“Müharibə təkcə səngərdə yox, informasiya sahəsində də aparılır“ — Hərbi ekspert

“Müharibə təkcə səngərdə yox, informasiya sahəsində də aparılır“ — Hərbi ekspert backend

Ermənilərlə səngərdən başqa informasiya müharibəsində də üz-üzə dayanmışıq. İnformasiyaların gecikməsi, vaxtında reaksiyaların verilməməsi düşmənin əlinə fürsətlər verir. Düşmən tərəfi ani gecikmələrdən istifadə edərək yalan informasiyalar yayır, bu isə insanlar arasında təşvişə səbəb olur. Bir çox oxucular yerli mətbuatla yanaşı erməni mediasını da izləyir. Bu isə ermənilərin əlinə fürsət verir ki, özlərinə sərf edən məlumatları yayımlasınlar.

İnformasiya müharibəsi barədə "Ölkə.Az"-ın suallarını hərbi ekspert Abuzər Əbilov cavablandırıb:

- Azərbaycan Ermənistan arasında gedən informasiya müharibəsi kimin xeyrinədir?

- İnformasiya müharibəsi hərbi, təhlükəsizlik anlamında böyük bir konsepsiyadır. Əsasən bir neçə sərhəd istiqamətində bizə düşmən münasibətdə olan dövlətlərlə əhatə olunmuşuq. Bu dövlətlərin bir çoxu bizim ərazi bütovlüyümüzü dəstəkləsələr də, hərəkət və məramlarında bizim dövlətin müstəqilliyi onların siyasi maraqları ilə üst-üstə düşmür. Əsasən dövlətləri öz maraq dairəsində görmək istəyən Rusiya və İran üzdə bizim haqq işimizi tanısalar belə, gizlində işğalçı Ermənistanla hərbi, iqtisadi sahələrdə əməkdaşlıq edir və onları müvafiq silah və sursatla təmin edir. Hətta İranın və Rusiyanın KİV-ləri belə militarist planlarını gizlətmir. İranın “Səhər”, Rusiyanın “NTV” kanalları və mətbu orqanları hər zaman Azərbaycanın haqq işini kölgələməkdə israrlıdırlar. Bu heç də KİV-lərin özlərinin müstəqil baxışı deyil. Səbəb çox dərindir. Hər kəs Azərbaycanda xaos olmasını və bu ölkəni özünün quluna çevirmək istəyir. Yaxın günlərdə bir sıra xainlərin də müxtəlif yollarla Ermənistana “pənah” aparması da bu kimi ölkələrin mənfur planlarının bir hissəsidir. Burada müxtəlif “xeyir” anlamları var. Qafqazda özünün iqtisadiyyatı, güclü və müasir ordusu olan Azərbaycanın apardığı müstəqil və balanslaşdırılmış siyasət və onun heç bir güc dövlətinə bağlanmaması həm Ermənistanı, həm İranı, həm Rusiyanı qıcıqlandırır. Lakin gəlin baxaq. Bir çox sahələrdə inkişaf etmiş Azərbaycan, informasiya müharibəsində tam məğlub olmasa belə, geriləmə aşkardadır. Çox zaman bizim XİN və MN hadisələrin arxasınca qaçaraq çatmağa çalışır. Öncəlik, ilk zərbə vurmaq prinsipləri ləngidiyindən, insanlar xarici KİV və sosial şəbəkələrin görünməyən həbsxanalarının dustağına çevrilirlər. Bu zaman şayiələr artır, qarşıya qoyulmuş və müvəffəqiyyətlə icra olunmuş bir çox məsələ aktuallığını itirir və şübhə mənbəyi olur. Beynəlxalq aləmdə də geriləmələr qabarıqdır. Təminatına büdcə vəsaiti ayrılmış, xaricdə fəaliyyət göstərən lobbi və digər təşkilatlar, Azərbaycanın sözünü loyal və zəif ifadə etməkdən başqa, öz fəaliyyətlərini zəif aksiyalar, təbliğatlar və təşviqatlar üzərində qurur. Burada bizim xarici dövlətlərdə olan səfirlik və konsulluqlarımızın da günahı böyükdür. Azərbaycanın haqq səsini, haqlarını bəzən kiçik tədbirlərlə həll edib, işlərini bitmiş hesab edirlər. Tarixin böyük üz qarası olan Xocalı soyqırımı, ərazilərin işğalı problemini yetərincə təbliğ etmədiyimiz üçün bir çox tanınmış dövlətlərdə Ermənistan işğalçı kimi tanınmır, hətta qondarma soyqırımlarını da müvəffəqiyyətlə dünyaya sırıya bilirlər. Burada həvəs və maddiyyat yox, bir nöqtəyə əzmlə zərbə vurmaq prinsipi var. Millət və vətən yolunda maddiyyat öndə yox, arxa planda olmalı, haqq səsi çatdırmaq üçün daha səlist, cavan və kommersiyadan uzaq diplomatlar irəli çıxmalıdırlar. Yalnız bu zaman hansısa irəliləmədən söhbət açmaq olar.

