Vahid Əhmədov: “Heç vaxt o yolla Qarabağa getmərəm”

Vahid Əhmədov: “Heç vaxt o yolla Qarabağa getmərəm” backend

“Ola bilər ki, bir sıra dövlətlər bu sazişin əleyhinə olsunlar”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Yeni Müsavat”a geniş müsahibə verib.

- Vahid bəy, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan saziş günün əsas müzakirə mövzularından biridir. Bu sazişin önəmi barədə nə deyə bilərsiniz?

- Avropa İttifaqı arasında imzalanacaq saziş Azərbaycanın ictimai-siyasi həyatında müəyyən dönüşlərə səbəb ola bilər. Çünki Azərbaycan Avropaya inteqrasiya edən bir dövlətdir, ölkəmizin Avropa dövlətləri ilə çox yaxşı münasibətləri var. Ona görə də belə bir sazişin imzalanması çox vacibdir. Avropa İttifaqı ilə Azərbaycan arasında ilk saziş 1996-cı ildə imzalanmış, 1999-cu ildə ratifikasiya olunmuşdu. Ondan keçən müddət ərzində çoxlu dəyişikliklər baş verib. Yeni sazişin üzərində isə çoxdan idi ki, iş gedirdi. İctimai müzakirələrdə də bu sazişlə əlaqədar müəyyən fikirlər səsləndirilir. Xarici işlər naziri də bildirdi ki, bu yaxınlarda sazişlə əlaqədar məsələlərin 90 faizi faktiki olaraq həll olunub, qalan məsələlər də öz həllini tapacaq. Bu saziş çox həssas bir siyasi sənəddir. Ona görə də bununla bağlı debatların, müzakirələrin aparılmasını normal qəbul edirəm.

- Sazişdə bəzi prinsipial məsələlər barədə iddialar var. Xüsusilə də ərazi bütövlüyümüzlə bağlı müddəanın sənəddə əksini tapmaması mümkündürmü?

- Dövlət başçısı cənab İlham Əliyev bütün görüşlərində, beynəlxalq təşkilatların tribunalarındakı çıxışlarında, yaxud hansısa sənədin imzalanması zamanı hər zaman Azərbaycanın ərazi bütövlüyünün ilk növbədə nəzərə alınmasını qeyd edir. Ona görə mən arxayınam ki, Avropa İttifaqı ilə sazişdə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəa əksini tapacaq və heç bir problem yaranmayacaq. Əgər ərazi bütövlüyümüzlə bağlı müddəa olmasa, bu sazişin heç bir tarixi əhəmiyyəti olmayacaq. İkinci ən ciddi məsələlərdən biri Azərbaycanla Avropa arasında olan ticarət əlaqələrinin genişləndirilməsi, viza rejiminin sadələşdirilməsi kimi hallardır ki, bunlar da Azərbaycan xalqı və dövləti üçün çox böyük əhəmiyyət kəsb edir.

- Rəsmi məlumata görə, sənədin razılaşdırılması başa çatmaq üzrədir və imzalanması üçün ciddi maneə yoxdur. Bəs siz hansısa sürprizlər gözləyirsinizmi?

- Fikir verirsinizsə, son vaxtlar istər qonşularımız olsun, istər digər dövlətlər bu sazişin imzalanmasına böyük diqqət yetirirlər. Hətta buna mane olmaq istəyən müəyyən qüvvələr var. Xüsusilə Ermənistan, əlbəttə, istəməzdi ki, bu sazişdə Azərbaycanın ərazi bütövlüyü əksini tapsın, Avropa ilə Azərbaycan arasında viza rejimi müəyyən qədər yumşaldılsın, ya ləğv edilsin, o cümlədən ticarət əlaqələri genişləndirilsin. Əlbəttə, bu sazişin imzalanmasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prinsipləri də yəqin ki, nəzərdə tutulacaq. Bu da bizim üçün çox önəmlidir. Çünki bu təşkilata daxil olanda Azərbaycan müəyyən üstünlüklər əldə etməlidir ki, 3-5 il müddətdə ölkənin iqtisadi həyatında ciddi problemlər olmasın. Ümumiyyətlə, mən belə hesab edirəm ki, bizim bu sazişi imzalamağımız çox vacibdir. Ola bilər ki, bir sıra dövlətlər bu sazişin əleyhinə olsunlar, amma hökumətimiz, dövlət başçımız israrlıdır. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda, təxminən may ayında biz bu sazişin imzalanmasının şahidi olacağıq.

