Bakını necə tikək?

Bakını necə tikək? backend

Tanınmış memar Cahid Həsənov: "Layihə müəllifi olduğum parkda kimlərinsə kabab bişirdiyini, samovar qaladığını görsəm, ürəyim partlayar"

"Məlum olduğu kimi, Bakı şəhərinin yeni Baş Planı hazırlanır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi üzərində işi reallaşdırmaq əcnəbi mütəxəssisləri də dəvət edib.

Yerli memarlar, tikinti və şəhərsalma üzrə təcrübəli ekspertlər paytaxtın Baş Planı barədə təkliflərini səsləndirir, ictimai müzakirələrdə fəallıq göstərirlər. Tanınmış memar, mənzil-qərargahı Nyu-Yorkda yerləşən Dünya Reklamçılar Assosiasiyasının üzvü, Hannover (Almaniya) Beynəlxalq Sosial Elmlər Akademiyasının fəxri doktoru, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunan Cahid Həsənov Bakının Baş Planının hazırlanmasını mühüm hadisə sayır və xarici mütəxəssislərin bu layihəyə cəlb olunmasını doğru hesab edir.

- Paytaxtın yeni hazırlanan Baş Planı ətrafında ictimai müzakirələr davam edir. Memarların, mütəxəssislərin bu məsələdə fəallıq göstərməsi müsbət məqamdır. Memar kimi sizin də fikirləri bilmək maraqlı olardı...

- Yeni Baş Planın hazırlanması Bakının bu günü və gələcəyi üçün mühüm hadisədir və bu layihə həyati vacib bir sənəddir. Ona görə də memarlarımızın, mütəxəssislərimizin məsələ ilə bağlı müzakirələrdə fəallıq göstərməsi təbiidir. Təkcə memarların deyil, tarixçilərin, psixoloqların da müzakirələrə cəlb olunması, müxtəlif təbəqələrdən olan insanlar arasında sorğuların keçirilməsi də işin xeyrinə olardı. Həmkarlarım adından deyə bilərəm ki, biz uzun illərdən bəri bu günü gözləyirdik. Heç kimə sirr deyil, son illər Bakıda tikinti işləri bəzi hallarda plansız, səliqə-sahmansız aparılırdı. Xüsusi ilə hündür mərtəbəli yaşayış binalarının inşasında tikinti normaları pozulurdu. Bu da paytaxtımızın simasına xələl gətirirdi, aparılan böyük həcmli abadlıq-quruculuq işlərinə kölgə salırdı. Həm biz mütəxəssislər, həm də sıravi vətəndaşlar bu məsələ ilə bağlı etirazlarımızı bildirir, ictimaiyyətin diqqətini problemə yönəldirdik. Dövlətimizin başçısı müşavirələrin birində məsələyə münasibətini bildirdi, yaranmış vəziyyətdən narazılığını ifadə elədi və problemin həlli üçün tapşırıqlar verdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni Baş Planın hazırlanması ilə bağlı xeyli iş görüb. Yeri gəlmişkən, yeni Baş Plan paytaxtın tarixində sayca beşinci belə layihə olacaq. Məlum olduğu kimi, Bakının ilk Baş Planını hələ 1898-ci ildə alman əsilli məşhur rus mühəndisi Nikolay fon Der Nonne hazırlayıb. Sovet dövründə bu məsələyə bir neçə dəfə yenidən qayıdılıb, 1932-ci ildə yeni bir Baş Plan işlənilib. 1964-cü ildə paytaxtımızın üçüncü Baş Planı təsdiqlənib. Sonuncu dəfə isə 1986-cı ildə belə bir layihə qüvvəyə minib və 2005-ci ilədək dövrü əhatə edib.

Bayaq dediyim kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi Bakının növbəti Baş Planının hazırlanması üçün qısa vaxt ərzində böyük səylə çalışıb. "Bakı şəhərinin Ərazisindən İstifadə və Zonalaşdırma Planı" layihəsinin də uğurla həyata keçəcəyinə inanıram.

- Yeni Baş Planda daha çox hansı məsələlərə diqqət ayrılmasını istərdiniz?

- Layihə ilə tam tanış deyiləm, amma mətbuatda oxuduqlarıma əsasən deyə bilərəm ki, paytaxtın mərkəzi hissəsinin sıxlıqdan azad olunması, şəhərin Ələt qəsəbəsi istiqamətinə tərəf genişləndirilməsi nəzərdə tutulub. Məncə bu, olduqca doğru seçimdir, çünki Bakı son illər sıxlıqdan çox əziyyət çəkir. Xüsusi ilə yollardakı tıxaclar böyük bir problemə çevrilib. İnsanlar gündəlik həyatlarında bunu hiss edirlər, üstəlik küçələrdəki tıxaclar turizmin inkişaflına da mənfi təsir göstərir. Ona görə də bütün dünyada şəhərsalma memarları bu məsələ üzərində çalışır, layihələndirmə işlərində buna xüsusi önəm verilər. Çox istərdim ki, paytaxtımızın yeni hazırlanan Baş Planında da bu məsələ diqqət ayrılsın.

Son vaxtlar müzakirə olunan məsələlərdən biri də ali məktəblərin mərkəzdən kənara köçürülməsidir. Hesab edirəm ki, bu məsələni tezliklə reallaşdırmalıyıq, necə deyərlər, vaxt bizim əleyhimizə işləyir. Dünya artıq çoxdan bu yolla gedir, universitetlərin həm tədris korpusları, həm də kampları mərkəzdən kənarda yerləşir. Psixoloqların araşdırmalarına görə, meqapolis mərkəzlərində yerləşən ali məktəblərin tələbələri hər gün geyim mağazalarının, əyləncə mərkəzlərinin, kinoteatrların qarşısından keçirsə onların fikri tədrisdən yayınır, bir növ asılılıq yaranır. Ona görə də tələbələrin universitetin mərkəzdən kənarda yerləşən şəhərciklərində təhsil alması və yaşaması, teatrlara, muzeylərə baş çəkmək üçün yalnız həftə sonu mərkəzə gəlməsi məqsədə uyğundur.



