“Qapını açdım, gördüm erməni qadın Üzeyir bəyin...” – Müsahibə

“Qapını açdım, gördüm erməni qadın Üzeyir bəyin...” – Müsahibə backend

Teleqraf.com Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylininin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcovla müsahibəni təqdim edir.

Onunla söhbətə barəsində çox az bəhs edilmiş bir mövzudan – Üzeyir Hacıbəylinin məhv etdiyi operalarından başladıq.

- Sərdar müəllim, Üzeyir Hacıbəylinin məhv etdiyi əsərlərdən biri də 1909-cu ildə yazdığı “Şeyx Sənan” operasıdır. Bu talesiz operanın tarixçəsi ilə bağlı nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, mən də bəstəkaram, bu yaxınlarda 60 yaşımı tamamladım. Belə demək mümkünsə, ömrümün böyük hissəsini arxada qoymuşam. Bəstəkar üçün əsərlərinin uğursuzluğa düçar olması sarsıntılı, hətta deyərdim, faciəvi bir hiss yaradır. Özü də bu, gənc yaşlarda baş verəndə daha ağrılı olur. Üzeyir bəy “Leyli və Məcnun”u 23 yaşı hələ tamam olmamış ortaya qoymuşdu, 24 yaşında isə “Şeyx Sənan”ı ərsəyə gətirdi. 23 yaşında çox böyük uğur qazansa da, bir il sonra böyük uğursuzluq yaşadı.

Belə baxanda nə dəyişmişdi? Bəstəkar həmin, məkan da, aktyorlar da eynidir... Sadəcə Üzeyir bəy “Leyli və Məcnun”u yazmaqla irəliyə doğru iri addım atdı. Azərbaycan musiqi mədəniyyətinin həm bünövrəsini, həm də müəyyən bir mərhələsini yaratdı. Musiqi mədəniyyəti anlayışı böyük məfhumdur. Burda təkcə bəstəkarın yaradıcı erudisiyası, qəlbi nəzərdə tutulmur, həm də konkret fiziki işlər başa düşülür.

Yəni operanın tamaşaçıya təqdimi üçün kimlərsə opera müğənnisi kimi təhsil almalı, peşəyə yiyələnməlidir, orkestr, xor, tamaşannı yönləndirən rejissor, hər səsi eşidib tənzimləyən, orkestrin çalğısını vahid məcraya salan dirijor olmalıdır.

Qabaqcıl ölkələrdə bunlar üçün konservatoriyalar, müntəzəm tamaşalar göstərən teatr və onun aktyorları olur. Azərbaycan isə onda çar Rusiyasının tabeçiliyində idi və nisbətən imkanı olan ailələr uşaqlarını uzaqbaşı Qori Müəllimlər Seminariyasında təhsil almaq üçün göndərə bilirdilər. Çox az adamlar Peterburqda, Moskvada təhsillərini davam etdirirdilər. Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi... Barmaq sayı qədər ziyalılarımız vardı, onlar da hələ musiqi mədəniyyəti dediyimiz məhfumun yaranışını təmin edə bilməzdilər. Mən Üzeyir bəyin opera yazmaq cəsarətinə alqış deyirəm və indiyə kimi buna heyrətlənirəm. Doğrudur, müəyyən qədər biliyə sahib idi, musiqi qabiliyyəti yüksək səviyyədə idi, xalq musiqisinin içindən çıxmışdı. Bununla belə necə böyük cəsarət sahibi olasan ki, opera yazasan və onu tamaşaya qoyasan.

Həmin dövrdə mövcud olan “Nicat” Cəmiyyəti müəyyən kitabların çapına, yaxud dramatik tamaşalarının qoyuluşuna yardım göstərirdi. Amma bu işlər musiqi mədəniyyətinə aid deyildi. Vəziyyət elə gətirdi ki, Üzeyir bəy onların köməyindən bəhrələndi.

Üzeyir bəyin görkəmli xadimlərlə yaxşı münasibəti vardı. Əhməd bəy Ağayevlə aralarındakı yaş fərqinə baxmayaraq, bir-birilərinə dərin hörmət və məhəbbət bəsləyirdilər. İki xarici ölkədə təhsil almış Əli bəy Hüseynzadə “Leyli və Məcnun”da da, bir il sonra “Şeyx Sənan”ın hazırlıq prosesində də iştirak edirdi, məşqlərə gəlirdi. Baxın, gənc bir yaradıcı insanı yaşlı ziyalılar özlərinə həmsöhbət, dost, məsləkdaş bilirdilər...

