Ukraynanın nazir müavini: “Mən Azərbaycanda faydalana biləcəyimiz çox şey gördüm” -– ÖZƏL

Ukraynanın nazir müavini: “Mən Azərbaycanda faydalana biləcəyimiz çox şey gördüm” -– ÖZƏL backend

Tarixən dost olan Azərbaycan və Ukraynanı bu gün həm də milyonlarla qaçqın və məcburi köçkünün yaranmasına səbəb olan separatizm kimi ümumi bir problem birləşdirir. Azərbaycan bu problemi 25 il, Ukrayna isə 3 ildir ki, yaşayır.


Hazırda Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgiy Tuka Bakıda səfərdədir. Eurasi Diary-nin jurnalisti bu fürsəti əldən verməyərək ondan müsahibə götürüb. Həmin müsahibəni sizə təqdim edirik:

-Hörmətli Georgiy Borisoviç, vaxt tapıb redaksiyamıza gəldiyiniz üçün çox şadıq. Rəhbərlik etdiyiniz nazirlik barədə məlumat verə bilərsinizmi? O, necə bir dövlət strukturudur və hansı məqsədlə yaradılıb? Bildiyimizə görə, nazirliyin hələ bir yaşı yoxdur.

-Luqanskda mülki-hərbi administrasiyada çalışarkən mən tək qaçqınların problemləri ilə deyil, infrastrukturların bərpası, məktəblərdə təhsil prosesi, terroristlərin işğalından azad edilən rayonlarda səhiyyə ilə məşğul olacaq, bütün dövlət xidmət orqanlarının fəaliyyətini koordinasiya edən vahid orqan mövcud deyildi. Biz dəfələrlə bu cür əlaqələndirmə qurumu axtarışında olan beynəlxalq təşkilatlara müraciət etmişik. Təəssüf ki, elə olurdu ki, müxtəlif təşkilatlar hansısa bir kəndə yardım edirdi, lakin bir kilometr aralıda olan kəndə iki il ərzində baş çəkən olmurdu.
Prinsip etibarilə bu cür məqamların sayının azaldılması üçün bizim nazirlik yaradıldı.
O bir il iki ay bundan əvvəl təmamilə sıfırdan qurulub. İlk üç ay biz dörd nəfər idik. Hazırda təqribən yüz nəfərdən ibarət işçi heyətimiz və iki regional nümayəndəliyimiz var: biri Donetsk vilayətində, digəri Luqanskda.
Fəaliyyətimizin digər bir istiqaməti Krımın ilhaq edilmiş ərazilərindən köçmüş krımlılarla işdir. Bundan əlavə, bizim Kerçensk vilayətində də nümayəndəlimiz var.

-Artıq bir ildir ki, işləyirsiniz. Bu müddətdə nə etmisiniz və nəyi edə bilməmisiniz?

-Nəyisə gizlətmək fikrim yoxdur. Həmişə açıq danışıram. Çox şey edə bilməmişik, xüsusilə də qaçqınların evlə təmin olunması sahəsində.
Keçirilən bütün sorğulara görə bizim ukraynalı və eləcə də beynəlxalq sosioloji xidmət qurumlarının məlumatına görə, 85% qaçqının birinci dərəcəli problemi yaşayış yeri ilə bağlıdır.
İkinci yerdə (60%) –iş yeri, artıq üçüncü və dördüncü yerdə səhiyyə problemi və təhsil durur.
Təəssüf ki, yaşayış yeri ilə təmin olunma problemi hələ başlanğıc mərhələdədir. Hələ yeni il ərəfəsində cari ilə 1 milyard qrivna ayrılması üçün maliyyə nazirliyinə müraciət etdik, lakin müraciətimiz həmişəki kimi rədd edildi.
Elə hesab edirəm ki, istənilən ölkədə Maliyyə Nazirliyi – hər zaman “yox” deyən özünəməxsus orqandır. Onunla çarpışmaq lazım gəlir. Növbəti ildə biz artıq iki milyard həcmində maliyyə yardımı üçün müraciət etdik. Bilmirəm, planlarımızı həyata keçirmək üçün nə qədər lazım olacaq.
Bu iki problem həll olmadan – yaşayış yeri problemi və iş yeri tapmaq - köçkünlərin inteqrasiya perspektivi həddən artıq çətindir.

-Hər şey maliyyədən asılıdır.

-Bəli, təəssüf ki bu belədir. Məsələ burasındadır ki, Ukraynada vətəndaş cəmiyyəti güclü inkişaf edib. Ümumi bir ağrını yaşayan köçkünlər Ukraynanın müxtəlif sahələr üzrə vətəndaş institutlarında cəmləniblər. Onlar köçkünlərin yaşayış probleminin həllinə dair layihələr işləyib hazırlayırlar.
Yerli hakimiyyət orqanları bir çox sahələrdə mənzil tikintisi üçün torpaq, infrastrukltur, elektrik enerjisi, su, kanalizasiya ilə təmin etməyə hazırdır, lakin mənzillə təmin etmək üçün vəsait yoxdur.

