Qarabağ söhbəti: “Qarabağ əlilini incidən məmurun qanını içmək halaldır, iştahan çəkdi-çəkmədi” - Seyran Səxavət

Qarabağ söhbəti: “Qarabağ əlilini incidən məmurun qanını içmək halaldır, iştahan çəkdi-çəkmədi” - Seyran Səxavət backend

“Füzuli yerində olanda mən Bakıda heç kəsi bəyənmirdim, yekə-yekə gəzirdim”

Modern.az saytının “Qarabağ söhbəti” layihəsi çərçivəsində növbəti müsahibi yazıçı Seyran Səxavətdir.

Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləyib (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil alıb (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olub (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışıb, sonra iki il İranda tərcüməçi işləyib (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərib (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləyib (1981-1991).

Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlayıb. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dillərə tərcümə olunub. "Qızıl teşt" pyesi Akademik Milli Dram Teatrında (1988), "Büst" pyesi Lənkəran (1989), "Qapıların o üzündə qalan dünya" pyesi Füzuli (1990) teatrında tamaşaya qoyulub.

2002-ci ildə "Nekroloq" romanı Azərbaycan Yazıçılar Birliyinin Y.Səmədoğlu adına "İlin ən yaxşı romanı" mükafatına layiq görülüb.

Seyran Səxavətlə söhbəti təqdim edirik.

- Füzulidə anadan olmusunuz. Səhv etmiriksə nənəniz də şuşalıdır. Qarabağlı günlərinizi necə xatırlayırsınız?

- Atası Füzulidən, nənəsi Şuşadan olan xeyli adam var. Onların hərəsi Qarabağı bir cür xatırlayır. Xatırlamağın da bir ölçüsü var. Amma bu xatırlamaq ölçüsü deyil. Şəxsən mən xatırlamıram, o anları yaşayıram. Bilirsən necə? Səninlə oturub üzbəüz söhbət edirəm. Sən mənim gözümün qarşısındasan, bu anda səni xatırladığımı desəm, gülməli çıxar. Bu mənada mən Qarabağı xatırlamıram, elə oralardayam. Hələ heç bu haqq-hesablar başlamamış, mən təxminən 40 il idi ki, Bakıda yaşayırdım. “Nəsimi” filmində də belə bir məqam var: cisim və ruh məsələsi. Mən hələ oralardan gəlməmişəm, elə oralardayam. Bu bir reallıqdır. Müqayisə də etdim.

- Qarabağ mühitində yetişənlərun bir çoxu Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Siz ən çox kimlərdən təsirlənmisiniz?

- Eldə bir söz var, bu tək adam işi deyil. Yəni kimisə yetişdirmək, sənin təbirincə formalaşdırmaq, ortaya çıxarmaq... Özü də elə bir şəkildə ortaya çıxarmaq ki, onunla hesablaşsınlar. Bu, tək adam işi deyil. Əvvəla kəndimizdə çox möhtəşəm mühit olub. Deyəsən, bir dəfə elə sizin saytdan sual vermişdilər ki, filan yazıçıların kumiri Çexovdur, filankəsinki başqası. Mən dedim ki, mənim kumirim var, amma onu heç kəs tanımır. O, mənim babam olub - İsmayıl bəy. O, gün ərzində heç 7-8 cümlə danışmırdı, ağır kişi idi. Danışanda da bir kəlmə ilə nə desən edə bilirdi. Bu, həm də sözə hörmətdir. Kəndimiz Qarabağın ən böyük kəndlərindən biridir. Bax oradan başlamış kənd mühiti, məktəb filan – bunları saymağa ehtiyac yoxdur. Mənim doğulduğum və 19 il yaşadığım kənd mühiti mənə təsir edib. Kənddən sonra mən rayon mərkəzinə gedib-gəlməyə başladım. Nənəm orada yaşayırdı. Rayonun, o şəhərin mənə təsiri... Bizim kənddə ən yaxşı halda at arabası vardı. Kəl arabası da vardı, amma at arabası ondan prestijli şey sayılırdı. Şəhərdə isə maşın vardı, benzin iyi vardı. Kənddə benzin iyi yoxdur. O benzin iyinə sivil ətriyyat kimi baxmışıq. Kənd uşaqları kimi benzin iyindən çox xoşumuz gəlib. Bu bizim getdiyimiz yoldur.