- İnformasiya müharibəsini necə qurmalıyıq?

- Bu çoxşaxəli və çətin sual olsa belə çalışaram hər birinə aydınlıq gətirim. Fikrimcə, daxili və xarici müharibə anlamı var. Xaricdə belə müharibələrin keçirilməsi ücün münbit şərait var. Səfirlik və konsulluqlarımızın ştat strukturuna baxsaq, görərik ki, bu işlərin aparılması üçün məsul insanlar var. Lakin onların məsələ ilə lazımi səviyyədə məşğul olmaları sual altındadır. Ermənilərin ənənəvi olaraq bir çox Avropa dövlətlərinin siyasi idarə və rəhbərliklərinə siyarət etdiyi fonunda, biz sadəcə olaraq rəsmi tədbir və mərasimlərlə kifayətlənməməliyik. Bir çox beynəlxalq təşkilatların ikiüzlü siyasəti artıq hamıya məlumdur. Bunlar sırasında BMT və AŞPA ilk sıradadır. BMT hələ bu gün özünün illər öncə imzaladığı 4 qətnaməyə sahib çıxa bilmir. AŞ-nın vasitəçiləri isə uzun illər yollarda qalsa belə, problemə heç bir təkan vermə səlahiyyətində deyillər, hətta deyərdim onun dərinləşməsində daha çox maraqlıdırlar. Xarici informasiya müharibəsində əsasən səfirlik və konsulluqların şəxsi heyəti daha güclü və daha bacarıqlı kadrlarla əvəz olunmalı, diaspora təşkilatlarının “tədbir qurub bununla da işini bitmiş” hesab edən əməkdaşları dəyişdirilməli və əvəzində güclü biliyi və bacarığı olan, hər zaman Vətəni ücün əmək sərf etməyə hazır olan vətənpərvər insanlara həvalə olunması vacibdir. Xaricdə yaşayan tələbələrimiz isə orada bahalı restoranlarda “Azərbaycan” çığırmaqla yox, Azərbaycanın maraqlarını xarici KİV və TV məkanlarda işıqlandırmaq və işğalçının bu kimi fəaliyyətini qabaqlamaqla məşğul olmalıdır. Dövlətin də bu kimi tədbirlərə məsul şəxsləri loyallıq, yuxu, məhdud hərəkətlilikdən oyanmalı və onların qarşısında kəskin olaraq fəaliyyətlərində dəyişiklik edilməsi tələbi qoyulmalıdır.

- Diqqət etdikdə görürük ki, biz çox vaxt gecikirik, məlumatın gecikməsi isə fəsadlara səbəb olur.

