“Gözümün qabağında maşından düşüb qızı qaçırdılar” Modern.az saytı kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” rubrikasına davam edir.
Bu dəfə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs böyüyüb, boya-başa çatdığı Ağdamın Abdal-Gülablı kəndindən danışacaq. QAZİLER.AZ modern.az-a istinadla bu maraqlı rubrikanın qonağını təqdim edir.Dünən Qulu müəllimin 48 yaşı tamam oldu. Amma 24 yaşına çatdığını deyir. Çünki Abdal-Gülablısız, Qarabağsız illər yaşının üstünə yaş gətirməyib. Eləcə cavan qalıb Qulu Ağsəs...
Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir: Qulu Ağsəs o yerləri, o illəri belə xatırlayır:
“Mən Gülablıyam”
-Abdal-Gülablını insanın ad-soyadına bənzədirəm. “Abdal” adamın adı, “Gülablı” isə soyadıdı. Hərdən elə bilirəm ki, mən bir adam itirmişəm...
Sara xanım Qədimova (SSRİ xalq artisti, xanəndə) jurnalistləri qəbul etmirdi. Telefonda “mən jurnalist deyiləm, Sara xanım, Gülablıyam” dedim. Orada maraqlı bir nüans oldu: Sara Qədimovanın səsi dəyişdi. O səs birdən birə “Novlu kəhriz”in gözündən tökülən suyun səsini xatırlatdı. O kəhrizin səsi gün ərzində başqa cür eşidilərdi, gecə isə tamam dəyişərdi. Sara xanımın səsini kəhrizin gecə səsinə bənzətdim. Dedi, evimi tanıyırsan? (Bakıda yaşadığı evi nəzərdə tuturdu). Hökumət Evinin yanında yaşayırdı. Dedim, tanıyıram. Amma mən onun evinə “İçərişəhər” metrostansiyasından Hökumət Evinə gedən yolla getmədim. Mən onun evinə bax belə “getdim”: Məmmədxanlardakı evimizdən çıxıb, üzüyuxarı qalxdım. Çoban Hüseynin evinin yanından itdən qorxa-qorxa adladım. Gəldim, Xasılara... Orada “Bala kəhriz”in üstündən su içdim. Qalxdım, Çıraqlıya, Çıraqlıdan “Ağacan kəhriz”in üstünə gəlib adamlarla görüşdüm, oradan da qalxdım kənd tirəsinə. Buradan o yana Qədimovların evini hamı tanıyır. Bax, orada Bəbiş kişinin evinə getdim. Sara Qədimova da Bəbiş kişinin qızıdır...
Abdal-Gülablını bax, beləcə gəzdim...
“Kölgəyə qısınanlar”
-İki otağı, balaca mətbəxi olan kasıb bir evimiz var idi. İmkanlı ailədə böyüməmişəm. Çünki atam II Dünya Müharibəsindən zədə ilə qayıtmışdı və həmin zədə onu dünyadan tez apardı. İki yaşım olanda atamı itirmişəm. Müharibədən qalan zədələr onun axırına çıxdı, həyatını məhv elədi. Biz 6 uşaq anamın himayəsində böyüdük. Sadə, son dərəcə təvazökar evimizdə hər zaman istilik olardı. Qardaş-bacı mehribanlığı evin divarlarını qızdırardı. Üstümüzdə həm də atamızın adı vardı, kölgə kimi başımızın üstündə dayanardı. “Demokl qılıncı” kimi yox da, qoruyucu kölgə kimi.... Kəndimiz dağ döşündə yerləşirdi. Sərin havası olardı. Amma lap 50 dərəcə isti olsaydı belə, həmin adın - Ağsəs kişinin kölgəsi yenə də bizi qoruyardı. Amma o kölgə adamı təkcə istidən qorumazdı... O kölgə eyni zamanda kənddə 100 dərəcə soyuq olsaydı belə, bizi o soyuqdan da müdafiə edərdi. Soyuq o adın kölgəsindən içəri keçə bilməzdi. Bizim üçün sərin kölgə idi atamızın adı: yayda istidən qoruyardı, qışda soyuqdan...
