“İnsanlara səslənmək istəyirəm ki, xarici ölkələrə miqrasiya təşkil edən fırıldaqçıların vədlərinə qətiyyən aldanmasınlar!”
Modern.az saytının müsahibi mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyardır. O Bəxtiyar ki, 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olub, eyni zamanda elə uşaqkən "Yuxu" filmində Bədəl rolunda çəkilib.Çoxları onu AzTV-dən Bəxtiyar Səxavətoğlu kimi tanıyırdı.
Arayış: Bəxtiyar Məmmədov 23 dekabr 1984-cü ildə anadan olub, təhsilinə 1991-ci ildə M.Cuvarlinski adına 52 saylı orta məktəbdə başlayıb, 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə attestatı ilə bitirərək, yüksək balla Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisasına qəbul olunub.
2005-ci ildə bu təhsil ocağının bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının (Vestminster Universiteti) magistraturasına qəbul olunub. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsi alaraq, vətənə dönüb və 2008-ci ildə BDU-da Beynəlxalq hüquq ixtisası üzrə daha bir magistr diplomuna yiyələnib.
Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı kimi diplomatika fəaliyyətinə başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının Argentinadakı səfirliyində konsulluq məsələləri üzrə məsul şəxs olub. Daha sonra ölkəmizin İtaliyadakı səfirliyində çalışıb. Bir müddət sonra diplomatiya səhsindəki fəaliyyətinə son verərək Amerikaya köçüb. Hazırda okeanın o tayında yaşayır.
Evlidir, iki övladı var.
- Bəxtiyar bəy, bir vaxtlar indiki gənc nəslin nümayəndələri arasında tanınmış televiziya aparıcısı idiniz. Ancaq illər keçdi və sizi bir daha nə mətbuatda, nə də televiziyada gördük. Halbuki, siz hazır jurnalist məktəbini keçmişdiniz. Necə oldu ki, birdən-birə diplomatiyaya doğru istiqamət aldınız? Diplomatiyada sizi çəkən nə idi?
- Düşünürəm ki, əslində yaxşı diplomat elə yaxşı jurnalist olmalıdır. Bu mənada iki peşə arasında çox böyük oxşarlıqlar var. Ən ciddi fərq ordadır ki, özünə və qələminə hörmət edən əsl jurnalist düzgün informasiya və ədalət naminə həqiqətləri söyləməkdə inadcıl və səxavətli olmalı, əsl diplomat isə dövləti və xalqının mənafeyi naminə həqiqətləri söyləməkdə bəzən bir az qənaətcil olmalıdır.
- Televiziyada apardığınız verilişləri tam olmasa da, xatırlayıram. Haqqınızda belə fikirlər də dolaşırdı: atasına görə oğluna efir veriblər. Sizcə, bu nə dərəcədə doğru fikirlər idi?
- Azərbaycan Dövlət Televeziyasındakı fəaliyyətim nə az nə çox - düz 11 il davam edib. 1992-ci ildən 2003-cü ilə qədər. Əslində bu, o zaman dünyasını yeni dəyişmiş atam Səxavət Məmmədovun yaşadılması və bir növ təskinlik üçün anamın istədiyi bir layihə idi və mən də razılaşdım. Razılaşmamaq kimi bir seçimim də yox idi, çünki yaşım çox az idi.
“Atama görə efir verdilər” fikrinə münasibətdə isə onu bildirmək istəyirəm ki, o dövrdə Azərbaycan Dövlət Televiziyasında keçirilən müsabiqədə mənim kimin övladı olduğumu biləndə münsiflər heyətindən göz yaşını saxlaya bilən çox az sayda adam oldu. Bu baxımdan məhz televiziyaya gəlməyimlə bağlı bu deyilən fikirlə ümumən razılaşıram. Ancaq həmişə çalışmışam ki, o adı doğruldum və imkan daxilində o adın kölgəsində qalmayım. Hər nə qədər bu çətin olsa da... Bundan sonra mən tək evimizin Bəxtiyarı deyil, həmin dövrdə çoxsaylı Azərbaycan ailəsinin ekranlardan tanıdığı Bəxtiyar oldum. Amma yaşıdlarım arasında məni heç sevməyənlər də var idi, bunu sonralar bildim. 2015-ci ildə bir nəfərlə tanış oldum, üzümə dedi ki, uşaqlıqda səndən zəhləm gedirdi, atam hər dəfə səni mənə misal çəkirdi. Bu gün həmin şəxslə ailəvi dostluğumuz var. Deməli, atası yanılmırmış.