Mənə təsir edən birinci doğulduğum kənddir, kumirimi də dedim. Təbii ki, böyüdükcə mənə ən çox təsir edən Üzeyir bəy, onun publisistikası, yazıları, felyetonları, musiqisi idi. Sonra bizim Füzulidən “Şərq musiqisinin incisi” adlandırılan, mənim də ata tərəfdən qohumum olan, atamın ana nənəsi tərəfdən qohumu Seyid Şuşinski, İslam Rzayev, Ağabala Abdullayev, Süleyman Abdullayev, yazıçılardan ata-anama orta məktəbdə coğrafiya dərsi demiş böyük yazıçımız İlyas Əfəndiyev... O zaman bu mühitdə böyümüşük.

Kamilləşməkdən söhbət gedir. Əslində kamilləşmək heç vaxt olmur. Kamil insan olmur. Biri o birindən babat insan olur.



- Seyran müəllim, müsahibələrinizin birində demisiniz ki, Şuşaya tez-tez gedirdiniz, özü də xəngəl yeməyə. Bəs Qarabağın başqa yerlərinə nə üçün gedirdiniz?

- Kənddə olanda, hələ uşaq vaxtı məni tapmaq üçün axtarmaq lazım deyildi. Kimsə bir yerdə dursaydı, uzağı yarım saatdan sonra gəlib oradan keçərdim. Bir yerdə duran deyildim. Böyüdükcə, mən ancaq Şuşaya getməmişəm. Azərbaycanda hər yeri qarış-qarış gəzmişəm. Getmədiyim kənd-kəsək bəlkə də yoxdur. Hələ rayon mərkəzini demirəm. Şuşa belədir ki, nənəmgilin ilk erməni-müsəlman davasında yandırılan evlərinin yerində benzindoldurma məntəqəsi var idi. Onun yanında xəngəl verirdilər. Füzulidən otururduq maşına, 45-50 kilometr yol gedirdik. Dik meşələrin içərisindən gəlirdik ora, oradan isə gəlirdik Cıdır düzünə - Ərimgəldi qayasına. Həmin qayadan qadınlar oturub yola baxırdılar ki, ərləri nə vaxt gəlir, ya gəlmir. Ticarətə gedənlər, tacirlər və s. Ona görə həmin yerin adı Ərimgəldi qayası adlanırdı. Oradan, Cıdır düzündən mən elə bilirəm ki, bütün Azərbaycan görünürdü. Xalqın bir ucalıq yeri olmalıdır ki, oradan özünə baxa bilsin. O da Şuşa idi. İndi oradan özünə baxa bilmir.

- Şuşa amma yenə də xalqın ucalıq gözüdür...

- Düzdür, ucalıqdır, amma fiziki cəhətdən hələ ki, ora dırmaşıb, özümüzə oradan baxa bilmirik. Əslində Azərbaycan Şuşa boyda uca bir yer olub - bütün mədəniyyəti ilə. İstənilən ucalıq Allaha tərəf can atmaq deməkdir. Sadəcə, biz o ucalığın heç vaxt qədir-qiymətini bilməmişik.

- Seyran müəllim, erməni-müsəlman davası dediniz. Sovetlər zamanı ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətdikləri haqda məlumatımız var idimi?

- Təbii ki, oxumuşduq. 1918-ci ildəki soyqırımı, 1948-ci il deportasiyası... Bunları bilirdik. Nə demək istəyirsən ki?..

- Ermənilərin gələcəkdə də azərbaycanlılara eyni münasibəti göstərəcəyini düşünürdünüzmü?

- Yox. Gərək düzünü deyəsən. Amma indi düşünürəm. Görünür, o vaxt ağlımız o qədər çatmırdı.

Kür-Araz- Ararat,
Gözəldir bu həyat.
Qardaş olub
Hayastan, Azərbaycan


Belə bir mahnı da var idi. Çox adam onu oxuyub. Gülağa Məmmədovdan üzü bəri. Biz bu mahnının qapazı altında böyümüşük. Ermənilərlə o vaxtlar dostluğumuz var idi. Mənim özümün erməni yazıçı dostum var idi. İndi Sankt-Peterburqda yaşayır – Levon Adyan. Bir-birimizi tərcümə edirdik, burada işləyirdi. Atamın dostu var idi, Arşak kişi. Onun çox igid bir oğlu var idi – Domu kəndində. Bu kənd Tağ və Tuğ kəndlərindən yuxarıdadır. Ermənilər hadisələr başlayanda onun oğlunu ermənilərin tapşırığını yerinə yetirmədiyinə görə güllələdilər. Ləqəbi də “Çinkaçuk” idi. Yəni o zamanlar münasibət var idi, reallıq bu idi.

