Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ

Orxan Camalın analığı: “O, sanki daha görüşməyəcəyimizi hiss etmişdi” - MÜSAHİBƏ backend

Dünən Mərkəzi Afrika Respublikasında çəkiliş aparan 3 rusiyalı jurnalist silahlı hücum nəticəsində öldürülüb.

Onların arasında əslən azərbaycanlı, Rusiya müsəlmanları arasında böyük nüfuza malik mərhum filosof və ilahiyyatçı Heydər Camalın oğlu Orxan Camal da var.


Modern.az saytı faciənin təfərrüatlarını öyrənmək üçün Heydər Camalın sonuncu həyat yoldaşı, Orxan Camalın analığı Gülnar Camaldan qısa müsahibə alıb.


Xatırladaq ki, Gülnar Camal əvvəllər Qalina Norskya ad-soyadı daşıyıb. Milliyətcə rus olan bu xanım 20 il əvvəl İslam dinini qəbul edib və Rusiyada uzun illər “Musulmanka” jurnalının redaktoru vəzifəsində çalışıb. O, mərhum Heydər Camalla birgə daim müsəlmanların müdafiəsində iştirak edib.

- İlk olaraq, sizə ögey oğlunuzun faciəli ömrü ilə bağlı başsağlığı veririk. Orxan Camalın ölümü ilə bağlı sizdə hansı son məlumatlar var?


- Çox sağ olun. Amma internetdə yayılan informasiyadan əlavə məlumatım yoxdur. Mən də hamı kimi informasiyanı oradan götürürəm. Uzaq ölkə olduğu üçün geniş xəbərlər almaq imkanım yoxdur. Orxan özü də Mərkəzi Afrikaya uçarkən səfəri barədə bizə geniş məlumat verməmişdi. Sadəcə bilirdik ki, o, Afrikada hansısa ölkəyə uçur. Hadisə baş verəndən sonra öyrəndik ki, o, Mərkəzi Afrika Respublikasında “Vaqner” özəl hərbi təşkilatın muzdlu döyüşçülərindən reportaj hazırlamağa gedib.

- Sonuncu dəfə Orxanı nə vaxt görmüşdünüz?

- Orxan cümə günü Mərakeşə uçub. Çərşənbə ya da cümə axşamı günü onu sonuncu dəfə görmüşdüm. O bizə qonaq gəlmişdi. Tez getdi. Gedən ərəfədə bizi öpüb-qucaqladı. Maraqlıdır ki, gedəndə çox təsirli sağollaşdı və mən təccübləndim. Sanki o daha görüşməyəcəyimizi hiss etmişdi.

- Onun cənazəsi Rusiyaya nə vaxt gətiriləcək?


- Güman ki, onun cənazəsini şənbə günü gətirəcəklər. Cümə günü təyyarə Afrikadan havaya qalxacaq. Bu, çox çətin proseslərdi. Özünüz bilirsiniz, uzaq ölkədən cənazə gətirmək çətindi. Keçmiş həyat yoldaşı, qohumları aktiv şəkildə əlaqədədirlər. Dəfnə hazırlıq prosesləri gedir.

Orxanın Moskvanın Xovanskaya qəbiristanlığında müsəlman sektorunda dəfn olunmasını istəyirik. Dəfn mərasimi müsəlman adət-ənənəsi ilə gerçəkləşəcək. Cənazə namazı Moskvanın əsas məscidində qılınacaq.

- Mərhum həyat yoldaşınız Heydər Camal Almatı şəhərində dəfn olunub. Orxanın atasının yanında dəfn olunması varinatı nəzərdən keçirilirmi?

- Bilirsiniz, bu düzgün olmazdı. Çünki Heydərin həmin ərazilərlə xüsusi bağlılığı var idi. O Pamiri, Tyan-Şan dağlarını çox sevirdi. Müsəlmanlarda qayda var ki, harada ölsən, orada da dəfn olunmalısan. Amma Heydər Afrikada ölsəydi, düşünmürəm ki, orada da basdırılmasını istəyərdi. Heydər mənə tez-tez deyirdi ki, mən ölsəm, Almatıda basdırarsan. Və elə alındı ki, o, məhz bu şəhərdə öləsi oldu. Amma Orxanın həmin ərazilərlə xüsusi bağlılığı yox idi. Digər tərəfdən, Heydərin qəbri ətrafındakı ərazilər tamamilə tutulub. Orxanın keçmiş həyat yoldaşı və oğlu da Moskvada yaşayır və istəyirlər ki, Orxan da yaxın ərazidə dəfn olunsun.

- Məgər Orxan Camalın oğlu var?

- Bəli. Adı Mənsurdu. Onun 12 yaşı var. Ana nənəsinin yanında istirahət edirdi. Təcili Moskvaya uçmalı olub.

- Azərbaycan diasporu hadisədən sonra sizə zəng edib? Yardım təklif ediblər?

- Bizim çoxlu azərbaycanlı dostlarımız var. Tək azərbaycanlı yox, çeçenlər, dağıstanlılar, tatarlar və digər icmalardan zənglər olub. Hamı yardım təklif edir. Heydərin Rusiya müsəlmanları arasında böyük nüfuzu və çoxlu dostları var. Hamı Orxanın cənazəsini gözləyir.
Diaspora