Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu “Yeni Müsavat”a döyüş xatirələri, Qarabağ qazilərinin problemləri, ordumuzun vəziyyəti və digər bu kimi məsələlər barəsində danışıb.
QAZİLER.AZ saytı olaraq Rey Kərimoğlu ilə həmin müsahibəni təqdim edirik:- Aprel döyüşləri zamanı şəhid olmuş hərbiçilərimizə ictimaiyyət və dövlət tərəfindən olan münasibət sizi qane edirmi?
- Çox yüksək qiymətləndirirəm. Ötən il baş verən aprel döyüşləri gözlənilən hadisə idi. Bütün hərbçilər hiss edirdilər ki, nə isə baş verəcək. Çünki yeni müdafiə naziri təyinatı olandan sonra orduda müsbətə doğru canlanma başlamışdı. Bunun ardınca isə müdafiə nazirinin bir neçə bəyanatı oldu. Bilirsiniz ki, 2014-cü ilin yayında, 2015-ci ilin avqustunda qısa döyüşlər oldu. Həmin ərəfədə Zakir Həsənov bəyanatlar səsləndirərək bildirdi ki, düşmən bizim dinc əhalini iriçaplı silahlardan atəşə tutur. O dedi ki, əgər düşmən bunu dayandırmayacaqsa, biz düşməni susdurub, onların atəş nöqtələrinə qədər gedə bilərik. Bu, iki dəfə cənab nazirin dilindən səsləndirilib.
Orduda olanlar bilirlər ki, bu, adi bəyanat deyil. Erməni isə əməllərinə davam edib, dinc əhalini iriçaplı silahlardan, toplardan atəşə tutdu. Son anda Azərbaycan məcbur olub düşmənin hücumunun qarşısını aldı. Çox vacib bir addım atıldı. Bir şeyi deyim ki, aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələrinin ərazidəki dislokasiya olunmuş hərbi qüvvələrinin 3-4 faizindən istifadə edildi. Yazırdılar ki, Azərbaycan genişmiqyaslı hücuma keçdi. Ancaq bu, genişmiqyaslı hərbi əməliyyat deyildi. Biz, sadəcə olaraq, düşmənin atəş nöqtələrini susdurub, lazımi nöqtələri götürdük.
- Bəziləri indinin özündə də Lələtəpə yüksəkliyini sadəcə bir təpə kimi xarakterizə edirlər. Siz necə düşünürsüz?
- Sosial şəbəkələrdə bu kimi fikirlər səsləndirənlər var. Cəmiyyətdə bu cür düşünən iki tip insanlar var. Bir qismi yüksəkliyin azad olunması zamanı həlak olanlara acıdıqları üçün bu cür fikirlər səsləndirirlər. Digər bir qisim isə “beşinci kolon”un nümayəndələridir. O təpənin əhəmiyyətini anlayan adam bu cür danışmaz. 1993-94-cü illərdə həmin ərazidə çox ciddi hərbi əməliyyatlar oldu. Biz aprel ayında verdiyimiz şəhidlərdən 10 dəfə artıq həmin ərazidə şəhid vermişik. Ancaq Lələtəpə yüksəkliyini azad edə bilməmişik. Lələtəpə olduqca strateji yüksəklikdir. Görürsünüz ki, Lələtəpə qaytarıldıqdan sonra Cocuq Mərcanlı kəndinə qayıdış başladı. Bunun özü çox şeydən xəbər verir. 1993-cü ildə mərhum prezident Heydər Əliyev səfərbərlik elan etdi. 1993-cü ilin dekabr ayından başlayaraq cəbhənin bütün istiqamətlərində hücum əməliyyatları başladı. Həmin istiqamətdə də Füzulinin 23 kəndi düşməndən azad edildi, ancaq Lələtəpədən o tərəfə keçə bilmədik. Orada böyük döyüşlər oldu. Bu gün aprel hadisələrinə yanlış qiymət verən insanlar o zamankı hadisələrdən xəbərsiz olanlardır. Onlar bilmirlər ki, biz həmin ərazidə nələr itirmişik.
