“Bu, bir şirkətin bir binanı üzləməsi məsələsi deyil”

“Bu, bir şirkətin bir binanı üzləməsi məsələsi deyil” backend

Vahid Əhmədov: “O, təkbaşına deyil, yəqin ona da arxa duran vəzifəli şəxslər var”

Mayın 19-da Binəqədi rayonunda baş verən faciə hər kəsi sarsıdıb. Bundan öncə Xətai rayonunda bənzər hadisə olsa da, xoşbəxtlikdən insan itkisi olmamışdı. Ancaq çağırışların olmasına baxmayaraq, ciddi tədbirlər görülmədi və faciəvi hadisə baş verdi. Deputat Vahid Əhmədov “Yeni Müsavat”ın baş verənlərlə bağlı suallarını cavablandırdı.

- Vahid müəllim, baş verən yanğın hadisəsi xeyli insanımızın tələf olması və xəsarəti ilə nəticələndi. Üstəlik, çoxsaylı əhaliyə maddi-mənəvi ziyan dəyib. Baş verənlər haqda nə deyə bilərsiniz? Nə etmək lazımdır ki, insanlar bu kimi təhlükələrdən sığortalansın?

- Hamımızı sarsıdan ağır bir faciə baş verdi, çox təəssüf edirəm. Xətai rayonunda belə hadisə olanda Milli Məclisdə millət vəkilləri tərəfindən məsələ qaldırılmışdı. Daha sonra Sumqayıtda olmuşdu. Yəni vaxtında bunun qarşısını almaq lazım idi. İndi yəqin istintaq orqanları araşdıracaq ki, kimdir günahkar, niyə bu materiallar istifadəyə verilib. Əgər doğrudan da bu, yanğına dözümlü material deyilsə, buna sertifikat, icazə necə verilib? Müvafiq qaydalara riayət olunubmu? Bütün bunlar araşdırılmalıdır.

O hadisədən zərə çəkən əhaliyə dövlət, dövlət başçısı xüsusi qayğı göstərir, prezident sərəncamı ilə xüsusi komissiya yaradılıb, bunlar hamısı müsbət amillərdir. Mən hadisə zamanı həyatını itirən insanlara başsağlığı verirəm. Bu kimi hadisələrin bir daha təkrar olunmaması üçün ciddi ölçülər götürülməlidir. Bu hadisənin baş verməsində bilavasitə günahkar olanlar tapılmalıdır. Baş prokuror Zakir Qaralov bu barədə geniş məlumat verdi, istintaqın yekununda günahkarların cəzalandırılacağını söylədi. Amma digər tərəfdən, mən hesab edirəm ki, hökumət orqanları təmir-tikintiyə tələbkarlığı daha çox artırmalıdır. O cümlədən dövlət məmurları işlərinə daha ciddi yanaşmalıdır ki, Azərbaycanda bu kimi hadisələr, ümumiyyətlə, baş verməsin. Bu işlərin icrasına imkan və razılıq verən şəxslər, müəyyən dövlət qurumları olub, bunlar hamısı dövlət qarşısında cavab verməlidir.

- Artıq üzlük materialların istehsalı ilə məşğul olan şirkətin rəhbəri həbs olunub...

- Şirkət rəhbəri həbs olunub deyəndə ki...Mən bunu başa düşürəm. Amma bu, bir şirkətin bir binanı üzləməsi məsələsi deyil. Burda kiminsə mövqeyi var ki, həmin şirkət bu qədər binaların üzlənməsi ilə məşğul olub. Yəni bu, adi məsələ deyil. Fikir verdinizsə, Dövlət Bayraq Meydanının rəisini tutanda nələr aşkarlandı, üzə çıxdı. Hansı ki, bütün söküntü işlərini faktiki olaraq həmin şirkət aparırdı. Yəni bu da təkbaşına deyil, yəqin ona da arxa duran vəzifəli şəxslər var ki, ona dəstək olublar, Bakı şəhərində bu qədər iş görməyə imkan yaradıblar. Bakı Şəhər İcra Hakimiyyəti öz işində dönüş yaratmalıdır, bu sahələrə diqqəti daha da artırmalıdır, müəyyən qurumlar nəzarət mexanizmlərini həyata keçirməli, daha çox diqqətli olmalıdırlar.

- Hadisə baş verən gün həm rayon, həm də paytaxtın icra başçısı səviyyəsində məsuliyyətdən qaçma cəhdləri müşahidə olundu. Onların məsuliyyəti nə qədərdir?

- Fakt odur ki, biz ölən insanlarımızı geri qaytara bilməyəcəyik. O cümlədən xəsarət alanlarımızın ağrısını bölüşürük. Bizim üçün ən böyük bəla budur. Burada məsul şəxslər var, hansı ki, bu işlərə icazə, razılıq veriblər. İmkan yaradıblar ki, şirkət bu işlə məşğul olsun. Əgər bu, doğrudan da belə yanan material idisə, niyə onun istifadəsinə icazə verilirdi? Mən bilirəm ki, Azərbaycana Almaniyadan, Rusiyadan yaxşı materiallar gətirilir, onlar yanmır. Hətta 80-90 dərəcə istiyə də davamlı materiallardır, amma ondan istifadə edilmir. O materialları gətirən şirkətlər işləyə bilmədiyi halda, bu şirkət işləyir.