Üzeyir bəy gələcək həyat yoldaşı, o zamansa hələ nişanlısı olan və Tiflisdə yaşayan Məleykə xanım Terequlovaya yazdığı məktublarda “Şeyx Sənan” operasından bəhs edirdi.

- Dəqiqləşdirmək istərdik, “Şeyx Sənan”ı yazmaq ideyası “Leyli və Məcnun”la paralel yaranmışdı?



- Xeyr, “Şeyx Sənan” sonranın ideyası idi. Mən ümumi mənzərəni yaratmaq istəyirəm, çünki hərdən fikirləşirlər ki, “Şeyx Sənan” hazır idi, götürüb sadəcə tamaşaya qoydular. Elə deyil. “Şeyx Sənan” ideyası Üzeyir bəydə Məlikə xanımla nişanlı olan dövrdə yarandı. Şeyx Sənanın qəbri Tiflisdə, gürcülərin David, azərbaycanlıların isə Sənan dağı adlandırdığı yerdədir. Hüseyn Cavidin Şeyx Sənanın məqbərəsi önündə yazdığı bir şeiri də var.

Tiflisə gələn ziyalılarımız, Hüseyn Cavid də ordan qidalanıb. Bəzilər deyir, Üzeyir bəy bu mövzunu Hüseyn Caviddən götürüb (Hüseyn Cavidin “Şeyx Sənan” pyesi 1914-cü ildə yazılıb, 1917-ci ildə çap olunub - red.). Əsla... Ümumiyyətlə, Naxçıvanda, İrəvanda yaşayan ziyalılar daha çox Tiflisə gedirdilər, Bakı camaatı üçün isə tutalım, Moskvaya getmək daha rahat idi, nəinki Tiflisə. Bakının özündə artıq mərkəzləşmə gedirdi, teatr vardı. Bakı Tiflisdən daha böyük idi. Bakıda Hacı Zeynalabdin Tağıyev teatrı, başqa kiçik salonlar, bir sözlə, fəaliyyət üçün meydan vardı.

Bu haqda yazılıb, amma Üzeyir bəyin Məleykə xanımla necə tanış olmasını bir daha xatırlamaq istərdim. Məleykə Terequlovanın qardaşı Əli Qori Müəllimlər Seminariyasında oxuyurdu. Tələbə yoldaşları hərdən Terequlovlara qonaq gedirdi. Onlar beş bacıydılar. Birini – Badigülcamalı Müslüm Maqomayev aldı, qız ondan böyük idi və bir dəfə də ərdə olmuşdu. Birini maarifçi bolşevik Pənah Qasımov aldı, Üzeyir bəy kiçiyinə evləndi, kiçikdən böyüyü Qubad Qasımova qismət oldu, biri də hərbçi ilə ailə qurdu. Baxmayaraq ki, bacılar tatar idilər, amma heç biri tatara getmədi.

Üzeyir Hacıbəyli də Terequlovlara qonaq gedəndə Məleykə xanımı görmüşdü. Məleykə xanımın qardaşlarından biri Hənəfi Terequlov Bakı məktəblərində işləyirdi. Bir dəfə qardaşıgilə qonaq gələn Məleykə xanım yenə Üzeyir bəylə görüşür və onlar ailəlikcə Bakı bulvarında qayıqla səyahətə çıxırlar. Daha doğrusu, Üzeyir bəy qayığa minmir, sən demə, üzməyi bacarmırmış, sudan ehtiyat edirmiş. Amma Məleykə xanımgil qayıqla dövrə vurub qayıdana kimi Üzeyir bəyin qəlbində necə deyərlər, fırtına baş qaldırır... Üzeyir başa düşür ki, Məleykəni sevir.

Həmin axşam qıza ürəyini açır. Daha sonra 1909-cu ilin may ayında Tiflisə gedir və Məleykənin valideynlərini işdən agah edir, nişanlanırlar. Orda da ailəvi gəzintilər olur. O gəzintilərin birində Tiflisdəki Sənan dağının yaxınlığından keçirlər, Üzeyir bəy Şeyx Sənanın qəbrinə rast gəlir. Baxın, min il əvvəl Şeyx Sənan Tiflisə gəldi, gürcü qızını sevdi, kamına yetmədi, özünü məhv etdi. Amma Üzeyir yüz il öncə Tiflisə gəldi, Məleykə xanımı sevdi və bərabər 40 ilə yaxın ömür sürdülər.

Üzeyir bəy Tiflisdən qayıtdıqdan sonra “Nicat” Cəmiyyəti Üzeyir bəyə yeni opera yazmağı təklif edir. Şeyx Sənan ideyası artıq Üzeyir bəyin fikrində vardı.

Pulu Üzeyirin vasitəsilə qazanmaq istəyirdilər


- Yeni operanın yazılmasında yəqin “Nicat” cəmiyyətinin maddi marağı da vardı...