Bu gün o ərazidə Azərbaycan ordusu itirilmiş torpaqlarının böyük bir hissəsinə nəzarət edə bilir. Növbəti həmlədə artıq çox güman ki, strateji yaşayış məntəqələrimizi qaytaracağıq. Eləcə də Talış yüksəkliyi istiqamətində də çox böyük uğurlu irəliləyişimiz olub. Kim ki, torpağın azad olunmağını istəyib, itkini istəmirsə, o adam anormaldır. İtkisiz torpaq qayıtmayacaq. Qorxaqlar, yaltaqlar narahat olmasınlar. Ömrünü orduya həsr edən hərbçilərimiz var ki, onlar torpağı azad edəcəklər. Öləndə də elə onlar öləcəklər. Talış istiqamətində elə yer var ki, 7 kilometr irəliləmişik.
Talış kəndi bizim ordumuzun nəzarətindədir. İndi bəziləri də deyirlər ki, Talış ermənidədir. A kişi, erməni gedib harasa “Talış” sözü yazılan lövhə basdırıb, bunu çəkib yaya bilməzmi? Niyə özümüzünkülərə inanmırsız, erməniyə inanırsız? Vətəndaşlıq məsuliyyətdir, ölkənin ərazi bütövlüyünü qorumalıdır. Hüququnu tələb edirsənsə, vəzifəni də icra etməlisən. Deyirlər ki, heyf o oğlanlardan ki, öldülər. Nə üçün heyf? 1990-cı illərin əvvəllərində də oğullarımız öldü də. Bu oğul da bizimdir, torpaq da. İndi torpağı azad etməyək? Biz 1990-cı illərdə Vəzir Orucov, Allahverdi Bağırov, Yusif Mirzəyev, Əliyar Əliyev, Şirin Mirzəyev kimi də oğlanlar itirmişik. Hələ üstəlik, torpağımızı da itirmişik.
“İcra başçılarından narazıyıq, onlar özlərini kiçik padşahlar kimi aparırlar”
- Tez-tez cəbhə xəttinə də səfərlər edirsiz. Döyüşçü kimi əsgərlərin, hərbçilərin ruh yüksəkliyini necə dəyərləndirirsiz?
- 1990-cı illərin əvvəlləri ilə indiki zamanda müqayisəyəgəlməz dərəcədə ordumuzda dəyişiklik var. Əslində o zaman düşmən hücumunun qarşısını ala-ala ordu yaradılırdı. Bu, çox çətin proses idi. Ancaq hesab edirəm ki, 1990-cı illərin əvvəllərində insanların içərisindəki ruh yüksəkliyi çox böyük idi. Aprel hadisələrinə qədər içimdə ümidsizlik vardı ki, o ruh yüksəkliyi insanlarda qalmayıb. Ancaq aprel hadisələri zamanı bunun əksinin şahidi olduq. Hər kəs hücumun dayanmamasını tələb edirdi. 2016-cı ilin 2 aprel tarixində təşkilat rəhbərləri olan Etimad Əsədov, Şəmistan Əlizamanlı, Umud Rəhimoğlu, Mehdi Mehdiyev, Emin Həsənli, Məhəmməd Vəliyev, Ədalət Məhərrəmov, Füzuli Rzaquliyev, Nəsimi Qarabağlı və digərləri ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə rayonlara yola düşdük. Biz orada olduğumuz zaman döyüşlər başladı və Gəncədə, Ağcabədidə, Tərtərdə, Füzulidə ilk şəhidlərin dəfnlərində iştirak etdik. Tərtərə gəldik ki, rayon icra başçısı köhnə döyüşçüləri yığıb, böyük toplantı keçirir. Orada xeyli sayda insan var idi. Ağdamda da eyni mənzərənin şahidi olduq. İcra başçısı Raquf Məmmədov, döyüşçü dostlarımızın hamısı hərbi paltarlarını geyinmişdilər. Bir yaralı gələndə dərhal hərbi polis onu müşayiət edirdi. Şəhidin olduğu maşın yola düşəndə bütün yollarda hərəkəti dayandırırdılar. Bu işlər çox mütəşəkkil formada qurulmuşdu. Ələlxüsus da həmin ərazidən olan keçmiş döyüşçülərin hamısı ayaqda idi və ön cəbhəyə getməyi düşünürdülər. Bizim özümüzə xanım jurnalistlərdən belə müraciət edirdilər ki, nə isə olsa bizim də adımızı siyahıya salın. Aprelin 8-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yenidən cəbhə xəttinə səfərimiz oldu. Çox ciddi geyim qaydalarına əməl etməklə səfərimiz başladı. Gecə əsgərlərimizlə birlikdə olub, gündüz ön cəbhədə onlarla birlikdə keşikdə dayandıq. Əsgərlərimiz bizdən soruşurdular ki, bu ermənilər torpaqlarımızı necə işğal ediblər? Əsgərlər deyirdilər ki, ermənilərə güllə atırıq, dovşan kimi qaçırlar. Orada ordumuzun hərtərəfli gücünün şahidi olduq. Əsgər və zabitlərdə çox böyük ruh yüksəkliyi var idi.