-Elə bu ilin yanvarında Ukraynanın sosial təminat naziri Andrey Alekseeviç Reva Azərbaycanın köçkünlərin sosial müdafiəsi sahəsindəki təcrübəsini öyrənmək üçün Bakıya səfər etmişdi. Bu səfərdən sonra hansı işlər görülüb?

-Azərbaycanla biz eyni ağrını yaşayırıq. Ermənistan-Azərbaycan münaqişəsi Ukraynada hazırda alovlanmaqda olan münaqişədən nə ilə fərqlənir? Qafqazda millətlərarası münaqişə püskürür. Ukraynada isə belə münaqişə mövcud deyil. Bizdə etnik faktor yoxdur.
Müxtəlif mənbələrə görə bizdə əhalinin çox hissəsi iki milyon insan işğal olunmuş ərazilərdə yaşayır. Elə olur ki, ailənin bir hissəsi “böyük Ukrayna”ya köçür, digər hissəsi isə müvəqqəti olaraq nəzarət edilməyən ərazidə yaşayır.

Azərbaycanda Ermənistan və Azərbaycan arasında sərhəd zonada praktik olaraq nəzarət məntəqələri mövcud deyil. İnsanlar miqrasiya etmir. Bizdə bir neçə bu cür nəzarət məntəqələri var, hansı ki, 30-40 min insan gündəlik olaraq gah birində gah da digərində məskunlaşır.
Mən Azərbaycanda faydalana biləcəyimiz çox şey gördüm. Bu gün qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış kompleksində olduq. Yeri gəlmişkən, xarici qonaqlara göstəriş məqsədli çıxışlar etmədiyi üçün Azərbaycanın rəhbərliyinə minnətdaram.
Əvvəlcə bizim nümayəndə heyətini Bakıda köçkünlərin ağır şərtlərdə yaşadığı yataqxanaya gətirdilər. Əmin oldum ki, 25 il keçsə də ciddi maliyyə yardımı olsa da, problem hələ də qalmaqdadır və onu bir ilə həll etmək mümkün deyil. Yanılmaq istərdik.

-Azərbaycana səfərin əsas məqsədi nədir?

-Məsələ orasındadır ki, artıq bir ildir ki, bütün donmuş münaqişə yaşamış dövlətlərin münaqişədən sonrakı təcrübələrinin öyrənilməsi ilə məşğulam. Mən bütün Balkan yarımadasını gəzmişəm, Gürcüstan, Moldova və indi də Azərbaycan rəhbərliyi ilə söhbətlərim olub. Biz bilmək istəyirik bu və ya digər ölkə hansı yolla gedib: konfliktin tam həll olunması, heç olmasa onun nəticələrinin minimuma endirilməsi üçün.
Təkcə köçkünlərlə bağlı yox, minalardan təmizlənmə kimi ən ciddi problemlə bağlı məsələlərlə maraqlanırıq. Çox şadam ki, Azərbaycanda dövlət agentliyinin necə çalışdığını əyani olaraq gördüm. Bizim nazirlik indi Ukraynada məhz bizim ukraynalı bürokratlarla mübarizə aparır ki, Ukraynada da bu modeli tətbiq etsin.
Mən hazırda Ukraynada uğrunda mübarizə apardığımız ideyaların effektivliyi və düzgünlüyünə bir daha əmin oldum.
Azərbaycan məktəbində gördüyüm vətənpərvərlik məni heyran qoyur. Hətta uşaq bağçasında 5 yaşlı körpələr milli simvollların istifadə olunduğu gözəl bir konsert təşkil etmişdilər. Onlar Azərbaycan bayrağını elə həvəslə yelləyirdilər ki.

Həm məkəbdə, həm də uşaq bağçasında girişdə Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəxslərin şəkilləri olan xatirə lövhəsinin olması məni çox sevindirdi. Çox düzgün addımdır. Heç bir millətin necə ağrılı olub olmamasından asılı olmayaraq öz keçmişini unutmağa haqqı yoxdur.

-Ukrayna və Azərbaycanın ümumi problemləri həll etmək sahəsindəki əməkdaşlığını necə qiymətləndirirsiniz?

-Ondan başlamaq istərdim ki, heç bir dövlətdə Azərbaycanda olan bu cür səmimi qəbulla rastlaşmamışam. Beynəlxalq ictimaiyyətin qaçqın və məcburi köçkünlərin evlə təmin olunması probleminin həlli üçün Azərbaycana az yardım etməsi məni çox təəccübləndirir. Mən çox yaxşı anlayıram ki, misal üçün Əfqanıstanda hər il milyardlar xərclənir, Azərbaycana isə müqayisə olunmaz dərəcədə az vəsait ayrılır. Bir insan kimi bunu anlaya bimirəm. Şübhəsiz ki, bu məsələni bütün əlaqədə olduğum həm avropalı, həm amerikalı partnyorlarla görüşlərimdə qaldıracağam.
Dost kimi görünən və bəzən hətta neytral mövqe sərgiləyən beynəlxalq təşkilatların nümayəndələrinin Ukraynanın və Azərbaycan rəsmi icazəsi olmadan Dağlıq Qarabağa və Donetskə səfər etməsi ilə tez-tez üzləşirik. Bunun əvəzində onlar qanunsuz olaraq bu əraziləri işğal edən başqa dövlətlərdə qeydiyyatdan keçir.

