Qəhrəman oğullar olmasa idi, biz qadınlar hünər göstərə bilməzdik -Qarabağ qazisi, ilk snayperçi qadın Növrəstə xanım danışır...

Qəhrəman oğullar olmasa idi, biz qadınlar hünər göstərə bilməzdik -Qarabağ qazisi, ilk snayperçi qadın Növrəstə xanım danışır... backend

Dahilərin qadınlar haqqında dedikləri: De Mistre: Qadınların ən xoşladığı nöqtə kişilərə bənzəməkdir. Qadınlar başdan-başa sirlərlə, müəmmalarla dolu olan bir varlıqlardır. Onlar sevimli ana, vəfalı ömür-gün yoldaşı, etibarlı dostdurlar. Qadınlar haqqında çox yazılıb, yazılacaq da...

Qarabağ müharibəsi başlayanda qadınların xınalı barmaqları tətiyə söykəndi, gəlinlik paltarını əsgər libası əvəz etdi. Kişilərlə bərabər döyüşə atıldılar, bunlar Azərbaycan qadınları idilər.

Keçmiş tariximizdə də belə olub. Gəlin tariximizə bir daha nəzər salaq. Türk dünyasının iki böyük sərkərdəsi Yavuz Sultan Səlimlə, Şah İsmayıl Xətainin 1514-cü il avqustun 23-də Çaldıran döyüşü.

Səfəvilər tərəfində döyüşən zirehli paltar geymiş və başlarına dəbilqə qoymuş qadınlar kişilərdən seçilmir. Onlar bu qeyri-bərabər döyüşdə hünər göstərirlər. Qarşı tərəf isə bu döyüşçülərin qadın olduqlarında xəbərsizdir. Osmanlı imperatoru bu döyüşdə qalib gəlir. Məğrur bir sərkərdə tək döyüş meydanında yavərlərilə meyidləri arasıyla addımlayır. Birdən dəbilqələri başlarından düşən uzun hörüklü qadınları görüb, heyrətlənərək “mənim yenilməz saydığım ordum qadınlarla döyüşürmüş”- deyərək sarsılır əmr edir ki, bu qadınların cəsədlərini toplayıb ən əzəmətli bir yerdə ehtiramla dəfn edin.

Mənim qəhrəmanım da kişilərlə bərabər döyüşə atılan ilk qaranquşlardan biridir. Axı baharın da gəlişini, müjdəsini qaranquşlar çatdırır.

Növrəstə Yusifova : Qarabağ qazisi, snayperçi. Onunla görüşüb söhbət etdik.
Bu, Aprel şəhidlərimizin ildönümü ərəfəsinə düşmüşdü.

-Növrəstə xanım, Qarabağ müharibəsinə nə vaxt yollandınız?

- Yaxşı yadımdadır, martın 17 –də orduya yazıldım. Novruz bayramının səhəri martın 22-də Suşada idim. Azərbaycan Qarabağ könüllü batalyonu bizə məvacib verirdi. Orada- yəni 777 saylı hərbi hissənin Qərargah rəisi və komendantı Mehman Mustafayev bir gün məni yanına çağıranda elə bildim ki, məni geri qaytarılmağım barədə əmrin verildiyini söyləyəcək. O vaxtlar qadınların döyüşə getməsinə nə Müdafə Nazirliyi, nə də hərbi hissənin komandirləri razılıq vermirdilər. ”Döyüş vaxtı biz döyüşməliyik, yoxsa sizi qorumalıyıq?”- deyirdilər.

Mehman Mustafayev mənə taxta çərçivədə “Qız qalası”nın rəsmi həkk olunmuş bir hədiyyə verib “Ad gününüz mübarək!” - deyəndə həm kədər, həm də sevinc hisslərim bir –birinə qarışdı.



- Siz o hərbi hissədə yeganə qadın idiniz. Bu, çətin deyildimi ?

- Mən Böyük Vətən müharibəsinə həsr olunmuş filimlərə çox baxırdım. Sən demə, o filimlər məni həyata hazırlayırmış. Döyüşçülərlə o qədər qaynayıb qarışdım ki, özümü tək hiss etmədim.

1975- ci ildə “Həvəskar atıcılıq” yarışında hamısı oğlanlar idi, yeganə qız mən idim. O yarışda 1-ci yeri tutmuşdum. Mənim həm BC sürücülük vəsiqəm, həm də tibbi anlayışım vardı.

Orada ən yadda qalan xatirələrinizdən birini danışın...


Yaz idi. Batalyon komandiri Tofiq Oğuz məni yanına çağırıb bir nəfərlə tanış etdi. Bu, Şuşa şəhərində AXC-nin sədridir, həm də komandirdir. O, səni öz batalyonlarına aparmaq istəyir. Mən razılıq vermədim . O, dəfələrlə gəlsə də getmədim. Heç komandirim də icazə vermədi.

Orada acılarla dolu olan günlər də az deyildi. Eh, hansını deyim, –deyərək gözləri dolur.

