şəffaflığın və səmərəliliyin təmin edilməsi 2020-ci ildə də həyata keçiriləcək.
“Əmək pensiyaları haqqında” Qanuna edilmiş sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdiriləcək. İndeksləşdirilmə həmin pensiya kapitallarının artımına imkan verəcək ki, bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı üçün mühüm önəm kəsb edir.
- Nəzərə alsaq ki, Azərbaycanda insanlar 65-70 yaşına güclə gəlib çatırlar, bu baxımdan gələcəkdə pensiya yaşının aşağı salınması kimi zərurət yaranarsa, nazirlik bununla bağlı hansısa addımlar atacaqmı?
- Ümumiyyətlə dünyada proses daha fərqli, pensiya yaşının artırılması istiqamətində gedir. Bir çox ölkələrdə, o cümlədən də bizdə insanların sosial rifahı yaxşılaşdıqca, onların aktivliyi də artır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, pensiya yaşının aşağı salınması zəruri deyildir. Bizim apardığımız araşdırmalar onu göstərir ki, insanların yaşam tərzi nə qədər yaxşı olursa, onlar bir o qədər aktiv olurlar. Ona görə də pensiya yaşının aşağı salınması məqsədəmüvafiq hesab edilmir. Bizdə xüsusi hallarda pensiya yaşına çıxma yaşları fərqlidir. Məsələn, çoxuşaqlı analar, qanunvericiliklə müəyyənləşdirilmiş xüsusi sahələrdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin pensiyaya çıxma yaşı adi pensiya yaşından fərqli olaraq, aşağıdır.
- Çoxuşaqlı analardan söz düşmüşkən, Azərbaycanda 5-dən çox uşağı olanlar çoxuşaqlı sayılırlar. Amma bir reallıq da var ki, bu gün ailələrdə 2, ən çox 3 uşağa üstünlük verilir. Yəni 5-dən çox uşağı olanlar çox azdır...
- Bu, qanunla müəyyən olunmuş saydır və hesab edirəm ki, normaldır. Hazırda tərəfimizdən bu məsələyə hansısa dəyişiklik nəzərdə tutulmayıb. Azərbaycan ailələrində ən azı 2-3 uşaq olur. Çoxuşaqlı ailə dedikdə 5-dən çox olması Azərbaycan şəraiti üçün müəyyən olunmuş normal rəqəmdir.
- Bəs, uşaqpulunun bərpası ilə bağlı hansısa müzakirə aparılırmı? Nəzərinizə çatdırım ki, bu da ictimaiyyət tərəfindən ən çox müzakirə olunan və nəticə gözlənilən məsələdir. Ayrı-ayrı millət vəkilləri, ekspertlər, hətta Əmək və Əhalinin Sosial Müdafiəsi naziri də məsələyə dair fikirlərini bildirdi. 2020-ci ildə vətəndaşların bu sahədəki narazılığını aradan qaldırmaq üçün uşaqpulunun bərpasına baxıla bilərmi?
- Bununla bağlı cənab nazir öz fikrini bildirib. İctimaiyyət, millət vəkilləri tərəfindən fərqli-fərqli fikirlər də səsləndirilib. Hazırda məsələ nazirlikdə müzakirədə deyil. Bu barədə konkret olaraq fikir formalaşacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq.
- Özünüməşğulluq proqramının tətbiqində ötən ilin əvvəlində baş qaldıran narazılıqlar sanki səngiyib. Bu istiqamətdə qarşıya çıxan problemlər tam həll olunub deyə bilərikmi? Ən azından sosial şəbəkələrdə narazılıqlar gözə çarpmır...
- Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün prioritet, vacib məsələlərdən biridir. Özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib. 2018-ci ildə 7 267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 354 nəfər təşkil edib. Proqram ölkədə kifayət qədər geniş vüsət alıb. Burada biz 9 min nəfərə mal-metrial formasında aktivlər paylamışıq. Bu aktivlər nəticəsində insanlar ailə təsərrüfatı yaradıblar. Hazırda aktivlərin paylanma prosesi davam edir. Bu proqram həyata keçirilərkən həssas əhali qrupuna üstünlük verilib. Ümumiyyətlə, 2019-cu ildə bu proqrama cəlb edilənlərin 2 373 nəfəri əlilliyi olan şəxslər, 1860 nəfəri məcburi köçkünlər, 479 nəfəri isə ünvanlı sosial yardım alanlardır. Özünüməşğulluq proqramının həyata keçirilməsində bu və digər problemlərin aradan qaldırılması məqsədilə nazirlik hər zaman operativ şəkildə reaksiya verib. Çox zaman irəli sürülən iddialar öz əsasını tapmayıb. Bir çox qaldırılan məsələlərin araşdırılması və ortaya çıxan nəticə bunu deməyə əsas verir. Bütün narazılıqlara son qoymaq məqsədilə nazirlik tərəfindən çox ciddi addım atılaraq, nəzarət mexanizminin tətbiqilə əlaqədar, e-sosial portalı vasitəsilə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat alt sistemi yaradılıb. Özünüməşğulluq proqramına cəlb olunmuş və özünüməşğulluq proqramı çərçivəsində aktivləri almış şəxslərin özləri haqqında şəxsi məlumatların daxil olması, eyni zamanda nazirlik tərəfindən bu barədə video və fotoşəkillərin yerləşdirilməsi məsələləri ictimaiyyət üçün açıqlığın təmin olunması məqsədi daşıyırdı. Hesab edirəm ki, bununla da özünüməşğulluq proqramı çərçivəsində aktivlərin kimlərə verilməsi haqqında əldə edilmiş şəffaflıq nəticəsində qeyd etdiyiniz kimi yaranmış söz-söhbət və əsassız narazılıqlar aradan qalxdı.
