1905.az portalının suallarını ATV kanalı Xəbərlər Departamentinin Baş redaktoru Vaqif Aydınoğlu cavablandırır.
– Vaqif müəllim, son 10 il ərzində Azərbaycanın TV xəbərlərində hansı dəyişiklilər baş verib? Ən əsas dəyişikliklərdən danışmağınızı xahiş edərdim.– Təbii ki, televizyalar cəmiyyətin tərkib hissəsi olduğu üçün və eləcə də birbaşa cəmiyyətlə, insanlarla işlədiyi üçün dəyşiklik də məntiqlə paralel getməlidir. Nəinki paralel getməlidir, hətta bir çox halda prosesləri qabaqlamalıdır. Bir çox məqamlarda da problemlər burada üzə çıxır. Bu günün televizyası və yaxud TV proqramları inkişaf baxımında cəmiyyətdə baş verən yenilikləri, dəyişikliyi və ən nəhayət inkişafı qabaqlaya bilirmi? Təəssüflə qeyd edim ki, bu gün TV -lər bir çox hallarda bu yeniliklərdən ya geridə qalır, ya da ki, bu inkişafla ayaqlaşa bilmir. Bunun da başlıca səbəbi peşəkar kadr çatışmazlığıdır. Bu baxımdan TV-lər çox kasıb görünür. 10-15 il əvvəl belə deyildi. Çünki həmin dövrdə cəmiyyət arasında istər texniki yeniliklər, istərsə də cəmiyyətin özünün sosiallaşması bu sürətlə getmirdi. Ona görə də TV-lər və orada çalışanlar həmişə seçilirdilər. Amma bu gün belə deyil. Sahəsindən aslı olmayaraq adına peşəkar dediyimiz kadrlar hər gün öz üzərlərində işləməyə məcburdurlar və borcludurlar. Çünki bu gün öyrənib tətbiq edə bilmədiyin bir yenilik artıq sabah üçün çox köhnəlmiş sayılacaq. Diqqət yetirin, bu gün sosial şəbəkələr o sürətlə inkişaf edir ki, artıq hərə özü üçün internetdə bir post, bir TV yarada bilir. Yəni TV, özünü tərənnüm, öz fikrini cəmiyyətə çatdırmaq hər bir orta statistik vətəndaş üçün çox asanlaşıb. Belə olan təqdirdə TV-lər o qədər hazırlıqlı olmalıdır ki, cəmiyyət üçün maraqlı və baxımlı ola bilsin. TV-ləri maraqlı və baxımlı edən isə onun əməkdaşlarıdır. Bura texniki işçidən tutmuş aparıcıya qədər bu təsərrüfatda çalışan hamını aid etmək olar. Amma bu sahədə axsamalar çoxdu. Çünki bizim insanımız bir qədər tənbəldi. Öz üzərində işləməyi sevmir. Bir çox halda isə harda işlədiyinin fərqində deyil. Bu daha çox da aparıcilara aiddir. İçimai məsuliyyət daşıdıqlarını anlasalar, vallah çoxu efirə çıxmaqdan imtina edər. Yenə də problemin kökü gəlir dayanır peşəkar işçi məsələsinə. Amma bir məqamı da unutmayaq ki, peşəkar əməkdaşı da saxlamaq, yetişdirmək üçün ona səviyyəsinə uyğun maaş vermək lazımdır. Yoxsa az maaşa, yüksək peşəkar işçi saxlamaq mümkün olan iş deyil. TV-lər həm də peşəkar işçini saxlamaq və yaxud da işə cəlb eləmək üçün pul xərcləməkdə xəsislik etməməlidir. ATV kanalı buna nümunədi. Son illər diqqət yetirin, nə qədər peşəkar əməkdaş işə cəlb olunub. Mən aparıcıları bir kənara qoyuram, söhbət həm də kadr arxasında qalan peşəkar əməkdaşlardan gedir.
– TV xəbərlərimizin vətənpərvərlik əmsalı artırmı?
