Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi

Əməkdar artist “Qarabağ şikəstəsi”nin sözlərini dəyişdi backend

Tanınmış xanəndə, Əməkdar artist, Akademik Opera və Balet Teatrının solisti kimi bu teatrın səhnəsində Məcnun, Qərib, Kərəm obrazlarını istedadla yaradan Elnur Zeynalov daim axtarışdadır.

Qalmaqallardan, sənətdəki çəkişmələrdən həmişə uzaq olan xanəndə muğamlar, xalq və bəstəkar mahnıları üzərində çalışır, konsertlər verir, dövlət tədbirlərində çıxış edir, ustadlarından mənimsədiklərini gənc pedaqoq kimi Bakı Musiqi Kollecindəki tələbələrinə öyrədir.

Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb, "Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Müsahibimin fikrincə, hər bir sənət adamının həm də vətəndaş mövqeyi olmalıdır. Mətndəki yeni redaktə doğma yurdu Qarabağın erməni işğalına biganəlik göstərən dünya ictimaiyyətinə onun bir etirazıdır.

- İstərdim söhbətə "Qarabağ şikəstəsi”nə etdiyiniz düzəlişdən başlayaq...

- Qarabağ hər birimizin yaralı yeridir. Dədə-baba torpağımın, doğulduğum Ağdamın erməni işğalçılarının tapdağı altında qalması ürəyimi göynədir. Səhnədə, telekanallarda, radio efirlərində çıxışlar zamanı qəlbimin ağrılarını tamaşaçılara, dinləyicilərə çatdırmağa çalışıram. Amma hər dəfə hiss edirdim ki, nəsə çatmır, daha nələrsə etmək lazımdır. Yaxın bir dostumla bu barədə çoxdan idi düşünürdük, nəhayət qərara gəldik və "Qarabağ şikəstəsi”nin mətninə düzəliş elədik.

Sənət bilicilərinə məlumdur ki, "Qarabağ şikəstəsi” xanəndəlik sənətimizdə şikəstənin iki növündən biridir və XIX əsrdən başlayaraq zərb muğam kimi ifa edilir. Xalq bayatılarından alınan sözlərində sevgi ilə yanaşı iztirab, ağrı-acılar əks olunub.

Məhz buna görə də "Qarabağ şikəstəsi”nin üzərində dayandıq. Tamaşaçı və dinləyicilər klassik sənətkarlarımızın, müasir xanəndələrimizin ifasında həmişə aşağıdakı variantı eşidiblər:


Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.


Mənim yeni ifamda isə mətn belədir:


Əzizinəm Qarabağ,

Şəki, Şirvan, Qarabağ.

Aləm cənnətə döndü,

Viran qaldı Qarabağ.


Bu, dövlətimizin, xalqımızın sənətlə məşğul olan bir vətəndaşı, Qarabağlı övladı kimi

ürəyimdən keçənlərdir. Qarabağın işğalına göz yuman, ikili standartlar nümayiş etdirən, yurdumun qalmasına şərait yaradan dünya ictimaiyyətinə bir etiraz səsimdir.

Sonrakı iki kupletin sözlərini isə şair dostum Sayman Aruz qələmə aldı:

Əzizinəm Qarabağ,

Qara torpaq, qara bağ.

Bülbüllər köçən gündən,

Viran qaldı Qarabağ.


Əzizinəm ağrı var,

Sinəmizdə ağrı var.

Sağ tərəfdə Savalan,

Sol tərəfdə Ağrı var.

Haray, haray, Göyçə göllü

Göz yaşım haray...

- Klassik sənətdə, muğamda hər hansı bir yenilik birmənalı qarşılanmır. Sizin etdiyiniz dəyişiklik də yəqin ki, qınağa tuş gələcək, tənqid olunacaq. Bu cür reaksiyalara hazırmısınız?

- Tənqid deyəndə ki, kim nə istəyir deyə bilər, indi bunun üçün hər cür şərait də var. Lakin bir məsələni qeyd edim ki, mən "Qarabağ şikəstəsi”nin musiqisinə hansısa dəyişiklik etməmişəm, mətninə əl gəzdirmişəm. Söhbətimizin əvvəlində dediyim kimi, bunu da əsaslandırıram və hesab edirəm ki, arqumentim əsaslıdır. Bu gün bəzi telekanallarda, radiolarda bayağılıq baş alıb gedir, bilmirsən oxuduqları meyxanadır, ya da mahnıdır? Hər gün insanların zövqünü korlayır, mənəviyyatına zərbə vurmağa çalışırlar. Mənə etiraz etmək istəyənlər bu barədə düşünsələr daha doğru olar.