- Nazirlik tərəfindən iş yerinə dair, əlilliyə dair, müavinət, təqaüd, pensiya, maddi yardım, bidəfəlik ödəmə, ünvanlı sosial yardımla təmin olunma və s. barədə yaradılan elektron xidmətlərin sayının daha hansı istiqamətlərdə artırılması nəzərdə tutulub?
- Nazirliyimiz tərəfindən 16 elektron alt sistemi və 2 reyestri özündə birləşdirən “E-sosial” portalı istifadəyə verilib. Bu portal vasitəsilə vətəndaşlar əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri və digər özləri barədə sosial məlumatları əldə edə bilirlər.
Bildiyiniz kimi ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyin edilməsi mexanizminə keçilib. Artıq arayışlar toplamaq, hansısa dövlət, yaxud özəl qurumların qapısını döyməyə ehtiyac yoxdur. İnsanlar müvafiq pensiya yaşına çatdıqda və pensiya almaq hüququ yarandıqda, ona pensiya yaşına çatması və pensiya almaq hüququnun yaranması ilə bağlı sms məlumat daxil olur.
Digər avtomatlaşdırma tədbirləri müavinət və təqaüdlərin təyinatında da tətbiq edilib ki, hazırda 19 növ müavinət-təqaüd növünün verilməsi tam proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan təmin edilir.
Həmçinin, ölkə başçısının müvafiq sərəncam və tapşırıqları ilə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi yaradılıb. Artıq DOST-un nəzdində iki mərkəz açmışıq. 10 may 2019-cu ildə açılmış ilk DOST mərkəzinə 65 mindən artıq şəxs müraciət edib. Eyni zamanda, 2019-cu ilin dekabrında açılmış 2-ci DOST mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzə gündəlik 250-300 nəfər müraciət edir. Bütün proseslər elektron şəkildə həyata keçirilir. Nazirlik tərəfindən həmin DOST mərkəzlərində bütün arayışların vətəndaşlar tərəfindən elektron qaydada əldə edilməsi mümkündür. Elektronlaşma və avtomatlaşma prosesi davamlı şəkildə tətbiq ediləcək. Bilirsiniz ki, DOST Agentliyində 132 istiqamət üzrə xidmət həyata keçirilir. Bizim də məqsədimiz həmin xidmətlərin maksimum mümkün olan sayının elektronlaşdırılmasıdır.
- Sahil Babayev nazir təyin olunduqdan sonra əlilliyin qiymətləndirilməsi, saxta əlilliyə görə illərdir pensiya alanlarla bağlı ciddi addımlar atıldı. Məlum oldu ki, əvvəlki illərdə əlilliyin qiymətləndirilməsi meyarlarında ciddi yanlışlığa yol verilib və bəzi insanlar haqqı çatmadan əlilliyə görə pensiya ilə təmin olunub. Zaman-zaman bununla bağlı rəqəmlər də açıqlandı. Maraqlıdır, proses hələ də davam etdirilirmi? Ötən il ərzində neçə nəfər bu hüquqdan məhrum edilib?
-Ümumiyyətlə, əlillik məsələləri nazirlik tərəfindən ciddi şəkildə araşdırılıb. Bu gün də həmin araşdırmalar davamlı şəkildə həyata keçirilir. Bu sahədə bizim məqsədimiz əlillik almış şəxslərin həqiqətən də əlil olub-olmamasının araşdırılması, əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun düzgün qiymətləndirilməsi ilə sosial ədalətin bərpa edilməsidir. Bu istiqamətdə bir çox əsassız əlillik təyinatları ləğv olunmuşdur. Əlilliyin müəyyən olunması kriteriyalarına nazirliyin ekspertləri tərəfindən baxılmaqdadır. Hal-hazırda ekspertlərimiz tərəfindən əlilliyin yeni kriteriyalarının müəyyən olunması istiqamətində konkret işlər aparılır. İşlər sona çatdıqda ictiamiyyətə geniş məlumatlar veriləcək.
Bütövlükdə 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət göstərdiyi bərpa mərkəzlərinə 10 457 əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara reabilitasiya xidmətləri göstərilib. Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi 9 682 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Ümumiyyətlə əlilliyi olan şəxslərə göstərilən xidmətlərin keyfiyyətinin, eləcə də keyfiyyətlə yanaşı, onların bərpalarının həyata keçirilməsi istiqamətində kifayət qədər böyük işlər aparılır. Bu yaxınlarda Gəncə şəhərində bizim yeni mərkəzimiz fəaliyyətə başladı. Mərkəzdə bu ildən etibarən artıq əlilliyi olan şəxslərin bərpa və reablitasiyası ilə bağlı müraciətlər qəbul edilməkdədir. Bunlar davamlı şəkildə həyata keçiriləcəkdir. Ölkə Prezidentinin müvafiq göstərişi əsasında, gələcəkdə bərpa mərkəzlərinin sayının artırılması tapşırığı verilib və bu istiqamətdə Nazirlik öz fəaliyyətini davam etdirir.