- Əlbəttə. “Leyli və Məcnun”un böyük uğurunu, səs-küyünü, kassasını görəndən sonra bu təklif irəli sürülmüşdü. ”Nicat”da iş adamları ilə yanaşı sənətkarlar da təmsil olunurdu. Ancaq o işin başında milyonçu İsa bəy Hacınski dayanırdı. Ola bilər ki, İsa bəyə teatrdan gələn pul o qədər də maraqlı deyildi. Ancaq onun əlinin altında işləyənlər cəmiyyətin marağı naminə pul qazanmaq istəyirdilər. Bunu da Üzeyir bəy vasitəsilə etmək istəyirdilər. Üzeyir bəy də opera yazmaq təklifini qəbul edir. Çünki nişanlı idi, ona da pul lazım idi.



- Bəs mövzunu kim verdi?

- O vaxtlar bu mövzu dəbdəydi. Bu, Üzeyir bəy üçün tapıntı deyildi. Ola bilsin, Şeyx Sənanın qəbrini görəndən sonra mövzu onun da düşüncəsinə hakim kəsilmişdi. Belə bir fikir var ki, Üzeyir bəy “Şeyx Sənan”ın librettosunu Mirzə Səməndər adlı dərbəndli qocaman bir şairə tapşırır. O, yaxşı şair olsa da, ruhu qoca idi. Deyirlər, Üzeyir bəylə onun arasını vururlar, o da şeirlərini son anda geri götürür...

Musiqili Teatr üçün mən dörd operetta yazmışam. Dramaturq mətni verir, amma müəyyən məqamda görürəm ki, ya şeiri yoxdur, yaxud bir situasiya var ki, ora musiqili müdaxilə lazımdır. Onda şeiri özüm yazıram. Yəni musiqili əsərdə bəstəkarın mətnə müdaxiləsi qaçılamzdır. Bəstəkarsız musiqi əsərinin ədəbi mətni yoxdur. Ona görə də Üzeyir bəyin müdaxiləsi olmalı idi. Mirzə Səməndərə nə deyib, nə deməyib, bilmirəm, nəticə etibarı ilə şair inciyib. O vaxtın mətbuatında bununla bağlı qalmaqallı yazılar yayımlanıb. Üzeyir bəy də şeiri özü yazmağa başlayıb. Lakin işi nisbətən ləng gedirdi. “Leyli və Məcnun”u iki-üç aya yazmışdı. Burda isə özünə arxayın olub, iyun ayında iş başlayıb, avqustda bitirməli imiş.

Bəstəkarın sözləşib, razılaşdığı insanlar qarşısındakı hesabatından savayı Allah yanında da hesabatı var. Gənc bəstəkar kimi düşünüb ki, bunu “Leyli və Məcnun” tipində yazsa, nə əsər maraqlı olar, nə də inkişafı üçün zəmin yaranar. O yeni tip, yəni Avropa tipli opera yazmaq qəraına gəlir – muğamsız, təsnifsiz... Bəs Üzeyir bəy özü buna hazır idimi? Bunun üçün istedaddan başqa təcrübə, bəstəkarlıq ixtisasına uyğun savad da lazım idi.

Əsər sentyabracan hazır olmadı, “Nicat” öncədən Üzeyir bəyə iki min manat vermişdi, o da nişanlı adam kimi pulu xərcləmişdi. Tamaşa qalır oktyabra, amma yenə alınmır... Noyabrda isə İmran Qasımovun mənzilində məşqlərə başlanıldı. İmran Qasımovu tanıyırsız?..

- Bir Azərbaycan yazıçısı var, amma o dövrdə hələ doğula bilməzdi...

- Bəli, həmin İmran Qasımov yazıçı İmran Qasımovun əmisi idi. Gözəl memar, işgüzar adam, həm də teatrı sevən biri idi. Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun dostu idi. 1914-cü ildə Səadət Sarayını tikən ərəfədə damda çalışarkən qəfildən yıxılır, ayağını sındırır və o xəsarətdən ölür. Onun adını qardaşı dörd ildən sonra doğulan oğluna qoyur. O da yazıçı olur.

Deməli, İmran Qasımov özü üçün üçmərtəbəli gözəl bina tikdirmişdi. “Leyli və Məcnun”un da məşqi orda olmuşdu, “Şeyx Sənan”ın da... Tamaşada özü də iştirak edirdi. Məleykə xanıma məktubunda Üzeyir bəy bu haqda da yazıb. Gənc gürcünü İmran Qasımov oynamalı idi, son məşqdə nəsə olur və onu təcili Mirzəağa Əliyev əvəz edir. Mirzəağa Əliyev də komik aktyor idi, rola uyğun gəlmirdi. İfaçılar tez-tez dəyişirdi. Bütün bunlar Üzeyir bəyə sarsıntılar gətirirdi.