- Yuxarıdakı sualı əbəs yerə sizə ünvanlamadım. Adətən Gürcüstan və Ukrayna nümunələri yada salınır. Azərbaycanla bağlı hansısa təhlükəli planlar işə salına bilərmi?

- Əlbəttə, Gürcüstan və Ukraynada baş verən hadisələr ola bilər ki, Avropa İttifaqı ilə birbaşa əlaqələrin genişlənməsi ilə əlaqədar idi. Hər iki ölkə faktiki olaraq Avropaya inteqrasiya edən dövlətlərdir. Bu ölkələrlə Avropa İttifaqı arasında viza rejimi tamamilə ləğv olunub. Burada da təxminən 28 dövlət var ki, onlarla çox sıx əlaqələrə malikdirlər. Mən gözləmirəm ki, Azərbaycan üçün hansısa bir sürpriz hazırlansın. Çünki bu sazişin imzalanma ərəfəsində Azərbaycanın dövlət başçısı və xarici işlər naziri bununla əlaqədar kifayət qədər məlumat veriblər. Ona görə də hesab edirəm ki, bu sazişin imzalanması normal səviyyədə, heç bir xarici təzyiqlər olmadan baş tutacaq. İkincisi də, bu sazişin ictimai müzakirəyə çıxarılması, onun əhali tərəfindən müsbət qəbul olunması bir daha göstərir ki, bu saziş bizim dövlətimiz üçün çox vacibdir.

- Vahid bəy, təklif gəlsə, Ermənistana gedərsiniz?

- Vallah, mən o barədə fikirləşməmişəm. Amma nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, mənim o ölkəyə getmək fikrim yoxdur.

- Bəs Qarabağa necə?

- Qarabağ Azərbaycan ərazisidir. Əgər rəsmi müraciətlər olarsa, ora gedib şəraitlə tanış olmaq mümkündür. Mətbuatdan aldığım məlumata görə, ermənilər işğal zonasında vandalizm aktını həyata keçirirlər, bizim tarixi abidələrimizi məhv edirlər, oraya kənar qüvvələri yerləşdirirlər. Dağlıq Qarabağ ərazisi faktiki olaraq narkotrafikə çevrilib. Bu kimi məsələləri araşdırmaq üçün olar. Bu yaxınlarda Ermənistanın müdafiə naziri ağlına gələni danışdı, iddia etdi ki, Azərbaycanın digər ərazilərini də işğal edə bilərik. Danışıqlar çox uzandı, bunlar da hamısı təhdid və təzyiq formasıdır. Lakin Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, püxtələşmiş, yetişmiş, dünyada kifayət qədər mövqeyi olan bir dövlətdir. Ona görə də mən hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətləri onsuz da gec-tez düzələcək. Bunu Ermənistan dövləti və erməni xalqı nə qədər tez başa düşərsə, nə qədər tez torpaqlarımızdan çıxarlarsa və Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, bu, ermənilər üçün daha yaxşı olar. Çünki o halda onlar bizim müəlliflik etdiyimiz və iştirakçısı olduğumuz beynəlxalq layihələrdən kənarda qalmazlar. Qarabağa o halda gedərəm ki, gedib orada müəyyən araşdırmalar apara bilim.

- Qarabağa haradan getmək istərdiniz?

- Yalnız Azərbaycan ərazisindən, Füzulidən, Ağdamdan... Xankəndi daxil, bütün o ərazilər bizə məxsusdur. Mən heç vaxt o yolla - Ermənistan yolu ilə Qarabağa getmərəm, belə bir fikrim də yoxdur! Onsuz da gec-tez bu münaqişə öz həllini tapacaq. Azərbaycan dövləti, hökuməti çalışır ki, məsələni sülh yolu ilə həll etsin. Amma mən buna inanmıram. Çünki tarixdə belə hal olmayıb ki, müharibə ilə alınan torpaqlar sülhlə qaytarılsın. Yalnız bu yaxınlarda Tramp İsraillə əlaqədar sənəd imzaladı ki, filan əraziləri İsrailin ərazisi kimi tanıyıram. Ermənistan görməlidir ki, Azərbaycan qüdrətli dövlətdir, onun güclü ordusu var və istənilən vaxt öz torpaqlarını azad edə bilər, ondan sonra hansısa sazişi imzalamaq olar.