Ermənistan bəzi dövlətlərə, beynəlxalq təşkilatlara arxayın olub doğma vətənim Qarabağı viran qoyur, buna etiraz etməməliyəm? Mən xanəndəyəm, siyasətçi deyiləm, amma sənətimin verdiyi imkanlardan istifadə edib etirazımı çatdırmaq istəyirəm.

- Qarabağın azad olunacağına inanırsınızmı?

- Əlbəttə! İnanmasam bir gün də oxuya bilmərəm. Azərbaycanın necə bir qüvvətli dövlətə çevrildiyi göz qabağındadır. Sabitlik, inkişaf hər kəsdə sabaha inam oyadır. Bu günlərdə "Aprel zəfəri”nin ildönümünü qeyd elədik, həmin hadisələrdə ordumuz öz gücünü, qətiyyətini düşmənə, onun havadarlarına da necə lazımdırsa elə də göstərdi. Dövlətimin gücünə və Ali Baş komandanıma inanıram. Əminəm ki, bizim belə qələbələrimiz hələ çox olacaq.

- "Qarabağ şikəstəsi”nin yeni variantda klipi olacaqmı?

- Vallah, dəqiq hələ heç nə deyə bilmirəm. Nəsə yeni bir şey oxuyanda heç zaman əvvəldən düşünmürəm ki, klip olsun, konsert edim, nə bilim, sonra nələr edim... Bütün bunları zamanın ixtiyarına buraxıram.

- Akademik Opera və Balet Teatrının solistisiniz, şərəfli tarixi olan bu kollektivdə çalışan hər bir gənc xanəndənin ən böyük arzusu "Leyli və Məcnun”da Məcnunu oynamaqdır. Sizə Məcnunu, "Aşıq Qərib”də Qəribi, "Əsli və Kərəm”də Kərəmi yaratmaq nəsib olub. Teatrda həyata keçməyən hansısa bir arzunuz varmı?

- Bu böyük sənət ocağına işə qəbul olunduğum gündən 10 il keçir. İlk rolum Məcnunun atası olub. Teatrın direktoru Akif Məlikova, baş rejissorumuz Hafiz Quliyevə çox minnətdaram ki, mənə inandılar. Zülfüqar Hacıbəyovun "Aşıq Qərib” operası yeni quruluşda hazırlananda mənə Qərib rolunu verdilər. Sonra isə mənə daha bir məsuliyyətli obraz həvalə edildi- Kərəmi oynadım. Məlum olduğu kimi, Üzeyir bəyin "Əsli və Kərəm” operası sonuncu dəfə 1988-ci ildə teatrın səhnəsində tamaşaya qoyulmuşdu. 23 illik fasilədən sonra teatrın rəhbərliyi yenidən bu əsərə müraciət etdi və Kərəmi oynamaq mənə qismət oldu. Kərəm rolundan sonra görünür mənə olan inam daha da artdı və "Leyli və Məcnun”da Məcnun obrazı etibar edildi. 6 ay çəkən gərgin məşqlərdən sonra Məcnun kimi səhnəyə çıxdım. Bu uğurda mənə dəstək olan teatrımızın rəhbərliyinə, kollektivin hər bir üzvünə, tərəf müqabilim, Əməkdar artist Arzu Əliyevaya, məsləhətlərini əsirgəməyən ustadlarıma bir daha minnətdarlığımı bildirirəm.

Sualınızın cavabına gəlincə, baş rolları oynamaq hələ sənətin zirvəsini fəth etmək anlamına gəlmir. Hələ üzərimdə çox çalışmalıyam, öyrənməliyəm.

- VII Muğam Televiziya Müsabiqəsi keçirilir və həmişəki kimi böyük maraqla izlənilir? Favoritiniz varmı?

- Muğam Televiziya Müsabiqəsi yarandığı gündən həqiqətən də ciddi bir sənət yarışmasına, əsl mədəniyyət hadisəsinə çevrilib. Belə bir müsabiqə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama, musiqimizə necə böyük diqqət və qayğı ilə yanaşdığının göstəricisidir. Budəfəki yarışmanı da izləyirəm, diqqətimi çəkən gənc ifaçılar var. Amma favorit kimi kimlərisə ayırmaq hələ tezdir məncə, çünki müsabiqə yeni başlayıb, ola bilsin gənc ifaçılardan bəziləri hələ öz potensiallarını tam göstərməyə imkan tapmayıblar. İnanıram ki, sonda ən istedadlıları qalib gələcək.

Etibar CƏBRAYILOĞL
edalet.az

Diaspora