- Çox vaxt musiqiçi ailəsində dünyaya gələn uşaqlarda az da olsa musiqi duyumu olur. Ancaq mərhum Səxavət Məmmədovun övladları arasında atalarının yolunu gedən olmadı. Səbəbləri siz daha yaxşı izah edə bilərsiniz...
- 2 qardaşım və 1 bacım var. Aramızda kiçik qardaşım Şəhriyarın bizə baxanda daha yaxşı səsi var məncə. Buna sənətkarlar daha düzgün qiymət verə bilər. Atamın yolunu getmək bir az ağır məsələdir. Atam 37 illik qısa ömründə sənəti ilə bağlı elə bir zirvə fəth edib ki, çətin ki hansımızsa yenidən ora çata bilək. Bu mənada, əmim Feyruz hazırda atamdan sonra səxavətsevərlər üçün ən böyük təsəllidir. Sırf musiqi sahəsi üzrə getməyi nəzərdə tutursuzsa, yəqin razılaşarsız ki, indi bunun üçün xüsusi səsə və ya istedada ehtiyac yoxdur. Sənət də, bir çox digər sahələr kimi əsasən maddiləşib. Bu kimi “sənətkarlar” nə qədər yaşayacaq o ayrı mövzudur, amma fakt budur ki, istedadı olan da, olmayan da efirdədir.
- Qayıdaq diplomatiyaya. Hazırda diplomatik fəaliyyətiniz davam edirmi?
- Xeyr, davam etmir. Müəyyən səbəblərdən XİN-dən ayrıldım və təhsilimlə bağlı ölkədən kənara getməli oldum. Hazırda ailəmlə birgə ABŞ-da yaşayıram.
- Diplomatiyadan hansı səbəblərə görə getdiyinizi soruşmayacam. Çünki cavab verməyəcəyinizi bilirəm. Yaxşı, diplomat olmağın üstünlükləri və çətinlikləri nədən ibarətdir?
- Anlayışınıza görə təşəkkür edirəm. Sualınız o qədər əhatəlidir ki, sözün düzü, bu müsahibə çərçivəsində buna necə müxtəsər cavab verəcəyimi bilmirəm. Amma ümumən onu deyə bilərəm ki, ya diplomat olub sözün əsl mənasında ölkəni, vətənini təmsil edə bilərsən. Bu öhdəliyin tam məsuliyyətinə varıb, hər davranışında, hətta gündəlik şəxsi həyatında belə özünə, ailənə məhdudiyyətlər tətbiq edə bilərsən. Ya da diplomat olub, bunu bir lüks kimi qəbul edər, müvafiq beynəlxalq konvensiyalara uyğun olaraq immunitet və imtiyazlardan, diplomatik pasportun üstünlüklərindən şəxsi mənafeyin üçün geninə-boluna istifadə edə bilərsən. İndi üstünlüyünə də, çətinliyinə də siz qərar verin...
- İllərlə doğma məmləkətindən uzaqda fəaliyyət göstərmək asan deyil. ABŞ nəhəng dövlətdir. Bəzilərinin düşüncəsinə görə, ABŞ-da yaşamaq çox rahatdır. Siz necə düşünürsüz?
