Samirin yeni layihəsi: 1000 nəfər 44-cü olmaq üçün sıraya girəcək(Müsahibə)

Samirin yeni layihəsi: 1000 nəfər 44-cü olmaq üçün sıraya girəcək(Müsahibə) backend

Yazar olmaq hər kəsə nəsib olmur. O cümlədən məqsədini bilmək və bu yolda irəliləmək artıq zəka tələb edir. "Hər şeyə rəğmən” bunu etmək. Samir İmanovu deyirəm. Çoxları bu ismi yaxşı tanıyır. Azərbaycanda yarım milyona yaxın əlilliyi olan insan içərisində möhtəşəm istedadı və mükəmməl publisistikası ilə tanınan Samir İmanovla növbəti müsahibəmizi apardıq. Deyirəm bəlkə başlayaq!

"İki deputatın birdən kitabımın təqdimatına gəlməsi mənim üçün sürpriz oldu”
Xatırlayırsınızsa bu yaxınlarda yeni kitabı çapdan çıxan Samir İmanovun Atatürk Mərkəzində təqdimatı keçirilmışdı. Həmin təqdimatda respublikamızın ən dəyərli insanları iştirka etdilər. Bir də xüsusi qonaqlar var idi. Kİmlər idi?

-Tədbirin ünvanının dəyişdirilməsi və üstəlik yeni məkanın 2-ci mərtəbədə keçirilməsi təqdimata gələn fiziki məhdudiyyətli insanlar üçün bəzi çətinliklər yaratdı. Qısa kəsəcəm, təqdimatı necə dəyərləndirirsən?


-Bəzən hər şeyin qaydasında olduğunu düşünəndə nə isə bir çətinlik yaranır. Amma ümimi baxanda tədbir çox gözəl keçdi və bu çətinliyi unutdura bildi. Xüsusən də gözlənilməz qonaqlarım millət vəkilləri Adil Əliyev və Qənirə Paşayevanın təqdimatda iştirak etmələri bir başqa rəng qatdı. Belə desək İki deputatın birdən kitabımın təqdimatına gəlməsi mənim üçün sürpriz oldu.

-Kitab neçə tiraj çıxıb.

-450 tiraj çap olunub. Təxminən 20-30 kitab elə təqdimatda satıldı. Ancaq gələcəkdə Sumqayıtda və Bakıda daha iki təqdimatın olacağı planda var.

-Yaxşı bəs kitabı nə üçün yazırsınız?

-Ümumiyyətlə hər bir yazar yaradıcılıq işinə başlamazdan öncə düşünməlidir ki, mən bu işi-kitabı niyə yazıram, nə üçün yazıram. Çoxdandı izlədiyim bir filmdə belə bir səhnə vardı. Orada bir yazar kitabını çap etdirmək üçün nəşriyyata müraciət edir. Nəşriyyatın rəhbəri ondan soruşur ki, sənin kitabını niyə çap etdirməliyəm? Həmin yazar pəncərədən bayırı göstərir və deyir: "Bu küçədən keçən insanları görürsənmi? Onlar hal hazırda işə tələsirlər, həftənin 6 gününü işləyirlər. Bircə gün istirahətlərini isə ailələrinə sərf edirlər, övladları ilə əylənirlər, dostları ilə gəzintilərə qoşulurlar və axşam çatanda evlərinə gedib yatırlar. Yəni bütün bunlardan sonra insanlar nəyə görə mənim kitabımı oxumalıdırlar? Məhz mən də bu suala cavab tapdım və kitabı yazdım”.
Deməyim odur ki, mənim insanlara yox insanların mənə, kitablarıma ehtiyacı olmalıdır. Əsərlərimdən həyatları üçün vacib elementləri götürməlidirlər. Məhz kitablarımda əsasən əlilliyi olan insaların həyatları, onları dünyaları, və problemləri əks olunub. Cəmiyyətdə əksəriyyət elə hesab edir ki, onlar əlilləri başa düşürlər və dərk edirlər. Əslində isə belə deyil. Cəmiyyətin əksiylikləri ondan ibarətdir ki, məhz əlil insan görəndə ona bəziləri fağır gözü ilə bəziləri işəyaramaz kimi baxır. Məhz belə bir boşluğu aradan qaldırmaq və əlillərə normalyanaşmanı təmin etmək üçün bir kitab, məlumat bazası lazımdır ki, əlilliyin həqiqətən nə olduğunu anlasınlar.
"Hər bir insan potensial əlil sayılır”

-Sizin məhşur özlərinizdən biri, bəlkədə aforizm adlandıra biləcəyimiz kəlmə var. Onun açıqlamsını verə bilərsiniz?