Atamın “cızma-qarası”
-Evin sonbeşiyi idim. Anadan olandan az müddət keçmiş atam rəhmətə getdi. Evdə dördayaqlı nə vardısa hamısı qırıldı, tələf oldu. Mal-qara, at-eşşək, qoyun-quzu- hamısı... Bundan sonra həyatım sanki kənd həyatından daha çox şəhər həyatına bənzədi. Böyük bacı-qardaşlarım artıq Bakıya köçmüşdülər. Təhsil, iş ardınca kənddən çıxıb getmişdilər. Mən anamla qalmışdım, evdə ikimiz olduğuna görə təsərrüfatımız ancaq toyuq-cücədən ibarət idi.
Evimizin üstü indiyə qədər yadımdadı. Ora bir nərdivanla çıxmaq olardı, bir də evin arxasından böyük qardaşlarım hazırladığı xüsusi üsulla qalxa bilərdik. Evin üstünə həmişə üzüm asardıq. Mis qablarımız vardı, onları nədənsə həmişə evin yuxarısına qoyardıq. Qalayçı gələndə onları qalaylayarıdı. Köhnə ayaqqabılar, işlənməyən əşyaların hamısını ora atarıq. Bir də evin üstündən aşağıya-evin içinə su damcıladan dəlmə-deşiklər var idi ki, ora dəmir qablar, vedrədən-vannadan qoyardıq. Sonra tez-tez qalxıb su ilə dolu qabları boşaldardım. Bir dəfə çap olunan şeirlərimin ön sözündə yazmışdım: “Atamın cızma-qara evi”. Daha doğrusu, “atamın cızma-qara evindən üzə bəri cızma-qara edə-edə...”.
Yetimlikdən qoruyan müdafiə səddi
-Adam böyüyəndən sonra bilir ki, valideyn olmaq, çətinliklə övlad böyütmək- özü də atasız 6 övlad- nə demək imiş. Adam sonra başa düşür ki, sən demə, yeməyin harası yaxşıdırsa, onu anan sənə yedirirmiş, ən yeyilməyən yerlərini özünə götürüb yalandan deyirmiş ki, burası xoşuma gəlir. Yəqin, o hissə heç ananın da xoşuna gəlmirmiş. Amma sən sağlam böyüyəsən, yaxşı qidalanasa deyə, yazıq arvad özünə zülm edirmiş. Səhər, günorta, axşam - gün ərzində ancaq fikri-zikri balalarını acından qorumaq olub. “Onlar nəsə yesinlər və bu camaatın yediyindən pis olmasın, kimdənsə geri qalmasınlar. Evin kişisizliyi, ailənin başsızlığı uşaqların üz-gözündə bilinməsin”, düşünərdin anam...
Yetimlikdən hər zaman qoruyub bizi. Məni isə bu yetimlikdən xüsusilə müdafiə etdi, qorudu. Sobeşik idim, məktəbə gedəndə hər gün cibimdə qəpik olardı. Çünki səhər çörək yemirdim, yeyə bilmirdim deyə, hər gün mənim cibimdə qəpik olardı. Sonradan fikirləşirdim ki, təqaüdçü ola-ola o qəpikləri necə boğazından kəsib mənə verirmiş?! Fikirləşərdi ki, səhər yeməyi yeməsə də böyük tənəffüsdə bir kojik, kökə, ya bir qoğal alsın, təki, balam ac qalmasın. Amma qəpik-qüpüklə, qoğal-moğalnan olsaydı nə vardı ki, anamın daha böyük fədakarlıqları olub. Elə hər birimizin üzərində...
Bizim evin “bayramı”
-Evimizlə bağlı ən çox yadımda qalan əhənglənmiş divarlardı. Bir də evin bir tərəfində anam, dayım və babamın şəkli var idi, o yadımda qalıb. Tapdıq babam, Məhəmməd dayım və anam Səmayənin divardan asılı şəkli... Anam onların şəklini böyütdürüb, öz şəklini də yanlarına vurmuşdu. Çox istəyirdi onları. Hər ikisi dünyalarını dəyişmişdilər. Evin bir tərəfindən həmişə o şəkli görərdik.
İldə heç olmasa bir dəfə evimizin divarlarını əhəngləyərdik. Xüsusən də, Novruz bayramı ərəfəsində divarın əhənglənməsi bizim üçün böyük bayram idi. Hələ oboy, divar kağızları və s. bizim kəndə gəlib çatmamışdı. O kəndə ümumiyyətlə çox şey hələ girməmişdi, gəlib çatmamışdı. Hətta gəlsəydi də belə, hamının əlinin çatası şeylər deyildi. Gərək, kifayət qədər imkanlı ailədən olaydın ki, evin üstünü ayrı, içini ayrı bəzəyəydin. Kənddə lepkalı ev mənim yadıma gəlmir. Bizim kənddə elə bir ev yox idi.