Bir gün axşam xəbər verdilər ki, ayrı-ayrı qan qrupları olanlar Şuşa Şəhər Mərkəzi Xəstəxanaya gəlsinlər. Komandirlə birlikdə 8 nəfər olmaqla xəstəxanaya getdik. Ora çatanda Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovu əməliyyat otağında gördük. O, ağır yaralanmışdı. Onun qan qrupu – “2” idi. Yeganə Rasim adlı döyüşçünün qan qrupu ilə uyğun gəlsə də köçürmədilər. Bu döyüşçü sarılıq xəstəliyi keçirmiş imiş. Üç gündən sonra Ramiz Qəmbərov şəhid oldu. Bizim Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu da heç unuda bilmirəm. Onun Azərbaycan dilindəki şirin ləhcəsi qulaqlarımdan getmir. O, həmişə deyərdi: Azərbaycan mənim Vətənim, mənim torpağımdı, son damla qanıma kimi döyüşəcəyəm.

İlk dəfə Şuşaya gedəndə isə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın öldürüldüyü yerdəki güllələrdən deşik-deşik olmuş “Villis”ini görmüşdüm.




- Növrəstə xanım, Milli Ordu formasını xidmət müddətini bitirmiş zabit və əsgərlərin geyinməsinə münasibətinizi bilmək istərdik...


O formanı nəinki xidmət müddətini bitirmiş şəxslər, ümumiyyətlə, bu formanı yalnız göstəriş olduqda geyinə bilərlər. Ən acınacaqlısı da budur ki, küçələri təmizləyən işçilər, fəhlələr, gözətçilər və s. hərbi uniforma geyinirlər.

Bu, Vətən torpaqlarını qoruyan əsgərlərimizə, şəhidlərimizə hörmətsizlikdir. Çox təəssüf ki, guya Qarabağ müharibəsində böyük fədakarlıqlar göstərmiş qadınlar da geyinib bir yığın şəkilləri də qoltuqlarına vuraraq redaksiyaları qapı-qapı gəzirlər.

Qardaş Türiyədə isə bu yolverilməzdir. Hərbidə olmayanlar bu formanı geyə bilməzlər.

-Bayrağımızla bağlı fiklərinizi bildirin...



Bayrağımızı həmişə ucadan-uca tutmalıyıq. Görürsən, kimisi ona bürünür, kimisi də ayaq altına sərərək üstündə oturur. Azərbaycandan kənarda soyqırımlar ərəfəsində bayrağımızı yerə sərib üstündə oturanlara nə ad vermək olar? Şəhidlərimizin məzarları üstünə qoyduğumuz qərənfilləri yerə səpələmək olmaz. O gül artıq 20 Yanvardan sonra müqəddəsləşib.

-Bəs sizə “xalaqızı” ləqəbini kim verib?

- Bir dəfə əsgərlərdən biri məni elə qəzəbləndirdi ki, ona əl qaldırmaq istəyəndə arxadan “xalamın qızı neyləyirsən?” - sözlərini eşitdim. Elə bildim qohumlarımdan biridir. Arxaya çevriləndə Cavanşir adlı şəkili bir döyüşçünü gördüm. O gündən məni döyüş yoldaşlarım bu adla çağırdılar.

- Cəbhədə ən ağır günün...

- 1992-ci il avqustun 17-si gecə saat 12-nin yarısında ermənilərin atdıqları snaryaddan 7 döyüşçümüz birlikdə şəhid oldular. Onlar Şəki vzvodunun uşaqları idilər. Şəhidlərimizi ilk dəfə biz görürdük sonra doğmaları. Yox, şəhid verəndə çox sarsılırdım.

- Döyüşə gedəndə həyəcanlanan qorxu hissləri keçirən vaxtların olubmu?

-Xeyr. Mən heç vaxt döyüşə gedəndə nə qorxu hissi keçirirdim, nə də həyəcanlanırdım.

-Bəs aprel döyüşlərində torpaqlarımız geri qaytarılanda hansı hissləri keçirdiniz?


-Mən həm sevindim, həm də kədərləndim. Aprel döyüşlərində şəhid olanların hamısı gənclər idi. Qarabağ müharibəsində isə gənclərlə yanaşı yaşlılar da vardı.

Taleyinə döyüş yazılan, həyatı səngərlərdə keçən, düşmənin zirehli texnikasını, piyada maşınlarının bunkerini vuraraq məhv edən bu qadının böyük ürəyi var. 1998-ci ildən təsis olunan “Qarabağ əlilləri və veteranları” İctimai Birliyinin sədri kimi üzvlərinin qayğısına qalır, onların problemlərini həll etməyə çalışır. Həmişə də bildirir ki, döyüşdə kişilərimiz olmasaydı, bizim kimi yüzlərlə qadın heç nə edə bilməzdi.

Rudyard Kiplig demişdir: Qadının təxmin etdiyi şey kişinin əmin olduğu şeydən daha doğrudur. Dahinin bu sözləri elə bil Növrəstə xanım üçün deyilib.

40 yaşında cəbhəyə yollanan qapqara saçlı Növrəstənin indi saçlarına dağların qarı ələnib. Uca dağların da başı qarlı olar. Qoy həmişə başın uca, alnın da açıq olsun!

65 YAŞIN MÜBARƏK! Qarabağda görüşənədək!

Səriyyə Müslümqızı


QAZİLER.AZ

Redaksiyadan: QAZİLER.AZ saytının kollektivi Qarabağ Qazisi, ilk snayperçi qadın Növrəstə xanım Yusifovanı 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və uğurlar arzulayır.
Diaspora