Bir müddət əvvəl Avropa Parlamentində "Ədalət və Demokratiya naminə Avropa Erməniləri Fondu" və "Tufenkian" fondu tərəfindən keçirilən "Armenophobia" adlı konfransda həmyerlimiz Qasım İbrahimov verdiyi sualla erməni siyasətçiləri susdurub.
Qaynarinfo İtaliyada təhsil almış, Avropa Parlamentində təcrübə proqramı keçmiş vətənpərvər gəncimizlə bağlı müsahibəni sizə təqdim edir:- Qasım bəy, istərdik öncə özünüz haqqında, təhsiliniz, fəaliyyətiniz barədə məlumat verəsiniz.
- Ağcabədi rayon 7 saylı orta məktəbini bitirmişəm. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Fakültəsinə daxil olmuşam. Hərbi xidməti başa vurduqdan sonra isə 1 il Xətai rayon 4 saylı sahə ərazi inzibati dairəsinin icra nümayəndəsi vəzifəsində çalışmışam. 2 il öncə işimi dayandırıb, magistr təhsili üçün İtaliyanın Sapienza Universitetinə imtahan verdim və daxil oldum. Hazırda Avropa Hüquqları Fakültəsində İqtisadiyyat Hüququ üzrə təhsil alıram. 4 aydan sonra oranı da bitirəcəyəm. Ümumiyyətlə, İtaliyada yaşadığım və təhsil aldığım müddətdə çox şey öyrəndim. 2 il öncəki düşüncələrimlə bugünkü düşüncələrim arasında böyük fərq var. Sanki, İtaliya məni 10 il irəli apardı. Həm təhsil, həm dünyagörüşü, həm ətrafdakı əlaqələr baxımından. Xaricdə təhsil alanda fərqli ölkələrdən olan insanlarla tanış olursan, beynəlxalq münasibətlərin formalaşır. Əlaqələr nə qədər güclü olsa, insan da özünü bir o qədər güclü hiss edir. Təhsil ingilis dilində aparılır, amma amma 2 il ərzində italyan dilini də öyrənmişəm. İtalyan dili çox köklü dildir. Düşünürəm ki, elə ən böyük uğurlarımdan biri də məhz bu dili öyrənməyim oldu.
- Son zamanlarda Avropa Parlamentində erməni diasporlarının təşkil etdiyi tədbirdə çıxışınızla bağlı sosial şəbəkələrdə və müxtəlif saytlarda məlumat yayılmışdı. Necə oldu ki, həmin tədbirə qatıldınız?
- 1 ay bundan öncə mən Avropa Parlamentində təcrübə proqramı qazandım. Praktikada olduğum zaman öyrəndim ki, ermənilərin bir tədbiri olacaq və mən də qatıldım. 3 saat davam edən tədbir boyu propaqanda apardılar. Dünyanın bir çox ölkələrindən fərqli millətlərin nümayəndələri ilə münasibətim olub, amma sizi inandırım o tədbirdən sonra anladım ki, yer üzündə bəlkə də ermənilər qədər üzsüz və şərbaz ikinci bir millət yoxdur. Özlərini bütün dünyaya elə göstərirdilər ki, guya uzun illər boyu bunlara zülm edən biz olmuşuq və ermənifobiyanı yaradan bizlərik. Tədbirin maliyyə xərclərini erməni milyoner Kaspar Karapetyan qarşılamışdı. Bir çox erməni siyasətçi ilə yanaşı milyonerin özü və Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün bir müddət Azərbaycanda həbsdə olmuş bloqçu Aleksandr Lapşin də ordaydı. Tədbirin sonunda sual vermək şansı yarandığından, mən də sualımı ünvanladım. Mənim azərbaycanlı olduğumu bilmədiklərindən, bu, onlar üçün gözlənilməz oldu. Videoda da görmüsüzsə, həmin vaxt ani olaraq hamı arxaya tərəf dönür. Sual verdim ki, siz "armenefobiya" haqqında danışırsız, amma Ermənistanda uşaqlar türklərə və azərbaycanlılara qarşı nifrətlə böyüdülür. 25 il əvvəl sizin silahlı qüvvələriniz tərəfindən törədilən zorakılıqları unutmusunuz, buna baxmayaraq 100 il əvvəlki qondarma hadisəni "erməni soyqırımı" adı ilə dünyaya sırımağa çalışırsınız. Bu cür siyasət "fobiya" məsələsini qızışdırır, lakin "türkofobiya"nı. Sizcə bu, "armenefobiya"nın əsl səbəblərindən biri ola bilərmi? Lakin sualdan yayındılar, tutarlı cavab verə bilmədilər.
