"Yazmıram, sadəcə, düşünə-düşünə, deyə-deyə çərləyirəm..." "Görünür ki, ya məni çox əsəbləşdirirlər, ya da mən çox gərginəm " "Artıq bəzi şeylərə qərar vermişəm həyatımda"
Doğmalıq hiss etdiyin adamlardan müsahibə almaq çətindir. İlham Tumas da belə adamlardadır. Mən həmişə ona "Abi" deyərək, müraciət etmişəm. Hətta iş yoldaşı da olmuşuq, bir süfrə arxasında da tez-tez otururuq. Amma müsahibə zamanı nədənsə, "sınız, mınızla" danışmağa başladım. Rəsmiyyətin gərək olduğunu hiss etdim. Bu, İlham Tumas şəxsiyyətinin böyüklüyündən irləli gəlirdi... Beləliklə, metbuat.az saytının müsahibi tanınmış jurnalist İlham Tumasdır.- İlham Tumas kimdir?
- Kiməsə özümü təqdim edəndə demirəm ki, filan yerdə işləyir, filankəsdir, sadəcə deyirəm, İlham Tumasdı. Amma özüm-özümlə danışanda – ya söyəndə, ya tərif edəndə özümə həmişə Ağayev kimi müraciət edirəm. Çünki İlham Tumas cəmiyyətin tanıdığı İlham Tumasdır, amma Ağayev özüməm, içimdir, onunla daha sərtəm, daha yaxın bilirəm onu özümə. Ona görə, özümü məzəmmət edəndə də, öyəndə də Ağayevlə danışıram, Tumasla işim yoxdur.
- Jurnalist fəaliyyətinizdən öncə hərbçi olmusunuz. Hərbçilikdən jurnalistikaya qədər olan yolu necə keçmisiniz?
- Mən 1992-ci ildə, tələbə olarkən könüllü olaraq müharibəyə getmişdim. Həmin vaxtlar yazı-pozu ilə yüngülvari məşğul idim. Amma sırf jurnalistikaya gəlməyim dolanışıq ucbatından olub. 90-cı illərin əvvəllərində iş filan yox idi, 94-95-ci illərdə çox çətin vəziyyət idi. İlk yazım 1992-ci ildə “Azərbaycan” qəzetində çıxıb.
- İxtisasınız?
- İxtisasca filosofam, diplomumda fəlsəfə müəllimi, filosof yazılıb.
- O sahə ilə məşğul olmursunuz?
- Xeyr. 5-ci kursda oxuyanda aşağı kurs tələbələrinə orta əsr fəlsəfəsindən sınaq mühazirəsi dedim. Mövzu orta əsrlərdə cəngavərlik institutu idi. Cəngavərlik institutu nədir, cəngavərlər necə sevirdilər, necə döyüşə gedirdilər, onların platonik məhəbbəti və sair və ilaxır.
- Müharibədə olmusunuz...
- 1992-ci ildə tələbəykən “Qurtuluş”da olduq, Tərtərdə gedən döyüşlərdə iştirak elədik. Onda “fizfakda” oxuyurdum, qayıdandan sonra fərq imtahanı ilə keçdim fəlsəfəyə. Könüllü getdiyimiz üçün qayıtmaqda problem olmadı. Universiteti 1996-cı ildə bitirdim, qısa müddətlik mətbuatda işlədim. Sonra isə o vaxt Ali Diplomatiya Kolleci var idi, orada bir müddət prorektorun köməkçisi, sonra elmi katib kimi işlədim. Rəhmətlik Cəmil Əhmədli yanında. Sonra da zabit təzədən hərbi xidmətə getdim, 4 il Murov bölgəsində oldum. - Rütbəniz?
Ehtiyatda olan baş leytenantam.
- Rey Kərimoğlu ilə dostluğunuz həmin vaxtdan başlayıb?
- Yox, Rey Kərimoğlu ilə təxminən 2002-ci ildə tanış olmuşuq. O vaxtdan bəri dostuq, onu böyük qardaşım sayıram...
- Qarabağ müharibəsi veteranısınız...
- Hə, hökümətimiz buna görə 50 manat pul verir. Mənim üçün ən şirin pul da odur. O pulu alan kimi həmişə çalışıram yeyib-içməyə sərf edim (Gülür).
- Müharibə başlasa zabit, yoxsa əsgər kimi gedərsiniz?
- Vallah, necə aparsalar, elə də gedərəm. Yəqin ki, zabit kimi apararlar. Canım, sağlamlığım nə qədər ki, imkan verir, gedərəm.
- Jurnalistikaya nə vaxt gəlmisiniz?
