Bəxtiyar Hacıyev: “Mənə irad bildirib, qüsur axtaranlar bu xəbəri manşetdən verdilər” - MÜSAHİBƏ

Bəxtiyar Hacıyev: “Mənə irad bildirib, qüsur axtaranlar bu xəbəri manşetdən verdilər” - MÜSAHİBƏ backend

İctimai fəal Bəxtiyar Hacıyevin APA-ya müsahibəsi

- Sizin Fransanın paytaxtı Parisdə keçirilən Sülh Forumunda Ermənistanın Baş Naziri Nikol Paşinyana ünvanladığınız sual və cavabdan sonra debat aparmamağınız irad tutulur. Bu iradları nə dərəcədə əsaslı sayırsınız?

- İrad bildirənlər ya tədbirin formatından bixəbərdirlər, ya da qəsdən bu addımı kölgədə qoymaq üçün belə iradlar bildirirlər. Paris Sülh Forumu və onun çərçivəsində keçirilən masterclass çıxışları debat deyil və Paşinyanın iştirak etdiyi tədbirdə tək sual imkanı vardı, ondan da mən istifadə edib, Azərbaycanın işğal altında olan ərazilərinə gələrək, "Qarabağ Ermənistandır" bəyanatı verərək, sülh prosesinin qarşısını aldığını ona bildirdim. Paşinyan təktərəfli təbliğat aparmaq istəyirdi, məlum müdaxilədən sonra auditoriyada olan şəxslər bizim də mövqeyimizi eşitdilər.

Bakıda geniş kollektivlə isti otaqlarında kompüter arxasında oturub, "biz olsaydıq, elə yox, belə deyərdik" iradı bildirən KİV rəhbərləri bilməli idilər ki, bu forumda qonaq qismində iştirak dəvətlə olsa da, KİV nümayəndəsi kimi iştirak açıq və asan proses idi. İrad bildirən KİV rəhbərləri öz geniş kollektivlərindən peşəkar jurnalistləri ora göndərə bilərdilər və necə davranılmalı olduğunu göstərərdilər.

- Sosial şəbəkələrdə Azər Həsrət, Eynulla Fətullayev və digərlərinin bu məsələ ilə bağlı Sizə ünvanlanan iradlarına münasibətiniz necədir?

Onların mənə iradlarını sadalayım:

- Bəxtiyar Hacıyev Paşinyanı sual atəşinə tutmalı, onun moizəsini dinləməməli idi.

- Bəxtiyar Hacıyev ona veriləcək cavabı təxmin edib, ona uyğun sual verməli idi.

- Bəxtiyar Hacıyev Paşinyana qarşı aqressiv olmalı idi.

- Bəxtiyar Hacıyevin Paşinyana sual verməsi ona ötürmə oldu, o da öz demək istədiklərini dedi.

Təbii ki, başqa iradlar da vardı, ancaq, bunları izah edim. Yaxşı ki, Paris Sülh Forumundan bu müsahibəyə qədər Ata Abdullayev adlı vətəndaş Milanda Paşinyanla bu kriteriyalara uyğun davrandı, müqayisə üçün imkan yarandı. Ata Abdullayev aqressiv davrandı, Paşinyan Ayaz Mütəllibovdan sitat gətirərək Xocalı faciəsini Azərbaycan tərəfinin törətdiyini bildirdi, zal hiddətləndi, Azərbaycan tərəfi özünü apara bilməyən xalq kimi göründü.

Məncə, əlavə şərhə ehtiyac yoxdur. Bir balaca ağlı olan, prosesləri müşahidə edən insan üçün aydındır nə baş verir. "Bəxtiyar Hacıyev Paşinyana sual verdi, ictimaiyyət təqdir etdi, qarşısını almaq cəhdləri uğursuz oldu, davay, göndərək Ata Abdullayevi, şüvən salsın, beləcə də bütün yaxşı şeylər kimi bu fəaliyyətləri də gözdən salaq, heç kim daha belə şeylər edib, özünü Ata ilə müqayisə etdirməsin".

Mənə "Bəxtiyar gərək orada aqressiv olardı, Paşinyanı sual atəşinə tutub, moizəsini dinləməzdi, ona pas verdi" kimi mənasız iradlar bildirən ağzıgöyçəklər gördülər dünən "iş"lərinin nəticəsini. Əgər mənimlə Paşinyan arasında söhbətdən sonra Paşinyan gəlib, mənimlə görüşdüsə, auditoriyadakılar bizi sivil, mədəni, yeri gələndə qələm uzadaraq da olsa, incə jest edən xalq kimi tanıdılarsa, dünən bütün erməni saytları Ata timsalında Azərbaycan xalqını səviyyəsiz, ədəbsiz, şüvən xalq kimi təqdim etdi.

