Misilsiz istedad – Cavanşir Yusifli ilə Əli Kərim söhbəti

Misilsiz istedad – Cavanşir Yusifli ilə Əli Kərim söhbəti backend

Bu gün görkəmli Azərbaycan şairi Əli Kərimin anım gündür. Kulis.az bu münasibətlə “Ədəbiyyatımızın dünəni” layihəsində Cavanşir Yusifli ilə Şərif Ağayarın söhbətini təqdim edib.

- Şarl Bodler, Pablo Neruda, Qarsia Lorka kimi dünyaca məşhur şairlərin adıyla rastlaşanda milli nümunə kimi ən birinci Əli Kərim yada düşür... Sizcə, nə dərəcədə doğru analogiyadır?

- Əli Kərim bu dünyadan nakam gedən son dərəcə istedadlı bir şair idi. Ancaq onu siz dediyiniz zirvəyə bəzilərinin vurğuladığı kimi nakamlığı qaldırmamışdı. Ona qalsa, Şarl Bodler də 46 yaşında dünyadan köçmüşdü. Ağır xəstəlikdən (siflis) sonra dili tutulmuşdu. Həyatda ikən bircə kitabı çıxmışdı: “Şər çiçəkləri”. Ancaq nəşriyyatdan çxıar-çıxmaz “burjua əxlaqını pozduğuna görə” senzuraya məruz qalmışdı. Ölümündən sonra Rembo onu “Allah”, Breton “İlk sürrealist”, Valeri isə “Böyük şair” adlandırmışdı.

Ümumiyyətlə, ölüm son həlqə, dairənin qapanması, son söz kimi insanın taleyində möhtəşəm rol oynayır, onun “Palatada saxlanmış şeirlər” silsiləsinə baxın, görəcəksiniz ki, Əli Kərim həmin son sözlə bir az əvvəl təmasda olan bir şair idi. Əli Kərim təkcə şeirləri ilə deyil, bütövlükdə taleyi ilə mükəmməl şair obrazına don biçmiş, yaşamaq toy-bayram deyil, çox kədərli bir şeydir, dünyanın hər şeyə rəğmən təsəllisiz bir yer olması … - qənaətini yaşamış bir fiqurdur. Bəlkə bu adam o qədər kədərli, o qədər ümidsiz idi ki, bu halda nəsə yazdığını da yaddan çıxara bilərdi. Mən bilmirəm, sənin yuxarıda sadaladığın adamlar yazdıqlarını bu şəkildə unuda bilərdilərmi?

Nakamlıq şair üçün həyatdan tez getmək deyil, əksinə uzun yaşayıb ortaya heç nə qoya bilməməsidir. Onun yaşıdları içində vaxtilə babat şeirlər yazanlar da vardı, ancaq illər keçdi, onların yazdığı çoxlu mənasız mətnlər bu babat şeirlərin də duzunu yuyub apardı.

- Əli Kərimdə həm klassik divan şeiri, həm aşıq şeiri ənənlərinə, həm də özünəqədərki sərbəst şeir ənənələrinə rast gəlmək olur. Təbii ki, tamamilə yeni planda, yeni təqdimatda...

- Dünyada bütün böyük şairlərdə belədir. Zəif şair, anadan şair doğulmayan insanlar həmişə bəraət axtarır, yaşamağa, yazmağa, ölməyə belə səbəb gəzir, əlbəəl hər şeyin təsdiqini, “şəhadətnaməsini” almağa çalışırlar. Əli Kərim Azərbaycan poeziyasının və ədəbiyyatının bütün mətnləri arasında virtual əlaqələri dürüst şəkildə göstərmək qabiliyyətinə malik idi. O, hər şeyin ünvanını elə gözəl tutur və elə dürüst nişan verə bilirdi ki, bu mətnləri oxuyan “itiyini tapmış kimi” olurdu. Yalançı epitetlərə ehtiyac qalmırdı.

- Yeri gəlmişkən, Füzuliyə ən gözəl şeir yazan şairimizdir, məncə... O, həm də mövzu olaraq dünyaya bütöv baxa bilirdi... Sapun-Qoradan da Azərbaycan kimi yazırdı... Sizcə mövzu önəmlidirmi?

- Əli Kərimin orijinallığı predmeti, obrazı istənilən yerindən göstərmək və yarada bilmək xassəsində idi. Siz Füzuliyə həsr etdiyi şeiri deyirsiniz. “Babəkin qolları”, “Metronun yaylı qapıları”, “Aut”, “Nə xoşbəxt imişəm bir zaman, Allah”, “Əllərimi yandırır saçlarının həsrəti”… bütün bunlar göstərir ki, Əli Kərim istənilən mövzunun zirvəsini fəth edə bilirdi. Sonra gəl bu mövzuda yaz görüm, necə yazırsan. “Qayıt” şeiri… Ara özün üçün elə sevgili / ki məni görəndə utanmayasan… “Ki” bağlayıcısının mövqeyinə baxın. “Alman əsir” şeirində “və” bağlayıcısının işlənmə mövqeyinə diqqət yetirin. Əli Kərim biləyi qatlanmayan sözlərin də içindəki enerjini asanca ram edə bilirdi. Onun şeirində dünyanın bütün təfərrüatları kəsilib atılmış kimiydi, uşaq sadəlövhlüyü və yaşlı adamın müdrikliyinin hopduğu bu mətnlər insani dəyərləri, Allaha deyiləcək sözləri hifz edirdi. O sözləri ki, insan bəzən dua edəndə belə yaddan çıxarmış olur…

- Əli Kərimi nə qədər dünya şairi hesab eləmək olar?