- Döyüş xatirələrinizi bir kitab halına salmağı düşünürsünüzmü? Bu, həm də bir tarixdir.
- Lent.az saytında mənim xatirələrimin böyük bir hissəsi, 30 yazı verildi. Dostlarımızın təkidi ilə həmin yazıları yazdım. Bu yaxınlarda həmin yazıları kitab halında hazırlamışıq. Saytda yazıların redaktoru Qabil Abbasoğlu, kitab formasında isə Səhər Əhməddir. Yəqin ki, yaxın zamanlarda “APA holdinq”in təşkilatçılığı ilə həmin yazılar kitab halına salınacaq. Torpaqlarımız işğal olunanda, Bakıya gəlib burada ədalətsizliklə qarşılaşan zaman həmişə içimdə təəssüf hissi olurdu ki, niyə şəhid olmamışam. 18 yaşlı xeyli sayda oğullarımız var ki, onlar həyatda heç nə görmədən şəhid olublar. Xatirələrimi yazanda düşündüm ki, nə yaxşı ki, bunu etdim. Ən azından həmin uşaqların ruhları bir qədər təskinlik tapar ki, onların taleyi geniş oxucu kütləsinə çatdırıldı. Bəlkə də Allah məni həmin dostlarımızın cəmiyyətə təqdim olunması üçün sağ saxladı. İki dəfə minaya düşmüşəm, ancaq sağ qalmışam. Xeyli sayda oğulların qəlblərində heç kimə demədikləri sevgiləri qaldı. Aqil Abbasın “Dolu” romanında pələnglə əjdahanın dialoqu var. Orada pələng ölən zaman əjdahaya deyir ki, mən qız görmədim... Müharibədə nə qədər evlənməyən, qız sevməyə vaxtı olmayan oğullarımız şəhid oldular. Heç birinə də ad verilmədi.
- Qazilərin problemləri nədir?
- Ən böyük problem münasibət problemidir. Xüsusilə də daha çox icra başçılarından narazıyıq. İcra başçıları özlərini kiçik padşahlar kimi aparırlar. Özlərini göydə tutub, elə hörmətsizliklər edirlər ki, sözlə ifadə olunası deyil. Prezident tapşırıq verir, ancaq məmurlar bunun əksini edir. Qazi gedir icra başçısının yanına, bəzi icra başçıları deyirlər ki, nə olsun prezident elə deyib. Yaxud da digəri deyir ki, vəsaitimiz yoxdur və sairə. Günlərlə qaziləri, şəhid ailələrini qapılarında saxlayırlar. İcra başçıları, müxtəlif strukturların adamları bu insanlara hörmətlə yanaşmalıdırlar.
Şəmkirdə aprel şəhidi dəfn olunan zaman icra başçısı Alimpaşa Məmmədov dedi ki, hər birimiz şəhid analarının qarşısında diz çöküb, onların əllərindən öpməliyik. Daha sonra dediyini də etdi. Hər bir icra başçısı, dövlət məmuru bunu etməlidir. Ancaq belə deyil. Münasibət dəyişərsə, bütün problemlər həll olunar. Elə bil ki, bu şəhid gedib icra başçısının əzizinə güllə atıb. Düşünürəm ki, bu, planlı şəkildədir. Hakimiyyətin içərisində bir qrup var, qəsdən şəhid ailələrini gözdən salıb, qazilərə hörmətsizlik edirlər ki, gənclər ruhdan düşüb gedib Qarabağda vuruşmasınlar. İndiyə qədər hansı icra başçısı gedib şəhid anasının qapısını döyüb ona bir gül verib? Hansı qazi ailəsinə gedib, onun anası ilə görüşüb ki, ay ana, oğul böyütdün qazi oldu, indi də 180 manat pensiya veririk, çox sağ ol ki, səsini çıxarmırsan.