Məsələn, bizim kənddən ermənilər keçib Haramı düzünə tərəf qışlağa gedirdilər. Gecə, qaranlıq olanda dəfələrlə atam mənə deyib ki, get o erməniyə de ki, qaranlığa gedir, qurda-quşa rast gələr, gəlsin gecə qalsın, sonra yola düşər. Amma indi deyirlər ki, ziyalı, yazıçı belə şey deməz. Halbuki, obyekt elə bir alçaq obyektdir ki, deyər. Onlara heç vaxt inanmaram.



- Deyirsiniz, gözüaçıq deyildik. Ermənilər altdan-altdan öz işlərini görürdülər. Bəs biz niyə edə bilmirdik?

- Gözüaçıqlıq söhbəti deyil. Qoy sənə deyim, bizim partiya funksionerləri ki, var idi, onlar ermənilərin partiya funksionerlərindən min dəfə qorxaq, min dəfə alçaq, min dəfə şərəfsiz, min dəfə millət məsuliyyətini hiss etməyən, duymayan, dərk etməyən idilər. Bizdə də deyənlər, yaxud demək istəyənlər olurdu həmişə, ağzına elə bir daş basırdılar ki, nəfəsi də çıxmırdı. Amma erməni funksioneri, erməni məmuru əksinə, kömək edirdi. Tutaq ki, bir erməni yuxarı – Moskvaya məktub yazanda ki, onu incidirlər, Azərbaycanda hamı - dəstə-dəstə məmurlar, böyüklü-kiçikli o məktuba görə əsirdilər. Belə vəziyyət yaranmışdı. Səbəb də bu idi.

- Vaxtilə müsahibələrinizin birində demisiniz ki, Qarabağ işğalda olduğu üçün kişilikdən istefa vermisiniz. Bu ifadənin üzərində dayanırsınızmı?

- Təxminən 6-7 il bundan əvvəl “Xəzər” televiziyasında veriliş var idi. Orada “kişilik necə olmalıdır?” mövzusunda müzakirə edirdik. Başlayan kimi dedim ki, gəlin belə müzakirə etməyək ki, kişi evə zənbillə gəlirsə, kişidir. Azərbaycan kişisi indiki vəziyyətdə başqa cür olmalıdır. Orada saat yarımlıq müzakirə getdi. Sonda hərə bir cümlə dedi, mövzunu yekunlaşdırmaq üçün mən belə demişdim ki, nə qədər ki, Dəmirqapı Dərbənd ətrafı ilə, nə qədər ki, Təbriz ətrafı ilə, nə qədər ki, Borçalı ətrafı ilə, qanı isti-isti axan Qarabağ düşmən tapdağı altındadır, lap aşağıdan, lap yuxarıya qədər kim özünü kişi hesab edir, etsin, mən kişilikdən istefa verirəm, özümü kişi hesab etmirəm. O sözümün üstündə də dururam. O söz sürüşkən söz deyil. Sərxoş kimi duran, ayaq üstə yaxşı dura bilməyən adamlara hərdən deyirlər ki, sən niyə buz üstə çıxmış dana kimi durmusan? Yəni mənim sözümün sürüşkən xassəsi yoxdur. Özüm də sürüşkən adam deyiləm. Bunu 50 ildir bilənlər də bilir. İndi də sözümün üstünə dururam. Nə olub ki, Qarabağı almışıq?..

- Xeyr...

- Onda söz elə dəyirmandakıdır – Koroğlu demişkən. Mən saytlara o qədər də meylli deyiləm, deyəsən haradasa yazmışdılar, mənə uşaqlar dedi. Xarici işlər naziri haqqında müzakirə gedib. Onun rusdilli olması ilə bağlı. Yazıblar ki, bəlkə də Qarabağı geri almışıq, xarici işlər naziri bunu başa sala bilmir?! İndi bəlkə almışıq, mənim xəbərim yoxdur?