- Əli Kərim tale şairi idi, bütün ümidsizlərin, bəxti gətirməyənlərin, yaşamın təsəllisizliyini iliyinə qədər hiss edən adamların şairi idi. Hamıdan, bütün səs-küyçülərdən bir kənara çəkilib gülümsəyən adam təsəvvür edin. O təbəssümün düşdüyü bir qarış yer insanın çəkə bilməyəcəyi bütün iztirabların cəmləşdiyi bir məkandır.

- Onu bəzən şəhid şair adlandırırlar... Nəyin şəhidi idi Əli Kərim? Niyə belə böyük bir istedadın aqibəti belə oldu? Axı repressiya illəri deyildi. Onunla bir dövrdə yaşayan nə qədər bəxtəvər, həyatı alınmış qələm adamı vardı. Nə idi Əli Kərimə mane olan, hamı kimi olmağa qoymayan?

- Əli Kərim başqalarının 80 yaşında yaşadıqlarını otuz neçə yaşında yaşamışdı. Ağılla hiss bu şəkildə birləşəndə yaşamaq çətin olur. Həm də: altmışıncı illərdə belə bir adamın olmadığını təsəvvür edin. Təsəvvür edin ki, Əli Kərim indi gəlir ədəbiyyata və o şeirləri də indi yazır. Dərhal dəyişirik, qənim kəsilirik. Donoslar yazırıq. Və bu adam yenə gedir, qayıdır…

Ölümdən xəyanət pis,
Ölümdən rəzalət pis,
Bəzən necə gözəlsən,
Ölüm, sən ey səadət!

- Belə bir fikir var ki, onu qəsdən ölümə doğru itələyirdilər.

- Yalandı. Adam özü ölümü görür, gözü tutmasa, heç kəs onu ölümə sürükləyə bilməz.

- Övladlarına qəribə bir sevgi duyulur şeirlərində...

- Sevgi Əli Kərim şeirinin ana xəttidir… Bu barədə danışmaq olmur.

- “Ata” şeirini şedevr hesab edirəm. Sizcə bax elə bu şeir bir fransız üçün nə əhəmiyyət kəsb edər?

- Hislər doğru ifadə ediləndə onun hopduğu mətni hər kəs anlaya bilər.

- Şeir üçün seçdiyi obyektlər də orijinal idi... Misal üçün, Kürə yağan yağış, coğrafiya müəlliminin şəhadət barmağı, Babəkin qolları, aut və s.

- Əli Kərim baxış bucağını tamamilə qənirsiz ifadə edə bilən şairlərdən idi. Yazan adamın ruhunda bir “ağırlıq mərkəzi” olur, həmin mərkəzdən-cazibə sahəsindən baxıb dünyanı görmək, ona tamaşa etmək çox maraqlıdır, o sahədə bir neçə saniyə dayana bilsən öz aqibətini, hətta ölümünü də görə bilərsən. Bizdə bəzən Əli Kərimi az qala “dünyanın son şairi” hesab edənlər tapılır. Ona bütün gözəl şeirlərin son həddini yaratmış adam kimi də baxanlar var. Bu dünyada Əli Kərimdən daha güclü şairlər də var. Elə onunla bir dövrdə yaşayanlar arasında. Sadəcə bilmirik, yaxud bilmək istəmirik. Əli Kərim bu təyinatlarla yox, missiyası ilə böyük şairdir. Bu missiyanın araşdırılması ədəbiyyat tarixçiliyimiz üçün də önəmlidir. Onun şeirlərində bizim dilimizdə yaranan əksər mətnlər görünür. Orta əsrlərdən üzü bəri.

- Əli Kərim özündən sonrakı şeirə nə qədər təsir elədi? Onun haqqında kitabınız da var...

- Əli Kərim bütövlükdə ədəbi gedişata, yəni prosesə təsir edirdi. İndi də müəyyən dərəcə bu təsir duyulur, yəni Əli Kərim özü bir üsluba çevriləndən sonra (Tofiq Hacıyev).

Dediyiniz kitablar yazılanda Əli Kərim az yada düşürdü. Bir şey deyim, - hər bir şairdə onun taleyini və yaradıcılığını bir nöqtədən göstərən açar olur, o olmazsa, tapılmazsa, mətnlərinin sirri dərinlərdə gizləndikcə gizlənər və oxu sənə bir şey anlatmaz. Əli Kərimdə bu, onun şəkillərinə hopmuş təbəssümüdür. O şeirlərə bu təbəssümdən baxın. “Nə xoşbəxt imişəm…” şeirində həyatla ayrılığın , ölümün sərhədi cızılıb, ancaq diqqətlə baxsanız bu ayrılıq nöqtəsində belə həmin o kədərli təbəssümün izləri var. Şeirlərinin birində belə bir “tamaşa” var. Artıq dünyadan köçüb və günlərin bir günü uşaqlarının toyuna gəlib, əlində əsa güclə yeriyən bir qoca... Deyir, bir azca uşaqların xoşbəxtliyindən oğurlayıb gedərəm.

-Son olaraq oxuculara nələr tövsiyə edərdiniz.

- Oxucular onu məndən yaxşı tanıyırlar, çünki Əli Kərim artıq hamımızın taleyində bir naxışdır. Deyəsən, Əhməd Oğuzun misrasıdır, deyir, sevgi sözü gələndə susun, danışmayın, nə desəniz əleyhinizə çevriləcək…
Diaspora