-Təbii ki, mən hər zaman demişəm bunu. Hətta bunu qarğış kimi qəbul edənlər də var(gülür). Ancaq elə deyil . Əvvəllər Azərbaycanda əlilliyi olan insanlarla bağlı hamının bildiyi əzbərlədiyi statistik məlumatlar vardı. Misal üçün hər hansı bir tələbə yaxud jurnalist yazı hazırlayarkən nazirliyin yaydığı statistik məlumatlara istinad edirdi. Məhz belə informasiyalar cəmiyətin şüurunda əlillərə qarşı səthi anlayış formalaşdırırb. Və heç kim,düşünmür ki, sabah onun da Allah göstərməsin başına bir iş gələ bilər və əlilliyi olan bir şəxsə çevrilə bilər. Buna görə mənim kitabımı oxuyan insalar təkcə əlilliyi olan şəxsləri deyil həm də özünü görəcək. "Hədəfdəki insan”, "Özünlə fəxr et” və nəşr olunacaq "44 ürək” kitabında oxucular fiziki məhdudyyətli insanlarla bağlı istənilən məlumatı oxuya biləcək.

-"44 ürək” necə başladı?

-Əvvəlki kitablarımın birbaşa müəllifi mən özüm idim. Lakin 4-cü kitabın çapında bir fərqliliyə imza atdım. Sosial şəbəkələrdə yazar dostlarıma müraciət etdim. Əlilliyi olan isanlar haqqında məqalələr, hekayələr və ya şeirlər yazsınlar. Həmin elandan sonra email ünvanımıza təxminən 100-dən artıq müəllif yazısı daxil oldu. Onlardan sırf əlilliyə və məqsədlərimizə xidmət edən yalnız motivasiya yönlü uğura həvəsləndirən və insanlarda pozitivlik yarada biləcək yazıları seçdik.
-Mənim göndərdiyim hekayədə motivasiya ilə bağl bir tərəf yox idi amma seçmisiz..
-Bilirsiz əslində sizin hekayəniz cəmiyyətə inanılmaz böyük bir mesajdır. Onu kənarda saxlamaq günah olardı. Çünki hər bir insan potensial əlil ola bilər deyiminə optimal nümunə hesab etmək olar. Ümid edirəm yaxşı oxunacaq. Nəticədə bizim məramımız sırf sağlam cəmiyyətin əliliyi olan cəmiyyətə inteqrasiyaına nail olmaqdır. Şəhərlərdə bir çox ictimai obyektlərin qarşısında pandusların olmamasını bir nümunə kimi göstərmək olar ki, məhz sağlam insanların bunu düşünməsi onların birbaşa inteqrasiyası deməkdir.

-Eşitdiyimə görə yeni kitabdan əldə edilən gəlirlər əlilliyi olan insanların maddi rifahına xərclənəcək.

-Elədir. Layihənin əsaəs məqsədi məhz çap olunacaq "44 ürək” kitabından gələn gəlirlərlə əlilliyi olan insanlara əlil arabası, dərmanlar alınmasını təmin etməkdir. Hesablaya da bilərsiz. Yeni kitabın satış qiymətinin 7 manat dəyərində qiymətləndirmişik. 1000 tiraj çıxacağı nəzərdə tutulur və bu da orta hesala 6-7 min manat edəcək. Düşünürəm ki, bu məbləğ bizim məqsədimizin yerinə yetməsində böyük rol oynayacaq.

-Yeni kitabda əlilliyi olan yazarların əsərləri varmı?


-Bir neçə yazarın əsərləri var. Onlardan misal üçün istedadlı gənc yazarımız Mətanə Qüdsini, Rasim Gəncəlini göstərə bilərəm.

-Tanınmış yazarlardan kimlər var?


-Açığı bununla bağlı bir neçə tanınmış yazarlarımıza müraciət etmişdik lakin təssüf ki, bunun üçün söz versələr də heç biri yazı göndərmədi. Bəziləri ümumiyyətlə cavab vermədi, bəziləri vaxtının azlığından şikayət etdi. Məsələn, Əsəd Qaraqaplan, Müşfiq Xan ümumiyyətlə müraciət məktubumuza cavab vermədilər. Əli Nəcəfxanlı söz verdi yazmadı. Belə bir çox yazarlar bizim aksiyaya qoşulmaqdan boyun qaçırdılar. Bilirsiniz, indiki tanınmış ədəbiyyat adamlarında və jurnalistlərimizdə belə bir fobiya yaranıb ki, görəsən onların yazıları kimlərin yazıları ilə yanaşı dərc olunacaq?. Belə bir fanatist fobiyası formalaşıb və mənə elə gəlir ki, bu yalnış təfəkkürdür. əslində bir neçə sətirlik yazı yazmaq elə də çətin deyil. Biz kitabda nə roman dərc edirik, nə də povest. Primitiv misal da gəitrim sizə. Həmin şəxslər facebookda günlərini həsr etdikləri statusları yaza bildikləri halda qısa bir yazı nədir ki, onu ərsəyə gətirməkdə çətinlik çəkirlər. Bu açığı məni təəccübləndirir.
"Heç kimin vəsiqəsini gəzdirmək fikrim yoxdur”.

