“Mən cənab prezidentdən ev istəyirəm” – Xocalı yazarı Səriyyə Müslümqızı

“Mən cənab prezidentdən ev istəyirəm” – Xocalı yazarı Səriyyə Müslümqızı backend

Xocalıdan məcburi köçkün, müstəqil, tənqidçi jurnalist, hərbi reportyor, müharibə veteranı Səriyyə Müslümqızı Cəfərova probleminin həll olunmasını istəyir.

Səriyyə Müslümqızı QAZILER.AZ-a saytına müraciət edərək 22 iyul Mətbuat günündə jurnalistlərə təqdim olunacaq evlərin paylanmasında haqqı olana sahib olmaq arzusunda olduğunu deyib.

“30 il Azərbaycan mətbuatında tədqiqatçı jurnalist işləmişəm. Heç vaxt şəxsi problemlərimlə bağlı heç bir yerə üz tutmamışam. Amma bu gün məsələ fərqlidir. İki övladım var, tələbədirlər. Birinin 21, digərinin isə 20 yaşı var.

Uzun illərdir təkcə Azərbaycanda deyil, Avropa dövlətlərində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı saysız-hesabsız tədbirlər keçirmişəm.
Məqsədim, məramım odur ki, qoy ermənilər haqsız olaraq mənim işğal etdikləri torpağımı, yurdumu qaytarsınlar. Bu gün jurnalistlər üçün tikilən evə iddia eləmirəm. Sadəcə, Xocalıdakı uçuq-sökük daxmamı verəydilər, mən onu düzəldərdim. Təəsssüf ki, Xocalı işğal altındadır. Məcburi köçkün olaraq övladlarımın bu gün evə böyük ehtiyacı var.

2013-cü ildə jurnalistlərə verilən evdə mənim haqqıma girildi. Çünki, Azərbaycan Respublikasının prezidenti o binanı ona görə inşa etdirmişdi ki, o binada yetərincə xidməti və haqqı olan jurnalistlər ev alsın. Amma mən haqqı olan jurnalistlərdən ola bilmədim. Bu gün isə bu evə çox iddialıyam. Heç vaxt haqqımı kimsəyə verməyəcəm. Üzümü Azərbaycanın Birinci Vitse- Prezidenti Mehriban xanıma tuturam. O da anadır, ana kimi məni daha yaxşı anlayar. Milli Məclisdə təmsil olunan 21 qadına üzümü tuturam. Qadın olaraq məni anlayacaqlarına əminəm”.
Səriyyə Müslümqızı deyir ki, ən böyük mükafatı 30 il zaman kəsiyində torpağına, elinə, yurduna qayıtmaq istəməsidir.

“O torpaqdan gələn insanların heç birinə o mükafatdan böyük mükafat ola bilməz. Mən saysız- hesabsız mükafatlar, laureatlar almışam. İçtimai- siyasi fəaliyyətimə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşəm. Qaçqın və məcburi köçkünlərdən yazılan yazılara görə, Mətbuat Şurası, KİVDF, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri Komitəsi tərəfindən verilən mükafatı alan 10 nəfərdən biri mən olmuşam. Əslində, mükafatları sadalamaqda məqsədim odur ki, hansısa mətbuat orqanında 3-5 il çalışana ev verilir, mənə yox. Bu, nə qədər ədalətlidir?! Mən haqq deyə hayqırmışam, haqq deyə Avropanın ən çox ermənilər yaşayan bölgəsində ermənilərin torpaqlarımızı işğal etmələrindən danışmışam. Adi QHT sədrlərindən, adi jurnalistlərdən olmamışam.

Hazırda “Xocalının səsi” qəzetində çalışıram. Xocalıdan qanıma bata- bata gəlmişəm, doğmalarımı itirmişəm. Bütün bunlara rəğmən mən ayaqüstə qalmağı bacarmışam.

Ayaqüstə durmağı bacarmaqda mənə dəstək verən bütün jurnalist dostlarıma təşəkkür edirəm. Onlar məni gətirib Səriyyə Müslimqızı elədilər, onlar mənim arxamda durdular. Əsl jurnalistlər, qələm adamları elədir ki, onlar heç nəyə, heç kimə boyun əymirlər, bir birinin yanında olurlar. Mən 30 ildir bunları görə -görə gəlmişəm. Ona görə də cənab prezidentdən ev istəyirəm”.

QAZİLER.AZ

Diaspora