“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Enrike Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qaziler.az saytının Qol.az-a istinadən məlumatına görə, matçın 81-ci dəqiqəsində komandasının 2-ci qoluna imza atan futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.– Birinci divizion komandası olmasına baxmayaraq, rəqib bu gün bizə çətinliklər yaratdı. Bizim futbolçulardan bəziləri oyun təcrübəsindən əziyyət çəkdikləri üçün bir az problemlər oldu. Bununla yanaşı, sona qədər mübarizə apardıq.
– Birinci hissədə “Qarabağ” çox zəif oynadı. Maraqlıdır, fasilədə Qurban Qurbanov sizə nə dedi ki, ikinci yarıya tamam fərqli başladınız?
– Birinci hissədə pis oynadığımızı deməzdim. Sadəcə, meydanın mərkəzində bəzi epizodlarda toplar itirilirdi ki, bu da rəqibin əks-hücumlarına səbəb olurdu. Belədə isə futbolçular yorulurlar. İkinci hissədə həmin səhvləri təkrarlamamağa çalışdıq. Düşünürəm ki, bizdə alındı.
– Qışda yenidən PAOK-a qayıdacağınla bağlı xəbərlər dolaşır. Sən özün bu barədə nə düşünürsən?
– Bir az qəliz məsələdir. Mən qarışmaq istəmirəm. Bunu PAOK və “Qarabağ” öz aralarında həll etməlidirlər.
– Bəs öz istəyin nədir?
– Mən futbol oynamaq istəyirəm. Əgər “Qarabağ” məni istəyirsə, qalacam. Yenə deyirəm, bu məsələyə qarışmaq istəmirəm. Əsas məqsədim oynamaqdır.