Fikrət Qoca: “Elə bilirəm, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” - VİDEO

Fikrət Qoca: “Elə bilirəm, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” - VİDEO backend

“Desələr ki, Anar çıxır, gəl otur yerində, getmərəm”

“Yeni Müsavat”ın budəfəki müsahibi Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qocadır. Onunla doğum günü ərəfəsində söhbətləşib AYB və onun ətrafında gedən müzakirələr, yaradıcılığı, bu və ya digər məsələlər barəsində danışdıq. Müsahibəni təqdim edirik.

- Fikrət müəllim, bu bazar 84 yaşınız olacaq. Doğum gününüzə necə hazırlaşırsınız, necə qeyd etməyi planlaşdırırsınız?

- Bu elə yaşdır ki, mən o qədər də qeyd etmirəm. Amma hər halda dünyaya gəlmişəm - özümdən asılı olmayaraq. Yəni qazancım olub ki, gəlmişəm. Sonra gələn şeylər, o cümlədən pislər, yaxşılar xırda şeylərdir. Qalıb bir getmək, abırlı gedə bilsəm, nə gözəl.

- Bu günlərdə Afaq Bəşirqızının da doğum günü idi. Qəzetimizə müsahibəsində qeyd edirdi ki, “Elə bir adam yoxdur ki, öz doğum gününü gözləməsin, özləməsin”. Belə anladım ki, siz gözləmirsiz...

- Bu artıq olmuş hadisədir. Əsas gərək ... hesab verəsən özünə ki, doğulmağıma görə, əzizlərimi, doğmalarımı, yaxınlarımı, insanları peşman etməmişəm ki? Əgər yox, deməli, hələ yaşamağıma dəyər. İnsan bilməlidir ki, kömək, yaxşılıq etməyə gəlib. Pis adamlar da var, amma yaxşı pisdən çoxdur ki, bu həyatı yaşayırıq. Və sənin də övladın var, sən yaxşılıq edəndə bil ki, sabah övladının qarşısına çıxacaq. Atalar deyib ki, “Nə tökərsən aşına, o da çıxar qarşına”. Əsas məsələ budur. Hamını bildiyi çox sadə, primitiv bir məsələ var, bacardıqca yaxşılıq et, yamanlığa da yaxşılıq et. Çünki yamanlıq edən istəyir ki, sən dönüb, onun kimi olasan.

- Yəni bu yaşda da sizə yamanlıq edənlər var?

- Həmişə var. Əqrəb düşmənçilik etmir ki, çalmaq onun xasiyyətidir, zəhərini tökür. Elələri əlbəttə ki, var, gərək əqrəblərdən uzaq olasan. İnsanının şüuru var, anlayır ki, hər şey dünyada yaşayır. Bəzən elə düşünürlər ki, hər şey kağıza və ya daşa yazılanda yaşayır, amma belə deyil...

- Bir az öncə qeyd etdiniz ki, gərək hər kəs özü ilə hesab aparsın, nəyi doğru, nəyi səhv etdiyini anlasın. Bəs özünüzlə hesabat aparanda təəssüfləndiyiniz, çəkindiyiniz məqamlar olurmu?

- Hər axşam yatmazdan əvvəl özümə hesab verirəm. Bəzən görürsən ki, gün ərzində kiməsə yersiz söz demisən, amma buna fikir vermirsən, amma axşam yada düşür. Bu, cəhənnəm əzabıdır, insanı tər basır, qışın ortasında da yazında da. Düşünürsən ki, “nə qələt elədim, ölçüb-biçməmiş könül qırdım, adamın xətrinə dəydim”. Və yaxud mənə yaxşılıq etdi, mən ona pislik etdim. Beləliklə, insan hər gün özü ilə belə hesabat aparmayanda kütləşir, edib susmağa, yalan danışmağa başlayır. Amma başa düşməlidir ki, yaxşı adam deyil. Bu zaman güzgüyə baxmaq lazımdır. Hamı eyni cür dünyaya gəlir, lakin sonradan inkişaf edirsən. Doğrudur, inkişaf etməkdə ata-ananın da təsiri var. Amma insan özü-özünü heykəltəraş kimi yonmalı, artıq şeyləri kəsib atmalıdır. Biz amma həmişə başqasını düzəltmək istəyirik. Amma gərək birinci özündən başlayasan. Əgər hər kəs özü ilə danışmağa başlasa, heç mübahisələr də olmaz. Bütün konfliktlər buna görə yaranır.