- İllər ötdükcə, torpaqlarımız işğal altında qaldıqca, Azərbaycan ictimaiyyətinin də Qarabağ barədə yanaşmalarında yadlaşma olur?

- O fərq həmişə olacaq. Çünki bir problem isti-isti ola, bir də var köhnəlmiş... Amma bu asılıdır dövlətdən, onun ideologiyasından, yeritdiyi siyasətdən və bizim təhsilimizdən. Milli şüurumuzu tənzimləyən təhsilimizdir. Bizim milli şüurumuzu təhsil sistemimiz tənzimləməlidir. Təəssüf ki, təhsil sisteminin özünü tənzimləməyə böyük ehtiyac var. Özünün tənzimlənməyə ehtiyacı olan bir sistem mənim milli şüurumu necə tənzimləyə bilər?

Qayıdaq Qarabağ məsələsinə. Hamısı savadla, səviyyə ilə, təhsillə bağlıdır. Savad, səviyyə, milli şüur yüksək olanda artıq nəfs məsələsi müəyyən mənada sıradan çıxır. Bizə ən çox mane olan da bizim milli nəfsimizdir. Bizim milli nəfsimiz bəzən elə yerə gəlib çatır ki, rus çariçası məşhur Yekaterinanın dünyaya məlum, məşhur quduz tamahından daha dağıdıcı, daha “möhtəşəm” olur.

- Sizə elə gəlmirmi ki, Qarabağla bağlı ciddi əsərlər yazılmır, filmlər çəkilmir?

- Kim məndən soruşur, öz fikrimi deyirəm: Qarabağ haqqında film də çəkilib, tamaşa da qoyulub, poema da, şeir də yazılıb. Roman da ithaf olunub. Elə mənim özümün “Nekroloq” romanımda o var. Mən təxmini son 6-7 ildir, bu qərara gəlmişəm. Hətta bir dəfə müsahibə verdim ki, ən yaxın dostlarıma Qarabağ haqqında yazmağı qadağan etmişəm.

- Bəli, elə o haqda sual verəcəkdik. Musa Yaqub, Ramiz Rövşən...

- Özüm də o sıradayam təbii. Həmin cavabı təkrar etmək məcburiyyətində qalıram. O zaman da demişdim ki, azdan-çoxdan istedad verilib, fantaziya da var. Rembo kimi bir obraz yaradaram, qıra-qıra gedər düz Yeravana qədər və Yerevanı da, Qarabağı da alarıq. Mənə romanda, povestdə, şeirdə, poemada geri qaytarılan Qarabağ yox, dava vasitəsilə, müharibə ilə reallıqda alınan Qarabağ lazımdır. Mahnıda alınan Qarabağ mənə lazım deyil. Uşaq öyrətmirik ki?! Mən demişəm, Qarabağ haqqında ən yaxşı əsəri bizim Ali Baş Komandan, Müdafiə Nazirliyi xalqla bir yerdə yazmalıdır.



- Eyni zamanda, “Qarabağ şikəstəsi”nin oxunmasına da qarşısınız...

- Bir dəfə metroda da eşitdim ki, fortepianoda bir sətir “Qarabağ şikəstəsi” ifa edilir. Bunlar lazım deyil. Bilirsiniz, belə şeylər bizi bir az öyrəşdirir, sırtıq edir. İmmunitet deyirlər, bu da bizim əleyhimizə işləyir. Elə olmalıdır ki, Qarabağ həsrəti qalmalıdır. Bunu isə tənzimləməlidirlər. “Şuşa” restoranı, “Qarabağ” şadlıq evi, “Qarabağ şikəstəsi” və s. - əleyhinəyəm. Bu gün mənim “Qarabağ şikəstəsi” oxumağa haqqım yoxdur. Hansı haqla? Qarabağ özü sənin deyil, amma onun şikəstəsini oxuyursan. Əvvəl onu əldə elə, sonra şikəstəsini də oxu.

“Bilsin, ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən”

Səməd Vurğun dediyi başqa şeydir, indi başqa müharibədir.

- Hər halda münaqişə başlayanda erməni ziyalıları ilə görüşmüsünüz. Xatırlayırsınızmı heç?

- Elə Levon Adyanla görüşdüm, o, burda idi.

- O nə deyirdi?

