Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlunun APA-ya müsahibəsi.
- Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi arasında əlaqələri necə qiymətləndirirsiniz?- İlk olaraq onu vurğulamalıyam ki, məhkəməsi güclü olmayan ölkənin iqtisadiyyatının güclü olması mümkün deyil. Məhkəməsi güclü olmayan ölkəyə istər yerli, istərsə də xarici şirkətlər sərmayə yatırmaqdan çəkinər, sənət, incəsənət, idman və digər sahələr inkişaf edə bilməz. Birmənalı olaraq deyərdim ki, cəmiyyətlərin inkişaf etməsi üçün insanların məhkəmələrə etibar etməsi vacibdir. Bu, insanların düşüncələrini azad ifadə edə bilmələri, habelə fikir mübadiləsi aparmaq üçün çox əhəmiyyətlidir. Bizdə belə bir deyim var: “Həqiqətin şimşəyi hakimlərin müzakirələrində üzə çıxar”. Bunu unutmamalıyıq.
Hazırda Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyi yaxından əməkdaşlıq edirlər. Azərbaycan Vəkillər Kollegiyasının bizimlə davamlı əməkdaşlığı nəticəsində, Azərbaycanda vəkillərin peşəkarlığının daha da artmasında ciddi şəkildə irəliləyişlər baş verib. Yaxın dostum Anar Bağırovun rəhbərliyi altında Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu bir quruma çevrilməkdədir. Son illərdə Türkiyə vəkillik sistemi bir sıra nailiyyətlər əldə edib və biz öz təcrübəmizi Azərbaycandan olan həmkarlarımızla bölüşməkdə maraqlıyıq.
- Naxçıvanda Azərbaycan Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Birliyinin birgə toplantısının keçiriləcəyini bildirmişdiniz. Birgə toplantının keçiriləcəyi tarix dəqiqləşib?
- Hazırda bir sıra birgə layihələr üzərində, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini gündəmdə saxlamaq üçün işlər aparılır. Hər iki qurumun rəyasət heyətləri bu məqsədlə Naxçıvanda bir araya gələcək. Xeyli vaxtdır ki, bu istiqamətdə fikir mübadiləsi aparırıq. İlk əvvəl Xocalı soyqırımını anmaq məqsədilə Bakıya səfər etməyi planlaşdırırıq. Bundan sonra isə Naxçıvana getməyi və orada birgə toplantını keçirmək niyyətindəyik. Çox güman ki, fevral ayında birgə görüşümüz baş tutacaq.
- Dağlıq Qarabağ münaqişəsinə toxundunuz. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hansı təklifləriniz var?
- Azərbaycanın haqsızlığa məruz qalması, əzəli torpaqlarının işğal altında olmasını beynəlxalq aləmə çatdırmaq çox önəmlidir. Xüsusən Azərbaycan və Türkiyə cəmiyyətləri bu məsələnin vacibliyini dərk etməlidirlər. Türkiyədə “Hamımız erməniyik” deyib ayağa qalxanlar, ildə bir dəfə türklərin açıq-aşkar qətlə yetirilməsi həqiqətini dərk edib “Hamımız türkük” deyib ayağa qalxmayınca ikiüzlülük edəcəklər. Türklərin tarixində qətliamlar çox olub, amma heç olmasa ildə bir dəfə onlar bunu yad etmirlərsə, demək ki, məsələlərə ikili standartlarla yanaşırlar. Övladlarımızın ikili standartlarla hərəkət edən ikiüzlülərin təsiri altına düşməsinə yol verməməliyik. Biz böyüməkdə olan yeni nəsli istər Anadolu, istərsə də Azərbaycan türklərinin məruz qaldığı qətliamlardan xəbərdar etməyi qarşımıza məqsəd qoymuşuq. Görk üçün, ibrət üçün gənclərimizin daim ayıq-sayıq və ehtiyatlı olması üçün bu, çox önəmlidir. Ermənilərin, erməni diasporunun qondarma “erməni soyqırımı” ittihamları özlərinin türklərə etdikləri soyqırımlarını ört-basdır məqsədi daşıyır. Ermənilər Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının qarşısını almaqdan ötrü öz yalanlarını dünyaya car çəkirlər. Biz həqiqətləri eşitmək, görmək istəməyən Qərbə bunları eşitdirmək və göstərmək istəyirik. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olduğunu hər zaman hiss etməli və güclərini birləşdirib inkişaf etməlidirlər.
- Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 20 Yanvar faciəsinin 30-cu ildönümündə Nobel Sülh mükafatının Mixail Qorbaçovdan geri alınmasını təklif edib. Bu məsələyə münasibətinizi bilmək istərdik.
- Təbii ki, bu məsələ İsveç Kral Akademiyasının və digər beynəlxalq qurumların səlahiyyətində olan məsələdir. Mixail Qorbaçovun özü də xatirələrində etiraf edib ki, 20 Yanvar onun həyatının ən böyük səhvidir. Amma buna səhv deyib keçmək olmaz. Bəli, Sovet İttifaqının dağılmasında, yenidənqurma adı altında Qorbaçovun Qərbə böyük xidmətləri ola bilər, amma bu xidmətlər çox böyük qətliamlara da yol açıb. Azərbaycanla yanaşı, Qazaxıstanda da qətliamlar baş verib. Bütün bunlar Qorbaçovun Nobel Sülh Mükafatına layiq olmadığını sübut edir.
- Suriya Konstitusiyasının yazılması prosesində Suriyanın ərazi bütövlüyünün nəzərə alınmasının vacibliyini vurğulamısınız. Bir hüquqşünas olaraq Suriya münaqişəsinin həllini necə görürsünüz?
- Bəli, Suriya Konstitusiyası yazılarkən Suriyanın unitar dövlət xüsusiyyəti, əyalətlərə bölünməməsi və Türkiyənin dövlət quruluşunun nəzərə alınması çox önəmlidir. Yoxsa bizim məqsədimiz başqa bir dövlətin Konstitusiyasına müdaxilə etmək deyil. Türkiyə həm hərbi, həm də siyasi sahədə Suriya ilə bağlı təhlükəsiz bölgə yaratmaq üçün çox çalışıb və bir sıra uğurlar əldə edib. Bu təhlükəsiz bölgənin gələcəkdə Suriya Konstitusiyası əsasında əyalətlərə bölünüb, yenidən PKK-ya təslim ediləcək “dövlətçiklər”ə çevrilməsinə, terror təşkilatlarının yuvası olmasına heç bir halda yol verə bilmərik. Suriya, Türkiyə və İran bu məsələni birlikdə həll etməlidirlər. Dünyada dost və ya düşmən dövlətlər yoxdur, maraqları və mənfəətləri olan dövlətlər var.
Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu ilə Suriya mövzusunda dəfələrlə görüşümüz olub. Xarici İşlər Nazirliyi Suriya və Liviya məsələlərində son dərəcə uğurlu xarici siyasət yürüdür. Əgər Türkiyə Xarici İşlər Nazirliyi bizə etimad edərsə, Suriya Vəkillər Kollegiyası ilə bir araya gəlib, Suriya Konstitusiyasının yazılması prosesində təcrübəmizi bölüşə bilərik.