“Od qoruyan”
-Evdə “solyarka peçi” işlədərdik. Çünki odun daşımaq, yarmaq çətin idi. Böyük çənimiz vardı, evdən təxminən, 50 metr məsafədə qoymuşduq. İldə iki dəfə yanacaq maşını gələrdi, biz də o çəni doldurardıq. “Solyarka peçi” də elədir ki, gərək, gecə yatanda onu mütləq söndürəsən. Çünki bir dəfə bizdə yanğın olmuşdu, evimiz alışıb-yanmışdı. Ona görə də təhlükənin qarşısını qabaqcdan almaq lazım idi. O da belə idi ki, söndürən kimi ev bumbuz olardı. Üşüməyək deyə, anam gecə vaxtı dəfələrlə durub o peçi yandırar-söndürərdi. Demək olar ki, gecə yatmırdı ki, evin hənirtisi qalsın, ev isti olsun.
“Quyu qonaqlığı”
-Həyətimizdə bir quyu vardı, suyu 13 metrdən çıxardı. Tərkindən buz kimi su gələrdi. Ətrafında kiçik ərazidə göy-göyərti əkmişdik. Dərsdən gələndə təhnədən çörəyin yarısını qoparıb quyunun başına gedərdim. Oradan motoru işə salıb ləkə vurardum. Özümlə bir parça pendir də götürərdim. Keşniş, turp, vəzərini pendir-çörəklə ləzzətlə yeyərdim. Hə, bir də o quyunun bumbuz suyu... Ancaq bir də görərdim, anam gəlib deyir ki, yemək bişirmişəm, sən isə quyunun başında... Ayıbdı, görərlər, yəqin elə bilərlər ki, yeməkləri yoxdu.
Amma quyunun başındakı o bir tikə pendirlə çörəyi göyərti ilə yemək o qədər xoşuma gələrdi ki...
Yuxu ilə gerçəklik arasındakı Abdal-Gülablı
-Ən çox evimiz yuxuma girir. Bu yaxınlarda yenə də evimizi, həyətimizi yuxuda gördüm. Görürəm ki, maşını evimizin qabağında saxlamışam. Amma kimsə qonşunun evinin qarşısına sürüb aparıb. Fikirləşirəm, axı açar məndədi, bunu yerindən kim tərpədib? Sonra görürəm ki, həyətimizdəki tutun dibində iki maşın var: biri “Qazel”di, o biri balaca maşın. Fikirləşirəm ki, yəqin, qonaqlarımız gəlib. Amma artıq o yuxuda belə rayonun, kəndin işğal altında olduğunu bilirəm. O biri tərəfdən də düşünürəm ki, yəqin işğaldan qurtulub. Budur bax, qonaqlarım da var...
Kəndimizin “xəbər saytı”
-Kənddə ürəyim, canım qaldı. Kənddən çıxanda təmiz nə varsa, hamısını qoyub gəlirik. Təmizliyim, saflığım, uşaqlığım- hamısı orada qaldı.
Ən çox “Novlu kəhriz”i üçün darıxıram. Onun üstündə yığışardı adamlar. Bütün xəbərlər, kəndlə bağlı məlumatlar, zarafatlar, acılar - hamısı orada bölüşülərdi. Gəlinlər paltar yuyar, qızlar su daşıyardı. Kişilər kəhrizin yanında yığışar, söhbətləşdərdilər. Ora sanki bizim “saytımız”, “xəbər portalımız” idi. Bir dəfə ora gedib-dəyməklə gün ərzində kənddə nə vardısa, nə baş vermişdisə- kim özünə ayaqqabı alıb, kim atını dəyişib, kimin camışı qızıb kimin maşınını buynuzlayıb, kimə elçi gəlib, kim ağır xəstədi, toy nə vaxt çalınır, yas nə vaxt qurulur- hamısını bilmək olurdu. Oradan ötrü çox darıxıram.