- Mən münaqişə barədə ona heç nə demirdim. O deyirdi ki, bu niyə belə oldu, utanır, xəcalət çəkir. Sonra getdi, bir roman yazdı . Romanın adı “Uzaqlaşan sahillər” idi. Orada mənim də adım var. Abbas Abdullanın, Siyavuş Məmmədzadənin, bir də Natiq Rəsulzadənin və 5-6 Azərbaycan qadınının adı var ki, onlar ermənilərin yadında müsbət qalıb. Qalan hamısını erməni hikkəsi ilə yazıb. Mən ona cavab da yazdım.

- İndi onunla əlaqəniz varmı?

- O romandan qabaq bir dəfə o yazmışdı ki, sözüm yoxdur deməyə. Mənə yazmışdı. Amma açığını deyim, Levon Adyanın xətrini bütün Azərbaycan yazıçıları çox istəyirdi. Qarabağ ermənisi idi, gözəl də yazıçı idi. Amma ermənidir. Erməni ilə dostluq elə, çomağı əldən qoyma.



- Sosial şəbəkələrdə, saytlarda ziyalılardan Qarabağla bağlı mövqe istəyirlər. Sizcə, ziyalıların mövqeyi yetərlidirmi, cəmiyyətə mesaj verə bilirlərmi? Yoxsa onlara qulaq asan yoxdur?

- Əgər Qarabağ problemi 2-3 gün bundan əvvəl başlasaydı, sənin dediyin kimi, saytların, ümumiyyətlə, KİV-lərin istədiyi kimi mövqeyə ehtiyac var idi. İndi mövqe çoxdan məlumdur. Özü də ziyalılardan mövqe istəyənlər hamısı da tərtəmiz deyillər. Onlar nə isə quyruqları, yaxud yuxa yerləri qapının arasında qalanda başlayırlar ki, ziyalılar haradadır? Ziyalılar yerindədir. Sənin nə yaxşı ziyalı yadına düşüb, ondan danış.

Mövqedən keçib. Qarabağı ermənilər xarici təşkilatlara müraciət edib alıb? Yox. Müraciətlə torpaq geri almaq olar?

- 2016-cı ildə aprel döyüşləri oldu. Həmin döyüşlərdə Azərbaycan əsgəri siz dediyiniz o əsəri yaza bildimi?

- Təxminən bir abzas yazdılar, gör nə qədər ruh yüksəkliyi meydana gəldi. Onlar Ali Baş Komandanın müəllifliyi, müdafiə naziri və xalqın dəstəyi ilə bir roman yazsalar, o əsər dillər əzbəri olar. Elə əsər lazımdır. Yoxsa Seyran Səxavət yazsın. Yenə deyirəm, Rembo kimi təkbaşına qırsın-dağıtsın, amma ortada da heç nə yox. Yenə deyirəm, mənə kitabda yox, reallıqda Qarabağ lazımdı .

- Əkrəm Əylisli “Daş yuxular” əsərini yazdı, aləm qarışdı. Heç ondan belə bir şey gözləyərdinizmi?

- Heç gözləməzdim. Onu “Daş yuxular”a qədər müdafiə etdim. Bu əsəri yazanda dırnaq boyda yer belə qalmadı ki, onu müdafiə edək. Mən ondan heç vaxt gözləməzdim. Dedilər guya Nobel mükafatı almaq üçün bunu edib. Türkiyəli yazar Orxan Pamuk da Nobel mükafatı aldı. Mən elə adamlara nifrət edirəm. Kimsə xalqını aşağılamaqla Nobel, ya da hansısa Komsomol mükafatı alacaqsa, onlar heç olmasın.

- Fərz edək 1988-ci ildir. Azərbaycan ziyalıları ilə erməni ziyalılarını necə müqayisə edərdiniz?