- Dövlət obyektlərinin fasadlanması zamanı da həmin materiallardan istifadə olunub, yoxsa fərqlidir?

- Konkret deyə bilmərəm, ola bilsin istifadə olunur. Mən bir dövlət obyektində olmuşam. Bunun qarşısı alınmalıdır. Hətta hansısa obyektlərdə yanğına dözümü olmayan belə materiallar vurulubsa, onlar hamısı ləğv olunmalıdır. Son illərdə Azərbaycanda quruculuq işləri zamanı üzlük daşlardan çox istifadə edilir, yanğına da davamlıdır, heç bir ciddi fəsadlar yaratmır. Yəni daha çox yerli materiallardan, yerli xammaldan istifadə etmək lazımdır.

- Bu barədə Milli Məclisdə hansısa təşəbbüs, ya təkliflə çıxış edəcəksinizmi?

- İmkan yaransa, əlbəttə, biz öz çıxışlarımızı edəcək, mövqeyimizi bildirəcəyik. Amma bu gün (20 mayda-E.P.) komitənin iclası idi, 2014-cü ilin dövlət büdcəsinin müzakirəsində də fikrimi çatdırdım. Əlbəttə, belə bir hadisə olmamalıydı, öz insanlarımızı itirdik, insanlar məhv olurlar, heç nədən gedirlər. Digər tərəfdən, Azərbaycanda Avropa Oyunları keçiriləcək, böyük, müsbət hadisələr gözlənilir, belə hallar müsbət hadisələrə ləkə gətirə bilər. Bunlar olmamalıdır, ancaq olmaması üçün dövlətin özəyində də nizam-intizamı bir qədər artırmaq lazımdır. Ciddi tələblər irəli sürülməlidir ki, hər kəs öz işi ilə məşğul olsun, belə hallar bir daha yaşanmasın.

- Yanğın hadisəsində təxribat versiyası barədə də müzakirələr gedir. Düzdür, rəsmi səviyyədə bu ehtimal istisna edilir. İstənilən halda siz bu barədə nə deyə bilərsiniz?

- O da istisna deyil. Hadisə axşamı mən Rusiya kanallarına baxırdım, bu kanallar hər bir saatdan, yarım saatdan bir geniş materiallar verir, yaxud titrdə xəbərlər keçirdi. Azərbaycanda baş verən 14 nəfər, daha sonra 16 nəfərin həlak olduğunu dedilər. Yəni bizi istəməyən qüvvələr təbii ki, canfəşanlıq edirlər. Əlbəttə, təxribat da ola bilər. Azərbaycanda böyük tədbir gözlənilir. Ölkəmizi tanıtmaq üçün bu tədbirin çox böyük siyasi əhəmiyyəti var. Burda təxribat da istisna olunmur. Amma Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri, Baş Prokurorluq yəqin ki, günahkarları tezliklə müəyyənləşdirib cinayətkarları üzə çıxaracaq.

- Büdcədən bu kimi işlərin görülməsi üçün böyük miqdarda vəsait ayrılır. Hər il konkret olaraq nə qədər maliyyə nəzərdə tutulur?

- Əlbəttə, bütün bu işlər büdcədən ayrılan vəsaitin hesabına yerinə yetirilir. Bu vəsait də az miqdarda olmamalıdır. Düzdür, son vaxtlar büdcəyə nəzarət mexanizmi genişlənir, fikir verirsinizsə, müəyyən hadisələrin qarşısı alınır, büdcədən düzgün istifadə olunması üçün işlər aparılır. Yəqin ki büdcədən bu sahəyə ayrılan vəsaiti diqqətdən keçirmək lazımdır. Əsas məsələ o vəsaitin ayrılması deyil, vəsaitin necə xərclənməsi, düzgün və keyfiyyətli qaydada istifadəsidir. Bilirsiniz, maliyyə məsələsini də, başqa hər şeyi də kənara qoymaq olar, amma ölən insanları geri qaytarmaq mümkün deyil. Düzdür, bu dəqiqə dövlət, dövlət başçısı çox böyük qayğı göstərir, amma itkilərimizi geri qaytarmaq mümkün deyil. Əsas dərdimiz ondan ibarət olmalıdır ki, elə təhlükəsiz şərait yaradaq, Azərbaycanda belə hadisələr baş verməsin.

- Prezident komissiya yaradıb və məsələyə birbaşa nəzarət edir. Hadisə ilə əlaqədar cavabdeh məmurların həbsi gözləniləndirmi?

- Onlar hamısı komissiyanın nəticələrindən asılıdır. Yəqin ki, dövlət başçısı bu məsələni nəzarətində saxlayacaq, müəyyən fikirlərini bildirəcək. Hətta dövlət başçısının yanğın yerində olduğu barədə xəbərləri oxudum.

- Ölkədə matəmin elan olunması təklifinə nə deyirsiniz?

- Artıq bu, dövlətin səlahiyyətində olan məsələdir.


Mənbə: Musavat.com
Diaspora