- Bir neçə gündür ki, havalar çox isti keçir. Əksəriyyət hazırda məzuniyyətdə, istirahətdədir. Bu yaşda, bu istidə işə gəlmək, işləmək sizin üçün çətin deyil?

- Yox qızım, yaşayıram. Bu mənim işimdir. Əslində mən evdə də işləyirəm, bu mənada ki, mənim işim əsasən yaradıcılıqdır. Bu Yazıçılar Birliyi zamanında məni Moskvaya oxumağa göndəriblər, çox sağ olsunlar ki, məni ata-ana kimi qəbul etdilər, vətənə geri döndükdən sonra isə məni işə götürdülər. Bütün bunları mənim üçün bu qurum edib. Bura elə mənim evimdir. İndi guya işə gəlməsəm, rahatlıq tapacam? Əlbəttə ki, yox. Gəlirəm bura, nə qədər gücüm var çalışıram. O borcu qaytarmaq üçün gəlirəm. Burda mənə pislik də ediblər, amma yaxşılıq o qədər çox ediblər ki, o pisliklər xırda görünür.

- Qeyd etdiniz ki, zamanında qurum sizi Moskvaya oxumağa göndərib. Bəs indi niyə gəncləri Moskvaya təhsillərini artırmağa göndərmirsiniz?

- Biz müstəqil ölkəyik. O zaman biz Moskvaya ilə bir yerdə idik, amma indi onlar yoxdur. Gəncləri göndərməyimiz üçün illik pul ödəməliyik. Eyni zamanda, bunun arxasında bir şey var. Ora Moskva Yazıçılar İttifaqı İnstitutdur. Onda gərək onlara bağlanaq. Amma axı biz birtəhər ayrılıb, müstəqil olmuşuq.

- Yəni AYB-yə ayrılan vəsaitlə göndərmək olmazmı?

- Ayrılan vəsait başqa sahəyə ayrılır. Məsələn, 20 gənc, 50 yaşlı üçün prezident təqaüdü verilir. Amma həmin gənclər gərək AYB-nin üzvü ola ki, o təqaüdü alsın. Yoxsa hər əlin qələm götürən gəncə təqaüd versək, qarant verə bilmərik ki, o, nə vaxtsa şair olacaq.

- Tez-tez fikirlər səslənir ki, AYB-yə artıq ehtiyac yoxdur, çünki zamanında sovet ideologiyasına xidmət edib, indi isə belə bir ideologiya yoxdur. Və yaxud deyilir ki, dünyanın heç bir yerində, hətta qonşu Türkiyədə belə dövlətdən maliyyələşən bu cür yazıçılar qurumu yoxdur və sairə.

- Sovet dövlətinin binasını qoyan Lenin olub. Onun amma ağıllı bir sözü var idi, deyirdi ki, “Siz uşağı ləyəndə çimizdirəndən sonra çirkli su ilə bir yerdə çölə atmayın”. Doğrudur, aovet hakimiyyətinin çox pis işləri, repressiyaları olub. Amma orada yaxşı şeylər də olub. Məsələn, gəncləri oxutdurur, savadlandırırdı, alimlər yetişdirirdi. İndi sovet hakimiyyəti altından çıxmışıq, bu o deməkdir ki, uşağı da ləyənlə bir yerdə çölə ataq? Olmaz axı belə. Yaxşını qəbul edir, onu qoruyub, saxlayırıq. Doğrudur, dəlixanamız da var, amma institutlarımız, akademiyalarımız var. Hər şeyə qara yaxmaq doğru deyil.

