Nikol hər şey edir ki, Bakı zərbə endirsin… – Trofimçuk

Nikol hər şey edir ki, Bakı zərbə endirsin… – Trofimçuk backend

Rusiyalı politoloq Qriqori Trofimçukun Axar.az-a müsahibəsini təqdim edirik:

- Son dönəmlər İrəvandakı vəziyyət elə də ürəkaçan deyil. Köçəryanın azadlığa çıxmasından sonra Paşinyan məhkəmələri hədəfə götürüb və bir növ məhkəmlərlə savaşa başlayıb. Bu gərginlik nə qədər davam edə bilər?

- Ermənistanda gərginliklər bitməyəcək. Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə bu gərginlik başlayıb və mütəmadi olaraq inkişaf edir. Paşinyan əhalinin həyat səviyyəsini qaldıra, korrupsiya ilə mübarizə apara bilmir. Ona görə də o, korrupsiya ilə mübarizənin nəticəsinin olmamasına yeni bəhanə ilə haqq qazandırır. Yəni günahkar hakimlər və ümumilikdə məhkəmə sistemidir. Bundan sonra korrupsionerlərin valideynləri, daha sonra nənələri və babaları, daha sonra isə başqa kimsələr günahkar olacaqlar. Nəhayətdə xalq dəhşətli korrupsiyada Paşinyanın özü və onun komandasını ittaham edəcək. Əslində isə Baş nazir Paşinyan Robert Köçəryanı həbsdən buraxmağa (böyük ehtimalla müvəqqəti – Q.T.) məcbur idi, çünkü Ermənistanın keçmiş prezidentinin ünvanına yönələn repressiyalara Moskvanın mümkün reaksiyasını hesablaya bilməmişdi. Daha dəqiq desək, o qorxdu. Əgər Nikol Vovayeviç məhkəmələrə öz adamlarını yerləşdirsə, bu, ölkədə artıq total korrupsiyanın ortaya çıxmasına yardım edəcək.

- Bütün gərginlik yalnız bundan ibarət deyil. Paşinyan bir müddət əvvəl qondarma Qarabağ rejimini tənqid edərək, keçmiş hökumət nümayəndələrini torpaqları Azərbaycana satmaqda ittiham etdi. Maraqlıdır ki, tərəflər arasında bu gərginlik İrəvandakı yeni hökumətin Azərbaycanla aktiv danışıqlar apardığı dövrə təsadüf edir. Paşinyan Qarabağ danışıqlarının aktivləşdiyi bir zamanda niyə belə addım atdı?

- Qarabağ Paşinyanın son 25 ildə kollektiv danışıqlarla bağlı bütün səyləri ləğv etməyə başladığı əsas fəaliyyət istiqamətlərindən biridir. O, elan edir ki, sülh qarşılığında ərazi mübadiləsinə getmir, amma əvvəldən bu, konfliktin həlli prosesində əsas mahiyyəti təşkil edir. Digər tərəfdən, o deyir ki, Qarabağa heç bir aidiyyəti yoxdur, amma burada aktiv şəkildə hakimiyyəti dəyişməyə cəhd edir. Bütün bunlar Qarabağın İrəvandan ayrılmasına, ABŞ-ın birbaşa təsiri altına düşməsinə gətirib çıxaracaq. Bu, xüsusilə, Ağ Evin İrana qarşı gələcək təzyiqləri fonunda daha realdır. Paşinyan hər kəsi hər şeydə ittiham edir, ona görə də hansısa erməni siyasətçinin ünvanına onların guya Azərbaycana torpaq satmaları ilə bağlı ittihamlar artıq yeni xəbər deyil. Bu, ölkədə tezliklə daha sərt formaya keçəcək daxili siyasi mübarizənin bir hissəsidir. Bakı ilə danışıqlara gəlincə isə, məncə, Paşinyan Azərbaycanın sakit şəkildə diskussiyaları davam etdirməsindən təəccüblənir. Belə ki, Bakı artıq Paşinyanın qəribə addımları sayəsində İrəvana qarşı qeyri-hərbi təzyiqlər göstərmək üçün çoxlu sayda “kozırlara” sahiblənib. Görünür, Nikol Vovayeviç Azərbaycanı yeni Qarabağ müharibəsinə təhrik etmək üçün hər şeyi edib, amma Azərbaycan nədənsə hələlik buna getmir.

- Qarabağda hakimiyyət dəyişikliyindən bəhs etdiniz. Bu reallaşacağı halda Azərbaycanla danışıqlar prosesində hansısa yeniliklərə ümid etmək olarmı?