“Bu gün aprel hadisələrinə yanlış qiymət verən insanlar, o zamankı hadisələrdən xəbərsiz olanlardır”
Şəhid ailələrinə, qazilərə şamil edilmiş sərəncamların, qanunların icrasına nəzarət edəcək bir komissiya yaradılmalıdır. Bunu illər öncə də dedik və bizim təşkilatımızı dağıtdılar. Yenidən təşkilat yaradıb, indi-indi formalaşmağa başlamışıq. Bunları edənlər dövlətimizin içərisində olan Rusiyanın və digərlərinin maraqlarına xidmət edən qullardır.
Bu gün Qarabağ qazilərinin ən ümdə problemi səhiyyə ilə bağlıdır. Səhiyyə Nazirliyi əlindən gələni etsə də, bu gün qazilərin əksəriyyəti qaraciyər, hepatit xəstəliklərindən əziyyət çəkirlər. Onların da müalicəsi üçün böyük vəsait tələb olunur. Hepatitlə bağlı komissiya yaradılıb dərmanlar paylanır. Ancaq bu da effekt vermir. Çünki adam var ki, həmin dərmanlar ona düşmür. Eyni zamanda qazilərə bəzi yol polisləri də çox böyük problemlər yaradırlar. Şəhid olanlara, yaralananlara sığorta verilməlidir. Bunu bir qisim alsa da, böyük əksəriyyət 20 ildir ki, ala bilmir.
Ali Məhkəmənin də bununla bağlı qərarı var. Ancaq xeyri yoxdur, ödənilmir. Eyni zamanda ev problemi də həmçinin. Şəhərdə nə qədər ticarət mərkəzi tikilir, ancaq Qarabağ əlilləri üçün bunlardan heç biri tikilmir. 20 il müraciət, şikayətdən sonra cəmisi 5 min adama ev verildi. İndi belə çıxır ki, bir 20 il də ötməlidir ki, digər 5 minin şikayətinə baxılsın. Belə münasibət olar? Bütün bunlarda əsas günahkar maliyyə naziri Samir Şərifovdur. Hər şeyə pul xərcləyirlər, ancaq qazilərin, şəhidlərin problemi gələndə, deyirlər ki, büdcədə pul yoxdur. Şəhidin dəfni üçün 3 min manat pul verilməlidir. Bununla bağlı prezidentin sərəncamı da var. Ancaq Maliyyə Nazirliyi bu pulu da ayırmır. Ya cənab prezidentin bu problemdən xəbəri yoxdur, ya da bunu başqa formada ona çatdırırlar. Yoxsa inanmıram ki, o bunları bilib, göz yumsun.
- Qazilər.az saytı qarşıya qoyduğu məqsədlərə çatıbmı?
- "Qarabağ Qaziləri" İctimai Birliyi olaraq, bizə mətbuat orqanı hər zaman lazım olub. Çünki elə məsələ var ki, biz onu özümüz qaldıran zaman dövlət strukturlarında daha aydın başa düşülür. Çünki adicə hər hansı bir məmura heç zaman bağlılığımız olmayıb. Qazilər.az saytına qədər mətbuatda sıx işləmişik. Lakin gördük ki, elə şeylər var ki, onu həmin saytlarda vermək düz gəlmir. Nəticədə öz saytımızı yaratmaq qərarına gəldik və artıq 3 ildir ki, fəaliyyətdəyik. Saytı heç kim maliyyələşdirmir. Elə qazilərin öz vəsaiti hesabına, çox cüzi vəsaitlə fəaliyyət göstəririk. Sağ olsun Rauf Arifoğlu, heç bir təmənnasız qazilər.az saytının banner-reklamını musavat.com saytına yerləşdirib. Həmçinin qol.az saytı da. Çalışırıq ki, sırf ciddi xəbərlər verək. Daha çox Qarabağ əlillərinin problemlərini işıqlandırıb, onlarla bağlı xəbərləri veririk.
Əli RAİS
Fotolar: «Y.M.»