O, Azərbaycanda ən çox məktub alan aktyorlardan biri olub. Hətta ona tanınmışlar da az namə yollamayıb.
Teleqraf.com-un “Məşhur məktublar”ında xalq artisti Rasim Balayevlə söhbətə bir məşhur aktrisanın ona ünvanladığı məktubla başlayıb, rubrikamızın ənənəvi və qeyri-ənənəvi sualları ilə davam etdik.
- Rasim müəllim, bir dəfə Firəngiz Mütəllimova ilə söhbətimizdə maraqlı bir məqama toxundu. Dedi, gənclik illərində sizə məktub yazıb.
- Hə, doğrudur. Firəngiz xanımın məktubu indi də məndədir. Bir dəfə görüşümüzdə bunu ona dedim. Yazırdı ki, mənim aktrisa olmağımın səbəbkarlarından biri də sizsiniz.
- Başqa aktyor və aktrisalardan da bu sözü eşitmişəm. Bu etirafı eşidəndə özünüzü necə hiss edirsiniz?
- Əlbəttə, bunu eşitmək çox xoşdur. Hamısına təşəkkür edirəm. O vaxt bunu mənə bir neçə aktrisa da demişdi. Mehriban Zəki deyirdi ki, qızlarla vurulmuşduq Nəsimiyə, ona baxırdıq, fikirləşirdik aktrisa olacağıq. İndi də harasa gedəndə özümlə yaşıd olan adamlar bir vaxtlar mənə vurulduqlarını etiraf edirlər.
Bir dəfə Türkiyədə aeroportda idim, yanımda bir qadın oturmuşdu, məni diqqətlə süzdü və dedi: “Xəbəriniz varmı ki, Nəsimidən sonra sizə aşiq olmuşduq?..”
Maraqlı bir əhvalat danışım. Təxmini on ilin söhbətidir. Rusiyanın Arxangelsk şəhərində keçirilən film festivalına münsiflər heyətinin üzvü kimi dəvət olunmuşdum. Bir dəfə oteldən çıxıb festivalın keçirildiyi məkana doğru gedirdim, birdən kimsə məni səslədi. Baxdım ki, qadındır, yanında da 15 yaşlı bir qız var. Soruşdu ki, siz aktyorsunuz? Cavab verdim ki, aktyoram, amma keçmiş... Baxdı üzümə dedi: “Mən ciddi-ciddi soruşuram. Siz Nəsimini oynayan aktyorsunuz?” Dondum qaldım, bilmədim heç nə deyim. Nəsimini oynadığımın üstündən görün neçə illər keçib, amma hələ də uzaq diyarda kimsə bunu xatırlayır.
"Nəsimi" 1973-cü ildə ekranlara çıxmışdı, qadınla isə 2007-ci ildə qarşılaşırdıq. Soruşdum ki, məni necə tanıdınız? Dedi, gözlərinizdən... Sonra söhbət etdik, filmi xatırlayıb-xatırlamadığını soruşdum. Filmə hansı şəraitdə baxdığını danışdı. Dedi, gənc vaxtlarımız idi, dərsdən qaçıb, sizin oynadığınız filmə baxmağa gedirdik. Hələ üstəlik rəfiqələrlə məktublar da yazırdıq, sizinlə görüşmək istəyirdik. Qismətə bax ki, neçə il keçəndən sonra sizinlə görüşmək mənə nəsib oldu.
Evdə kisə-kisə məktubum var idi, o mənzilə-bu mənzilə köçə-köçə bəziləri itdi, indi hardasa bir çanta məktub saxlayıram.
- Siz özünüz kiməsə məktub yazmısınızmı?
- Bir-iki dəfə olub. Ona görə heç kimə məktub yazmamışam deyə bilmərəm. Amma o barədə çox tənbəl idim. Sizə deyim, xalamoğlu, dayımoğlu əsgər gedirdi, ordan mənə məktub yazırdılar, amma mən cavab yazmağa ərinirdim. O baxımdan mənə gələn məktubları minnətdarlıq hissi ilə oxuyub, ürəyimdə təşəkkür edirdim.
- Sevgi məktubları çox idi, yoxsa minnətdarlıq məktubları?
- Bəzisi sevgi məktubları idi.
- Məncə, çoxu sevgi məktubları olar...
- “Nəsimi”yə çəkiləndən sonra çoxlu sevgi məktubları ağlama başladım. Küçəyə çıxa bilmirdim. Məni harda görsələr yaxınlaşardılar, xoş söz deyərdilər. Heç vaxt özümü yaraşıqlı hesab etməmişəm, amma mənə olan marağı hiss edirdim.
- Rasim müəllim, ailəli olmasaydınız, sevgi məktublarına cavab verərdinizmi?