-25 il öncə Dağlıq Qarabağ münaqişəsi başlayan zaman dünya ictimaiyyəti və həmçinin Ukrayna Azərbaycanın dəstəklənməsində fəal mövqe tutmadılar. Necə düşünürsünüz, dünya ictimaiyyəti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə zamanında reaksiya versəydi Ukraynadakı ərazi bütövlüyünün pozulmasının və separatizmin qarşısını almaq mümkün idimi?

-Dağlıq Qarabağdakı hadisələrin ilk çağlarını çox yaxşı xatırlayıram. Bu, hələ Sovet İttifaqı daxilində baş vermişdi. Həmin vaxt bizim müstəqil KİV-miz yox idi. Faktiki olaraq, sovet əhalisi bütün məlumatları üç kanal vasitəsilə alırdı. Yaxşı yadımdadır, o hadisələr barədə məlumatlar necə qərəzli verilirdi. Məlumatlar elə verilirdi ki, guya qaniçən islamçı terroristlər sülhpərvər erməni xalqına qarşı soyqırım törədir. Halbuki, indi artıq anlaşılır ki, hər şey təmamilə başqa cür idi. Münaqişənin alovlandığı həmin anda gerçəklik bu cür dərk olunurdu çünki, məlumat verilmirdi.
Ukraynanın təkcə Azərbaycana qarşı yox, bütünlüklə bu cür passiv siyasət yürütməsi yolverilməz idi. Ukrayna xalqı deyil, onun rəhbərliyi Gürcüstana qarşı da məhz o cür passiv münasibət göstərib. Eyni hal Dnestryanı bölgəyə də münasibətdə yaşanmışdı. Bu iradların hamısı ilə təmamilə razıyam. Bir daha vurğulamaq istəyirəm ki, bu xalqın deyil, ölkənin konkret rəhbərliyinin mövqeyi idi.

-Əgər qaçqın və məcburi köçkünlərlə bağlı problemə bir daha qayıtsaq, o zaman Donbasda yaşayan insanlar əsasən hara köç edir? Əgər biz xaricdən danışırıqsa deməliyik ki, bizdə olan məlumata əsasən belə qaçqınlar qaçqın statusu ala bilmir. Bu nə ilə bağlıdır?

-Düzünü desək, bunu ilk dəfə eşidirəm. Məsələ burasındadır ki, Ukraynanın yürütdüyü dövlət siyasətinə görə nəzarət altında olmayan ərazilərdə, hətta Krım da daxil olmaqla yaşayan bütün əhali Ukrayna vətəndaşı hesab edilir. Konstitusiya ilə onlara əhalinin digər hissəsi ilə tam olaraq bərabər hüquqlar verilib. Ukrayna indi Avropa Birliyi dövlətləri ilə vizasız rejimə keçdikdən sonra da Donetsk və Luqanskda, hətta Krımda yaşayan vətəndaşları Ukrayna ərazisinə köçmək, pasport qeydiyyat idarəsinə müraciət etmək və Ukraynanın şəxsiyət vəsiqəsini almaq hüququ var. Bizim öz vətəndaşlarımızdan imtina etmək fikrimiz yoxdur.
Bizdə olan məlumata əsasən köçkünlərin çox hissəsi Ukrayna ərazisində yaşayır. Onların əksəriyyəti bilavasitə Donetsk və Luqansk vilayətlərində, sərhədyanı yerlərə yaxın ərazilərdə cəmləşib.

Burada iki səbəb var: birincisi bu insanların bütün ömrü boyu yaşadııqları kiçik vətənin bir hissəsidir, ikincisi isə dediyim kimi, ailələrin çox hissəsi parçalanıb və ailənin bir hissəsi nəzarət altında olmayan ərazidə yaşayır. Beləliklə, insanlar yaşlı valideynlərini mütəmadi olaraq baş çəkmək üçün daha yaxın ərazilərə gəlmək istəyirlər.

-Georgiy Borisoviç, açıq söhbətə və konkret mövqe sərgilədiyiniz üçün sizə minnətdarıq!

-Azərbaycanlı dostlarımıza təşəkkür edirik! Mən “təşəkkür” sözünü ürəkdən deyirəm çünki, heç yerdə Azərbaycandakı kimi qarşılanma ilə rastlaşmamışam.




Natalya Quliyeva
Eurasi Diary
Diaspora