Yaxud Sarabski muğamatı, təsnifi oxuyurdu, amma Avropa tipli musiqi ona yad idi. Rus aktrisası Tamara Boqatqonu operaya çağırmışdılar, səsi, görkəmi vardı, oxuyurdu, amma ərəb-fars sözlərini deyə bilmirdi.

Son məktubunda Üzeyir bəy Məleykə xanıma yazıb etiraf edirdi ki, iki gündən sonra tamaşadır, amma aktyorlar hazır deyil. Əgər tamaşa baş tutmasa hər şey məhv olacaq. Üzeyir bəy özü də hiss edir ki, gəmi tufana düşüb, aysberqə doğru yol alıb.

Tamaşaya dirijor Slavinskini, yəhudi xorunu dəvət edirlər. Amma ifaçılar... Onda Üzeyir bəy böyük həqiqətlə üzləşir: Doğurdan da musiqi mədəniyyətinin bütün strukturları işləməsə, ortaya keyfiyyətli əsər çıxarmaq olmaz. Ona görə Üzeyir Hacıbəyli bir neçə ildən sonra Moskvaya, Peterburqa gedib təhsilini davam etdirməli oldu. 1937-ci ildə “Koroğlu”ya baxanlar etiraf etdilər ki, Avropa operalarına bərabər bir opera ərsəyə gətirilib...

Nəsə... “Şeyx Sənan” tamaşasının vaxtının bir neçə dəfə dəyişməsi “Nicat” Cəmiyyətini narazı salmışdı, axırda qərara gəldilər ki, Üzeyir bəyə az məbləğdə pul versinlər.

“Şeyx Sənan”ın ilk nümayişi günü Bakıda güclü yağış yağdı. Opera teatrının qarşısı palçıqdan keçilməz idi. Pullu-varlı tamaşaçılar faytondan düşəndə hambalların belində teatra girirdilər. Şəhər hakimiyyəti neftimizi sovurub aparırdı, amma teatrın qabağına asfalt çəkməyə ərinirdi. Bunlar hamısı faktdır. Tamaşa gözlənildiyindən az adam yığdı, tamaşa uğursuz idi, baxanlar da narazı qaldılar.

Bununla belə, operanı bəyənənlər də olmuşdu. Çünki orkestrin ifasında musiqi ecazkar səslənirdi. Bəzi qəzetlər yazmışdı ki, “Şeyx Sənan”ın musiqisi insanın qəlbini əfsunlayır.

Ən pisi odur ki, Üzeyir bəyin üzərinə borc yazdılar və ona qəpik də qonorar vermədilər. O isə tamaşadan sonra təcili Tiflisə gedib toy etməli idi. Bakıda beş otaqlı ev tutmuşdu. Böyük bir ailə onun himayəsində idi. Görün, Üzeyir bəy necə böyük sarsıntıya düçar oldu. Bunun öhdəsindən necə gələcəkdi? Bütün bunlardan sonra Üzeyir bəy musiqi materialını yandırdı. Uzun illər tarixdə Üzeyir bəyin yaradıcılıq bioqrafiyasında “Şeyx Sənan” operası haqda bir cümlə yazılırdı: Əsərin not materialları müəllif tərəfindən məhv edilib.

- Çox dramatik situasiya olub: ailə qayğısı, toy, ikinci bir uğura canatım... Amma yəqin əsər bəstəkarın özünü də qane etməyib ki, onu yandırıb.

- Görünür elədir. O operanın ilk tamaşasının nə şahidi var, nə not materialları. Bizim muzeyi yaradanlardan biri Ramazan Xəlilov 98 yaşında vəfat etmişdi, Üzeyir bəyi gənclikdən tanıyırdı. O deyirdi, Üzeyir bəydən soruşdum ki, əsəri necə məhv edə bildin? Dedi, məhv olan kağızlar idi. Musiqi mənim beynimdə qalmışdı, sonrakı əsərlərimdə ondan istifadə etdim. Bir az “Arşın mal alan”da, bir az “Koroğlu”da...

Vladiqafqaza getdi, əliboş qayıtdı


- “Şeyx Sənan” Üzeyir Hacıbəylinin yeganə uğursuz əsəri olmayıb. “Harun və Leyla” operası da eyni taleyi yaşayıb.