- İnsan öz vətənində, öz doğmalarının arasında belə yaşayarkən müxtəlif çətinliklərlə, haqsızlıqlarla, maneələrlə üzləşirsə, hansısa qərib ölkədə yaşamaq rahatdır fikri sadəcə gülüş doğurur. Söhbət sırf ABŞ-dan gedirsə, burda yaşamaq qətiyyən rahat deyil. Sosialyönümlü bir ölkə deyil. Bildiyiniz vəhşi kapitalizmdir. Ancaq fakt budur ki, mövcud işlək sistemlərin ən uğurlu nümunələrindən biri bu ölkədədir. “State of law” yəni effektiv hüquqi dövlət sistemi insanları idarə edir və hamı qanun qarşısında cavab verəcəyini yaxşı bilir. Bəzən ölkəmizdə də insanların müxtəlif formada aldadılaraq ABŞ, Kanada, digər inkişaf etmiş Avropa ölkələrinə miqrasiyasını təşkil edənlərlə bağlı xəbərləri təəssüflə oxuyuram. Bununla bağlı Faceboook hesabıma da çoxsaylı suallar yazanlar olur. Üzrlü hesab edin, hamının suallarını bir-bir cavablandırmağa imkanım yoxdur. Lakin fürsətdən istifadə edib, insanlara da səslənmək istəyirəm ki, qətiyyən aldanmasınlar belə vədlərə. Özləri nəyi necə etməyi bilənlər, dil biliyi kifayət qədər olan, xaricdə yaşama təcrübəsi olanların özlərinə yeni həyat qura bilmək imkanları daha uğurlu ola bilər. Pul müqabilində hansısa “xidmətlər” təklif edən fırıldaqçı vasitəçiyə inanmağa dəyməz.
- Bəs ABŞ kimi nəhəng dövlətdən Cənubi Qafqaz xüsusilə, Azərbaycan necə görünür?
- Baxmaq istəməsən görünmür. Çünki çox uzaqdı və coğrafi baxımdan müqayisədə çox kiçikdir. Ürəyində elin-obanla bağlı istək, həsrət varsa, görünməyini gözləmirsən, özün boylanıb baxırsan. Qeyd edim ki, ABŞ-ın xüsusən mənəvi baxımdan çox qayğılı və stresli həyat tərzi var. Bəli imkanlar ölkəsidir. Razıyam. American Dream-in ana vətənidir. Amma bilirsiz ki, “dream” ingiliscə yuxu deməkdir. Yuxudan ayılmasan çox çətin olur və o imkanlar daim çox uzaqda üfüqdə görünür.
- Düzdü, diplomat kimi vətəndən uzaqda yaşamaq təcrübəniz var. Ancaq uzaq diyarlarda yaşamaq nə vaxtsa sizə çətin gəlibmi? İnsan bir həftə vətəndən uzaqda olanda onu darıxmaq hissi boğur. Bu hissi tez-tez yaşaya bilirsizmi?
- Biz ailə olaraq bir növ qürbətçiliyə alışmışıq. Əlbəttə heç nə asan deyil, amma çoxlu cəhd edəndə ümidlər, imkanlar və bacarıq bu tipli ölkələrdə tez-tez bir nöqtədə kəsişə bilir. Nümunələr də çoxdur. Sadəcə, çox çalışmaq lazımdır. Əlbəttə, darıxırıq. Amma gündəlik qayğılar daha üstün gəlir. İmkan olduqca da gəlirik Vətənə.
- Bir sual da maraqlı gəldi: Televiziyada böyümüş adamsız. Televiziya mühiti çox zaman insanı maqnit kimi özünə çəkir, qopmaq olmur. Nə zamansa yenidən televiziyaya qayıtmağı heç düşünmüsünüzmü?
- Düşünməmişəm, amma istisna da etmirəm. Hadisələrin gedişatı həmişə bizdən asılı olmur. İnanclı insanam, məqsədim uğrunda çalışsam da, Allahın qismətinə də inanıram.
- Televiziya kanallarımızı izləyirsizmi?
- Azərbaycanda olanda televizora baxmağa çox həvəsim olmasa da, qürbətdə olanda daha çox baxıram deyərdim.
