"Azərbaycanın qarşılaşdığı çətinliklər ölkənin inkişafına, çiçəklənməsinə mane ola bilmir"
Fransa Senatında Qafqaz qrupunun rəhbəri, senator Alən Uperin "Report"un Qərbi Avropa bürosuna müsahibəsi.- Bu vəzifəyə təyin olunanadək Azərbaycan haqqında məlumatınız vardımı?
- Artıq bir neçə aydır ki, Fransa Senatında Qafqaz qrupunun rəhbəriyəm. Bu qrupun rəhbəri olmamışdan əvvəl bir dəfə Azərbaycana səfər etmişdim. Bununla belə, ölkəni çox yaxşı tanımırdım. Amma Azərbaycanın dünyəvi bir dövlət olduğunu bilirdim və ölkəniz bu xüsusiyyəti ilə məni özünə cəlb etmişdi. Azərbaycan müsəlman, eyni zamanda dünyəvi dövlətdir, bu da çox nadir haldir. Sizdə sinaqoq, kilsə və məscidlər fəaliyyət göstərir. Bununla belə, birinci yerdə vətəndaşların ümumi maraqları dayanır.
- Bəs necə oldu ki, Fransa Senatında Qafqaz qrupunun rəhbəri olmaq qərarına gəldiniz?
- Qafqaz çox mürəkkəb bir regiondur. Bu bölgə emosiyalar və təcrübələrlə zəngindir. Hazırda Silvən Tessonun Qafqaza həsr etdiyi son əsərini - "Əbədi dönüş"ü oxuyuram. Kitabda Qafqaz tarixi sadə insanları təsvir etməklə canlandırılır. Doğrudan da Azərbaycan sadə insanların diyarıdır. Azərbaycanın zəngin ölkə olması müsbət haldır. Elə bu səbəbdəndir ki, ölkənizə qısqanclıqla yanaşanların sayı da çoxdur.
Sualınıza cavab olaraq onu da deyim ki, atam Fransada müqavimət hərəkatının iştirakçılarından olub. Əgər Şarl de Qolun hakimiyyətə gəlməsi iki saat geciksəydi, bəlkə də mən həyatda olmayacaqdım. Mən ədalətsizliyə göz yuma bilmirəm və həqiqəti deməyi çox sevirəm. Azərbaycanda səfərdə olmuşam, Fransada ölkəniz haqqında deyilənləri də eşidirəm. Mənə elə gəlir ki, kəndir çox yoğundur və kimsə onu dartır. Siz çox çətin bir ərazidə yaşayırsınız. Rusiya mənə siçanı ələ keçirməyə çalışan pişiyi xatırladır. Türkiyə və İranda mövhumatçılıq geniş yayılıb. Fransa ayətullah Xomeyniyə qəsrlərin birində 6 ay sığınacaq verməklə İranda inqilabın baş tutmasına şərait yaradıb. Bir gün Azərbaycan zəifləsə, mövhumatçılar hər yeri ələ keçirəcəklər. Sizin gələcəyiniz Avropadır, Fransadır.
- Azərbaycanın hazırkı inkişafını necə qiymətlənririrsiniz?
- Məndə Azərbaycana qarşı çox böyük maraq oyadan və ölkənizə yaxınlaşdıran dünyəvi olmasıdır. Bu xüsusiyyət digər ölkələr üçün əsl nümunədir. Biz "Ərəb baharı" zamanı hakimyyətə qarşı çıxan müsəlman ölkələrinin çıxılmaz vəziyyətə düşdüklərinin şahidi olmuşuq. Onların devirdikləri hakimiyyətin başına kimlər gəldi? Həmin ölkələrdə rəhbərləri mövhumatçılar əvəzlədilər. Artlq 30 ildir ki, siz kommunizmdən uzaqlaşmısınız. Sovetlər dönəmində despot rejimdə yaşamısınız. Ona görə də asan deyil. Lakin bu çətin vəziyyətdən çıxmaqla bəxtiniz gətirib. Azərbaycan keçmişdə yaşadığı despot rejimlə Qərb demokratiyası arasında keçid yaratmağa nail olub. Ancaq bu gün bizim yaşadığımız demokratiyanı qurmaq üçün bizə 30 il deyil, iki əsrlik vaxt lazım olub. Biz Qərb ölkələri olaraq dərs verməyi dayandırmalıyıq. Başqa ölkələrə dərs keçmək olduqca yalnış fikirdir. Biz çox belə dərslər vermişik. Buna da müdaxilə hüququ deyilir. Bunun əsas müəlliflərindən biri də Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşner olub. Bu, çox təhlükəli addımdır. Çünki biz "satışdan sonrakı xidmət"i həyata keçirmirik. Livyada baş verənlər bizə dərs olmalıdır. Biz bu ölkədə diktatura rejimini məhv etdik və Fransa prezidenti Nikola Sarkozidən sonra hakimiyyət başına gələn yeni prezident "satışdan sonrakı xidmət"i həyata keçirmədi. Biz bu ölkədə məhdud demokratiyanın yaradılmasına yardım göstərməliydik. Amma siz buna özünüz nail olmusunuz. Bəlkə bunda sovetlərdən qalma mirasın müsbət rolu olub. Çunki kommunizm dini hakimiyyətdən uzaqlaşdırmışdı. Lakin Azərbaycanın Stalinin döğulduğu Gürcüstanla qonşu olduğunu unutmamalıyıq. Azərbaycan xalqı sovet dövründə əhalinin kütləvi köçürülməsi siyasətinin şahidi olub.