- 1915-ci ildə “Harun və Leyla”nın ədəbi mətnini - librettosunu Üzeyir bəy ərəb əfsanəsi əsasında özü yazdı. Onu yazmaq üçün Vladiqafqaza getmişdi. Bakıda hamı gözləyirdi ki, Üzeyir bəy hazır opera ilə gələcək. Hətta gün də təyin olunmuşdu. Amma Üzeyir bəy tamaşanı ləğv edir. Musiqi materialını da heç vaxt heç kim görmür. Görünür, bu, bəstəkarın özünə qarşı tələbkarlığından irəli gəlirdi.

“Harun və Leyla” tarix etibarı ilə “Məşədi İbad”, “Əsli və Kərəm”, “Arşın mal alan” kimi uğurlu əsərdən sonra səhnəyə çıxacaqdı. Səs-küylü, şöhrətli əsərlərdən sonra Üzeyir bəyin ortaya zəif əsər çıxarmağa haqqı yox idi.

- “Şeyx Sənan”da yəhudi xorundan danışdız. Operaya yəhudi elementləri hardan gəlmişdi?

- Buna yəhudi elementi kimi baxmayın. Belə çıxar ki, Üzeyir bəy musiqisində yəhudiləşməyə meyl edib. Xeyr, elə deyil. Bu gün Azərbaycan Opera və Balet Teatrında elə insanlar var ki, xorda çıxış edir, solistdir, eyni zamanda kilsədə oxuyur. Məvacib üçün... Yəhudi kilsəsinin xoru da musiqiçilərdən ibarətdir, bir üstünlükləri vardı ki, həmişə məşq edirdilər. O zaman bizdə xor yox idi, ifaçılar həvəskarlar idi. Həvəskar məşq etmir, səsi varsa oxuyur. Bir gün yaxşı oxuyur, sabah pis.



“Ər və arvad”da oynayandan sonra Sarabski artıq özündən razı idi, çünki neçə qəhrəmanları oynamışdı. Mirzəağa Əliyevin görkəmi, boy-buxunu ancaq hambal, Məşədi İbad kimi rollar oynamağa yarayırdı. Onu Allah mənfi rollar üçün yaratmışdı. Belə aktyorlarla indinin özündə də teatrda zarafatlaşırlar. Deməli, “Ər və arvad”da Kəblə Qubadı Mirzəağa Əliyev, Mərcan bəyi də Sarabski oynayırdı. İkisinin qarşılıqlı səhnələrindən birində dialoqdan sonra Sarabski Mirzəağanın başına bir qapaz vurur. Qapazı elə bərk vurur ki, Mirzəağanı çox incidir. Mirzəağa da əvvəl qışqırır, sonra üzünü camaata tutur ki, bu qapaz Üzeyir bəyin əsərində yoxdur... Səhnədə həvəskar olanda bu cür alınır.

- Üzeyir bəy planlaşdırdığı dörd operanı da yazmadı.

- Üzeyir Hacıbəylinin ortada olmayan əsərləri bunlardır – “Şeyx Sənan”, “Şah Abbas və Xurşudbanu”, “Harun və Leyla”. Bir də yarımçıq, tamamlamadığı “Firuzə” operası var. Onların arasında səhnəyə çıxarılacağına ümid etdiyimiz yeganə opera “Şah Abbas və Xurşudbanu”dur.

- “Dədə Qorqud”un motivləri əsasında “Qaraca Çoban”ı da yazmaq fikri olub...

- Üzeyir Hacıbəylinin yazılmayan əsərləri haqda tədqiqat aparmışam. Ona görə demək istərdim ki, “Qaraca çoban” bir arzu idi.

60 yaşıma çatmışam, hələ opera yazıb, təqdim etməmişəm. Bu yaxınlarda “Cavad xan” baletimi Opera və Balet Teatrı qəbul etdi. Siz bilən mən yazmaq istəmirəm? Evə getsəniz məndə neçə yarımçıq opera var... Başlamışam, amma yarımçıq qalıb...

- Vaxt problemidir?

- Həm vaxt, həm aktuallıq məsələsi var. Ağır işdir. Nə vaxtsa yazacam. Başqa məqam da var ki, yazırsan, tamaşaya qoymurlar.

Opera hər bəstəkarın işi deyil

- Sualı elə bura gətirmək istəyirdik... Niyə indi Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov kimi opera yazan bəstəkarlarımız yoxdur? Bu nə ilə bağlıdır?

- Hər bir bəstəkar üçün ən ağır və ən uca zirvə sayılan musiqi janrı operadır. Opreanı hərdən ən savadlı, ən məşhur bəstəkar da yaza bilmir. Nə məşhurluğun köməyi dəyir bəstəkara, nə də savadın. Üzeyir bəy az savadı hesabına opera yazmağa ürək etdi. Təcrübəsi isə heç yox idi.