- Fasiləsiz olaraq artıq 2000-ci ildən jurnalistikada, televiziyadayam. O vaxtdan bu sahədən ayrılmamışam. Uzun müddət “Ekspress” qəzetində, “ATV”də işləmişəm.
- ATV-də yayımlanan “Gizli Tarix”layihəsi niyə davam etmədi?
- Əslində, mənə ünvanlanası sual deyil, ancaq inanın, bu gün də tanımadığım insanlar “Gizli tarix” yaxşı layihə idi, niyə davam etdimədiniz” deyə soruşurlar. Ya da deyirlər, filan filmi axtarıram, tapa bilmirəm. Baxıram ki, cavan uşaqlardı, filmlərlə, araşdırmalarla maraqlanırlar. Bu da mənə açığı, çox xoşdu. Çünki, adam çəkdiyi zəhmətin bəhrəsini görür. “Gizli Tarix”in kitabı da çıxmışdı. Onu satışa vermədik, dostlara payladım. Çalışıram o kitabı daha geniş formatda buraxaq. Hesab edirəm ki, tarixin bəzi gizlinlərinin üzərinə işıq sala bildik. Beyinlərdə oturuşmuş bəzi fikirlər, stereotiplər var idi ki, onları müəyyən qədər də olsa, dağıda bildik. Ona görə, bu filmləri “YouTube’-a yerləşdirmək lazımdır, qoy maraqlananlar baxsınlar. Bu mənada Azərbaycan filmləri kanalını yaradan Vüsal Ağayevin zəhmətini çox dəyərləndirmək lazımdı. Təbii ki, dövr keçir, elə yeni faktlar aşkara çıxır ki, mənim vaxtımda onları tapmaya bilərəm. Qoy, insanlar müzakirə eləsinlər, iradlarını bildirsinlər ki, filan filmdə İlham Tumas bunu gərək eləyə idi və yaxud bunu səhv eləyib. Layihədə elə bir adam yoxdur ki, onun haqqında film olmasın. Məsələn, insanlara maraqlıdır, leytenant Şmidt kimdir? Niyə onun adını zavoda vermişdilər? Yaxud Stepan Razin. Niyə Bakıda Razin qəsəbəsi vardı? O kim idi, onu Azərbaycanla bağlayan nə idi? Quldur idi, yoxsa qəhrəman? Yaxud Cümhuriyyət generallarından, qurucularından filmlər var. Onların hamısı nurlu kişilərdir, onları gərək unutmayaq. Biri var filmi götürüb tərcümə edirsən, biri də var mən onları araşdırma edirdim, sonra isə ssenari halına salırdım. Sən Allah, bu layihə mənim yaralı yerimdi, çox dindirmə (Gülür). İnşallah, yəqin, nə vaxtsa, hansısa televiziyada təzədən başlayarıq.
"Gizli Tarix" verilişinin bir buraxılışı
- Araşdırma tipli layihələrə sponsorluq etmək istəmirlər...
- Çalışıram ki, sponsor-filan tapım ki, layihəni hansısa televiziyada bərpa edək. Amma bilirsiniz ki, belə layihələrə sponsorluq etmək istəyən də olmur, əsasən şou tipli verilişlərə sponsorluq edirlər. Qınamaq da olmur, kimsə iş adamıdır, bilir pulunu hara verir, “Gizli tarix”ə pul verən deyil ki...
- İndi neynirsiniz?
- İndi də internet televiziyası APA.TV-dəyəm, “İlham Tumasla 40 dəqiqə” layihəm var, onu eləyirəm. Sən də iştirak etmisən o verilişdə. Həftədə 3 dəfə olur. Heç kim öz ayranına turş deməz, amma mənə elə gəlir, baxımlı alınır. Çünki reytinqə baxıb görürəm ki, baxılır, “facebook”-da canlı yayımlanır, tamaşaçılar şərhlər yazırlar, studiyaya canlı zəng olur.
- Üç qardaşsınız, üçünüz də mətbuatdasınız. Mətbuat sevgisi hardan gəlir?
- Hə, bizimki də belə gətirib (Gülür). Şükür, qardaşlarımdan razıyam, yəqin onlarda məndən razıdırlar. Zəhmətkeşdilər, vətənə, xalqa, dostluğa sədaqətlidirlər. Hardan gəlməyinə qaldısa, təbii ki, yəqin, gen də rol oynayır, tərbiyə də, təhsil də...
- Ədəbi yazılarınız var?
- Bir-iki hekayə yazmışam, ancaq özümə yazıçı deyə bilmərəm. Yəni, xüsusi ədəbi yaradıcılığım yoxdur. Yəqin, özümə tədqiqatçı jurnalist, publisist, telejurnalist desəm, düz olar.
