Qaziler.az AMEA Tarix İnstitunun müasir Azərbaycan Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Nəriman Nərimanovun fəaliyyətinin araşdırıcısı Firdovsiyyə Әhmədovanın Trend-ə müsahibəsini təqdim edir.
- Əldə olunan yeni sənədlərdə Nəriman Nərimanov haqqında bilmədiyimiz hansı yeni faktlar var?- Yeni sənədlər Rusiyanın Dövlət Sosial Siyasi Tarix Arxivindən əldə edilib. Həmin arxivdə “Nərimanovun işi” adı altında xüsusi qovluqlar saxlanılır. Bu qovluqda olan əsas arxiv sənədləri 1923-cü ildə Nərimanovun Stalinə, Rusiya Mərkəzi Komitəsinə yazdığı məşhur məruzəsinin təhlili ilə əlaqədardır. Bu məruzədə yazılanların araşdırılması üçün 1923-cü ildə Mərkəzi Təftiş Komissiyasının sədri Yaroslavskinin başçılığı altında xüsusi komissiya yaradılmışdı. Bununla bağlı Moskvada, eyni zamanda Bakıda bır çox iclaslar keçirilib. Həmin iclasların protokolları Rusiyanın Dövlət Sosial Siyasi Tarix Arxivində var. Onların bir qisminin surəti Bakıda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində də saxlanılır. Uzun müddət Nərimanovun yazdığı məruzə məxfi saxlanılıb. Həmin məruzənin aqibəti ilə bağlı Nərimanova qarşı Siyasi Büroda, mərkəzi elita arasında göstərilən münasibətlə bağlı sənədlər hələ də əldə olunmamışdı. Bunlar çox önəmli sənədlərdir. Bunlardan birmənalı olaraq, belə rəy formalaşır ki, 1920-ci illərdə mərkəzi hakimiyyətdə olan elita faktiki olaraq, Nərimanova heç də rəğbətli mövqe nümayiş etdirməyib. Hətta onların sifarişi ilə o iclaslarda Nərimanovun partiyadan çıxarılması, güllələnməsi belə təklif edilib. Amma nəticə etibarilə Nərimanovun həmin dövrdə Şərq aləmində, müsəlmanlar arasında olan nüfuzu, bolşevik elitasının Şərq siyasətində uğur qazanması nəzərə alınaraq, Nərimanova partiya etimadı göstərilib. Son dərəcə önəmli olan bu qərar 1923-cü ilin noyabrın 15-də qəbul olunub. Yeni sənədlər Nərimanovun necə milli maraqlara söykəndiyini göstərən bir şəxs olduğunu açıb göstərir.
- Nərimanov Siyasi Büronun diqqətini güclü cəlb edən, kəskin reaksiyaya səbəb olan həmin məruzəsində nələr qeyd etmişdi?