- Nəsimini oynayanda iki oğlum var idi. Başa düşürdüm ki, ailə müqəddəsdir. Ailəm olmasaydı, hansı məktubasa cavab yazardım, ola bilər, hətta görüşə də çağırardım. Amma ailəli ola-ola bunu etmək olmazdı. Mən bütün mənə məktub yazanlara ürəyimdə, mətbuatda müsahibələrimdə, efirdə çıxışlarımda təşəkkür etmişəm, elə indi də təşəkkür edirəm. Bu münasibətim qarşısında həmişə özümü borclu hesab eləmişəm. Düşünürəm ki, o borcu da oynadığım rollarla, canlandırdığım obrazlarla qaytarım.
- Maraqlıdır, həyat yoldaşınıza göstərirdinizmi o məktubları?
- Görürdü, xəbəri olurdu. Hətta oxuyurdu da. Əlbəttə, əvvəl-əvvəl pis təsir edirdi, sonralar alışdı. Bilirdi ki, mən onlara cavab yazmıram.
- Məktublarda daha çox nə yazırdılar?
- Kimisi mənimlə ailə qurmaq istəyirdi, kimisi görüşməyə can atıb yaxından tanış olmaq istəyirdi. Adətən, yazırdılar ki, gözlərinizə vurulmuşam. O zaman bəlkə insan başa düşmür, amma sonra anlayırsan ki, məktub yazanlar əslində sənə yox, oynadığın rola vurulur. Elə bilirlər ki, səndə oynadığın rolun xasiyyəti var. Mənə elə gəlir, o qızların yazdığı məktublar Babəkə, Beyrəyə, Nəsimiyə yazılmış məktublardı.
Haralardan məktublar almırdım: Çexiyadan, Rusiyadan, Orta Asiyadan, Bolqarıstandan. O vaxtlar məşhur olan bir jurnalda - “Sovetski ekran”ın hansısa sayının üz qabığında şəklimi çap etmişdilər, ünvanımı bilməyənlər məktubu o jurnalın redaksiyasına göndərirdilər. Redaksiya da mənə göndərirdi.
- Nəsimidən başlayan məktubların ardı-arası nə vaxt kəsildi?
- Filmlərin çəkilməsi dayananda... SSRİ dağılana kimi məktublar gəlirdi...
- Sizə yazılan, illər keçsə də unutmadığınız hansı məktubu bizimlə paylaşardınız?
- “Babək” filmi ekranlara çıxandan sonra Rusiyadan bir məktub aldım. Onu həmyerlilərimiz yazmışdılar. Yazırdılar ki, “bizim hərbi hissə hər zaman qanunla idarə olunub. Və qanun burda çox vaxt pozulmur. Bizə elan etdilər ki, iki seriyalı film nümayiş etdirəcəklər. Bir seriyasına baxandan sonra şam yeməyimizi yeyəcəyik. Ardından da ikinci seriyasına baxacağıq.
Rəhbərlik də bizimlə oturmuşdu. Birinci seriya qurtardı, soruşdular, baxaq, yoxsa şam edək. Hamı qışqırdı ki, baxaq. Beləcə, filmə baxdıq. İki il orda xidmət edirdim, ilk dəfə qanunun pozulduğunun şahidi oldum. Film bitəndən sonra hamı yerindən qalxıb, bizə yaxınlaşdı, dedilər, sizin həmvətənlərə təşəkkür edirik, çox gözəl, vətənpərvər bir film çəkiblər. Onda mən böyük qürur hissi keçirdim”.
Mən də məktubu oxuyub qürurlandım. Başqa millətlərin xoşuna gəlibsə, deməli, “Babək” yaxşı filmdir. “Babək” vətənpərvərlik mövzusunda çəkildiyinə görə onu çox vaxt hərbi hissələrdə nümayiş etdirirdilər. Ona görə hərbi hissələrdən göndərilən məktubların sayı həddən artıq çox idi, hamısı da təşəkkür edirdilər.
“Babək” filminə otuz milyon tamaşaçı baxmışdı. Belə baxış sayı olanda kino qrupuna Moskvadan mükafat verirdilər. O vaxt belə qayda var idi. Mənə də iki min manat pul vermişdilər.
- O vaxtkı qonorarlar nə qədər idi? O qonorara ev, maşın almaq olurdu?
- “Jiquli” almaq olardı.
- Hansı filmin qonorarına maşın almısınız?
- İlk maşını - “Jiquli”ni 39 yaşımda almışam. O zaman qonorarı metrajla, günlərlə, aktyorun dərəcəsi ilə hesablayırdılar. Mənim qonorarım çəkiliş gününə 16 manatdan başladı, sonra 25 manat, sonra 40-50 aldım. 50 manat ən yüksəyi idi və onu Moskva verirdi. Üstəlik 25 manat repetisiyaya ayrılırdı. Cəmi 75 manat olurdu. Bu qonorarı SSRİ xalq artistləri alırdı. Tixonov, Ulyanov, Matveyev o vaxt 75 manat alırdı. Mən də aldım.
Onu da elə-belə vermirdilər. SSRİ dövlət kinematoqrafiya komitəsində xüsusi komissiya var idi. Biz ərizə verirdik, ona baxırdılar, geniş müzakirə olunurdu, sonra pul təyin edilirdi. Yəni kiminsə kimdən xoşu gəlir prinsipi ilə işləmirdilər.