- Bu o demək deyil ki, erməni ziyalılar üstün idi. Bu o deməkdir ki, onlar xalqı əməlli-başlı hazırlamışdılar. Bizim isə ağlımıza gəlmirdi. Mən heç erməni ziyalısı ilə Azərbaycan ziyalısını müqayisə etmək istəmərəm. Zori Balayan, Silva Kapitukyan – hər ikisini tanıyıram. Onlar ziyalı deyil. Ziyalı başqasının qanını axıdar? Ziyalı mənim üçün “Rusiyanın Janqabeni” adlandırılan Armen Ciyərxanyandır. Mənim də şəxsən tanıdığım idi, oturub-durmuşuq. O bir dəfə bu məsələlərdə Azərbaycan xalqının əleyhinə söz demədi. Bir yazıçı da var Qrant Matevosyan – ziyalı cəmi bu iki şəxsdir. Meri Janterquranyan adlı erməni isə köpəyoğlunun biri idi. Mənimlə birlikdə Tiflisdə “komandirovka”da da olub. Orada gürcü balası onu döydü də. Mən gürcüyə dedim ki, həmin erməni deyir, harada kilsə var, ora erməni torpağıdır. Meri Janterquranyan da təsdiqlədi. Nəticədə döyüldü. Yəni, onlar ziyalı deyillər, alçaqdırlar

- Erməni yazıçılarla harada görüşmüşdünüz?

- Moskvada. O zamanlar mövcud olan SSRİ Yazıçılar İttifaqında. İttifaqın binası o zamanlar rus çarı olan II Aleksandrın malikanəsində yerləşdirdi. Orada həm də Aleksandr Fadeyev adına Mərkəzi Ədiblər Evi var idi. Böyük, gözəl restoran idi. Ora ancaq SSRİ Yazıçılar İttifaqının üzvlərini buraxırdılar. Orada gedib, otururduq, çay, kofe, araq içirdik. Ermənilərlə orada qarşılaşırdıq, normal bir şey idi.

- Heç o zamanlar hiss etdirmişdilərmi, öz erməni xislətlərini?

- Yox. Elə onların gücü də bir az budur ki, hiss etdirmirlər. Bizim birimizə bir söz desələr, gəlib ilk növbədə arvada deyərlər ki, sabah hücumdur. Onlarda isə başqa cürdür.

- Ümumiyyətlə, Qarabağın gələcəyini necə görürsünüz?

- Düzünü deyim, məndə möhkəm inam var. Yalançı inam deyil, həm də o demək də deyil ki, mənim inanmaqdan başqa çarəm yoxdur. İçimdən, əqidəmdən söhbət gedirsə, möhkəmdir. Çünki bizim artıq indiki ordumuz 1993-cü ildəki kimi deyil ki. Elə aprel döyüşləri də bunu göstərdi. Erməni qandan qorxan idi. Söz var, deyir necə qorxdusa, elə bil erməni qan gördü. Onun havadarı Rusiya olmasaydı, erməni o qələtləri edə bilməzdi. Yaba, bel ilə onları döyüb Qarabağdan çıxarardıq. Arxalı köpək qurd basar. Mən ümidimi üzməmişəm, görürsən inanıram. İldə 5-6 dəfə də gedirəm Qarabağ tərəfə.

- Yəqin ki, televiziyaları izləyirsiniz. Ermənistanda hakimiyyət dəyişikliyi oldu. Bəziləri sadəlövhcəsinə deyirlər ki, guya Paşinyan hakimiyyətə gəldi, Qarabağı geri qaytaracaq...

- Qarabağı heç kim verməyəcək, qaytarmayacaq. Qarabağı biz özümüz almalıyıq ki, bizimdir. Öz malımızı özümüz geri qaytarmalıyıq. Ancaq müharibə ilə. Başqa yol yoxdur. Bir misal da var idi, deyir, “Allah, allah!” deməklə donuz darıdan çıxmaz.

- Seyran müəllim, “Nekroloq” romanında Qarabağ əlillərindən də yazmısınız. Bu gün bəziləri deyir ki, Qarabağ əlillərinə birmənalı münasibət yoxdur, onlar incidilir və s...

- Yox, Qarabağ əlilləri niyə incidilir ki? Ola bilər kimsə, haradasa alçaqlıq edir, hansısa məmur-filan. Amma mənim neçə qohumum var, hamısına maşın, ev veriblər. O qədər tanıdığım adamlar var ki, dövlət onlara ev tikir. Qarabağ əlillərini incidənlərdə azərbaycanlı qanı yoxdur.

- Qarabağ əlilini incidən şəxsin qanı bizim qandan deyil?

- Bəli. Eləsinin qanını içmək olar. İştahan çəkdi-çəkmədi.



- Bir ara Yazıçılar Birliyi cəbhə xəttinə getmək üçün təşəbbüs göstərmişdi. O məsələ nə yerə qaldı?