-hər hansı qrup və ya təşkilata üzvlüyünüz varmı?


-Yoxdur.

-Nə əcəb?


-Danışsam bir qədər qəribə səslənər, amma mənim adım Samir İmanovdur və bu ad elə hesab edirəm ki, Azərbaycanda 30-40 əlil təşkilatından qat-qat öndədir və onlardan daha çox və daha keyfiyyətli işlər görmüşəm. Dəfələrlə şahidi olmuşam ki, həmin təşkilatlar qazandıqları layihələri çərçivəsində əldə etdikləri maddi qazancı səmərəli işlərə sərf etməyiblər. Özünüz də bilrisiniz ki, bu tip təşkilatıların çoxu sadəcə tədbirlər keçirməklə işlərini bitmiş hesab edirlər. Əslində isə onların cəmiyyətə və əlilliyi olan insanaların problemlərinin çözülməsinə heç bir faydası toxunmayıb. Etiraf etmək lazımdır ki, sırf qazandıqları layihələri cəmiyyətin xeyrinə istifadə edən barmaqla sayılacaq təşkilatlarımız var. Cavad və Qubad Qasımov qardaşlarının yaratdığı "İstedadlı əlillər” İctimai Birliyi var ki, onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Və bir də Mirzə Məmmədvəliyevin təşkilatını bu siyahıya aid edə bilərəm. Sizə misal gətirim, Davud Rəhimlinin rəhbəri olduğu "Əlil təşkilatlar İttifaqı”na üzv olan 45-46 təşkilat var və onların 2-3-ü istisna olmaqla yerdə qalan təşkilatlarının işlərini sıfır qiymətləndirirəm. Həmin təşkilatlar bir otaqdan, konfrans zalından kənara çıxa bilməyən divarı aşa bilməyən təşkilatlardır. Və bir maraqlı nüansı da çatdırım ki, məhz belə tipli QHT-lərin son 10 ildə keçirdikləri mətbuat konfransı və ya digər tədbirlərin keçirildiyi zallara baxsanız eyni insanların iştirak etdiyini görəcəksiniz.

-Yəqin onlar üçün cəmiyyət bu şəxslərdən ibarətdir

-Yəqinki(gülür).

-Maraqlıdır, "44 ürək” adı verdiyinzi kitabda 43 müəllifin yazıları dərc olunub. Bunun açıqlaması var yəqin. Hardadır o 44-cü ürək?


- Əvvəlcə qeyd edim ki, bu ad kitaba individual olaraq qoyulub. Hər bir kitabın içində 43 müəllif yazısı var və 44-cü şəxs isə həmin kitabı alan şəxsdir. Yəni kitab müəllifləri və oxucusu ilə brilikdə vəhdət yaradır tamlıq yaradır. Çünki oxucu da kitabın bir parçasıdır. Bu ideya həm də bizim məramımıza xidmət edir. Belə ki, o kitabı alan 44-cü adam həm də müəlliflərlə birgə əlillərə yardım etmiş olur. Yəni kitabı mən yazdım, alıcısı isə sənsən. Birlikdə məqsədimizə çatmalıyıq.
-Bir yazar kimi, və ələlxüsus ölkənin əlilliyi olan şəxslərinin problemlərini öndə qabardan biri kimi məqsədiniz hər zaman dəyişməz olub və şüuarınız öz məntiqi davamı ilə irəliləyir. Bəs bu sonuncu "44 ürək” kitabında məqsəd eyni qalacaq, yoxsa fərqli təzahürlər görəcəyik? Hər halda bu kitabda sizin müəllif yazınız yoxdur və üstəlik 43 müəllifin 3-4 nəfəri əlilliyin nə olduğunu daha dərin anlayan şəxslərdir.

- Çünki, bu kitabla biz əlillərin dili ilə yox sağlam insanların yazıları ilə əlillərə olan fərqli baxışları üzə çıxarırıq. Və düşünürəm ki, növbəti fərqli məqam da budur. Müxtəlif dünya görüşləri, fərqli yanaşmaları bir kitaba toplamaqla əilliyi olan insanlara qarşı düzgün münasibətin formalaşmasına xidmət göstəririk. Hesab dirəm ki, "44 ürək” kitabı cəmiyyətin əlilliyi olan insanlara qarşı düşüncələrini köklü dəyişməyə nail olacaq.

-Uğurlar!

-Təşəkkür edirəm!

Rüfət Soltan
Diaspora