- Nərimanov yazırdı ki, mən bu məruzəni tarix üçün yazıram, gələcək nəsillər bilsin ki, reallıq necə olub. Nərimanov son dərəcə ehtiyat edirdi ki, bu həqiqətlər açılmayacaq. O, hələ 1920-ci illərdə yazırdı ki, bolşevizm, bizim düşündüyümüz sosializm olmayacaq, Azərbaycanı təmsil edən partiya yoxdur, Azərbaycan simasızlaşdırılıb, Azərbaycanın yerli əhalisi heç çar Rusiyasının olduğu dövrdə bu qədər sıxışdırılmayıb. Nərimanov yazırdı ki, Azərbaycan neftindən gələn gəlirin heç omasa, müəyyən faizi Azərbaycanın maarifinə, səhiyyəsinə yönəldilsin. O, son məqamda həmin gəlirin 15 faizinin Azərbaycan üçün ayrılmasına nail olduqda belə, həmin məbləğin Azərbaycan Respublikasına ayrılmasına imkan vermirdilər. Ona görə də Nərimanov yazırdı ki, başda Serebrovski olmaqla neft krallığı yaradılıb, yəni Azərbaycanın hüquqları pozulub, Azərbaycanı başdan-ayağadək qarət edirlər, milli məsələ müsəlmanların sıxışdırılması hesabına həyata keçirilir, milli kadrlar irəli çəkilmir, qeyri-müsəlmanlar vəzifədədirlər. Nərimanov yazırdı ki, Zaqafqaziyanın yaradılmasından ən çox zərər çəkən Azərbaycan olub. Azərbaycanın sərvəti hesabına Ermənistan, Gürcüstan inkişaf edir, amma Azərbaycan kəndlisi evində yandırmağa neft belə tapa bilmir. Bu məruzə ümumi məzmunlu deyildi, Nərimanov orada konkret bolşevik liderlərinin adlarını çəkib və onların əməllərini açıq-aşkar yazıb. Deyirdi ki, bu cür siyasətə görə həmin şəxslər cavab verməlidir. Nərimanov SSRİ-nin xarici siyasətini, xüsusilə xalq xarici işlər komissarı Çiçerinin fəaliyyətini kəskin tənqid edirdi. Deyirdi ki, düzgün siyasət yürüdülmür. Nərimanov Şərqlə bağlı qeyd edirdi ki, Rusiyada qurulmuş modeli olduğu kimi hansısa Şərq ölkəsində tətbiq etmək olmaz. Yerli əhalinin psixologiyasını, tarixini, düşüncəsini, adət-ənənəsini nəzərə almaq lazımdır. Nərimanovun həmin məruzədə adını çəkdiyi şəxslərdən biri Mirzəyan idi. Bakı Soveti Azərbaycan daxilində bir muxtar qurumdur, hakimiyyəti də Mikoyan, Mirzəyan varis olaraq, bir-birinə ötürürlər. Bu məruzənin araşdırılması məqsədilə yaradılan komissiya yerlərdə araşdırma apararkən ona sədrlik edən elə birbaşa şikayət olunan şəxs Mirzəyan idi. Bu da komissiyanın işinin nə dərəcədə obyektiv olduğunu göstərir. Araşdırmanı aparanlar Nərimanovu millətçilikdə ittiham edərək qeyd edirdilər ki, o, mahiyyətcə müsavatçıdır, yazdıqlarının hamısı yanlışdır. Onu partiyanın xəbəri olmadan müstəqil siyasət yürütməkdə ittiham edirdilər. Məsələ ondadır ki, Nərimanov Azərbaycan sovet hökumətinin sədri olarkən özünün qurmaq istədiyi modeldə sovet hakimiyyətini qurmağın mümkün olmadığını gördükdə müxtəlif üsullardan istifadə etməklə hakimiyyəti ona sərbəst fəaliyyət göstərmək imkanı verməyə məcbur etmək istəyirdi. Azərbaycanda isə XI Qızıl Ordu var idi, başda Pankratov olmaqla, onun xüsusi səlahiyyətli şöbəsi fəaliyyət göstərirdi. Nərimanov yazırdı ki, başda cəllad Pankratov olmaqla bu diktatorluğu yaratmaq nəyə lazım idi? Yazırdı ki, Orconikidze özünü Qafqazın canişini kimi aparır. Bununla əlaqədar keçirilən iclaslarda çıxış edənlər Nərimanovun bütün iddialarını əsassız saydılar.
Nərimanova qarşı sərt tələb: Güllələnsin
- Nərimanovun güllələnməsi məsələsini iclaslarda kim qaldırmışdı?
- Nərimanovun müdafiə etdiyi şəxslərin arasında olan azərbaycanlıların, müsəlman kommunistlərin bəziləri – hansı ki Nərimanov onların partiyadan xaric olunmaması üçün məsələ qaldırmışdı - həmin iclaslarda Nərimanovun haqsız olduğunu deyirdilər. Nərimanovun güllələnməsi, onun partiyadan çıxarılması təklifini irəli sürənlər üzdə olan görkəmli kommunistlər deyildilər. Bu təklif guya fəhlələr, zəhmətkeş sinfin nümayəndələri tərəfindən edilirdi.
