"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə Lüksemburqun "Düdelanj" klubuna 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.az-a müsahibə verib.
O, əvvəlcə matç haqda danışıb.- Həqiqətən də gözlənilməz nəticə oldu. Rəqib ilk oyunda APOEL-i 4:3 hesabı ilə udmuşdu. Çox ciddi hazırlaşmışdıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Rəqibə oynamağa imkan verməmək istədik. Çünki topla rəftar edən komandadır. Kifayət qədər qol şansları oldu. Mühüm olan qələbədir. Böyük hesabla qalib gəlmək önəmlidir. Çünki ilk turda 0:3 hesabı ilə uduzmuşduq.
- Son matçlarda çıxış etmirdiniz. Bunun səbəbi nə idi?
- Xəstələnmişdim. Bakıda virus dolaşır. Məşqlərdən kənarda idim. Qurban müəllim hər oyunçunun tam hazır olmasını istəyir. Bu, onun iş prinsiplərindən biridir. Mənə nə zaman etimad göstərsə, meydana çıxmağa hazıram. Şans verdi və bundan istifadə etməyə çalışdım.
- İkinci qoldan sonra təxribata əl atıldı. Həmin anlar barədə fikirləriniz necədir?
- Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, qapımızın üstündən dron uçur və üzərində bayraq var. Bayraq dedim, bunu əski adlandırardım. Onun dalınca qaçmağa başladım ki, o yerə enməsin. Heç enmədi də. Hakimə yaxınlaşdıq ki, bu yerə enməməlidir. Hakim dedi ki, sizi başa düşürəm, amma meydandan çıxmalısınız. Əvvəlcədən razılaşmırdıq. İstəmirdik ki, yerə ensin. Hakim (Con Biton) də anlayan insan idi. Bizə qarşı sərt olmadı. Çalışdıq ki, əski parçası yerə düşməsin. Fasilə elan verildi. Lüksemburqun idman naziri bizdən üzr istədi. Ona dedik ki bu, həsas məsələdir. Qondarma bayraq qalxsa, oynamayacağımızı bildirdik. Qurban müəllim bizimlə söhbət etdi. O dedi ki, təxribat bizə təsir etməməlidir və bizim üçün 3 xal önəmlidir. Aqressiya olmadan oyuna davam etməli idik. Hakim bizə son xəbərdarlığı etdi ki, belə şey olsa, oyunu dayandıracağam. Fasilədən sonra qırmızı və sarı vərəqələr almadıq. Çox legionerimiz olsa da, onlar da bu məsələyə ciddi yanaşdı. İkinci hissədə bu hal təkrarlanmadı. Konsentrasiyamız pozulmadı. Hamı var qüvvəsi ilə mübarizə apardı.
- Bir an hamı azərbaycanlı azarkeşlər tərəfə getdi.
- O məqamlar çox qarışıq idi. Bizi də itələyirdilər. Ehtiyat oyunçular ora getmişdi. Çalışdıq ki sakitləşək, paltardəyişmə otağına gedək. Hər jest və əl hərəkəti vərəqə ilə nəticələnir.
- Bu qələbə ilə qrupdan çıxmaq yolunda inamlı addım atdınız?
- Hamı qrupdan çıxmaqdan danışır. Kimsə “Qarabağ”ı sevirsə, qrupdan çıxmağını istəyirsə, bu barədə danışmasın. Qarşıdakı oyunlarla bağlı fikir bildirsinlər. Futbol ictimaiyyəti, azarkeşlər və futbolçular APOEL-lə oyunu düşünməlidir. Qrupdan çıxmağı fikirləşməsinlər. Bu, hamıya aiddir. Hər oyuna final kimi yanaşmalıyıq. Qrupdan çıxmağı düşünmək yalnız komandanın ziyanına olacaq. Oyunda-oyuna fikirləşməliyik.