Bir müddət öncə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İtaliya Senatının kitabxanasında israilli müəlliflər Əmir və Arye Qutun “Sandro Teti Editore” nəşriyyat evi tərəfindən italyan dilində dərc olunmuş “Ağrı” (İl Dolore) bədii-sənədli romanının təqdimatı keçirilməsi haqda məlumat vermişdik.
Arye Qut romanla bağlı Rusiya mediasına müsahibə verib.Teleqraf.com həmin müsahibəni təqdim edir:
- Arye, romanınız nə ilə bağlıdır?
- Roman həm Azərbaycan cəmiyyətinin multikultural və tolerant mühitinə, həm də 20-cı əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına həsr edilib. İdeya müəllifi Azərbaycan Dövlət Televiziyasında 40 ildən çox baş rejissor vəzifəsində çalışmış atamdır. O, Dağlıq Qarabağ münaqişəsi zamanı baş verənləri öz gözləri ilə görüb, həmin regionlarda səfərdə olub.
Bu roman İsrail və Azərbaycan gənci arasında yaşanmış sevgidən bəhs edir. Yəhudi gənc Azərbaycana gəlir, doktorluq dissertasiyası yazır və azərbaycanlı qıza vurulur. Bu qız Xocalı qaçqını olur. Baş qəhrəman Röya faciənin bütün acı tərəflərini anladır. Bu, bədii-sənədli romandır.
- Xocalı faciəsi ilə Holokostu nə bağlayır?
- Mən yəhudiyəm. Bu kitabı da təsadüfən yazmamışam. Bütün bunlar mənim ailəmdə, yəhudilər faşistlərdən qaçdığı zaman yaşanıb. Mənim sevgilimin nəslindən 40 nəfəri faşistlər öldürüb. Holokost mənim ağrım, mənim faciəmdir.
Xocalı faciəsi baş verəndə mənim 17 yaşım vardı. Holokost dünyanın heç bir faciəsi ilə bir tutulmur. O zaman 6 milyon yəhudi öldürülüb. Xocalıda 613 azərbaycanlı qətlə yetirilib.
Əsas odur ki, bu informasiyalar rus və ingilis dillərinə tərcümə edilsin. Mənim “Ağrı” romanım İtaliyada təqdim edildi. Təqdimata 300 insan gəlmişdi. Holokostdan fərqli olaraq, Xocalı faciəsinin təqsirkarları hələ də cəzalandırılmayıb və hazırda Ermənistan hakimiyyətində yüksək vəzifə tuturlar.