- Necə oldu ki, hakimiyyətdə olanları belə kəskin tənqid edən bir şəxs bəraət aldı?
- Bəlkə də qəribə səslənə bilər. Amma Nərimanovun ən çox tənqid etdiyi Orconikidze son iclasların birində çıxış edərək deyib ki, Nərimanov Azərbaycanda sovet hakimiyyətini elan edib (Reallıqda Nərimanov sovet hakimiyyəti qurulandan xeyli sonra Azərbaycana gəlib - Ş.Əhmədova) biz onu partiyadan çıxarsaq, onun rezonansı ola bilər, buna görə də məsələ bu cür həllini tapmamalıdır. Bu baxımdan bütün nüansları nəzərə alaraq, Nərimanova 15 noyabr 1923-cü il tarixində partiya etimadı göstərilib. Amma Nərimanov heç də ona göstərilən bu etimadı özü üçün böyük təhlükədən qurtarmaq kimi qiymətləndirərək geri çəkilməyib, əksinə mübarizəsini davam etdirib.
Nərimanovun ölümü ilə bağlı daha bir versiya
- Nərimanovun müəmmalı ölümü ilə bağlı yeni faktlar üzə çıxıb?
Onun ölümü ilə bağlı müxtəlif versiyalar var. Bu versiyalardan ikisini deyim. Bir versiya odur ki, o, Stalin-Orconikidze-Nərimanovun söhbəti zamanı çay, yaxud kofe vasitəsi ilə Orconikidzenın sürücüsü tərəfindən zəhərlənərək öldürülüb. Digər versiya odur ki, Orconikidze Nərimanovun ailəsində qonaq olarkən yarpaq dolmasından zəhərlənərək öldürülüb. Amma onun qohumlarının xatirələrinə əsasən deyim ki, Nərimanov 1925-ci il martın 15-də Bakıdan çıxıb, qardaşı Salman Nərimanovun uşaqlarını da özü ilə Moskvaya gətirib. Həmin xatirələrdə də qeyd olunur ki, martın 18-də biz Moskvaya çatdıq. Martın 19-da Nərimanov işə gedib, işdən qayıdandan sonra nahar edib uzanır. Uzananda deyir ki, 8-in yarısı iclasım var, məni oyadarsınız. Yarım saat sonra isə evə zəng edib deyirlər ki, Nərimanovun halı pisdir. Həyat yoldaşı Gülsüm xanım gedəndə Nərimanovun artıq sağ olmadığı məlum oldu. Martın 19-u Nərimanov üçün tam bir iş günü olub. Həmin gün o, Bakuvin adlı şəxsi qəbul edərək (Nərimanovdan kömək istəyən şəxslər təkcə müsəlmanlar olmayıb, qeyri-müsəlmanlar da kömək üçün onun yanına gəlirdilər-F.Əhmədova) ona kömək göstərilməsi barədə sənədə dərkənar qoyub. Nərimanovun evdə qonaqlıq verməsi versiyası absurddur. Guya Nərimanov həmin qonaqlıqda yemək arxasında deyirmiş ki, ona Tomsk, Kamenev tərəfindən yüksək vəzifə veriləcək. Orconikidzenin də əhvalı dəyişir, sonradan onu zəhərləmək qərarına gəlir. Bunlar cəfəngiyyatdır. Çünki nə Tomskın, nə Kamenevin həmin dövrdə elə bir səlahiyyəti yox idi. Nərimanova hansı yüksək vəzifə verilə bilərdi ki, o, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri olub?! Amma bir məsələ də var. Nərimanov hətta o cür zəhərlənmə və başqa cür vasitələrlə öldürülməsə belə, həmin iclasda elə gərgin situasiya yaradıla bilər ki, onun doğrudan da ürəyi partlayıb. Rəsmi sənədlərə görə, Nərimanovun ürəyi bir necə hissəyə parçalanıb. Tibb elminə görə, çay, maye ilə zəhərlənən zaman ürək parçalana bilər. Amma bütün hallarda fiziki təsir göstərmədən insanı ürəyinin parçalanması halına gətirmək mümkündür. Bunun özü göstərir ki, həmin dövrdə bolşevik elitasının içərisində kriminal vasitələrdən istifadə etmək ənənəsi olub. Nərimanov 55 yaşında vəfat edib, amma o, o qədər gərgin mübarizə şəraitində işləməli olmuşdu ki, ona “starik” deyirdilər. O baxımdan iclasda ona qarşı sərt davranışın olması da qəsd kimi qiymətləndirilə bilər. Nərimanov iclasdan çıxanda Kremlin divarlarından yapışaraq gedirmiş. Onu görən Kreml xəstəxanasının tibb bacısının təcrid olunması, sürücünün sonradan evindən kənarlaşdırılması müəmmalı ölüm təəssüratını doğurur.
