Səriyyə Müslümqızı: «Yenidən həyata gəlsəydim yenə də jurnalist olmaq istərdim»

Səriyyə Müslümqızı: «Yenidən həyata gəlsəydim yenə də jurnalist olmaq istərdim» backend

Səriyyə Cəfərova: yazıçı, publisist, müstəqil jurnalist, «Erməni Təcavüzünün Tanıdılması» İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi reportyor. Amma Səriyyə Müslümqızı imzasının bütün bu əlavələrə ehtiyacı yoxdur. Onu hər kəs elə bu imza ilə tanıyır...

Düşmənin əli ilə qanına qəltan edilmiş, şəhidlər vermiş, əsirlikdə olan torpaqlarımızın tarixə görünməmiş bir faciəyə meydan olmuş ərazisi kimi düşmüş Xocalıda dünyaya gələn, pedaqoji təhsil alsa da, jurnalist kimi ikinci bir ixtisasa yiyələnərək həyatını mətbuata bağlayan bu xanım qələmindən çıxan ilk yazılardan yaxşı bir jurnalist olmaq iddiasını sərgiləyə bilib. Yenicə şəhər statusu almış Xocalıda fəaliyyətə başlayan «Xocalının səsi»ndə dərc olunan yazılarında o, nöqsanları cəsarətlə tənqid edib, rüşvətxorlara, el malını talayanlara, haqsızlara qarşı barışmaz mövqeyini ortaya qoyub, nə kimlərinsə «görüm-baxım» tələsinə düşüb, nə də ki, «asıb-kəsmək» hədəsindən geri çəkilib, mövqeyini dəyişib.

Ermənilərin əsassız torpaq iddialarının xalqımızın başına gətirdiyi müsibətlərdən əziyyət çəkən Xocalıda Səriyyənin qələmi dayanmayıb. Ta şəhər erməni-rus ordu birləşmələrinin qanlı hücumlarına məruz qaldığı, işğal gününədək.

Yəqin fərqindəsiniz ki, haqqında söhbət açdığım insan kifayət qədər maraqlı həyat yolu olan birisidir. Amma bu həyat tarixçəsinin qalan hissəsini onun öz dilindən eşitməyin daha maraqlı və təsirli olacağı düşüncəsi ilə Səriyyə MÜSLÜMQIZI ilə müsahibəni ən doğru hesab etdim.

- Yevlaxa xoş gəlmisiniz, Səriyyə xanım. Qonaq olduğunuz şəhərdə ərklə «Kür»ün qapısını döyməniz çox xoş oldu. Hər bir səfərin bir məqsədi olduğu şəksizdir. Odur ki, gəlişinizin səbəbini bilmək olarmı?

- Çox sağ olun, minnətdaram. İlk dəfə Yevlaxa gəlişim, bu hardasa 24 il əvvəlin söhbətidir, əmim oğlu ilə bağlı olub. Əmimin 3 oğlundan biri-Etibar Abışov dəmiryolçu idi. Xocalı şəhidlərindəndir. Fəciənin birinci ilinin tamamında bir neçə dəmiryolçu ilə birgə onun Yevlax dəmiryol vağzalında barelyefinin açılışı mərasimi keçirilirdi. Həmin vaxt gözləmədiyim halda tədbirə Yevlaxın rəhbər işçilərinin də gəldiyinin şahidi olanda çox sevindim. Sonradan öyrəndim ki, bu işi qəzetinizin baş redaktoru Əminə xanım təşkil edib. O, bu tədbirin yaxşı alınması, yaddaqalan olması üçün əlindən gələni etmişdi. Elə o vaxtdan bu xanımı tək bir həmkar yox, həm də yüksək səviyyəli bir ziyalı, vətənpərvər bir insan kimi çox sevdim. 24 ildən sonra yenə də gəlişimin məqsədi eynidir. Həyatda heç bir nişanəsi qalmayan əmim oğlunun onsuz tamam olan 50 illik yubileyini keçirmək istəyirəm. Gəldim, barelyefin vurulduğu yerdə oldum, bundan sonra qalır hazırlıqlar.

- Səriyyə xanım, jurnalistikanın eyni nəslinin nümayəndələriyik. Yaxşı məlumatımız var ki, siz od-alovla, qan-qada, ölümlə nəfəs-nəfəsə olan bir şəhərdə yaşayıb və qəzetçiliklə məşğul olmusunuz. Necə xatırlayırsınız?

- Mən ümumiyyətlə, Xocalını, xocalılı günlərimi heç unutmuruam ki, xatırlayım da. İlk dəfə əlimə qələm alıb qəzetçilik edəndən ta bu günə qədər mən Xocalıdan, onun başına gətirilən müsibətlərdən, böyüklü-kiçikli günahsız şəhidlərindən, igid oğul və qızlarından yazıram, onu gücüm çatdıqca, əlim yetdikcə dünyaya yaymaq üçün çalışıram. İstəyirəm ki, hər kəs bu haqsızlıqdan xəbər tutsun. Sizə bir söz deyim, bir var hansısa bir jurnalistin şahidləri dindirməklə, məkanı görməklə, hansısa informasiyalar əldə etməklə Xocalı faciəsi haqqında yazması, bir də var o faciənin şahidi olan, onun vurduğu yaraları canında, dərdləri sinəsində gəzdirən bir qələm adamının yazması, bunlar fərqli-fərqli şeylərdir. Xocalı faciəsi baş verən il mənim ilk kitabım işıq üzü gördü: «Qan üstünə qan yağırdı». 8 il sonra dərc olunan kitabım da Xocalı qətliamından bəhs edirdi. 2000-ci ildə işıq üzü görən kitab «Faciəyə aparan yol» adlanırdı. Bir sözlə, Xocalı ilə bağlı 12 kitabın müəllifiyəm. Neçə ki, sağam, əlim qələm, dilim söz tutur, yenə də yazacam.