Daha sonra müharibə müzakirələri, könüllülər söhbətləri-bunların hamısı o kəhrizin yanında yarandı. İlk könüllülər dəstəsi ora yığılar, oradaca qərar verərdilər. Kimlərin hansı postlara gedəcəyini dəqiqləşdirdilər. Müharibə zamanı ora gedəndə qabaqlar bir növ, “şou saytı”na oxşayan o “xəbər portalı”, yəni, kəhrizimiz indi Müdafiə Nazirliyinin “saytı” olmuşdu. Artıq “Novlu kəhriz”in üstündən biz ölüm-itim, cəbhə xəbərlərini eşidərdik. Yaralı əsgər xəbərlərini alardıq. İndi deyə bilmərəm, ora qalıb, ya qalmayıb. Bəlkə də, indiyə dağıdıblar. Amma çox istərdim ki, yenidən orada olam. Bizim “xəbər portalında”...
Bir kəhriz əhvalatı
-Uşaq idim, bir dəfə həmin kəhrizə getmişdim. Gördüm ki, ora yığışanlar yavaş-yavaş aralanırlar. Bir-birilərinə göz-qaş edə-edə, pıçıltıyla nəsə deyə-deyə kəhrizdən uzaqlaşırlar. Müəmmalı vəziyyət yaranmışdı, amma mən anlamırdım. Uşaq fəhmim nə baş verdiyini kəsdirə bilmirdi. Birdən bir qız səhənglə gəlib su götürmək istəyəndə qəfil bir maşın kəhrizə yaxınlaşdı. Maşından iki nəfər düşdü. Biri qızın qolundan tutdu, biri qapını açdı. Qızın qışqırığna məhəl qoymadan, “əl çək, nə edirsiz”, “başınıza oyun açacam!” deməyinə əhəmiyyət vermədən zorla maşına oturdub apardılar. Dəhşətə gəldim. İstədim köməyə adamları çağırım. Adamları səslədim, bir də gördüm hərəsi bir ağacın dalından çıxdı. Sən demə, hamı bayaqdan elə bu səhnəyə baxırmış. Dedim, bəs, qızı apardılar. Dedilər, əşi, qorxma, qız qaçırmaq görməmisən. Bizdə qızı belə qaçırırlar. Dedim, axı zorakılqdı. Cavab verdilər ki, nə zorakılıq...
Sonradan anlamışam ki, qız da bunu istəyirmiş, sadəcə, qışqırmalı imiş. Qız onsuz da bilirdi ki, hamı ona baxır. Elə o məqsədlə də kəhrizə gəlibmiş. Sən demə, onu hamı güdürmüş, bircə aydın görən isə mən idim. O kəhrizlə bağlı ən maraqlı xatirlərimdən biri də bu idi.
Təhlükəli “serenada”
-Bir boru var idi, haradasa 8-9 metr hündürlükdən keçirdi. Çayın sağ və sol tərəfindən çıxan iki kəhrizi birləşdirirdi. Oğlanlar gəlib heç nədən tutmadan o “turba”nın üstünə çıxar, o yandan bu yana adlayardılar. Onlar bununla kənddə hansısa qızı sevdiyini bəyan edirdilər. Çox təhlükəli iş idi. Yəni, bizim kənddə qız istəmək də xəta idi (gülür). Gərək, mütləq o üzdən-bu üzə adlayaydıq. Ordan düşdünsə, bu, ölüm idi. Amma oğlanlar dımir borunun üstündən keçirdilər. Çayın sol-sağ tərəfindən adlayırdılar. Bununla da sevgilərini göstərirdilər.
Ehh, Abdal-Gülablı, Gülablı...
-Abdal-Gülablı Qarabağda, Ağdamda yeganə kənddir ki, burada aşıqlar olub. Aşıq Səməd, Aşıq Abbasqulu, Aşıq Valeh olub. Burada Aşıq Valeh kimi çox nəhəng aşıq yaşayıb-yaradıb. Zamanında ustad aşıqlar ona biyət ediblər.
Abdal-Gülablı hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu. Ağdama bir çıxış vardı. Gözəl təbiəti, dumduru suları vardı. Şuşadakı məşhur Xarı bülbül bizim kənddə də bitirdi. Eynən Şuşanın havası burada da olardı. Ona görə də ümumittifaq səviyyəsində sanatoriyanı bizim kənddə saldılar. “Gülablı sanatoriyası” hər yerdə məşhur idi. Firudin bəy Köçərlinin kitabında belə bir yazıya rast gəldim: “Şuşanın bütün şahzadələri Gülablı analarının döşündən süd əmmiş, bütün sazəndələri bu kənddən çıxmışlar”.