- Son iclasda Nərimanovu belə güclü şəkildə əsəbləşdirə biləcək hansı məsələlərə toxunulub ki, onun ölümü versiyasında bu iclasın da adı hallanır?
- Bu iclasın steonoqramı yoxdur. Bu, axşamüstü gərgin şəraitdə keçən iclas olub. Onun ölümü ilə bağlı versiyalar var, amma onları təsdiqləyən sənədlər yoxdur. Әməkdar jurnalist Musa Bağırovun tədqiqatından da görünür ki, Orconikidzenin mənşəcə erməni olan sürücüsü onun tərəfindən Nərimanova zəhərin verilməsini etiraf edib. N.Nərimanovun Xatirə Muzeyinin direktoru mərhum Loğman müəllim də mənə deyirdi ki, Orconikidzenin sürücüsü deyirmiş ki, Allah keçsin, günahımdan, mən bunu etdim. Amma bunlar rəsmi deyil, şifahi tarixin məlumatlarıdır.
- Nərimanovun ölümü ilə bağlı hər iki versiyada niyə ancaq Orconikidzenin adı hallanır?
- Ümumiyyətlə, həmin dövrdə Qafqazla bağlı siyasətdə rəhbər kadr Orconikidze idi. Bu baxımdan Orconikidze Qafqazda, Azərbaycan siyasətində söz sahibi idi. Yeridilən siyasətə iradını bildirən Nərimanovun ittihamları Orconikidzeyə birbaşa toxunurdu. Nərimanov yazırdı ki, Orconikidzenin siyasəti “şapalaq siyasətidir, özünü qubernator kimi aparır, komissarların üstünə qışqırır”. Bütün hallarda Nərimanov Orconikidze, Stalin üçün arzuolunmaz şəxs idi. Amma Nərimanovun onların siyasətində hansısa əmələ çevrilməsi barədə düşünmək olmaz. Ömrünü mücadilədə keçirən Nərimanovun ürəyini gərgin situasiya da partlada bilərdi.
- Nərimanov niyə öz Vətənində dəfn edilməyib?
- Stalin Kirova məktub yazır ki, Nərimanov Bakıda dəfn edilsin. Stalinin göstərişlərinə uyğun Bakıda hazırlıq işlərinə başlanılır. Moskvada isə onun dəfni üçün hazırlıq işləri görülmür. Azərbaycandan gedən heyət Moskvaya gec gedib çatır, buna görə də artıq Nərimanov Moskvada dəfn olunur. Onun nəşi yandırılmayıb, o, kül şəklində Kremlin divarları yanında dəfn olunmayıb. Çox az adamın cəsədi orda dəfn olunur. Nərimanovun da cəsədi düz mavzoleyin yanında dəfn edilib. Onun dəfn mərasimi təntənəli şəkildə həyata keçirilib, nəşinin Bakıya gətirilməsi isə baş tutmayıb.