- Yəqin ki, mətbuatdan izləyirsiniz, bir sıra gənc yazarlar tez-tez deyir ki, niyə qurumda 32 ildir ki, katib işləyən Fikrət Qoca və 28 ildir sədr olan yazıçı Anar, yaşlılar yerini, kreslosunu gənclərə vermək istəmir?

- Yer kresloda oturmaq demək deyil ki, yer işdir. Bu yeri səs vermə ilə seçirlər. Səs qazanmazdan öncə hörmət qazanmaq lazımdır. Ümumiyyətlə gərək yazıçı hörmət, ad-san qazansın. Hazırda qurumda 10-dan çox akademik var. Belə bir təşkilat tanınmayan bir gənci rəhbərliyə gətirsə, akademiklər deməz ki, bunlar kimdir? Məşhur, tanınmış əsəri yoxdur, amma sədr olmaq istəyir. Anarı tanıyırlar, ona görə ona səs verirlər. Hər 5 ildən bir bu vaxtı başlayırlar qaynaşmağa, iddia ortaya atmağa ki, sədr olmaq istəyirəm. İddia gərək ölçülsün. Mən kosmonavt olmaq istəyirəm. Amma axı kosmonavt yazıqlar xeyli məşq edir, illərlə bu yolu keçirlər. Bu məsələ də belədir. Biz axı bu işin necə aparılmasını bilirik. İndi deyirlər ki, bu işləri yarımçıq qoyaq, deyək ki, gəl Əhmədağa, bura sənindir? Onlar bilməyəcək işin başı harasıdır, ayağı harası.

- Belə anladım ki, siz sədrliyə namizədliklərini verən yazıçıları tanımırsınız?

- Vallah yaxşı tanımıram. Çünki mən yazıçıları əsərləri ilə tanıyıram. Özlərini görsəm, bilmirəm yadıma düşər ya yox. Amma hansısa şeir yadımda qalanda, istər istəməz onu xatırlayıram. Mən buranı tutub duran deyiləm, hamımız bir gün gedəcəyik. İndi dəli deyiləm ki, qoca vaxtımda durub bura gəlim. Bir gün heç qurultayı gözləməyəcəm, çıxıb gedəcəm. Gəlib işləyə biləcəklər? Amma əxlaq, tərbiyə deyilən bir şey var. Bəzən elə kobud şəkildə deyirlər ki, “dur, get!”, adam bilmir hansı ailədən gəliblər. Yazıçı üçün əxlaq ciddi məsələdir. Yazıçı əxlaqı, tərbiyəni əsəri ilə aşılayır. Tərbiyəsiz adam hansı əxlaqı aşılayacaq?

- Yazıçılar Birliyinin tarixinə diqqət edəndə məlum olur ki, yazıçı Anara qədər bu qurumda ən çox rəhbərlikdə qalan Mirzə İbrahimov olub, o da cəmi 10 il sədr işləyib. Sizcə yazıçı Anarın 28 il bu vəzifədə qalmasında bəxti gətirib, nüfuzu köməklik edib, ya onun qədər dəyərli namizəd olmayıb?

- Nə deyim, qızım? Mən Anardan 3 yaş böyüyəm. Əgər mənə bu gün desələr ki, Anar çıxır, gəl otur onun yerində, mən getmərəm.

- Niyə?