Yeni Baş Planda səfirliklərin, diplomatik korpusların da şəhər kənarına köçürülməsi nəzərdə tutulsa, məncə yaxşı olar.

Bir məsələyə də diqqət ayrılmasını istəyərdim, bu da xüsusi yaşıllıq zonalarının, parkların yaradılmasıdır. Bakı kimi son illər inkişaf edən meqapolisdə bu, olduqca əhəmiyyətli məsələdir. Bu gün Türkiyədə, İranda, digər ölkələrdə olan vətəndaşlarımız deyirlər ki, xaricdə həftəsonu parklarda ailəvi dincəlmək, kabab çəkmək, samovar qaynadıb çay içmək olur, amma niyə bizdə Dənizkənarı Milli Parkda piknikə icazə verilmir? Sualın bu cür qoyuluşu düzgün deyil, bir anlıq təsəvvür edək, həftəsonu yüzlərlə ailə Dənizkənarı Milli Parka gəlib bulvarda çadır qurur, kabab bişirir...
Dünyanın heç bir yerində sən istədiyin parkda piknik keçirə bilməzsən, bunun üçün şəhər mərkəzindən kənarda xüsusi parklar salınır, Bakıda isə təəssüf ki, belə yerlər yoxdur. Paytaxtın Koroğlu Rəhimov küçəsində yeni tikilmiş Prezident İqamətgahının qarşısındakı park mənim layihəm əsasında salınıb. Həmin parkda kimlərinsə kabab çəkdiyini görsəm ürəyim partlayar.

- Rəsmi məlumata görə, Bakının yeni Baş Planının hazırlamasına dünyada bu iş üzrə ixtisaslaşan məşhur şirkətlərdən biri- "The Boston Conculting Group" cəlb olunub. Bu işin əcnəbi memarlara tapşırılması peşəkar kimi sizi qıcıqlandırmır ki?

- Yox, əksinə bu məni sevindirir və düşünürəm ki, dünyanın ilk üç ən böyük məsləhətçi şirkətlərindən biri ilə işbirliyi öz müsbət nəticəsini verəcək. Çünki bu şirkət dünyanın müxtəlif yerlərində həyata keçirdiyi layihələrlə öz işini sübut edib. Şəhərsalma memarlığı çox çətin bir sahədir. Burada çalışan memar dünyada gedən iqtisadi prosesləri dərindən bilməlidir, nəhəng istehsalçı firmaların hansı texnoloji yeniliklər edəcəyindən xəbərdar olmalıdır. Tutaq ki, şəhərsalma memarı avtomobil istehsal edən brend şirkətlərin gələcəkdə hansı dizaynda, tutumda məhsul buraxacağını bilməlidir. Ona görə də dünyanda tanınmış memarlarla əməkdaşlığa açıq olmalıyıq. İraq əsilli ingiltərəli dünya şöhrətli memar Zaha Hadidin layihələndirdiyi Heydər Əliyev Mərkəzi buna əyani sübutdur. Ünlü memarın həmin əsəri bu gün dünyada ilk onluqdadır. İndi hamı deyir bina Ümummilli Liderin imzasını özündə əks etdirir. Amma bir məsələni də qeyd edim ki, müasir dünya memarlığının incilərindən sayılan bu abidəyə müxtəlif rakuslardan baxanda ayrı-ayrı anlam verir. Bir tərəfdən uçan göyərçini, digər bir tərəfdən isə şahə qalxan dəniz dalğasını anladır. Başqa tərəfdən tamaşa edəndə okeanda aysberq, başqa tərəfdən baxanda isə sanki üzəri daim qarla örtülü olan dağ zirvəsidir.

Sualınızın cavabına yekun olaraq deyim ki, əcnəbi məsləhətçi şirkətin hazırladığı layihə bir neçə mərhələdən ibarət olacaq. Sonrakı mərhələdə yerli memarların prosesə cəlb olunması nəzərdə tutulub.

- Təxminən bir əvvəl söhbətimizdə Bakıda "Sarı gəlin" abidəsi barədə danışmışdıq. Layihənin taleyi necə oldu?

- Gözlədiyim kimi, bu layihəm mətbuatda, ictimaiyyətdə böyük maraqla qarşılandı. Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edən Eldar Əzizov bir neçə gün öncə məni bu məsələ ilə bağlı qəbul etdi və "Sarı gəlin" abidə-kompleksi barədə birgə müzakirə apardıq. Eldar müəllim bu layihəni yaxın günlərdə ölkə rəhbərliyinə təqdim etmək fikrindədir. Xalqımızın mədəniyyətini, incəsənətini təbliğ etməyə böyük önəm verən ölkə rəhbərliyi bu layihəmi bəyənərsə "Sarı gəlin"i Bakının "Ağ şəhər" bulvarında ucaltmaq olar. Abidə kompleksinin qarşısında hər il "Sarı gəlin" Beynəlxalq Festivalı da keçirməyi də təklif etmişəm. Türkdilli ölkələrdə bu mahnını ifa edən musiqiçiləri, müğənniləri, rəqqasələri abidənin önünə toplamaqla "Sarı gəlin"in məhz bizə məxsus olduğunu sübut edə bilərik. Məncə bu, "Sarı gəlin"i və digər mahnılarımızı oğurlamağı özlərinə peşə edən ermənilərə tutarlı bir cavab olar.
Diaspora