"Stalin Leninə yazırdı ki, Nərimanov mənə dekorasiya kimi lazımdır"
- Nərimanov niyə Stalin üçün xoşagəlməz insan sayılırdı? Onların münasibətlərinin yaxşı olmamasının kökündə nə dayanıb?
- Nərimanov 1919-cu ilin avqustunda Moskvaya aparılıb. Ona qədər o, Həştərxanda idi. 1919-cu ilin 16 avqustunda Stalin Leninə Nərimanovla bağlı məktub yazıb. Stalin məktubunda israr edib ki, Nərimanov xalq xarici işlər komissarlığında işləsin, Yaxın Şərq məsələləri ilə məşğul olsun. Çiçerin bu məsələyə razı deyildi. O, professional diplomat kimi yanaşaraq deyirdi ki, bu komissarlıqda işləyən şəxs Şərqi yaxşı bilməlidir. Stalin orda yazırdı ki, (Çiçerinin müavini mənşəcə erməni olan Qaraxan idi. Bu amil də Çiçerinin müsəlman aləminə, Azərbaycana münasibətində müsbət olmayan mənada rol oynayırdı - F.Əhmədova) bizim indi xarici siyasətimiz Şərqə yönəlib və uğur qazanır. O baxımdan Şərqlə bağlı məsələlərdə yeganə adam kimi erməni Qaraxan çıxış edir, Türkiyə ilə danışıqları da o aparır. Bu isə yolverilməzdir. Məktubunda da göstərir ki, bu faktoru nəzərə alaraq, bizə bir müsəlman kadr lazımdır. Bu, orta partiya stajlı şəxs də ola bilər, Nərimanov bunun üçün daha münasib şəxsdir. Stalin yazırdı ki, Nərimanov Uzaq Şərqi bilməyə bilər, amma o, mənim üçün bir dekorasiya, bayraq kimi lazımdır. Stalinin 1919-cu ildə israrı belə olub, 1920-ci ildə burda hakimiyyətə gəlmək istəyəndə Stalin Nərimanovla bağlı deyirdi ki, onun informasiyasına tam güvənmək olmaz. Çünki Nərimanov iki ildir ki, burdadır və Azərbaycanla bağlı reallıqlardan uzaqdır. Azərbaycana XI Ordunun gəlişinə rəhbərlik edən Orconikidze və Kirov çevrilişə qədər israrla Leninə, Stalinə məktub göndərirlər ki, Nərimanov təcili Azərbaycana gəlməlidir, onun bura gəlməyi vacibdir. Ona görə ki, onlar hələ bu çevrilişin nə ilə nəticələnəcəyini bilmirdilər. Nərimanovun isə Azərbaycanda nüfuzu vardı. Onlar bunu nəzərə alaraq, belə israr edirdilər. Hakimiyyəti ələ alandan sonra-mayın 2-də isə Leninə teleqram vururlar ki, siz sovet Azərbaycanını təbrik etməlisiniz. Bundan başqa, Qafqazda və daha geniş ərazidə kiməsə səlahiyyət vermək lazımdır. Amma bu səlahiyyəti Nərimanova verməyin. Lenin də Azərbaycanın bütün daxili, xarici siyasətinə rəhbərliyi Orconikidzeye həvalə edir. Stalinin də Nərimanova münasibəti sırf taktiki gedişlərlə bağlı olub. Onu karyerasına, sovet hökumətinə qarşı ciddi təhlükə törədəcək bir fiqur saymayıb. Nərimanov da bunu bilirdi. Buna görə də 1920-ci ildə Azərbaycana gələndən bir ay sonra istefa ərizəsini yazır. Ərizəsində yazır ki, mərkəzə icraçı kadrlar lazımdır, mərkəz bizi “şirma” (görünməz pərdə) olmağa məcbur edir. O, özünün dekorasiya rolunda oynadığını dərhal başa düşür.