“Əhalinin həyat səviyyəsini nəzərə alaraq limitlə bağlı müəyyən güzəştlərə getmək olar”

- Deməli, siz də savaş tərəfdarısınız...

- Ümumiyyətlə, müharibə dayanmayıb axı. Mütəmadi şəkildə ermənilər bizim mövqelərimizə, dinc sakinlərimizə atəş açırlar, insanlar həlak olur. Ona görə də aprel döyüşlərində bizim qazandığımız uğur davamlı olmalıdır və Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməlidir. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulan maddi ziyanın həcmi 900 milyard dollara yaxındır. Mən bu məsələnin Beynəlxalq Məhkəmədə müzakirəsinin tərəfdarıyam. Gec-tez bu, baş verəcək. Çünki ermənilər bizim ərazilərimizdən öz torpaqları kimi istifadə edirlər, yeraltı, yerüstü sərvətlərimizi talayırlar. Artıq bu məsələləri Beynəlxalq Məhkəmə müstəvisinə çıxartmaq lazımdır.

- Vahid bəy, Milli Məclisdə növbəti dəfə qaza tətbiq olunan limitin artırılması, yaxud ləğvi ilə bağlı məsələ qaldırıldı. Əhalinin çox böyük hissəsini maraqlandıran və narahat edən bu məsələ ilə bağlı hökumət hansısa addımlar ata bilər?

- İndiki şəraitdə Azərbaycan qaz və elektrik enerjisi, neft ixrac edən bir dövlətdir. Ona görə də mən hesab edirəm ki, əhalinin həyat səviyyəsini nəzərə alaraq limitlə bağlı müəyyən güzəştlərə getmək olar. Biz parlamentdə dəfələrlə bununla bağlı məsələ qaldırmışıq, mətbuatda sözümüzü demişik. Bu güzəştlər limitin artırılması ilə bağlı da ola bilər. Özü də biz demirik ki, bütün əhali üçün tətbiq olunsun. Xüsusilə aztəminatlı əhali üçün güzəştə getmək olar, hansılar ki, ödəmək imkanları yoxdur. Bölgələrdən də çoxlu şikayətlər var. Rayonda qəbulda olanda da insanlar bu məsələ ilə bağlı müraciətlər edirlər. Son iclasda Fazil Mustafa da təklif etdi ki, limit iki dəfə artırılsın. İndi hökumət oturmalıdır, ölçüb-biçməlidir, hesablama aparmalıdır. Mən belə hesab edirəm ki, bu məsələ ilə bağlı güzəştlərə getməyə ehtiyac var. Hazırda cənab prezident çox ciddi sosial layihələr, iqtisadi islahatlar həyata keçirir. Düzdür, tənqidi yanaşanlar da var, mən bunu qəbul etmirəm. Çünki iqtisadi islahatlar birdən-birə reallaşmır, müəyyən mərhələlər üzrə həyata keçirilməlidir. Amma bu islahatlar hərtərəfli olmalıdır, cənab prezidentin dediyi kimi, həm siyasətdə, həm iqtisadiyyatda, həm mediada, həm humanitar sahədə islahatlar paralel getməlidir ki, əhalimiz bundan faydalansın. İndiki halda mən elektrik enerjisi və qazın limitinin əhali üçün müəyyən qədər artırılmasına müsbət yanaşıram. Mən bu barədə fikrimi bir neçə ay qabaq demişəm və bunun üzərində işləməyə ciddi ehtiyac var.

- Vaxtilə sizin Əli Məsimli ilə birgə bank kreditləri barədə təklifləriniz olmuşdu. Bu il prezident problemli kreditlərlə bağlı çox mühüm bir sərəncam imzaladı. Bəlkə əhalinin çox böyük hissəsini maraqlandıran məsələlərin, o cümlədən limitin ləğvi, uşaq pulunun bərpası ilə bağlı təkliflər hazırlayıb dövlət başçısına təqdim edəsiniz. Bu haqda düşünürsünüzmü?