İndi o dəb yoxdu. Danışanda hamı deyir bu rola görə sənə 50, 100 manat verəcəm, gəl çəkil. O vaxtlar bir 16 manatlıq aktyor vardı, bir də 50 manatlıq...
- “Nəsimi”yə çəkiləndə nə qədər qonorar alırdınız?
- “Nəsimi”də mənim dərəcəm yox idi, müvəqqəti 25 manat alırdım. Çünki 25 manatdan yuxarını Moskvanın göstərişi ilə almaq mümkün idi. “Nəsimi”yə görə gün hesabı 1800 manat qonorar aldım. Ondan sonra Orta Asiyada beş filmə çəkildim. Moskvada, Almaniyada. Sovet hökuməti dağılandan sonra hər şey dəyişdi.
- Dərinizin soyulmadığını sübut etdiyiniz o balaca oğlanı sonra heç gördünüzmü?..
- Təəssüflər ki, yox. O uşaq filmə baxıb, Nəsiminin dərisinin soyulduğu səhnə ona çox pis təsir etmişdi. Aparıblar həkimə, həkim də deyib ki, gedib Rasim Balayevi tapın, uşaq görsün ki, o sağdır. Uşağı gətirdilər kinostudiyaya. Onunla nə qədər söhbət etdim, evə apardım, şəkilləri göstərdim. Hətta ayağımı da göstərdim ki, əyani görsün.
- Bildiyim qədər maşın həvəskarısınız. "Arxadan vurulan zərbə"də oynadığınız Cəbi “Zil” markalı yük maşını sürür. Filmə qədər elə bir bacarığınız var idimi?
- Yox, “Zil” sürməyi elə o filmdə öyrəndim. Çəkiliş üçün xüsusi “Zil” maşın gətirilmişdi. Sürücüsü mənimlə məşğul oldu, onu idarə etməyi öyrətdi. O vaxtlar avtomobilim yox idi, amma bir-iki dəfə əlimə fürsət düşüb maşın sürmüşdüm. Düzdü, yük maşını idarə etmək elə də asan olmadı, amma öyrəndim. Hətta hərdən elə bərk sürürdüm ki, sürücü qorxuya düşürdü. Həm özünə görə qorxurdu, həm də maşına görə.
- Heç bir səhnədə sürücü sizin dublyorunuz olmayıb?
- Yalan deyə bilmərəm, bir-iki səhnədə o çəkilib. Cəbi baş qəhrəman deyildi, amma filmdə yaddaqalan obraza çevrildi. Ssenarini də, obrazımı da ilk dəfə oxuyanda çox bəyənmişdim. Rejissor Arif Babayev də Cəbini məndə gördüyündən sınaqsız filmə çəkdi. Sizə onu da deyim ki, məni filmə çəkmək istəyən və çəkən ilk rejissor Arif Babayev olub. Kinostudiyada “Üç qərənfil” filmi istehsalata buraxılırdı. Baş rolları Müslüm Maqomayevlə mən oynayacaqdım. Filmə təsdiqləndim. Bəlkə də kinostudiya tarixində ilk film idi ki, istehsalata buraxıldı, amma çəkilmədi.
Çünki Arif Babayevlə Müslüm Maqomayevin sözləri çəp gəldiyindən filmi bağladılar. Mənim üçün dəhşətli hadisə idi. Ariflə növbəti dəfə də yolumuz kəsişdi. “Nəsimi” filminə təsdiq olunandan sonra ssenarisi Ramiz Fətəliyevin, rejissoru Arif Babayev olan ”Ömrün ilk saatı” filminə nəvə roluna çağırıldım. Şahmar Ələkbərovla Rafiq Əzimovla tərəf-müqabil oldum. O filmin çəkilişləri “Nəsimi”dən əvvəl olsa da, efir həyatı sonra başladı.
- Amma ölüm bu filmdə də sizdən əl çəkməyib. Doğrudurmu ki, Cəbinin ölüm səhnəsi çəkilən gün sizin doğum gününüz imiş?
- Çox maraqlı gün idi. Mənim bıçaqlanma səhnəm kinostudiyanın pavilyonunda çəkilib. Təsəvvür edin, hamı evdə toplanıb məni gözləyir, mən isə kinostudiyada ölüm səhnəsinə çəkilirəm. Gözlə ki, indi çəkiliş bitər, evə gedərəm, çəkiliş də bitmək bilmirdi. Axşam saat 9-10-da çəkilişləri bitirdik, ancaq ondan sonra evə gedə bildim. Soruşdular, niyə gecikmisən, dedim ölümümü çəkirdilər.
- Maşın sürəndə nəyə qulaq asırsınız?
- Maşında bircə dənə disk var, o da özüm oxuduğum “Qurani Kərim”dir. Açığını deyim, indi maşın sürəndə də əzab çəkirəm. Sürə bilən, bilməyən, lovğa, özündənrazı, pullu, kim gəldi maşın sürür. Keçmişdə sürücü vəsiqəsini oxuyub, imtahan verib, sonra alırdıq. İndi isə...