Amma o da buna qarşı digər üsullardan istifadə edirdi - tez-tez istefa tələbi qoyurdu, öz ətrafının kadrlarının sayının artırılmasını tələb edirdi. Orconikidze də yazırdı kı, Nərimanov Mikoyan da daxil olmaqla, arzuolunmaz hesab etdiyi 30-dan çox qeyri-müsəlman kadrın Azərbaycandan geri çağrılmasına nail olub. Orconikidze "Nərimanov tələb edirdi, biz də həyata keçirdik. Amma sonra o, yavaş-yavaş daha artıq tələb etməyə başladı" deyə yazırdı. Nərimanov sadəlövh deyildi, o, bu münasibəti bilirdi və adi icraçı olmaq istəmirdi. Nərimanov onların müstəqil, nümunəvi Azərbaycan Respublikası qurmaq vədlərindən istifadə edib reallıqda o cür siyasəti həyata keçirmək istəyirdi. Bu baxımdan Nərimanov barışmaz mövqeyinə, yeritdiyi siyasətə görə Stalin, Orconikidze üçün arzuolunmaz idi. Bəzən deyirlər ki, Nərimanov nə qədər sadəlövh adam olub, Stalinə onun özündən şikayət edib. O, özü də bunu bilirdi, amma bunların hamısı taktiki addımlar, təzyiq vasitələri idi.
"Lenin səhhətinin pis vaxtlarında da Nərimanovla maraqlanıb"
- Bəs, Nərimanov Lenin üçün sevimli kadr ola bilib?
- Şəxsi münasibətlər baxımından hər ikisinin arasında qarşılıqlı etimad var idi. O, Leninin məramnaməsini, kağız üzərində olan sosializm ideyalarını çox məqbul bilirdi. Nərimanov özü yazırdı ki, mən bolşevizmin platformasını I Dünya Müharibəsi illərində qəbul etdim. Ona qədər fikirləşirdim ki, ölkələr maarif yolu ilə tərəqqiyə çata bilər. I Dünya Müharibəsi aparan ölkələrin son dərəcə sivil ölkələr olduğunu gördükdə bunun kafi olduğunu düşünmədim. Nərimanov Lenin tərəfindən təqdir olunurdu. Lenin hətta səhhətinin pis vaxtlarında belə Səməd Ağamalı oğlu ilə (Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın ilk xalq torpaq komissarı olub) Moskvada görüşəndə Nərimanovun vəziyyətini soruşmuşdu. 1920-ci ildə Azərbaycanda çevrilişdən az əvvəl - aprelin 18-də Nərimanovun Leninlə bir saatlıq görüşü olmuşdu. Nərimanov yazır ki, Lenin onun Azərbaycanda sovet hakimiyyəti qurmaq ideyalarını tam dəstəkləyib. Amma Nərimanovla Leninin bəzi fikirləri taktiki baxımdan üst-üstə düşmürdü. Nərimanov hesab edirdi ki, Şərqi azadlığa çıxarmaq üçün panislamizm ideyalarından istifadə etmək olar. Çünki Şərqdə əhalinin düşüncəsini, dini baxışlarını nəzərə alaraq, birbaşa sovet hakimiyyəti qurmaq olmaz. Şərq ölkələrini Qərbin əsarətindən xilas etmək yetərlidir, ondan irəli getmək olmaz. O deyirdi ki, indiki durumda fəhləyə iş, kəndliyə torpaq vermək mümkün deyil. Amma Lenin deyirdi ki, qətiyyən panislamizm hərəkatından istifadə etmək olmaz. Nərimanov Azərbaycan neftinin xarici bazara sərbəst çıxarılmasını istəyirdi. Lenin isə qətiyyən buna icazə vermirdi. Onun teleqramı var ki, mərkəzi komitənin icazəsi olmadan Azərbaycan belə sərbəst addımlar ata bilməz.
"Mövsüm Qədirli Nərimanova yazırdı ki, Azərbaycanda sənin adını çəkmək belə qadağandır"
- Maraqlıdır ki, Stalin üçün arzuolunmaz şəxs olan Nərimanov SSRİ-də çox yüksək vəzifələrdən birini tutub...
- Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 sədrindən biri təyin edilmişdi. Bu, çox yüksək vəzifə idi. Amma bunun əsl mahiyyətində Nərimanovun Azərbaycandan uzaqlaşdırılması məsələsi vardı. Onun Azərbaycana gəlməsi belə arzuolunmaz idi. 1925-ci ilin fevralında Nərimanovun ictimai-ədəbi fəaliyyətinin 30 ili tamam oldu. Bu, Rusiyada təntənəli keçirildi. Amma Azərbaycanda onun adını çəkmək belə qadağan idi, heç bir iclasda belə anılmadı. O, çox istəyirdi ki, onun bu yubiley tədbirləri vətənində də keçirilsin. Amma Mövsüm Qədirli (1921-1935-ci illərdə Azərbaycanın səhiyyə naziri) Nərimanova məktubunda yazırdı ki, burada yubiley tədbirlərinin keçirilməsi heç cür mümkün deyil, burada sənin adını çəkmək belə qadağandır. Yəni arzuolunmaz şəxs idi, onun səfərləri qadağan edilmişdi. Nərimanov faktiki olaraq, Azərbaycandan uzaqlaşdırıldı. O, Bakıya gələndə hətta insanlar cəsarət edib onunla salamlaşmırdılar, üz döndərirdilər. Amma “Nərimançılıq” adı altında böyük cərəyan yaranmışdı. Nərimanovun mübarizəsi Azərbaycanın, Şərqin maraqlarının nəzərə alınmasına söykənirdi. Bu mübarizə də onun vəfatı ilə sona çatır.
- Nərimanova tarixdə verilən qiymət birmənalı olmayıb. Әvvəl burjua millətçisi kimi təqdim edilən Nərimanov daha sonra möhkəm bolşevik, illər keçəndən sonra isə xalqa millət xaini kimi tanıdıldı. Niyə tarix bir insana bu qədər bir-birinə əks olan qiymətlər verib?
- Onu doğrudan da 1950-cı illərin ortalarına kimi burjua millətçisi kimi təqdim etməyə çalışırdılar. Stalin vəfat edəndən - 1950-ci illərin ortalarından sonra Nərimanov haqqında başqa istiqamətli tədqiqatlar başladı. O dövrdə yazılan əsərlərdə Nərimanovun artıq möhkəm bolşevik, əqidəli leninci obrazını yaratmağa çalışırdılar. Həmin dövrdə yazılanlarda ən çox buna diqqət yetirilirdi ki, Nərimanov bəraət qazansın. Amma haqqında bu qədər yazılmasına baxmayaraq, 1970-ci ildə Nərimanovun 100 illik yubileyi tamam olanda onu yenə də görkəmli kommunist saymırdılar. Nərimanovu sevməyənlər MK-ya yazırdılar ki, Nərimanov burjua millətçisi, liberal olub, əqidəli kommunist, leninçi olmayıb, ona görə onun yubileyini keçirmək, ona abidə qoymaq olmaz. O vaxt Heydər Əliyev həmin sənədlərin hamısını deyil, Nərimanova partiya etimadının göstərilməsi barədə 1923-cü il tarixli sənədi Kremldən tapıb. Həmin sənəd əsasında Nərimanovun yubileyi 2 il sonra – 1972-ci ildə qeyd olundu və abidəsi ucaldıldı.
Sovetlər birliyi dağılandan sonra Nərimanova digər münasibət göstərilməyə başlanıldı - onu millət xaini, bolşevik adlandırdılar. Nərimanovun “Seçilmiş əsər”lərinin 3 cildliyini hazırlayanda özüm də o prosesdə iştirak etmişdim. O zaman Nərimanovun hələ 1917-ci ilə kimi dinə, millətə, islama aid olan bütün müsbət fikirləri kitabdan çıxarılırdı. Bu əsərlər dönə-dönə qayçılanırdı. Ona görə də bu gün Nərimanovun 1988-89-cu ildə işıq üzü görmüş əsərlərinin 1, 2-ci cildinə baxsanız, orda sırf bolşevik, millətdən, dindən uzaq olan Nəriman görəcəksiniz. Bu gün artıq tarixi şəxsiyyətlərin obyektiv obrazlarının qiymətləndirilmə vaxtı çatıb.