- Acı reallıq var ki, indi efirlərimiz çox dəyişib. Təbii, bu dəyişiklik uğurlu və peşəkar formada yox, tam əksinədir. Sizcə, televiziyalarımızda niyə peşəkar komanda yoxdur? Ehtiyac yoxdu, yoxsa necə? Mütləq şit hərəkətlərlə tamaşaçı ordusu yığmaq lazımdır?
- Bilirsinizmi, yaşım artdıqca, həyat təcrübəsi topladıqca populist fikirlərdən, “hamının dediyi”ndən qaçmağa başladım. Təbii ki, ictimai qınağa fikir verirəm. Amma kütlə psixologiyası ilə hərəkət etməyi də sevmirəm. Bunun bir səbəbi də həyatımın bəlli bir qismini fərqli ölkələrdə, müxtəlif cəmiyyət və mühitlərdə yaşamağımdır. Hansısa coğrafi-sosioloji qəlibə düşən biri deyiləm. Bu mənada “indiki televiziyalar biabırçılıqdır” bəyanatı bir az mənim yanaşma tərzimə uyğun deyil. İndiki televiziyaların fəaliyyəti ümumən tələb olunan nədirsə, odur. Düzdür bu proqramlar həm də tamaşaçıya sırınır, amma seçim də var. Bəzən efirlərdə heç arzulamadığım, çox bayağı hesab etdiyim verilişlər görürəm. Amma heç kim məni onlara baxmağa məcbur etmir axı. İndi çoxumuzun evində onlarla başqa kanal təklif edən televiziya paketləri var. Çevir digərinə bax. Fakt budur ki, o bayağı dediyimiz verilişlərdə həvəslə əl çalan, mənasız şəkildə durub oynayan, nə bilim, qəribə hərəkətlər edən insanlar var və onlar da bizdəndir.
- Keçmiş televiziyaçı kimi, informasiyaları televiziyadan almaqda maraqlısız, yoxsa sosial mediadan, saytlardan?
- Əvvəla onu deyim ki, mənə bəzən elə gəlir, sanki sosial mediada başqa azərbaycanlılar yaşayır. Əksər hallarda ciddi mövzularda diskusiyaların iştirakçısı olan profillərə dərin rəğbət bəsləyirəm. O qədər savadlı, güclü analitik qabiliyyətə malik soydaşlarımız var ki. Elə insanları görəndə vətənimin adına çox sevinirəm. Facebook səhifəm var və ara-sıra nələrsə “post edirəm” və ya münasibət bildirirəm. Fəaliyyətinə, ictimai statusuna, dürüstlüyünə, savadına xüsusi rəğbət bəslədiyim insanlar var, onları izləyirəm. İmkan olanda mövzuya uyğun fikirlərimi bölüşürəm. İnstagram səhifəm var, amma yox kimidir. Həm də uzun müddət dövlət qulluğunda olduğum üçün özümü sosial şəbəkələrdə aktivlikdən bir az çəkindirmişəm.
- Bəs mətbuat səhifələrini necə oxuyursuz? İnanmıram ki, qəzet oxuyasız.
- Əlbəttə, oxuyuram. Mətbuatı daha çox internet üzərindən izləyirəm.
- Sizcə, cəmiyyətə informasiya baxımından televiziya daha çox fayda verir, yoxsa sosial media?
- Yeddi hərflik bir sözdə dörd orfoqrafik səhv edib, amma oxucusuna qatığı qara göstərmək istəyən o qədər xəbər saytları var ki, inanın bayaq haqqında söhbət etdiyimiz o səbəbsiz çalıb-oxuma proqramları bəzən adama daha faydalı gəlir. Mən anlamıram Azərbaycanda korrektor yoxdur? Axı bu mətbu orqan niyə nəzərə almır ki, sabah ona istinad edə bilərlər. Bu qədər yalan və bisavad yazılar kimə, nəyə xidmət edir? Yalan yazıların, dezinformasiyanın hansısa marağa xidmət edən sifariş olduğunu anladıq, bəs olmazmı bunu heç olmasa savadlı, səviyyəli şəkildə yazasınız...?