- O işə Nəriman Həsənzadə baxır. Təxmini 10 ay əvvəl mən özüm getmişdim. Əsgərləri düzdüm sıraya, təxmini 30 nəfər idi. Komandirləri də subay idi, özləri də. Onlarla yaxşı söhbət etdik. Özü də mənim orada polkovnik dostum var, təsadüfən gördüm. Fövqəladədə çalışır. Mən özüm xahiş etdim, dedim təsadüfən gəlmişəm, mamamı (atamın bacısını) görməyə gəlmişdim. Amma gələn dəfə hazırlıqlı gələrəm. Uşaqlardan biri qayıtdı ki, Seyran müəllim siz, bəlkə gələn dəfə gələndə biz burda olmadıq. Dedim, harada olacaqsınız? Cavab verdi ki, Yerevan tərəfdə-filan. Xoşuma gəldi. Mən də düşündüm ki, bunu paylaşım.

Ümumiyyətlə, mən kampaniya xarakterli şeyləri xoşlamıram. Özün yekə kişisən, imkanın var, gedirsən get, getmirsən getmə.

- Qarabağ hadisələrində çox məqamlar oldu ki, Azərbaycan xalqının yaddaşında mənfi iz qoydu. Sizə ən çox təsir edən hansı oldu?

- Mən bölə bilmərəm. Elə bütünlükdə Qarabağ və onun ətrafında olan hər şey. Elə şey yoxdur ki, adama təsir etməsin.

- Hadisələrin bu şəkildə cərəyan etməsində o vaxtkı rəhbərliyin də məsuliyyəti var idi. Bütün məsuliyyəti rəhbərliyin üzərinə atmaq olarmı?

- O vaxtı SSRİ hökuməti var idi. Deyir, imam üçün ağlayanda gərək yezid üçün də yer qoyasan. Amma hər halda diribaşlıq nümayiş etdirmədilər, günahları çoxdur. Bunu dəqiqliyi ilə deyə bilmərəm. Çünki SSRİ kimi nəhəng imperiyaya qarşı Azərbaycan nə edə bilər?

1992-ci ildə Mərkəzi Komitənin orqanı olan “Bərəkət” qəzetində sonuncu səhifəni bizə vermişdilər. Həftədə bir dəfə ayrıca “Kasıb” adlı səhifə ilə çıxırdıq. Həmin qəzet 14 nömrə çıxdı. Məsələn, 1992-ci ilin iyunun 2-də çıxan 4-cü nömrəsində qeyd edilmişdi - “Azərbaycan kasıblar cəmiyyətinin pənahı (orqanı)”, “Qəzetin əsası ibtidai icma quruluşunda qoyulmuşdur”, “qiyməti – kasıbın olanından”, “ayda-ildə bir dəfə çıxır”, “ünvan Azıx mağarası” ... Orada çox şeylər var idi. Məsələn, “Soruşun cavab verək”, “Tapmaca desəm, taparsanmı?” adlı rubrikalar var idi.

- Qəzetdə Qarabağla bağlı nələrsə yer almışdımı?

- O qədər şeylər var idi ki qəzetdə. Məsələn, “Kim deyər, erməni nədən əmələ gəlib?”, “Kim deyər, icra hakimiyyəti yaxşıdır, yoxsa raykom?”, “Kim deyər, parlament yaxşıdır, yoxsa Milli Şura?”, “Kim deyər, Şuşanı neçəyə satıblar?”, “Kim deyər, Azərbaycan xalqı nə vaxt ayılacaq?”, “Kim deyər, Xankəndindən Yerevana neçə kilometrdir?” və s. suallar var idi.

Satirik-yumoristik qəzet idi, “Molla Nəsrəddin”yönümlü. Bir dəfə lağlağı üçün elan verdim ki, “Kasıb” qəzetinin redaksiyası Mirzə Ələkbər Sabirin sabun bişirdiyi tiyanı axtarır. Kim onu gətirsə, 50 min manat mükafat veriləcək. Redaksiya tiyanla dolmuşdu. Bakının kəndlərindən köhnə tiyan gətirmişdilər ki, bax bunda bişirib. Amma heç kim başa düşmədi ki, burada söhbət tiyandan getmir axı.