Nərimanovun oğluna məktubu: “Görəndə ki, səni vəzifəyə məcburən qoyurlar, buna getmə”
- 55 yaşlı Nərimanov 5 yaşlı oğluna məktubunda nələr yazmısdı?
- Nərimanov çox gec ailə həyatı qurub. 1915-ci ildə tacir qızı, rus dilində təhsil almış Gülsüm adlı savadlı bir xanımla nişanlanıb. Amma onların cəmi bir övladları olub, o da geç - 1919-cu il dekabrın 2-də dünyaya gəlib. Nərimanov vəfat edəndə oğlu Nəcəfin 5 yaşı olub. Nərimanov Nəcəfə vəfatından bır az əvvəl - yanvarın 28-də yarımçıq qalmış bir məktub yazıb. Çox maraqlı bir məktubdur. O məktubunda 55 yaşlı atanın 5 yaşlı övladına yazdığını bir vəsiyyət kimi də qiymətləndirmək olar. Nərimanov orada oğluna çox kamil, yaşlı bir insan kimi müraciət edir. O yazır ki, sən bu sətirləri oxuyanda bolşevizm olmayacaq, atanı bəlkə də bəşəriyyət üçün az görməkdə ittiham edə bilərsən. Amma sən görə bilsən ki, bu işləri hansı şəraitdə görmüşəm?!
Nərimanov özü də ali təhsilini gec - 30 yaşında alıb. Ona qədər Qori müəllimlər seminariyasını bitirmişdi. Amma o yazırdı ki, 30 yaşında insan daha asan ixtisas seçmək istəyər. O dövrdə belə bir sahə hüquq idi, hüququ 4 ildə başa vururdun. Hüquq sahəsini tibb sahəsinə baxdıqda oxumaq asan idi, amma mən həkimliyi seçdim. Bu təhsili almaq daha uzun və daha çətindir. Mən ona görə bu sahəni seçdim ki, ayrı-ayrı insanlardan asılı olmayım. Yəni həkimlik fəaliyyəti onun həm də mənəvi azadlığı üçün vacib idi. Oğluna yazaraq deyirdi ki, sən görəndə ki, səni vəzifəyə məcburən qoyurlar, sən buna getmə. Çünki belə olmaqdıqda insanın həyatında vicdan ağrısı başlayır. Bu, Nərimanovun öz şəxsi həyatında keçdiyi ağrılar idi ki, onu “şirma” olmağa məcbur etmişdilər. Oğluna da vəsiyyət edır ki, sən daha çox işlər gör, ictimai baxımdan aktiv ol.
- Nəcəf bu məktubu niyə oxuya bilməyib?
- Nərimanov öləndən sonra Gülsüm xanım bu məktub da daxil olmaqla, onun bir çox sənədlərini dövlətə verib. Nərimanovun oğlu 23 yaşında olarkən 1942-ci ildə Ukraynada Volnovaxa uğrunda gedən döyüşlərdə vəfat edib, elə orada da dəfn edilib. Bu məktubu Nərimanov irsinin fədakar tədqiqatçısı olan Vəli Məmmədov 1957-ci ilin payızında fənər işığında Nəcəfin qəbri üstündə oxuyub. Nəcəf ailə həyatı qura bilməyib, amma atasına layiq ləyaqətli bir gənc olub.
Gülsüm xanımın da parlaq həyatı olmayıb. Mənəvi sıxıntıları olub, maddi cəhətdən əziyyət çəkib, bütün qalan ömrünü uşaq evlərinə yardım göstərməyə, onlarla əməkdaşlıq etməyə sərf edib. Gülsüm xanım gec - 1950-ci illərdə vəfat edib. Onun da məzarı Moskva qəbristanlığındadır.