- İndikilərlə əvvəlki – sizin nəsil jurnalistlərin fərqi nədir?
- Artıq zövqlər dəyişib, mətbuatdan tələb başqadır. Əvvəllər, məsələn, çox ciddi araşdırma yazıları olurdu. Amma indi əsas informasiyaya üstünlük verilir. Xətrinizə dəyməsin, “facebook” olmasa, saytların da gücü qalmır. Şəxsən mən çaparaq informasiya oxumaq istəyirəmsə, “Facebook”-a daxil oluram. Çünki orda hər şey var, sadəcə, ciddi şeyləri ayırmaq, onlara vaxt sərf eləmək lazımdır. Saytlar da “Facebook”-un hesabına populyarlaşır, oxucu sayı artır.
- Sizə televiziya aparıcılığı, yoxsa yazı yazmaq daha uyğundur? Seçim qarşısında qalsanız, hansını seçərdiniz?
- Yazmaq həm də vərdişdir. Yazı yazmadıqca korşalırsan. Məsələn, mən seçim qarşısında qalsam, aparıcılığı, yəni asan yolu seçərəm. Yazı çətin məsələdir. Amma sabah səsim tutulsa, necə ki, bir neçə ay əvvəl tutulmuşdu, əlimə qələm götürməyə məcburam artıq. Açığı, son vaxtlar az-az yazıram, yazdıqlarım da, dolanışıq üçündür...
- Dostlarınız çoxdur?
- Yox. Təbii ki, barmaq sayı adamları çıxmaq şərtilə. Çünki, son vaxtlar hiss edirəm ki, ya özümün günahından, ya da onların günahından itirirəm. Buna çox sevinirəm, açığı. Əvvəllər qorxurdum belə şeylərdən, amma artıq qorxmuram. Əslində, dost sözü dırnaq içərisində olmalıdır, nisbi anlayışdır, yəni. Hətta yaxın adamlar mənə irad tuturlar ki, sənin nə qədər dostun var. Deyirəm ki, o, nisbi anlayışdır. Biri dostla-tanışın ortasındadır, məcbursan dost deyəsən. Dost uzun müddət münasibətdə olduğun, onunla yol getdiyin, çətinliklərdən keçdiyin adama deyilir.
- İlham Tumasa nəyi irad tuturlar?
- Son vaxtlar aqressivliyimi, ətrafımdakıların xətrinə tez-tez dəyməyimi irad tuturlar. Ancaq vallah, kimsə ayağımı tapdalamasa, məndən sakit adam yoxdu (gülür). Mən çox sakit adamam. Sən də şahidi olmusan, məclisdə olanda şeir deyirəm, mahnı oxuyuram, ya kövrəlirəm. Son vaxtlar belə görünür ki, ya məni çox əsəbləşdirirlər, ya da mən son vaxtlar çox gərginəm. Artıq bəzi şeylərə qərar vermişəm həyatımda. Hesab edirəm, bir çətin mərhələ qarşısındayam, onu aşmalıyam və artıq xeyli yol da qət eləmişəm.
- Sizi kənardan müşahidə edərkən şən görsənirsiniz, ancaq yaxından tanıyan adam bilir ki, səsinizdən tutmuş, gözünüzün ifadəsinədək kədərdir...
- Buna xüsusi, mistik bir məna vermək lazım deyil. Anam da məni belə doğub... Yaxın adamlarım həmişə deyir ki, sənin eynin açılmır, həmişə qaşqabaqlı olursan. Adətən belə deyirlər ki, kədər sevincdən daha dərindir. O gün gözəl şairimiz Ramiz Rövşənlə bir yerdəydik. Ramiz bəyin bir sözü indi də yadımdadı, dedi ki, sevinc ötəridir, amma kədər qalıcıdır, kədər daha dərindir. Fikir vermisinizsə, hətta bəzən sevincli anında belə kədərlənirsən. Deməli, kədər daha fundamentaldır, sevinc anidir. Yağış yağır, sevinirsən ki, nə gözəl yağış yağır, pəncərəni açıb kədərlənirsən. Yaxud da qardaşın, nişanlın əsgərlikdən gəlir, sevinirsən, amma eyni zamanda kövrəlirsən. Deməli, sevincdə həmişə kədər var. Amma kədərdə sevinc yoxdur.
- “Ekspress”-də köşə yazılarınız çıxırdı. O vaxt İlham Tumas imzası brend idi. İstedad və təcrübənizə əsasən daha böyük işlər görə bilərdiniz, lakin fasilələr oldu. Səbəb?