Bizim bəzi bəstəkarlarımız var, inanırıq ki, onlar opera yaza bilərlər. Soruşursan ki, niyə yazmırsan, savab verir, yazacam, tamaşaya qoymayacaqlar, zəhmətim hədər gedəcək. Bəlkə bu sözlərdə həqiqət var, bəlkə də əksinə səhnəyə qoyulacaq. Mənə elə gəlir, yaxşı əsəri tamaşaya qoymağa hər bir teatr maraqlı olar.

Başqa bir tərəfdən, bəstəkar buna heç fikir verməli də deyil. Əgər sən hiss edirsən ki, meyvə yetişib, yetişən kimi ağacdan özü düşür.

- Opera və Balet Teatrının repertuarına baxaq. Üzeyir bəyin də böyüklüyünü hamı qəbul edib. Amma nə qədər “Leyli və Məcnun” olar? Yeni operalar meydana çıxmalıdır...

- “Leyli və Məcnun”un Azərbaycan səhnəsində olması bizim fəxrimizdir. Səhnəyə yeni-yeni Leylilər, Məcnunlar gəlir... Hərdən quruluş da dəyişir, amma əsər özlüyündə qalır. “Leyli və Məcnun” bizim birinci milli operamızdır. Çaykovskinin hər hansı operası burda qoyula bilər, dörd-beş il repertuarda olar, sonra çıxar. Hansısa bir fransız bəstəkarının əsərini hazırlaya bilərik, müəyyən zamandan sonra o da gedər. Amma ən böyük diqqətimizi, sevgimizi məhz birinci operamıza göstərməliyik.



Səhnədə yeni Leyliləri, Məcnunları görəndə gözlərim yaşarır, görürəm ki, səhv etməmişəm. “Leyli və Məcnun” bu gün yaşamalıdır. Əslində, Üzeyir bəyin əksər əsərləri səhnə həyatını yaşayır. “Ər və arvad”ı işləyib təhvil verəndən sonra Musiqili Teatr digər operettalarına da müracət etdi. Əgər camaat gəlib baxırsa, sevirsə, niyə repertuardan çıxmalıdır?

- Bəs, irihəcmli əsərlər yazan yeni nəsil bəstəkarlar niyə yetişməsin?

- Opera janrı zaman keçdikcə inkişaf edib, bir çox yeniliklərlə zənginləşib. Yeni baxış, estetika, quruluşlar peyda olub. Bu gün opera yazan bəstəkar onun yüzillik tarixini bilməli, yeniliklər etdiyi halda da köhnə ənənələri bildiyini də nümayiş etdirməlidir.

Üzeyir bəyin “Koroğlu”su “Leyli və Məcnun”dan 30 il sonra yarandı. “Leyli və Məcnun”a qulaq asanda biz ona milli opera kimi yanaşırıq, “Koroğlu”ya qulaq asanda deyirik bu, dünya səviyyəlidir. Dünya klassikası səviyyəsində yazmaq ayrı şeydir. Görünür, indikilər daha çox hazırlaşmalıdırlar.

Heç bilmirsən yazdıqları nədir...

- Siz Bəstəkarlar İttifaqının katibsiz, gəncləri tez-tez görürsünüz. Bir neçə il əvvəl gənclər şikayət edirdilər ki, əsərlərimizi nazirlik almır. Bəstəkarlar İttifaqı bu yöndə onlara necə kömək edir?

- Mən çox istərdim ki, gənc bəstəkarların əsərləri səslənən konsertlərdə iştirak edəsiniz... Bəstəkar üçün öz yolunu müəyyənləşdirmək vacib şərtdir. Öz yolunu müəyyənləşdirən və bu yolu milli, klassik ənənələrlə bağlayanların əsərləri daha uğurlu olur. Ünvansız əsərləri var ki... Gənclərimiz bu gün elə şey yazırlar, bilmirsən o, hansı millətin nümayəndəsidir... Bu, böyük söz deyil, pafos da deyil, bəstəkar heç kimə deməsə də, içində vətən və millət qarşısında məsuliyyət daşımalıdır. Bu, yazıçıya, şairə, alimə də aiddir.

- Bəlkə ümidverici bəstəkarların da adını çəkəsiniz.

- Ceyhun Allahverdiyev çox məhsuldar bəstəkardır. Bu yaxınlarda Filarmoniyada konserti olan Bikə Axundovanın maraqlı əsərləri var. Ayaz Qəmbərlinin də adını deyə bilərəm. Onlar öz yaradıcılıq amallarını böyük amallarla birləşdirsələr, uğur qazanacaqlar.