- Rəhbərlik etdiyiniz qrup Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi töhfələr verə bilər?
- İsrailin tanınmış siyasət və dövlət xadimi Şimon Peres mənimlə söhbət zamanı bildirmişdi ki, optimizmi iki formada dərk etmək olar: ya həyatı yarımçıq badə kimi qəbul etmək, yaxud da onu doldurmaqda davam etmək. O deyirdi ki, 93 yaşı olsa da, ancaq qoca deyil, sülhün bərqərar olmasını görəcək və badəni doldurmaqda davam edəcək. Mən də hesab edirəm ki, biz də onun kimi optimist olmalıyıq. BMT Azərbaycan ərazilərinin işğaldan azad olunması tələbilə 4 qətnamə qəbul edib. Fikrimcə, Azərbaycan və Ermənistan parlamentariləri görüşüb müzakirələr aparmalıdırlar. Fransa Senatı da bunun üçün dialoq meydanı ola bilər.
- Fransa mətbuatında tez-tez Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır. Sizcə, bunun qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir?
- Düzdür, Fransada kütləvi informasiya vasitələri Azərbaycanın imicinə zərbə vururmağa cəhd edirlər. Çünki onlar müxtəlif lobbilər tərəfindən manipulyasiya olunurlar. Bu gün Azərbaycana qarşı çox ədalətsiz rəftar edirlər. Amma başqalarının rəyinə əyilmək zəiflik əlamətidir. Azərbaycan Fransada imicini yüksəltməyə çalışmalıdır. Bunun üçün beynəlxalq ictimaiyyətə əl tutmaqda davam edin.
Bu gün Azərbaycanı Fransada yaxşı tanımırlar. Hətta çox az sayda fransız Azərbaycanı xəritədə göstərə bilər. Siz Azərbaycan haqqında danışanda, əsasən, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verirsiniz. Digər ölkələr isə münaqişələr deyil, əksinə, yeni texnologiyaları haqqında məlumat verirlər.
Kiməsə nifrət etmək yaxşı deyil. Əgər Fransa mətbuatı Azərbaycanın imicinə xələl yetirən məqalələr dərc edirsə, bundan qəzəblənmək lazım deyil. Əksinə, daha üstün mövqeyə malik olmalısınız və başladığınız yolda irəliləməkdə davam etməlisiniz.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin deputat və senatorlarını da qəbul edir. Ancaq Fransa prezidenti başqa ölkələrin senatorlarını qəbul etmir. Ölkənizin açıqlığı mənə İsraili xatırladır. Ümumiyyətlə, problemlərinizlə da İsrailə çox bənzəyirsiniz. İsrail kimi Azərbaycan da onu sevməyən ölkələrlə əhatə olunsa da, bu ölkə kimi inkişaf edirsiniz, durmadan irəliləyirsiniz. Azərbaycanın qarşılaşdığı çətinliklər ölkənin inkişafına, çiçəklənməsinə mane ola bilmir. Cənnəti bir çırtma ilə yaratmaq olmur. Tarix addım-addım yazılır. Tarix bir kitaba bənzəyir, səhifələri bir-bir çevirmək məcburiyyətindəyik. Girişdən nəticəyə keçmək olmur. Hər bir səhifə bir ilə, bir hadisəyə bərabərdir.
- Hazırda iki ölkə arasında parlamentlərarası əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Hazırda parlamentlərarası əlaqələri möhkəmləndirmək əsas prioritet məsələlərdəndir. Hələlik azərbaycanlı həmkarlarımla görüşmək imkanım olmayıb, ancaq bu görüşə çox can atıram. Bu gün ölkə parlamentlərinin görəcəyi işlər dövlətlərarası münasibətlərin inkişafı üçün vacib amildir.
Məlum olduğu kimi, dünyada diplomatiyanın iki növü var: icraçı və parlament diplomatiyaları. Mən parlament diplomatiyasının aktyorlarındanam. Biz parlament diplomatiyasının aktyorları icraçı diplomatiyanın fəaliyyətinə lazım olduğu tədqirdə fərqli yanaşmaların, məsələn, hərtərəfli yanaşmanın tətbiqinə çalışmalıyıq.
- Sizcə, Azərbaycan və Fransa arasında hansı sahələrdə daha böyük perspektivlər var?
- Azərbaycanda suyun təmizlənməsi sahəsində mütəxəssislərə ehtiyac var. Bu sahə üzrə dünyada ən böyük mütəxəssis heyəti Fransadadır. Biz bu sahədə əməkdaşlığımızı inkişaf etdirməliyik.
Azərbaycan turizmin inkişafında da daha çox səy göstərə bilər. Tədqiqat mərkəzlərinin fəaliyyətinə diqqət daha da artırılmalıdır. Bu sahədə də Fransa ilə Azərbaycanın əməkdaşlığı uğurlu nəticələr verə bilər. Azərbaycan kapitalizm ölkəsidir. Ona görə də xarici sərmayəçilərin fəaliyyəti üçün daha açıq olmalıdır. Artıq liberal kapitalizm ölkəsi kimi fəaliyyət göstərməlisiniz.
- Azərbaycan gənc bir ölkə olduğundan liberal kapitalizmə keçid təhlikəli olmazmı?
- Azərbaycan vizaların iki saat ərzində verilməsi üçün lazımi sistemi qura bilib. Azərbaycan dünyada analoqu olmayan "ASAN xidmət" modelini yaradıb. Deməli, liberal kapitalizmə də çox asanlıqla keçə bilərsiniz.