– Təbii ki, vətənpərvərlik televizyada başlıca prinsip olmalıdır, xüsuslilə də xəbərlərdə. Düşünmürəm ki, xəbərlərdə vətənpərvərlik əmsalı azalıb. Sadəcə olaraq ümumilikdə xəbərə peşəkar yanaşmada bir qədər problem var. Bəzən xəbərə münasibətdə çox bayağılığa yol verilir və yaxud da hər hansı bir xəbərə, hətta xarici xəbərə çox səthi yanaşılır. Bir çox halda xəbərin alt qatında yatan əsas mənanın, missiyanın fərqində olmur jurnalist. Bu da təbii ki, əvvəldə də qeyd etdiyim kimi peşəkarlıqla bağlı olan məsələdi. Ona görə də jurnalistlər, xüsusilə də xəbər sahəsində çalışanlar bu sahədə illərlə “bişməlidir” ki, təcrübəsi ona fəaliyyətində kömək olsun. Vətənpərvərlik məfhumu boğazdan yuxarı deyilmiş söz kimi başa düşülməməlidir və yaxud da əldə silah səngərdə dayanmaq kimi. Vətənpərvərlik sahəsindən və istiqamətindən asılı olmayaraq mənsub olduğun dövlətin, millətin maraqlarına xidmət deməkdir.
– Həftəlik analitik proqramın aparıcısı kimi Qarabağ düyünü ilə bağlı məsələlərə nə qədər vaxt, diqqət ayırmalı olursunuz?
– ATV kanalında “Həftə Sonu” analitik proqramı 10 ildir ki, yayımlanır. Və bu proqram efirə çıxdığı gündən bir nömrəli problemimiz olan Qarabağ düyünü bizim əsas prioritetimiz olub. Münaqişə ilə bağlı həftə ərzində cərəyan edən prosseslər hər həftə proqramda geniş şərh olunur. Eləcə də münaqişənin doğurduğu əlavə problemlər də hər zaman işıqlandırılır. Beynəlxalq qurumların problemə ikili yanaşmasından tutmuş, işğal altındakı torpaqlarmızın təbii sərvətlərinin talan olunması, orada 3-cü ölkədən gələn ermənilərin məskunlaşdırlılmasınadək bir çox problemlər daim diqqətdə saxlanılır. Və bu proqramın çox peşəkar bir komandası var. İşlərinin məsuliyyətini dərk edir bu kimanda. Bu səbəbdəndir ki, reytinqlərdə “Həftə Sonu” hər zaman ən baxımlı verlişlər siyahısındadır. Analitik proqramlar arasında isə 1-ci yerdədir. Baxmayaraq ki, bir çox TV peşəkarları Azərbaycan teleməkanında ciddi verlişlərin reytinq yığmamasından şikayət edirlər və bir çox halda tamaşaçını günahlandırırlar ki, insanlar daha çox şou verlişlərinə meyillidir. Amma “Həftə Sonu” belə şou verlişlərinin əksəriyyətindən çox reytinq yığır. Deməli sadəcə olaraq işi düzgün qurmaq lazımdır və bir də 90-cı illərin qaragürühçuluğundan çıxmaq lazımdır. Artıq xəbərə də, elə analitikaya da yanaşma dəyişib. İnsanların indi əlinin altında internet fenomeni var. Artıq tamaşaçı çox informasiyalıdır. Yəni bu məqamlara xüsusi diqqət yetirilməlidir və vaxtaşırı cəmiyyətin inkişaf tempi, məsələlərə yanaşma istəyi təhlil olunmalı, bu istiqamətdə işlər düzgün qurulmalıdır ki, tamaşaçı üçün maraqlı ola biləsən.
– Bəzən TV peşəkarları auditoroyanın şərti olaraq Qarabağ movzusu kimi səciyyələndirə biləcəyimiz mövzuya laqeydlik nümayiş etdirdiyini deyirlər. Siz necə?