Digər müqayisələri və reaksiyaları sosial şəbəkələri izləyən insanlar özləri görəcəklər. Ancaq, mənə irad bildirib, qüsur axtaranlar bu xəbəri manşet xəbər kimi təqdim etdilər. Başqa heç nə deyə bilmərəm, elin gözü tərəzidir.

- Tədbirdən sonra Nikol Paşinyan yenidən Sizə yaxınlaşıb. Yenidən Sizinlə danışmaqda məqsədi nə idi? Ümumiyyətlə, kuluar söhbəti zamanı Nikol Paşinyan Sizə necə təsir bağışladı, yenidən? Onunla Dağlıq Qarabağ münaqişəsinin həllində razılaşma əldə etməyi mümkün sayırsınızmı?

- O, mənim kimliyimlə maraqlandı, normal söhbət etdik. Baxmayaraq ki, onun baş nazir kimi hələ bir dövlət adamı olmadığını düşünürəm, onun tədbirdən sonra geri qayıdıb, məni axtarması və söhbət etməsini müsbət dəyərləndirirəm. Düşünürəm ki, onunla sakit şəkildə söhbət mümkündür və Paşinyanla Qarabağ münaqişəsinin həllini müzakirə etmək daha asan olar, nəinki Sarkisyan və Koçaryanla.

- Xaricdə təhsil almış bir azərbaycanlı gənc kimi son dövrlər Azərbaycandakı bir sıra siyasi qüvvələrin adının mühacir alverində hallandırılmasına münasibətiniz necədir?

- Bu iddialar illərdir müzakirə edilir, son zamanlar Almaniyada mühacir alverində şübhəli bilinən şəxslərin həbsləri və Azərbaycana deportasiyası gündəmdədir. Zaman-zaman mən ən sərt şəkildə bu alverdə iştirak edən şəxsləri qınamışam, həqiqətən siyasi təzyiqlərə məruz qalmış şəxslərin Azərbaycanda qalıb, siyasi və ictimai fəaliyyətlərini davam etdirdikləri halda, saxta arayışlar, üzvlük vəsiqələri, saxta foto və videolarla bəzi insanların dələduzluqlar etməsini ən sərt şəkildə qınamışam. Düşünürəm ki, Azərbaycan ictimai-siyasi mühitində belə fəaliyyətlə məşğul olan adamlara həm hüquqi çərçivədə ən sərt cəzalar verilməlidir, həm də həmin insanların, xüsusi ilə də artıq mühacir alverində, dələduzluqda adı hallanmış, barələrində məhkəmə hökmü olmuş şəxslərin ictimai rəydə müsbət təqdim edilməkləri cəhdləri qınanmalıdır.

- Azərbaycanda həyata keçirilən gənclər siyasətini necə qiymətləndirirsiniz? Gənclər siyasətinin daha effektiv həyata keçirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?

- Son illər Azərbaycanda gənclər siyasətində çox ciddi problemlər var. Məhz bu bəzi yanlış yanaşmaların nəticəsində ölkədə gənclər arasında marginallaşma, narazılıq artıb. Məsələ burasındadır ki, uzun illərdir Azərbaycanda gənclər siyasətini həyata keçirən şəxslər və qurumlar daha çox öz dar və məhdud çevrələri ilə işləyirlər, müstəqil və müxalif düşüncəli gəncləri diqqətdən kənar saxlayırlar. Dövlət hesabına həyata keçirilən proqramlar, qrantlar, tikilən mərkəzlər və s. daha çox məhdud sayda hakimiyyət tərəfdarı, gənclər siyasətini həyata keçirənlərin yaxınlarının ixtiyarına verilir. Bu isə, geniş müstəqil çevrələrdə birmənalı qarşılanmır.

İkinci problem isə həm maddi baxımdan, həm biznes imkanları baxımından onsuz da geniş imkanlara malik məmur övladlarının həm də dövlət qulluğunda irəli çəkilməsidir. Bir çox hallarda bu elə açıq həyata keçirilir ki, atanın rəhbər olduğu qurumda onun övladları məsul vəzifələrə təyin edilirlər. Bu isə kifayət qədər potensialı olan, nə özəl sektorda, nə sahibkarlıq fəaliyyətində məmur övladları ilə bərabər imkanlar əldə edə bilməyən şəxslərlə digərlərinin arasında çox böyük qeyri-bərabərlik, uçurum yaradır. Nəticədə gənclər ya ölkəni tərk etməyə məcbur olurlar, ya da radikal tənqidçilərə çevrilirlər.

Düşünürəm ki, dövlətin gənclər siyasəti siyasi baxışlarından asılı olmayaraq, hamı üçün qucaqlayıcı, birləşdirici olmalıdır və bütün gənclərin inkişafı, potensiallarını reallaşdırmaq üçün bərabər şəraitlər yaratmalıdır.
Diaspora