- Daha yaza bilmirəm, ya da ola bilsin, stimul yoxdu. Demirəm böyük işlər gördüm, ancaq məsələn, həftədə 3 dəfə Qarabağ haqqında yazmasaydım, ürəyim partlayardı. İndisə yazmıram, sadəcə, Qarabağı düşünə-düşünə, deyə-deyə çərləyirəm... Düşünürəm, çərləyirəm, əsəbləşirəm, amma yazmıram... Yaza bilmirəm...
- Gələcəklə bağlı planlarınız?
- Əsasən, sevdiyim, çox istədiyim insanlarla bağlıdır planlarım. Bundan sonrakı həyatım onlarındı...
- Müsahibələrinizin birində demişdiniz ki, qadınlardan qorxuram. Eyni fikirdəsiniz?
- Yenə qorxuram. Qadınlar anlaşılmaz varlıqdır. Qadınlar bir gün belə, səhəri gün başqa cür davrana bilir. Mən həmişə qadına başqa planetdən gələn varlıq kimi baxmışam. Qadınlar və kişilər ayrı-ayrı planetlərdən gəlib.
- “Metbuat.az”-ı izləyirsiniz?
- Təbii ki, izləyirəm.
- Saytımıza tövsiyyəniz?
- Siz məcbursunuz xəbərə üstünlük verəsiniz, ancaq məncə özəl xəbəriniz varsa, özəl xəbərə üstünlük verin. Yoxdursa, mənə elə gəlir ki, 2 dəqiqədən bir, 1 dəqiqədən bir xəbər lentini dəyişməyə ehtiyac yoxdur. Bunu o vaxt mən ATV.az-da da deyirdim. Kiçik də olsa, araşdırma yazılarına üstünlük vermək lazımdır. Məsələn, Bakıda çox maraqlı yerlər var. Gözdən əlillərin evlərindən yaxşı bir reportaj etmək olar. Yadımdadır, “Ekspress”-də Aybəniz Vəlixanlını cüzamlı xəstələrlə görüşə göndərmişdim. Oradan 3 səhifə ardıcıl reportaj hazırladı. Ruhi xəstəxanalara getmək olar. Məsələn, bir mürdəşir tapıb ondan müsahibə almaq olar. O vaxt biz bunları edirdik. “Əsl peşə” adlı layihəmiz var idi. Məsələn, mən filosofam amma jurnalistika ilə məşğulam. Sorğular keçirirsiniz, bu çox yaxşıdır, canlı yayımlarınız əla effekt verir. Bölgələrlə əlaqəni gücləndirmək lazımdır. Bir də bu cür müsahibələrin təşkili çox yaxşıdır. Çünki, insanlar artıq saytlardan xəbər oxumurlar, özəl xəbərin olarsa, oxuyacaqlar, yoxdursa, “facebook” doludur hər cür xəbərlə. Bunların əvəzinə müxbirlər şəhərdən gedib hadisə axtarışında olsalar, daha yaxşıdır, məncə.
- Sizdən bir şeir istəyəcəyik...
- Rəhmətlik Camal Yusifzadə mənə şeir həsr edibmiş, ötən ilin iyun ayında. Sağ olsun doğmaları mənə göndərdilər. Elə həmin şeiri deyim...
Söhbətləşdi: Bahadur Seyidov
Camal Yusifzada
MƏN ŞAİR OLSAYDIM...
(İlham Tumasa)
Mən şair deyiləm,
Deyiləm,vallah!
Mən şair olsaydım
Mənə də quş kimi
Qanad verərdi
möhtəşəm ALLAH!
Mən şair deyiləm,
Olsaydım əgər
Hər dəfə yazbaşı
yarpaqlayardım,
Səma körpüsündən -
Göyqurşağından
Nəvəmə çılçıraq
dərz bağlayardım.
Adəmi adamdan
Lal kölgəsindən
öncə seçərdim.
Payızda özümə
Bəyaz dumandan
paltar biçərdim.
Mən şair deyiləm,
Şair deyiləm !!
Olsaydım əgər
Bir sevgi qəsrində -
yaşıl adada
Hürr yaşayardım,
Qorxulu,yuxulu
qış nağılında
Cırtdana
xəlbirlə su daşıyardım.
Mən şair deyiləm! -
Olsaydım əgər
Cənnət meyvəsi tək
Çiçəkləyərdim
nar ağacında,
Ənəlhəq deyərdim
dar ağacında!!
Mən şair deyiləm,
Deyiləm qardaş !!
Mən şair olsaydım,
Olsaydım əgər
Düşmən torpağımda
ölüm əkəndə
Əlimdə silah
Adsız şəhid kimi
ölərdim öndə !
Mən şair deyiləm,
Olsaydım əgər ...
Şairlik sən demə
Çətin deyilmiş,
Çətini soxanı
Geyinmək imiş !! ///13.06.2016