Klassik nümunədə əsərlər yazmaq heç ayıb deyil, əksinə, bu sənin biliyinin və böyük ənənələrə malik olduğunun göstəricidir.

Otuz dörd ildir bu evdə...

- Yeri gəlmişkən, siz şeir də yazırsınız.

- Yazıram. Bu yaxınlarda Yazıçılar Birliyində “Xəzər təzkirəsi” adlı kitabın təqdimatı oldu. Abşeron şairlərinin şeirləri çap olunub, mənim də orda qəzəllərim yer alırdı.

- Musiqi ilə eyni vaxtda başlamısınız şairliyə?

- Gənclikdə adam hər işə baş qoşur...

- Tar sinfində oxumusunuz, sizi bəstəkarlığa Vasif müəllim yönəldib.

- Vasif Adıgözəlov Asəf Zeynallıda direktor idi. İkinci kursdan bəstəkarlıq sinfinə qəbul etdi. Üç ildə iki ixtisas üzrə təhsil aldım. Ona görə mən onların adını hörmətlə çəkirəm. İnsanların həyat boyu kimə rast gəlməsi çox vacibdir.

- İndi tar çalırsınızmı?

- Vaxt olanda çalıram. Hətta 2012-ci ildə məni Kazana festivala dəvət etdilər. Əsərim ifa olunacaqdı. Dostum dedi, tarını da götür gəl, burda folklor konsertimiz olacaq. Demə, Kazanda yaşayan Azərbaycan diasporunu da dəvət ediblər, hər kəs öz alətində çalır. Mənə də növbə çatdı. Ramiz Quliyev, Möhlət bəy deyiləm, orda məndən çox tarın özünə alqış oldu. Bir dəfə də tarla 2012-ci ildə Avstriya bəstəkarının operasında çıxış elədim.



- 60 yaşınızın neçə ilini musiqiyə həsr etmisiniz?

- Səkkiz yaşından bəri musiqinin içindəyəm. 52 ildir. 34 ildir Üzeyir Hacıbəylinin ev muzeyində çalışıram.

Yeyib-içəndən sonra işıqları tapança ilə söndürürmüş

- Yenidən Üzeyir bəyə qayıtmaq istərdik. Müslüm Maqomayevlə sıx dostluqları olub. Həm də bacanaq idilər. 20-ci ildən sonra Üzeyir bəy dərin sükuta dalanda münasibətləri necə olub? Siyasi mövqe baxımından aralarında soyuqluq yaranmışdı, yoxsa başqa səbəblər də vardı?

- Rəfael Hüseynov vaxtilə Müslüm Maqomayev haqqında yazdığı yazıda bildirir ki, guya Müslüm də “Koroğlu” operasını yazmaq istəyirmiş. Bu, bizim üçün təzə fikir idi. Dünyada eyni mövzuda yazan nə qədər bəstəkarlar var. “Koroğlu”nu Müslüm Maqomayev yox, Üzeyir bəy yazdı. Bəlkə yaxşı ki yazmadı... Müslüm Maqomayev ağıllı adam idi, indi hər ikisi dünyada yoxdur, hərdən istəyirlər onları dalaşdırsınlar. Halbuki onlar yaxın dost, sirdaş, qohum idilər.

Müslüm Maqomayev Nalçikə dincəlməyə gedəndə orda vəfat etdi. Onun cənazəsini gətirməyə gedən kim idi? Üzeyir Hacıbəyli. Bunu soyuq münasibəti olan adam edərdimi? Özü də cənazə dalınca heç bir dövlət nümayəndəsi getməmişdi. Üzeyir bəy və Müslümün böyük oğlu... Bu faktın özü bütün əmmaları silir, atır. Müslümün vəfatı ilə bağlı Üzeyir bəyin məqaləsi də həmçinin.

Üzeyir bəy məktubunda yazırdı ki, Müslüm, Peterburqda təhsil alıram ki, sabah bizim işimiz xeyli rahat olsun. Müslüm böyük bəstəkar idi, amma Üzeyir bəyin bərabərində deyildi. Müslümün “Koroğlu”su, “Arşın mal alan”ı, “Məşədi İbad”ı, “Leyli və Məcnun”u yoxdur. Əgər mizan-tərəzi istəyirsinizsə, gəlin diqqət edək. Müslümün Azərbaycan xalqının maarif, mədəniyyət işinə xidmət göstərən böyük jurnalist fəaliyyəti, pedaqoji işi də yoxdur.