- Anar həm istedadlı yazıçıdır, həm də çox ziyalı, ciddi insandır. Bununla bərabər onun insanlarla işləmək qabiliyyəti yüksəkdir. Məsələn, düşünürəm ki, ola bilər ki, hansısa məqamda özümdən çıxa, dözə bilmərəm, qarşımdakına ağır söz deyərəm, bunları yəni özümdə hiss edirəm, ona görə ehtiyatlı oluram. Amma Anardan arxayınam, onu 60 ildir ki, tanıyıram. Bir şey olanda gedib onunla məsləhətləşirəm - baxmayaraq ki, ondan 3 yaş böyüyəm, mən də onun qədər təhsil almışam. Anar bu işə layiqdir. Üstəlik, beynəlxalq miqyasda, keçmiş SSRİ məkanında olmuş dövlətlərdə tanınır. Burdan bir məktub gedəndə izah etməyə lüzum qalmır ki, kimdir, nəçidir. Biri gedəndə, deyəndə ki, “məni Anar dəvət edib”, sorğusuz qəbul edirlər. Tutaq ki, burada birini biz tanıyırıq, amma axı onu dünya tanımır. İndi Anarın qədrini bilsinlər ki, işləyir. Anar bilsə ki, bir nəfər belə onun əleyhinə səs verəcək, bir dəqiqə də dayanmaz burda. Hansı ki, sədr olmaq istəyirlər, bir nəfər seçilən kimi, düşəcəklər onun üstünə.

- Sovet dövründə də bu cür qovğalar olurdumu?

- Olurdu. Çox şeylər görmüşəm (acı gülümsəyir).

- Şeir yazırsınızmı?

- Əlbəttə, qızım. Yazmasam, bax o zaman işdən çıxmış olaram. Bax, o günü Allah göstərməsin. Çünki başqa mənim heç nəyim yoxdur. Özümə bir təsəlli edəcəyim şey şeirlərimdir, yaradıcılığımdır. 11 kitab çap etdirmişəm, artıq 12-cisini hazırlayıram. Mənim keçən ömrüm hamısı ordadır, səpələnib, tökülmüşəm ora. Hamısını toplasan bəlkə də içindən cavan Fikrət çıxacaq. Yazmadığım vaxtlarda isə ölmüşəm-dirilmişəm.

- Cavanlığınızdakı olan məhəbbət anlayışı indiki ilə fərqlidirmi?

- Məhəbbət heç vaxt donunu dəyişmir. Məhəbbətsiz yaşamaq olmaz. Yaşamaqda da, həyatda da yazın gəlməyində də məhəbbət var. Mən hər dəfə yazla yenidən gəlirəm. Təbiət başdan-ayağa möcüzədir.

- Havanın isti olmasına baxmayaraq kostyumdasınız. Müsahibə üçün belə geyinmisiniz, ya hər gün kostumda olursunuz?

- Qalstuk geyinməyəndə üşüyürəm (gülümsəyir).

- Yəni yayın istisində də?

- Bəli. Cavanlığımda da belə idim. Amma başqa vaxt bəzən görürsən ki, rahat geyimdə oluram.

- Bildiyim qədər Üzeyir Hacıbəyov hər zaman yeni musiqi bəstələyəndə kostyumunu, qalstukunu geyinib, royalın arxasına keçirmiş...

- Belə deyirlər. Ola bilsin ki, başqa şairlər də belə olub. Bəlkə özlərini o stola, royala itələmək üçün üzünü təraş edir, kostyum, qalstuk geyinir, özünü hazırlaşdırır. Bunların hamısı bəhanədir. Əsas iş yazmaqdır. Yazmaq həvəsi gələndə stolun altında da, stolun, dizinin üstündə də yazırsan.

- Doğum gününüzdə kimdən zəng, təbrik, diqqət umacaq, axtaracaqsınız?

- Bu mənim üçün böyük iş deyil axı. Artıq yaşlaşmışam. Elə bilirəm ki, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq. İnsan nə qədər yaşayar? Özü də 3 dəfə ölüb-dirilmişəm. İnsan sadəcə, onun arxasınca baxan nəvəsi və yaxud övladının nigaran, qorxu dolu baxışını fikirləşir, bax bu çox dəhşətlidir...


Diaspora