– Əslində bu deyilənlərdə həqiqət var. Çünki belə mövzular həddindən artıq çox işıqlandırılır və problemə daha çox jurnalistlərimiz eyni prizmadan yanaşdıqları üçün təkrarçılıqlar artır. Belə olan təqdirdə problem və mövzu nə qədər ağrılı olsa da tamaşaçı və oxucu üçün adiləşir. Bir sözlə bu mövzu ətrafında özümüz danışıb özümüz eşidirik. Amma jurnalistin işi həm də araşdırmaqdır, daim axtarışda olmaqdır. Jurnalist tamaşaçını, oxucunu, nəticə etibarilə vətəndaşı ölkənin bir nömrəli probleminə laqeydlik nümayiş etdirməyə qoymamalıdır. Misal üçün- ermənilər işğalçıdı deyirik, bir də var erməninin özü deyir ki bu məsələdə günahkardırlar. Hansı daha effektlidir? Təbii ki, erməninin öz dilindən bunu eşitmək. Amma bunu deyəcək ermənini tapmaq artıq jurnalistin işidir, bu tamaşaçının, oxucunun problemi deyil. Bu səbəbdən də jurnalistlərimiz, media orqanlarımız bir qədər qlobal düşünməyi, ölkədən kənara çıxmağı bacarmalıdır. Bunun üçün pul xərcləməyə də xəsislik etməməlidilər. Biz ATV olaraq baxmayaraq ki, dünyanın ən qabaqcıl agentlikləri olan- FRANS-PRESS, REUTERS, İHLAS kimi qurumlara ayda külli miqdarda pul ödəyirik, onlara abunəyik, amma bununla belə Almaniya, Türkiyə, Rusiya və Gürcüstanda xüsusi müxbirlərimiz var. Təbii ki, başlıca məqsədimiz Azərbaycan reallıqları, Qarabağ həqiqətləri və eləcə də digər məsələlərlə bağlı daha effektli, fərqlənəcək xəbər hazırlamaqdır. Bunun hamısı tamaşaçıya verilən dəyərdən irəli gəlir. Əvəzində tamaşaçı üçün maraqlı oluruq və o da bizi seçdiyi üçün bu gün Azərbaycan xəbər məkanında reytinqlərdə 1-ci yerdəyik. Yəni demək istədiyim odur ki, tamaşaçını qazanmaq, istənilən bir xəbəri onun üçün maraqlı etmək birbaşa jurnalistin işidir. Amma jurnalistə də mənsub olduğu qrum şərait yaratmalıdır, pul xərcləməlidir.
– Televiziya mövsümünün qaynar çağıdır. Planlar barədə nə deyə bilərsiniz?
– Xəbər sahəsində uzun müddət plan qurmaq, strategiya müəyyənləşdirmək bir qədər çətin məsələdir. Xəbərin özü kimi bu sahədə tez dəyişəndir. Əsas odur ki, ritmi tuta biləsən və heç nədə gecikməyəsən. Formalaşan normal kollektivi qorumaq və daim axtarışda olmaq, yenikləri izləmək bizim başlıca işimizdir.
– 1905.az portalına tövsiyyələrinizi bilmək istərdik.
– Sizin başladığınız bu iş, bir saytın, portalın görəcəyi işləri çox qabaqlayır. Çünki qısa bir vaxtda bu portal siyasi elitanın, ziyalıların ən çox müraciət etdiyi bir mənbəyə çevrilib. Buradakı tarixi faktlara dair məlumatlar, xəbərlər xüsusi ilə vurğulanmalıdır. Bundan başqa “Diskussiya Klubu” və burada qoyulan mövzuları, bu ətrafda aparılan söhbətləri mən həmişə izləyirəm. Və gələcəkdə bunun TV versiyasını görmək istərdim. Sizin işiniz tarixi bir misyadır. Hansı ki, 1 nömrəli problemimizin hərtərəfli şəkildə bizim cəmiyyətə və eləcədə dünyaya catdırılmasında müstəsna prol oynayır. 12 dildə Azərbaycan reallığını, erməni vandalizmini dünyaya çatdırmaq böyük əmək tələb edən işdir. Xüsusilə erməni dilinə də yer verməyiniz çox vacib hadisədir. Bu işdə Sizə və komandanıza uğurlar arzulayıram!
– Minnətdaram.
Fuad Babayev