- Qeyd etdiniz ki, Avropa Parlamentində təcrübə proqramı qazanmısız. Praktika müddətində daha hansı işləri görmüsüz?
- Mən Avropa Parlamentində Sloveniyadan olan millət vəkili Anna Zakarovanın və Almaniyadan olan Frank Şvalba-Hotun da köməkçisi oldum. Frank Şvalba-Hot hazırda Almaniya Parlamentinin deputatı deyil, lakin Avropa Parlamentinin üzvüdür. O, Almaniyanın "Yaşıllar" Partiyasının qurucusudur. Onlardan başqa digər ölkələrin təmsilçiləri ilə tanış oldum. Pakistanla-Hindistan arasında olan son hadisələrdən sona pakistanlı təmsilçilər də tədbirlər keçirirdilər. Mən o tədbirlərə də qatıldım. Yəni, təcrübə proqramının uğurlu keçdiyini deyə bilərəm.
- Deyirsiz ki, İtaliya təhsili, Avropa mühiti sizi təxminən 10 il irəliyə aparıb və 2 il öncəki düşüncələrinizlə, indikilər arasında böyük fərq var. Sizcə bu fərq nədən qaynaqlanır? Azərbaycan təhsili ilə İtaliya təhsilini müqayisə etsək, bizdə çatışmayan nədir?
- İlk növbədə onu deyim ki, təhsil tamamilə ingilis dilində aparılır ki, bu da geniş ədəbiyyat imkanına əlçatanlıq deməkdir. İkincisi fərqli ölkələrdən çoxlu tələbənin olmasıdır. Bizdə çatışmayan şey budur. Düzdür, son zamanlarda Azərbaycan universitetlərində də ingilis dilinin əhatə dairəsi genişləndirilir, amma təhsilimiz üçün elə plan hazırlanmalıdır ki, xarici tələbələrin axını da artsın. Onların cəlb olunması üçün işlər görülməlidir. Ola bilər ki, bir isveçli tələbə Azərbaycana gələr və burada təhsil aldıqdan sonra işlərini, karyerasını burada davam etdirmək istəyə bilər. Bu digər bir tərəfdən ölkənin inkişafı deməkdir. Necə ki, ABŞ əsasını qoyanlar miqrantlardır. Bizdə də beyin axınına, ixtisasını mükəmməl bilən kadrlara böyük ehtiyac var. Düzdür, savadlı gənclərimiz çoxdur. Amma xarici tələbələrin olmağı həm təhsil, həm də əlaqələr baxımından olduqca önəmlidir.
- İki ildir ki, İtaliyadasınız. Orda azərbaycanlılara və ya digər millətlərə münasibət necədir?
- Azərbaycanla İtaliyanın əlaqələri çox yaxşıdır. Orda təhsil alan azərbaycanlılar da çoxdur. Ümumiyyətlə, italyanlar isti insanlardır. Ölkənin əksər şəhərlərində olmuşam. Onlarda da regiondan asılı olaraq, insanların xarakteri dəyişir. Məsələn, cənub tərəfin insanları şimal tərəfin insanları ilə müqayisədə daha isti, daha mehribandırlar. Necə ki, cənub istidi, şimal soyuq, onun kimi... Sanki hava ilə əlaqədardır. Məsələn, Almaniyada sən avtobusda çox səs sala bilməzsən və buna görə hətta sənə sərt reaksiya verə bilərlər. Amma italyanlar elə deyil. İtaliyada avtobusda qışqır, heç kəs dönüb deməz ki, niyə qışqırırsan. Çünki özləri də elədir. Heç zaman kiməsə nəsə deməzlər, nəyəsə qarışmazlar. Səsli, küylü, deyib-güləndilər.
- Təhsilinizi başa vurmağına çox az müddət qalır. Universiteti bitirdikdən sonra orda qalıb işləmək istəyirsiniz, yoxsa ölkəyə qayıdacaqsız?
- Çox güman ki, Azərbaycana qayıdacam. Amma bu haqda indidən bir şey demək çətindir. Gələcəkdə hansı planlar olacaq, həyat bizi hara aparacaq deyə bilmərəm.