“Kim deyər, Allah niyə başımıza daş salıb, qalmışıq altında?” – bunlar hamısı sənin dediyin dərdlərdi. “Kim deyər, Babək bu gün sağ olsaydı, Qarabağın əldən verilməsinə görə kimin üzünə tüpürüb, onun balaca tikəsini qulağı boyda edərdi?”, “Kim deyər, müharibə vaxtı çoxuşaqlı ana olmaq yaxşıdır, yoxsa sonsuz?”, “Kim deyər, dünya nə vaxt dağılacaq?”, “Kim deyər, Qarabağ uğrunda döyüşlərdə güllə adamın dizinə dəysə yaxşıdır, yoxsa təpəsinə?”.

Mən deyərdim ki, “Bərəkət” qəzetini bizim “Kasıb”a görə alırdılar. “Alqışlar, qarğışlar” adlı rubrikada deyilirdi – “Səni görüm hakimiyyətə gələsən, gələsən-gedəsən, gələsən-gedəsən”, “Səni görüm, Moskva mehmanxanasının damından öz xalqına güllə atasan”, “Səni görüm, vətənə qayıtmağa üzün olmasın”, “Səni görüm parlamentdə ikitərəfli sətəlcəm olasan, sonra da səsin batsın”, “Səni görüm xərçəng xəstəliyinə yox, vəzifə xəstəliyinə tutulasan”, “Səni görüm xalqın yolunda yanasan, yanasan, yanasan kül olasan”.



- Seyran müəllim, SSRİ Müdafiə Nazirliyində tərcüməçi işləmisiniz. Bu necə baş vermişdi?

- Bişkekdə. Orada Ali Təyyarəçilik Məktəbi var idi. Həmin məktəbdə SSRİ məkanından olan uşaqlar gəlib, təyyarə sürmək öyrənirdilər. Bütün ərəb ölkələrindən, Əfqanıstandan, Şərqi Avropa ölkələrindən gələnlər var idi. Mən orda əfqanlarla tərcüməçi işlədim. Gündə 6 saat müəllim leksiya oxuyurdu, fars dilindən ruscaya və əksinə tərcümə edirdim. Leytenant kimi. 180 manat da maaş alırdım. Sonra bitirdim, ölkəyə qayıtdım.

- Bəzən “xalq diplomatiyası”nı qabardırlar. Bu vacibdirmi?

- Bu da bir cəhd idi, etdilər, gördülər boş şeydir. Münaqişə silahla, zorla həll edilməlidir. Rusların bir sözü var idi, nə ilə xəstələnmisənsə, onunla da müalicə olun. Silahla alıblar, silahla da geri qaytarmalıyıq.

- Qarabağdan olmayan azərbaycanlıların qarabağlılara münasibətini normal hesab edirsinizmi?

- Elə götürək mənim öz nəslimi, heç kəsin xətrinə dəyməsin. Biz Muradxanlı tayfasıyıq. Təxminən 1200 nəfəri keçmişik. Orada da görürsən ki, kimisə bəyənmirik. İndi deyirlər də, qaçqınlar gəldi, yerləşdi. Bəzən deyirlər ki, qaçqınlar bizdən yaxşı yaşayır. Allah səni qaçqın eləsin, get hamımızdan yaxşı yaşa. Qaçqının yaşayışı nə olacaq? Vətən olmayandan sonra sən kimsən? Füzuli yerində olanda mən Bakıda heç kəsi bəyənmirdim, yekə-yekə gəzirdim. İndi yetim quzu kimi büzülüb yatıram. Millətdi də, bu olan şeydir. Elə şeylərə fikir verməyin. Hamıda var, bizdə də olacaq. Qaçqın necə səndən yaxşı yaşaya bilər? Elə bir müddət əvvəl bir yataqxana yandı. Necə olur bəs bu? Sənin Allahın yoxdur? Qaçqınların hamıdan yaxşı yaşadığını deyənlər, qaçqın olmayan qonşusuna da yəqin deyir ki, buna bax, köpəkoğlu maşın aldı. Yəni bu insanın xisləti budur. Onun üçün qaçqın, qardaş, qohum-qonşu fərq etməz. Kimsə ondan yaxşı yaşasa gözü götürməyəcək. Gözü götürməyənlər isə ingilislərdə də, ruslarda da, azərbaycanlılarda da var.


Diaspora