- Əgər Ermənistan baş naziri Qarabağdakı hakimiyyət dəyişikliyinə birbaşa təsir göstərsə, o zaman onun Qarabağın müstəqil, ayrı və suveren tərəf kimi danışıqlar masasında əyləşməsi ilə bağlı iddialar avtomatik olaraq qapanacaq. Məncə, Azərbaycanın özü də bunu yaxşı anlayır. Bu, ən sadə və məntiqli əks-arqumentdir. Paşinyanın özü də “suveren Qarabağın” işlərinə müdaxiləsini xarici dünyadan gizlətmir, halbuki, əsl siyasətçi bunu birmənalı şəkildə gizlədərdi. Əgər danışıqlar prosesindən danışsaq, o zaman hər kəsə artıq Paşinyanın Azərbaycana heç nəyi qaytarmağa hazırlaşmaması aydındır.

- Amma Paşinyanın reytinqi hər keçən gün daha da azalır və bu ona qarşı yeni güclü müxalifət formalaşdıra bilər...

- Paşinyana onun reytinqinin azalmasını dayandıra biləcək yeni layihələr düşünməsi daha da çətinləşir. İndi bu məqsədə çatmaq üçün məhkəmələr hədəf götürülüb. Paşinyanın özü hakimiyyətə qeyri-konstitusion yolla gəlib, ona görə də özünün əsas baza problemini növbədənkənar parlament seçkisi keçirərək, maksimal şəkildə həll etməyə çalışdı. Bu o deməkdir ki, gələcəkdə kütlə onu da devirə bilər. Üstəlik, onun vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı hesabatı etibarsız görünür. Demokratiya haqqında müntəzəm sözlər üçün artıq vətəndaşlarda kalori və pul yoxdur. Buna artıq daha çox insan əmin olmağa başlayır. Paşinyanın siyasi müxalifəti isə mövcuddur və əvvəl dediyim kimi, özünü daha sərt şəkildə göstərməyə başlayıb. Paşinyan siyasətçi kimi zəifdir, bunu isə hər kəs görür və hiss edir.

- Maraqlıdır, Rusiya bütün bu proseslərə müdaxilə edirmi?

- Rusiya Ermənistanın daxilindəki proseslərə müdaxilə etməyəcək. Ümumilikdə Rusiya tərəfi hələlik sadəcə proseslərin inkişafını müşahidə edir. İstənilən halda artıq aydındır ki, Paşinyan xalqa vəd etdiyini yerinə yetirə bilmədi. Ona görə də Rusiya üçün vacib olan artıq regionda, eləcə də Ermənistanın iştirak etdiyi bütün inteqrasiya və hərbi-siyasi strukturlar daxilində stabilliyin saxlanılmasıdır. Əgər bu stabillik təhdid altına qoyulsa, o zaman Moskva, sözsüz ki, burada öz sözünü demək məcburiyyətində qalacaq.

- Paşinyanın Qarabağla bağlı yaranan ziddiyyətli bəyanatları qarşılığında yaranan qeyri-müəyyənlik yeni müharibə yarada bilərmi?

- Qarabağ ətrafında hər gərginlik əvvəlkindən daha kəskin və dəhşətli olacaq. 2016-cı ilin aprel müharibəsi dondurulub, amma bu, lazımi zəmanətlə dayandırılmayıb. Bayaq dediyim kimi, Paşinyan Azərbaycanı bilərəkdən yeni müharibəyə təhrik üçün əlindən gələn hər şeyi edib və ona mesaj verib ki, torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmır. Bakının əlində Paşinyana təsir üçün qeyri-hərbi xarakterli ciddi rıçaqlar var və mən anlaya bilmirəm ki, niyə indiyə qədər ondan istifadə edilmir. Bu “qaşıq” nahara yaxın qiymətə minir. Əgər Paşinyanın arxasında Azərbaycanla Ermənistan arasında bilərəkdən yeni qarşıdurmanı qızışdıran regiona yad gizli qüvvələr dayanırsa, o zaman yeni müharibə qaçılmazdır.

- “Regiona yad qüvvələr” dediniz. Minsk Qrupundakı həmsədr ölkələrdən hansı üçün konfliktin indiki mərhələdə həlli böyük önəm kəsb edir?

- Ermənistan və Azərbaycan arasındakı konfliktin həlli xarici nəzarətçilərdən yalnız Rusiya üçün sərfəlidir. Belə ki, Cənubi Qafqazdakı böyük müharibəyə o tab gətirə bilməz. Digər güc mərkəzləri (AB və ABŞ) üçün isə burada nəyin partlayıb-partlamaması önəmsizdir. Onlara hətta yerli xammalın hasilatı, daşınmasına nəzarəti ələ keçirib, indiki kimi buna böyük pullar ödəməməsi üçün partlayışın olması daha sərfəlidir. Bununla belə, hər kəs anlayır ki, Qarabağda danışıqların realı nəticəsi yoxdur.

Əgər Qarabağda böyük müharibə baş versə, belə proqnoz vermək olar ki, həm Ermənistan, həm də Azərbaycan zəifləyəcək. Təcrid olunmuş müharibə burada alınmayacaq, çünki Yaxın Şərq və İrana yaxınlığı nəzərə alınarsa, partlayış bütün regionu bürüyəcək.
Diaspora