Pərviz Qasımov: “Tariximizi saxtalaşdıran ermənilərə əsasən Rusiya alimləri rəvac verirlər”
Bu yaxınlarda arxeoloq.az saytında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun kiçik elmi işçisi Pərviz Qasımovun rus dilində (Azərbaycan dilinə tərcüməsi sosial şəbəkələrdə yayılıb) dərc edilmiş “Ölməkdə olan ehkamların son nəfəsi” (“Агония вымирающих догм”) adlı elmi məqaləsi (http://arxeoloq.az/?p=1473) Azərbaycandan kənarda geniş müzakirə obyektinə çevrilib. Məsələ ilə bağlı Pərviz Qasımovu redaksiyamıza dəvət edərək ondan müsahibə götürdük.- Pərviz müəllim, əcdad türk, yəni prototürklərin ilkin vətəni mövzusunda məqalənin yazılmasına səbəb nə idi?
- Bu gün erməni alimləri Azərbaycanın qədim tarixini saxtalaşdıraraq iki yöndə fikir irəli sürürlər: 1. Azərbaycan türkləri XI əsrdə Orta Asiya ərazisindən gəlmişlər, azərbaycanlılar yerli deyillər və ermənilərin, farsların və gürcülərin “torpaqlarını və mədəniyyətini oğurlamışlar”. Onların 2-ci fikri budur ki, azərbaycanlılar türkləşmiş “farslar və Qafqaz xalqlarıdır”. Hətta, erməni alimləri yeni bir ideya ortaya atıblar ki, azərbaycanlılar guya “türkləşmiş, dilini dəyişmiş ermənilərdir”. Əsas dəlilləri budur ki, guya bəzi Qərb alimlərinin subyektiv baxışlarına və bütünlüklə Rusiya akademik tarix, arxeologiya və dilçilik sahələrinə görə, türk dili yalnız səlcuqlardan etibarən Orta Asiyadan bölgəyə gəlib. Tariximizi saxtalaşdıran ermənilərə əsasən Rusiya alimləri rəvac verirlər.
Ötən il noyabrda keçirilmiş Qaraçay - Balkar xalqının etnogenezinə aid Moskva konfransının qətnaməsində göstərilmişdi ki, erkən əcdad türk (prototürk) dilinin Altay dağlarında formalaşması, əcdad türk dilinin vur-tut 2200 il yaşı olması barədə fikirlər köhnəlmiş və son tədqiqatlarla özünü doğrultmamaqdadır. Bir sıra rus, erməni və osetin alimləri bundan sonra ciddi narahatlıq keçirdilər. Çünki, illərlə qurduqları irqçi və anti - türk konsepsiya dağılırdı. Konfransın qətnaməsi dərc edildikdən sonra rus alimləri – türkoloq Anna Dıbo, paleolinqvist – A. Kasyan, arxeoloq-tarixçi L. Kleyn, antropoloq M.Gerasimova, arxeogenetik Yelena və Oleq Balanovskilər və digərləri birgə məqalə yazaraq (http://xn--c1acc6aafa1c.xn--p1ai/?page_id=1643) bu qətnamənin əleyhinə çıxış etdilər.
- Onlar nə iddia edirdilər?
- Yenə də köhnə irqçi konsepsiyanın tezislərini əsas gətirirdilər: yəni, onlara görə türk dili qədim ola bilməzdi, vur-tut 2200 il yaşı var. Bu alimlərə görə, əcdad türk dilinin vətəni yalnız Altay dağları ola bilərdi və sairə. Yəni, erməni işğalçılarının istifadə etdikləri irqçi konsepsiyanın tezislərini yaşatmaqda davam etdilər.
- Sizin məqalə niyə bu qədər marağa səbəb oldu?
- Mən onlara cavab yazarkən qətiyyən türk mənşəli alimlərin əsərlərindən istifadə etmədim. İstinad etdiyim ədəbiyyat ABŞ və Avropa, hətta bəzi rus arxeoloqlarının, arxeoloji nəzəriyyəçilərinin və paleolinqvistlərinin (qədim dillər üzrə uzmanlar – QAZİLER.AZ), türkoloqların son tədqiqatlarının nəticələri idi. Yuxarıda adlarını qeyd etdiyim rus alimləri sağlam polemikaya hazır deyildilər. Onlar daim öz konsepsiyalarına sərf edən məqalələri və kitabları seçirlər, əks fikirli elmi tədqiqatları isə, yeri gələndə, Rusiyanın geniş elm cəmiyyətindən uzaq tutmağa çalışırlar. Ona görə də məqaləm onlar üçün “soyuq duş” oldu.