Ümumilikdə isə kompüterimdə ölkəmizin “by default” açılan çoxsaylı xəbər saytı var. İmkan olduqca çalışıram hamısını oxuyum. Ölkə daxilində baş verən hər hansı hadisə ilə bağlı xəbərin müxtəlif mənbələrdə verilmə tərzi, bəzən ümumiyyətlə verilməməsi bəzi mövqelərin mahiyyətini dərk etməyə kömək edir. Təbii ki, bu mənada yenə də sosial şəbəkə platformalarının rolu əvəzsizdir, çünki insanlara fikir bildirmə haqqı tanıyır. Hər fikir doğru olmaya bilər, qərəz ola bilər, amma bəzən bir əsaslandırılmış, ağlabatan şərh bütün hadisəni qavramağa kömək edir və qərəzli rəyi zərərsizləşdirir. Bir də xüsusi vurğulamaq istəyirəm ki, istənilən vicdanlı jurnalist şəxsən mənim üçün ən doğma insanlardan biridir. Bu baxımdan gərək unutmayaq ki, Azərbaycan kiçik ölkədir, hamının açıq-aydın gördüyünü nəyinsə müqabilində, üzr istəyirəm ifadəmə görə, abırsız şəkildə “bəzəməyə” dəyməz. Hamının gördüyü həmişə doğrudur demirəm, məsələnin görünməyən, amma haqlı tərəfləri də ola bilər.
- Hazırda ABŞ-da təhsilinizə görə qalırsız. Bəs gələcəkdə özünüzü hansı sahədə görmək istəyərsiz? Yenidən diplomatiyaya qayıtmaq istərsinizmi?
- Onu gələcək göstərəcək. Əsas məsələ Allahın açdığı qapını görə bilmək və özünə inanmaq, addım atmaqda ürəkli olmaqdır.
- Bir çox azərbaycanlılar xaricdə yaşaya-yaşaya diaspor fəaliyyəti ilə də məşğul olur. Belə bir istəyiniz varmı?
- Vətənimi təmsil etmək mənim uşaqlıqdan içimdə böyütdüyüm bir sevgidir. Bayaq verdiyiniz suala da cavab olaraq bildirim ki, məni diplomatiyaya da məhz bu istək gətirmişdi. Hazırda hansısa diaspora fəaliyyəti ilə məşğul olmuram, amma ailəmizin imkanları daxilində, ya da burda yaxın münasibətdə olduğumuz həmvətənlərimizlə birgə müxtəlif tədbirlər təşkil edir, çox uzaqda olan, özü kiçik olsa da, böyük ürəyə malik Azərbaycan insanını tərənnüm etməyə çalışırıq.
- Övladlarınızı Azərbaycana bağlı böyüdə bilirsinizmi?
- Allah bütün övladları saxlasın, bizdəkilər də kifayət qədər azərbaycanlı kimi böyüyürlər. Oğlum bağça və orta məktəbə İtaliyada getdiyindən, italyancası və ingilscəsi pis deyil. Baxmayaraq ki, mən və anası evdə ədəbi dilimizdə danışsaq da, oğlum da, qızım da evdə bizimlə rayon şivəsində danışırlar. İnanın elə bir mühitdə də böyüməyiblər ki, deyim təsiri olub. Mənə “dədə” deyirlər, başa düşmədim əvəzinə “qanmadım” deməklə bəzən bizi çox güldürən danışıq tərzləri var. Hətta burdakı bizi tanıyan həmvətənlərimiz də həmişə bunu deyirlər. Qətiyyən mane olmuram və əksinə, çox xoşuma gəlir. Övladlarımda milli kaloritin itdiyini görsəm, çox pərt olaram. Bu yola onun üçün çıxmamışıq.