Bir yazının tarixçəsi
-Kənddə anamla ikimiz qalırdıq. Birinci il universitetə girə bilməyib, əsgərliyə getdim. Elə mən gedən kimi qardaşım gəlib anamı da özü ilə Bakıya apardı ki, tək qalmasın. Qardaş-bacılarım məndən çox böyük idilər. Bakıda evləri-eşikləri, uşaqları vardı. Əsgərlikdən qayıdandan sonra gedib kəndə baş çəkdim. Böyük şəhərlər, kənar yerlər görmüşdüm, amma Abdal - Gülablıya yenidən qayıdanda mənim üçün heç nə dəyişmədi. Böyük şəhərlər, böyük adamlar o kənddən heç nəyi almadı. Oranı bir az da sevdim. Qonaqpərvərlik, saflıq məni riqqətə gətirdi. Fikirləşdim, nə qədər saf adamlar varmış, heç bunların qədrini bilməmişəm. Oradakı yalanlar, ziyanlar da təhlükəsiz, zərərsiz idi.
O zaman məlum münaqişələr artıq başlamışdı. Adamların üzündə kədər, səksəkə, qorxu var idi. Simaları dəyişmişdi. Ətraf erməni kəndləri bizi artıq atəşə tutmağa başlamışdı. İlk vaxtlar cavan-qoca, hamısı atışıb postlara gedərdilər. Sonradan mən də o postların birinə gedib oradan yazı hazırladım. “Azərbaycan gəncləri” qəzetində çap olundu, böyük qalmaqal yaratdı. Kəndin o vaxtkı rəhbərini həmin yazıda tənqid etmişdim. O və ətrafı məndən çox narazı qalmışdı. Könüllüləri isə əksinə, tərifləmişdim. Həmin könüllüləri ki, o zaman arzuolunmaz adamlar hesab edilirdilər. Mən onları müdafiə edib, tərifləmişdim. Yazı xeyli mübahisələrə səbəb oldu. Kəndçilərimin bir qismi, rəhbərlikdə olanlar məndən incidi. Amma postda olan sadə adamlar məni daha çox istədilər. Çünki onların sözünü yazmışdım. Onlar silah istəyirdilər, vuruşmaq, ailələrini, ev-eşiklərini, ən əsası torpağını qorumaq istəyirdilər. Amma həmin dövrdə onları incidirdilər. Könüllülərin posta getməklərini istəmirdilər, tələb edirdilər ki, işə çıxsınlar. Adamlar isə posta çıxmağa məcbur idi. Çünki ermənilər kəndləri atəşə tuturdular. Bizimkilərə isə müdafiə üçün nəinki silah verirdilər, heç posta çıxmağa da qoymurdular. Sonra isə könüllü müdafiə batalyonu yarandı. Kəndə polislər təhkim olundu. Kəndimiz yavaş-yavaş Qarabağın ən qaynar nöqtələrindən birinə çevrildi. Bakıda işləyəndə hər gün kəndimiz haqqında yeni xəbərlər eşidirdim: “Bu gün Noraşendən Abdal -Gülablıya atıblar. “Bu gün başqa yerdən atəşə tutublar”. Televiziyada hər gün kəndimizin adı çəkilirdi.
Son...Yaxud, “Qəbiristanlıq arzusu”
-Abdal-Gülablıya getsəm, birinci qaçacağım yer? - Atamın qəbri... Təkcə atamın qəbri yox e, oradakı bütün qəbirlər, bütün qəbiristanlıq... Ümumiyyətlə, əgər qismət olsa, ilk ziyarət edəcəyim yer kəndin girəcəyindəki qəbiristanlıq olacaq. Oradakı bütün kişilər mənim atamdı, bütün qadınlar mənim anamdı, bütün qızlar bacılarım, oğlanlar qardaşlarımdı. İlk abadlığın da oradan başlamasını istərdim. Çünki biz o ölülərə çox borcluyuq. Dünən anadan olduğum gün idi. Soruşdular ki, neçə yaşınız oldu? Dedim, 24. Dedilər, axı 48-di. Cavab verdim ki, Qarabağın işğalından sonrakı illəri saymıram. Çox istərdim ki, Allah həmin müddəti –qarabağlı illəri yenidən mənim ömrümə yazsın.
modern.az