- Siz məqalədə iddia edirsiniz ki, erkən türklərin vətəni e.ə. IV minilliyin sonu – III minillikdə Qərbi Asiyada yerləşib. Amma həmin dövrdə bölgədəki arxeoloji mədəniyyətlərin, məsələn, Ubeyd, Kür-Araz, Leylatəpə və digərlərinin dilinin müəyyən edilməsinin çətin olduğunu bildirirsiniz...
- Müasir Qərb arxeoloji nəzəriyyələrində (prosessualist və ya koqnitiv arxeologiyada və başqa) bir fikir qətidir – müəyyən arxeoloji mədəniyyət daşıyıcılarının dili barədə dəqiq yazılı məlumat yoxdursa, bu barədə fikir yalnız ehtimal, fantaziya ola bilər. Özlərinə sərf etmədikləri üçün rus alimləri bu metodoloji məntiqi görməzdən gəlirlər. Amma əgər biz Rusiya akademik elminin irqçi təzahürlərini tənqid ediriksə, özümüz fantastik və əsassız ehtimallardan uzaq durmalıyıq.
E.ə. IV minilliyin sonu – III minilliyin əvvəlində bölgədə müxtəlif arxeoloji mədəniyyət daşıyıcılarının dili barədə məlumat yoxdur. Ya bu mədəniyyətlərin tərkibində prototürklərin mövcud olması ehtimalı yekdilliklə qəbul edilməlidir, ya da bu mədəniyyətlərin dil mənsubiyyəti probleminin araşdırılması kənara atılmalıdır. Amma az sayda bəzi Qərb, bütünlükdə isə, Rusiya akademik elm çevrələrində belə bir fikir ortaya atılır ki, qədim arxeoloji mədəniyyətlərin daşıyıcılar istənilən dilə mənsub ola bilərdilər, yalnız türk dilindən başqa. Bu isə, kökündə anti-türk qərəzli, siyasi və irqçi motivli yanaşmadır.
- Rusiya arxeologiya, antropologiya elmində irqçi təzahürlər nə ilə əlaqəlidir?
- XIX əsrdə Avropada tarix, arxeologiya, dilçilik və d. elm sahələri irqçi baxışların təsiri altında idi. Bu irqçi baxışlar Rusiya elminə də təsir etdi. Amma bolşeviklərin dövründə həmin elm sahələri digər ifratçılığa məruz qaldı – elmdə etnogenez problemi yasaq edildi. “Beynəlmiləlçi, sinfi” marksist baxışların ən böyük hədəfi ilk növbədə türk xalqlarının tarixi oldu. Stalin dövründə “pantürkizmlə” mübarizə, Türkiyə əleyhinə ərazi iddiaları və d. hadisələr elmdə də anti-türk qərəzkarlığı gücləndirirdi. Stalinin ölümündən sonra isə, sovet elmində alman post-primordialist konsepsiya özünə yer etdi. Hər bir vəchlə Hind-Avropa, ari dilli xalqların tarixdə rolunu şişirtmək, XX əsrin 40-cı illərinədək Avropanın irqçi alimlərinin istifadə etdiyi köhnəlmiş metodları əsas tutmaq və s. Çox maraqlıdır ki, müasir Avropa və ABŞ tarix, arxeologiya və antropologiya məktəbləri bu baxışlardan uzaqlaşdığı zaman, post-sovet və müasir Rusiya elmi bu baxışların girdabına düşüb. Yenə də əsas zərbə türk və Uraldilli xalqların tarix elminə dəymiş olur. Bunu Qərb alimləri qeyd etməkdədirlər.
- Bilirik ki, həmin rus alimlərinin sizin məqalənizə verdikləri cavab yarımçıqdır. Məqalənizdə gətirilən əsaslardan yayınmağa çalışıblar...
- Sözün düzü, arxeoloq Leo Kleyn banal söz oyunu və gözə kül üfürməklə cavab verib. Oleq Balanovski isə, ixtisası olan arxeogenetika üzrə iradlarıma cavab vermək əvəzinə fikri tamam ayrı bir məcraya yönəltməyə çalışıb. Yeganə elmi polemikaya girmək istəyini türkoloq Anna Dıbo nümayiş etdirib. Amma o da əsas məsələni kənara qoyub, dilçi terminologiya ilə bol olan subyektiv mülahizələr irəli sürür. Əlbəttə, onları cavabsız qoymayacağam. Sona qədər getmək lazımdır. Onlar zəifdirlər, çünki dünyanın qabaqcıl elmi araşdırmalarından xofludurlar. Amma A. Dıboya cavab vermək bir qədər çətin olacaq, çünki mən arxeoloq və tarixçiyəm, dilçi və türkoloq deyiləm.
- Amma Azərbaycanda çoxlu sayda dilçi və türkoloqlar var? Bəs onlar bu məsələdə hansı addımı atırlar?