Üzeyir “Leyli və Məcnun”u yazanda Müslüm hələ Şimali Qafqazda idi. Sonra Lənkərəna gedib orada işlədi. Bakıya 1911-ci ildən sonra gəldi. Onda Üzeyir bəy yeddi opera yazmışdı. Müslüm isə çox sonralar, 1919-cu ildə “Şah İsmayıl”ı ortaya qoydu. Əgər onları sənətkar kimi tərəziyə qoyursunuzsa, bu, yenə mümkün deyil, vətəndaş kimi qoyursunuz, mümkün deyil, insan kimi də həmçinin...

Üzeyir bəy evinin pəncərəsindən baxır, görür bir uşaq yıxılır, əski çantası cırılır, kitabları düşür. Üzeyir bəy uşağı tez evə gətirir, əl-ayağını arvadı yuyur, çörək yedirir, çantasını tikir, kitabının arasına pul qoyub, yola salır. Hər bayramda yaşadğı məhlənin libasını alırdı, yemək payını göndərirdi.

Amma Müslüm... Restoranda yeyib-içir, sonra tapança ilə işıqları söndürürmüş. Yaxud axşam restorana gəlir, böyük stolda tək oturur, bir şampan bu xanıma, bir şampan o biri xanıma...

Üzeyir bəy isə sadə yaşayırdı, evində 15-20 nəfər qohum-əqrəba saxlayırdı.

- Adama elə gəlir, Üzeyir bəyin dönüş nöqtəsi məhz “Şeyx Sənan”da olub. Məhz bu tamaşanın uğursuz nümayişindən sonra anlayıb ki, milli istiqamətdən uzaqlaşa bilməz...

- Bunlar hamısı bizim mülahizələrimizdir. O boyda sarsıntı elə-belə olmur. Borcu qaldığına görə Üzeyir bəy dərhal “Ər və arvad”ı yazdı. Operettalarının ən zəifi hesab olunur, ancaq bu yaxınarda Musiqili Teatrın rəhbəri Əliqismət Lalayev dedi, bu elə ən yaxşı əsəri imiş...

Üzeyir bəy “Ər və arvad”ı yazmaqda ən böyük məqsədi “Nicat”a borcunu qaytarmaq idi. Onu da qaytardı. Ondan sonra “Nicat” ona borclu qaldı... Sonra “Nicat”la müqaviləyə əsasən Moskvada, Peterburqda oxudu. Hərdən deyirlər ki, Müslüm ona pul göndərirmiş. Əksinə, Müslümə o, vəkalət vermişdi ki, “Nicat” cəmiyyətindən pulunu alsın və ona göndərsin. Baxın, Üzeyir bəy vəkaləti öz qardaşına yox, Müslümə vermişdi. Hətta buna görə qardaşı Ceyhun bəy Üzeyir bəydən incimişdi.

- Üzeyir bəy sona qədər təhsilini niyə davam etdirə bilmədi?

- Yoxsulluqdan dolayı. Cəmi bir il oxuya bildi, sonra qayıtdı. O, Məmməd Əmin Rəsulzadənin, Nərimanovun zamanında da təhsilini davam etdirmək arzusunda olub. Amma qismət deyilmiş.

Erməni həkimin fitnəsi

- Əbdürrəhman Düdənginski bir yazısında Üzeyir bəyin sovet hökuməti tərəfindən öldürülməsi ilə bağlı iddia ortaya atmışdı. Həqiqət payı nə qədərdir?

- Üzeyir bəy xəstə olanda hökumət komissiya yaratdı. Onun səhhəti səhiyyə naziri Kubra Fərəcovanın, Mircəfər Bağırovun diqqətində idi. Sadəcə, şəkər xəstəliyini müalicə edən erməni həkim insulin iynəsini vurdurandan sonra yeməyi ona qadağan etmişdi. Halbuki yemək şərtmiş. Ona görə Üzeyir bəy yavaş-yavaş zəiflədi, taqətdən düşdü. Moskvada Üzeyirə bəyə həkimlər deyiblər ki, düzgün müalicə aparılmayıb.

Ermənilər millətimizin taleyində cəlladdır. Bununla belə Üzeyirin musiqisi qarşısında diz çökürlər. 1981-ci ildə tələbə ikən İrəvanda festivalda oldum, yeni yaranmış konservatoriya ilə bizi tanış edirdilər. Dəstədən aralanıb binanı gəzməyə başladım. Qalxdım üçüncü mərtəbəyə, musiqi otaqlarının qapısını açmağa başladım. Bir qapını açdım, nə gözlərimə, nə də qulaqlarıma inana bildim. Bir qadın otaqda tək, pianino arxasında “Sevgili canan”ı ifa edirdi. İrəvan konservatoriyasında eşitdiyim birinci musiqi Üzeyir bəyin musiqisi idi.

Diaspora