Anar Nəcəfli: “Mətbuatla əlaqələri yaxşı quracağam”
Uzun müddət ayrı-ayrı telekanallarda fəaliyyət göstərmiş tanınmış jurnalist Anar Nəcəfli “Azəryolservis” ASC-yə yeni mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmuş Anar Nəcəfli bu sahədə mühüm təcrübəyə malikdir.Yeni mətbuat katibinin media ilə əlaqələri necə quracağı ilə bağlı onunla söhbətləşdik. Publika.az onunla müsahibəni təqdim edir:
- Anar müəllim, ilk öncə sizi yeni işinizlə bağlı təbrik edir, uğurlar arzulayırıq!
- Çox sağ olun, təşəkkür edirəm.
- Mətbuat xidmətinin rəhbəri olaraq media ilə işinizi necə quracaqsınız?
- Hələ işə təzə başlamışam. Bu qurumun strukturu, iş fəaliyyəti ilə tanış oluram. Bildiyiniz kimi, həmişə mətbuatda çalışmışam və media ilə işi daha yaxşı bilirəm. Ona görə də əlaqələri də normal quraram, inşallah.
- Yeni vəzifəyə təyinatınız gözlənilməz olmadı ki?
- Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinatım rəsmi olaraq bu gün təsdiqlənib. Artıq bu gündən işə çıxmışam.
- Bəzi jurnalistlər ayrı-ayrı qurumların mətbuat xidmətlərinin rəhbərləri ilə ünsiyyət qurmaqda çətinliklərlə qarşılaşırlar, onları tapmaq müşkülə dönür. Bəs siz işinizi necə qıracaqsınız?
- Düşünürəm ki, mətbuatda çalışdığım üçün işi də normal şəkildə qura biləcəyəm. Jurnalistikada uzun müddətdir fəaliyyətim olduğundan media orqanlarını, mətbuat nümayəndələrini yaxından tanıyıram, bəzi jurnalistlərlə dostam, səmimi münasibətlərimiz var. Bu baxımdan, hesab edirəm ki, mənim mətbuat orqanları ilə ünsiyyətimdə çətinlik olmayacaq.