- Çox təəssüf ki, Azərbaycanda və hətta, digər türk respublikalarında dilçilər, paleolinqvistlər və türkoloqlar olsa da, onlar bilinməyən səbəblərdən bu mövzudan yayınırlar. Elə 2008-ci ildə prototürk dilinin Altay dağlarında formalaşması, əcdad türk dilinin vur-tut 2200 il yaşı olması barədə Anna Dıbonun subyektiv tədqiqatı (“Erkən türklərin linqvistik kontaktları. Leksik fond (praTürk dövrü)”, Moskva, 2007) işıq üzü görəndə, ona cavab verməməkləri buna sübutdur. Ermənilər isə daim bu əsəri Azərbaycan tarixçiləri və arxeoloqları ilə elmi mübahisələrdə dəlil kimi gətirirlər. Halbuki, dilçi, paleolinqvist və türkoloq alimlərimiz bu məsələ ilə ciddi məşğul olmalı idilər. Ona görə də mən də daxil digər arxeoloqlarımız elmi polemikalarda Qərb və azsaylı obyektiv rus dilçilərinin, türkoloqlarının tədqiqatlarına, dilçilik üzrə elmi ədəbiyyata müraciət etməyə məcbur oluruq.
- Bəs necə oldu ki, siz prototürk dilinin e.ə. III minilliyin əvvəlində Qərbi Asiyada mövcud olmasını əsaslandırdınız? Türkoloq Anna Dıbo da sizə cavabında bu dəlilinizə toxunmaqdan qaçdı...
- 2007-ci ildə Moskvada 53-cü Beynəlxalq Assiroloqlar (qədim assur dili üzrə uzmanlar – QAZİLER.AZ) Konqresində dünyaca şöhrətli finlandiyalı paleolinqvist akademik Simo Parpola şumer dili üzrə araşdırmaların yekununu açıqladı. Alimə görə, şumer dili Ural dilləri ilə genetik qohumdur. Amma alim həm də bildirdi ki, bu qədim dildə prototürk dilindən sözlər, qramatik, fonoloji və sintaksis alınmalar var. O, bunu belə izah edir: şumer dili Dəclə-Fərat arealına elə yerdən gəlib ki, orada əcdad türk dili ilə qonşu olub. Simo Parpolanın fikirinə görə, Ural dağlarınının cənubundan Şimali Qafqazadək ərazi qədim Uraldilli və əcdad türk dilinin erkən vətəni və qonşuluq arealı idi. Şumer dilini isə bölgəyə Maykop arxeoloji mədəniyyəti daşıyıcıları gətirdilər. Hər halda biz görürük ki, söhbət 2200 il əvvəldən getmir. Söhbət 5 min il əvvəldən, yəni, e.ə. III minilliyin əvvəlindən gedir və türk dilinin erkən vətəni Altay dağlarında deyil, Qərbi Asiyada yerləşmişdi. Konkretləşdirərək bu erkən Vətəni kimi Xəzər dənizi çevrəsinin hər hansı arealını ehtimal etmək olar. Daha konkretləşdirmə üçün isə, əldə əsaslar yoxdur. Arxeologiya 5 – 6 min il öncə Altay dağlarından Cənubi Qafqaza, Ön Asiyaya miqrasiyanın olduğunu göstərmir. Beləliklə, prototürk dilinin vətəni və tarixi barədə qəti fikir maddi fakta – şumer dilindəki yazılı abidələrə və onların təhlilinə əsaslanır. Unutmayaq ki, e.ə. IV minilliyin sonunda Azərbaycanda, Şimali Qafqazda (Maykop), Cənubi Uralda, İran yaylasında və Cənub-Qərbi Orta Asiyadakı arxeoloji mədəniyyətlərin formalaşmasında Ön Asiya köklü Uruk-Ubeyd və Şərqi Anadolu eneolit mədəniyyətlərinin danılmaz rolu var idi.
Assimilyasiya, miqrasiya və qarışma prosesləri isə, tarixdə daim getmişdir və getməkdədir. Məsələn, tarix boyu türk xalqları ilə qonşuluqda olan digər etnoslar həm bir tərəfdən türkləşmişlər, digər tərəfdən onlar qonşu türk xalqlarını öz içlərində əritmişlər. Avrasiya məkanında bu proseslər durmadan davam etməkdədir. Amma yuxarıda gətirdiyim faktlar digər gerçəkliyi göstərir ki, pratürk dili qədim Qafqaz, Elam-Dravid, Ural dilləri və o dövrlərdə formalaşmaqda olan Hind-Avropa dil ailəsi ilə həmdövr və qonşu olmuş, region tarixinin hələ eneolitin sonunda fəal iştirakçısı – aktoru idi. Beləliklə, erməni dili heç yaranmamışdan da öncə bu regionda əcdad türk dili və bu dilin daşıyıcıları mövcud olmuşlar.
QAZİLER.AZ
Sevda Elay (Əsgərova),
Rəşad Sahil