- O barədə təkliflər hazırlamamışıq. Amma yenə deyirəm, əgər hökumət bununla bağlı təklifləri əsaslandırılmış şəkildə cənab prezidentin masası üzərinə qoyarsa, dövlət başçısı öz tərəfindən addım atacaq. Çünki biz onu humanist insan kimi tanıyırıq, burada elə ciddi problem olmamalıdır. Ümumiyyətlə, son vaxtlar istər cənab prezident, istərsə də birinci vitse-prezident sosial layihələrə və əhali ilə təmaslara çox ciddi üstünlük verir. Prezident əhali ilə görüşdən şikayət məktublarını şəxsən qəbul edir. Bu, onu göstərir ki, ölkədə hakimiyyətlə sadə vətəndaşlar arasında birbaşa təmaslar yaradılır. Bu addımlar isə Avropa İttifaqına üzvlük qədər vacib məsələlərdir. Həm də Azərbaycanın beynəlxalq reytinq agentliklərində reytinqinin yüksəldilməsi, həm də ölkəmizə investisiya axını üçün çox vacibdir. Bəziləri aparılan islahatların üzərinə kölgə salmaq istəyir. Deyirlər ki, guya bu islahatlar hansısa təzyiqlər altında həyata keçirilir. Amma mən açığını deyim, məsələn, bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar biz hələ 2017-ci ilin axırından çox ciddi məşğul idik. Devalvasiyadan sonra bu məsələlərlə əlaqədar müəyyən təkliflərimiz var idi, Mərkəzi Bank, Palata rəhbərliyi ilə görüşlər keçirirdik, müzakirələr aparırdıq, nəhayət, belə bir qərar qəbul olundu. Yəni bu məsələ qəfildən baş vermədi. Odur ki, bu addımların təzyiqlər nəticəsində atıldığı iddiaları ilə razılaşmıram. İndi bizim Əli müəllimlə bir yerdə başqa təkliflərimiz də var. Yəqin ki, yaxın vaxtlarda onları hazırlayıb dövlət başçısına müraciət edəcəyik.

- Sirr deyilsə, təklifləriniz nə barədədir?

- Bank sistemi ilə əlaqədar təkliflərdir. İki devalvasiyadan sonra yalnız fiziki şəxslər deyil, hüquqi şəxslərin də ciddi problemləri yaranıb. Bir sıra şirkətlərin, kredit alan təşkilatların iqtisadi vəziyyəti gərginləşib, dövlətdən asılı vəziyyətə düşdülər. Bundan əlavə, ölkədə bir sıra müəssisələrin tikilməsi ilə əlaqədar təkliflərimiz var.

- Parlament seçkiləri ilə bağlı yeni məlumat nədən ibarətdir?

- Seçki 2020-ci ildə gözlənilir. Məncə, elə həmin vaxtda da keçiriləcək. Çünki növbəti seçkilərə il yarım qalmış növbədənkənar seçkilərin keçirilməsinə heç bir ehtiyac yoxdur. Əgər ehtiyac olsaydı, hazırda parlamentdəki boş yerlərə seçkilər keçirilərdi.

Bir məsələyə də diqqət yetirmək lazımdır. Azərbaycanda iqtidarla müxalifət arasında dialoqun olmasını mən həmişə vurğulamışam, bunun tərəfdarı olmuşam. Kimliyindən, mövqeyindən asılı olmayaraq, belə bir dialoqun təşkili Azərbaycan üçün faydalıdır. O insan, onların apardığı siyasət də nəzərə alınmalıdır. Bütün dünyada müxalifət çalışır ki, hakimiyyətə gəlsin. Ona görə də müxalifətə də müəyyən qədər loyal münasibət göstərmək lazımdır. Müxalifət qüvvələri də çalışmalıdır ki, Azərbaycanın mövqelərini müdafiə etsinlər, daha ölkəmiz əleyhinə hansısa şüarlar səsləndirməsinlər, bu, bizimçün çox vacibdir. Qarabağ məsələsində isə ümumiyyətlə, fikir ayrılığı olmamalıdır.

“Yeni Müsavat”
Diaspora