- «Onlar heç vaxt böyüməyəcəklər», «Xocalı ölməyib», «Ölümdən o yandakı Xocalı», «Xocalıdan gələn var», «Xocalı uşaqları, qan içində qar çiçəyi», «Dünya susmasın gərək». Bunlar sizin sonralar müxtəlif illərdə və muxtəlif dillərə də tərcümə olunmuş kitablarınızdır. Amma mən maraqlı olan bir fakt barədə fikirinizi eşitmək istərdim. İlk dəfə Azərbaycan uşaq ədəbiyyatına Xocalı faciəsini siz gətirmisiniz. «Xocalı uşaqları, qan içində qar çiçəyi» əsərinizlə…




- Sözünüzü kəsdiyim üçün bağışlayın. Bundan əvvəl mənim xocalılı uşaqlarla bağlı bir kitabım çıxıb. «Onlar heç vaxt böyüməyəcəklər»adlı. Azərbaycan dilindən başqa ingilis və rus dillərində də nəşr olunan bu kitab ensiklopedik idi. Yəni mən arayıb-axtarıb bircə-bircə o günahsız balalar haqqında məlumatlar toplamışdım. Çalışmışdım ki, bir nəfər belə kənarda qalmasın. Axı, bunlar nə qədər acı, kədərli də olsa, bizim tariximizdir, başımıza gətirilən müsibətdir. «Xocalı uşaqları, qan içində qar çiçəyi»nə gəlincə, o kitab bütünlükdə mənim o unudulmaz, müqəddəs məkanda gördüklərimin təsvirləridir. Mən o kitabdakıları qələmə aldığım vaxtlarda dönüb uşaqlığıma qayıtmışdım. Təsvirlərim bəlkə ona görə də çox inandırıcı alınıb.

- Səriyyə xanım, siz həm də «Erməni Təcavüzünün Tanıdılması»İctimai Birliyinin sədrisiniz. İctimai fəaliyyətinizi elə peşə fəaliyyətinizin davamı kimi dəyərləndirmək olar. Bir qədər də Birliyin fəaliyyəti barədə danışmanızı xahiş edirəm.

- İctimai fəaliyyətimin peşə fəaliyyətimin davamı olması olduqca təbiidir. Təsəvvür edin, bir neçə saat ərzində yaşadığı, hər daşı, kərpici əziz olan evini, ən doğma insanlarını, Xocalı kimi bir şəhərini itirən insanı başqa hansı mövzular, hansı fəaliyyət sahəsi cəlb edə bilərdi. Bu gün dünya ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərə layiq olduğu təpkini göstərmir, yenə də cəbhə bölgəsində güllələr açılır, qanlar tökülür, torpaqlara mərmi yağır. Bu yerdə hər birimizin üzərinə dünyanın kar olan qulaqlarına bu həqiqətləri onlar açılanacan, eşidilincə söyləməliyik. Mən də «Erməni Təcavüzünün Tanıdılması» İctimai Birliyini bu məqsədlə yaratmışam. Birlik sədri kimi də bu məqsədlə Azərbaycanda, Almaniyada tədbirlər keçirmişəm. 2012-ci ildə Ombudsman Elmira Süleymanova ilə Macarıstanda kütləvi qırğınların qarşısının alınması mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak etmişəm. Dəfələrlə ölkə daxilində Qarabağın işğalı ilə bağlı tədbirlər keçirmişik. Bundan başqa, ölkədə keçirilən beynəlxalq tədbirlərdə də iştirak etmişik. Qarabağ həqiqətlərinin dünyaya yayılması ilə bağlı keçirilən müsabiqələrdə 1 və 2-ci yerlərin qalibi olmuşuq. Amma bunlar son deyil. Görüləcək çox işlərimiz, həyata keçirmək istədiyimiz çox tədbirlərimiz var. Bir faktı da deyim ki, Qarabağ, müharibə, Xocalı mövzusunda təkcə yazmaqla qalmır, həm də sənədli filmlər çəkib onları yaymaqla da işimizin keyfiyyətini artırmağa çalışırıq.

- Ömrünüzün 30 ildən artığını jurnalistikaya həsr etmisiniz. Geriyə baxanda hansı hiss daha güclüdür, fəxr, iftixar, yoxsa peşmançılıq?

-Banal səslənsə də, başqa bir ifadə vasitəsi tapa bilmirəm. Yenidən həyata gəlsəydim, yenə də bu həyatı seçərdim, yenə də jurnalist olmaq istərdim. Geriyə dönmək mümkün olmasa da, geriyə nəzər salmaq əlimizdədir. Geriyə nəzər salanda etmədiklərim, edə bilmədiklərim də bəlli olur və mən peşmançılığı o zaman çəkirəm. Amma ömür fəva etsə, o peşmançılıq hissi yaradan əskiklikləri aradan qaldırmaq olar. Həyatımızı fəda etməliyik ki, bu xalq, bu millət yaşasın. Məşhur hind yazıçısı Taqora məxsus fikirdir : «Həyat bizə verilir, bizsə onu fəda edəndə qazanırıq». Məncə elə ən böyük qazanc bu cür əldə edilən qazancdır.

Yevlax, «Kür» qəzeti

Diaspora