- Bu ağrılı bir vəziyyətdir. Bəli, bunun aspektləri böyük və çoxşaxəlidir. Bu gün cəmiyyət internet və sosial şəbəkələr vasitəsi ilə özünə lazım olan informasiyanı almaq bacarığındadır. İllər əvvəlki kimi heç kim qəzet və jurnallara müraciət etmir. Bu baxımdan da ağrılı yerimiz olan Qarabağ problemi sahəsində, informasiya boşluğu var. Bu gün Azərbaycan əhalisinin təxminən 1.500.000 nəfəri Facebook və digər sosial şəbəkə istifadəçisidir. Daha ağrılısı odur ki, bu istifadəçilərin çoxu erməni mənbələrindən qidalanmağa israrlıdır. Kimdədir günah? Məhz müharibə anlamında günah MN–nin müvafiq strukturu olan mətbuat xidməti və onun daxil olduğu Şəxsi heyətlə iş üzrə baş idarədədir. Bu idarənin ləng fəaliyyəti ucbatından aprel hadisələri zamanı demək olar ki, erməni mətbuatı və sosial şəbəkələri tüğyan etdi. İnsanlar kütləvi olaraq şayiələrə uydular. Keçmiş fəaliyyətsiz və mən deyərdim cinayətkaranə fəaliyyətsiz olan Müdafiə Naziri Səfər Əbiyevin vaxtında Şəxsi heyətlə iş üzrə baş idarə və onun strukturları ləğv edilmişdi. Lakin ənənəvi hərbçi və əsl hərbi strateq, düşünən beyin olan indiki nazir Zakir Həsənov bu strukturun vacibliyini çox dəqiqliklə anlayaraq, onu həyata qaytardı. Bu vaxtında və dəqiqliklə vurulan hədəfə bənzədi. Lakin gəlin baxaq, bu idarə bu gün boşluqları doldura bilirmi? İnformasiya müharibəsinə sinə gərə bilirmi? Kiçik bir fakt. Aprel döyüşləri zamanı Talış yüksəkliklərinin alınması, düşmənin strateji yüksəklikdə mövqe tutmuş qüvvələrinə yönəlmiş əməliyyatlar tam olaraq işıqlandırıldımı? Xalq arasında elə söhbət yayılıb ki, əməliyyatlar təkcə XTQ-lərin (Xüsusi Təyinatlı Qüvvələr) hesabına düşür. Onların həlak olması, güya onlara kömək gəlməməsi haqqında erməni saytlarının sərsəmləməsinə aydınlıq gətirildimi? Halbuki, əməliyyatda XTQ-dən başa böyük bir korpusun zabit, gizir və əsgərləri canını və qanını ortaya qoyaraq iştirak etmiş və qəhrəmanlıqlar göstərmişlər. Ağalar, bu böyük bir hərbçi kontingentinə zərbə deyilmi? Bu Vətən savaşında zəhməti olan insanların əməyinə qiymətsizlik, etinasızlıq deyilmi? Bunu siz eləməliydiniz, ağalar. Daha bloggerlər, ehtiyatda olan zabitlər, həvəskarlar yox. Bəli, bu bizm də vəzifəmizdir. Lakin bu vəzifə bizə daxilimizdən gələn vətənpərvərlikdən irəli gəlirsə, bu sizin xidməti vəzifənizdən irəli gəlir. Çox zaman məlumatların gecikməsi, MN mətbuat xidmətinin hadisələrin arxasıyla qaçması, sonda əhalinin erməni təbliğatının ardınca qaçmasına səbəb olur. Bəli anlayırıq ki, məxfilik və bir çox məlumatların yayımlanmasında senzura məsələləri var. Lakin bu və digər məlumat sonradan mətbuat xidməti tərəfindən gecikmiş olaraq daxil olursa, bu artıq arxadan atılan daşa bənzəyir. Bunlardan biri olmadıqda artıq o müharibə yox, çarpışmadır. Bu isə öndən zərbə vurmaqla heç uyuşmur. İnformasiyasının məramı: ağıl, cəldlik, hədəf və əməldir. Səfər Əbiyevin dağıtdığı sistemin, itirdiyi peşəkar kadrların yoxluğu bu gün bu strukturda da özünü göstərir. Bundan əlavə, Müdafiə Nazirliyinin müvafiq kino və sənədli filmlər idarəsinin işində son zamanlar çox geriləmələr var. Vətənpərvərlik çarxlarının hazırlanması ilə daha çox sosial şəbəkə iştirakçıları olan gənclər məşğul olur və "Youtube" kanalına yerləşdirirlər. Lakin bu filmlər MN tərəfindən hazırlansa və televiziya kanallarında nümayiş olunsa, daha böyük faydası olmazmı? Orduya hazırlaşan gənclərə ordu və xidmət barədə əyani məlumat verə bilən belə film və çarxların hazırlanması çox aşağı səviyyədədir. Vacibdir ki, MN özünün Şəxsi heyətlə iş üzrə baş idarəsinin strukturunda sistematik şəkildə fəaliyyətini daha da gücləndirsin və bu sahəyə cavabdeh olan zabitlərdən məhz yuxarıda göstərilən aspektlərə ciddi tələbkarlıq nümayiş etdirmələrini tələb etsin. Şəxsi heyətin mənəvi və psixoloji hazırlıq səviyyəsi də gündəmdə olan məsələdir. Yaxın tariximizdə HH-lərdə psixoloq ştatları acılması, məhz indiki nazirimiz Zakir Həsənovun uğurudur. Ancaq gəlin baxaq, bu vəzifəli zabitlər özlərinin vəzifələrinin məsuliyyətini tam anlayırlarmı? Xalq arasında deyilən “zampolitlə doznovatel” arasında ilişib qalmış bu zabitlər, əsgər və MAXE heyətinin məhz psixoloji durumunu peşəkarlıqla araşdıra və qarşıya çıxan çətinlikləri aradan qaldıra bilirlərmi? Biraz çətin sualdır. Şükürlər olsun ki, əsgərin məişət, ərzaq, yatacaq və digər məsələlərində olan köklü dəyişiklik, bir çox problemləri və ən əsası orduda özünəxəsarət yetirmə faktlarını və silahdan təhlükəsizlik texnikasına riayət etmədən istifadə hallarını çox azaldıb. Lakin azacıq da olsa bu problem var. Bunların səbəbini araşdırıb, əsgərin psixoloji durumunda olan çətinlikləri aradan qaldırmaq, məhz psixoloqların vəzifəsidir. Daxildə biz öz qəbahətlərimizi boğub, onların kökündən məhv edilməsinə çalışmasaq, o zaman hansı psixoloji və informasiya müharibəsindən danışa bilərik? Bunlar bir-biri ilə sistematik və zəncir kimi bağlı faktorlardır. Bütün müharibələr, içində informasiya və psixoloji müharibələr olmaqla, əsas daxili məsələlərin həm toplum, həm də pərakəndə şəkildə maksimum yerinə yetirilməsindən başlanır. Xalqa, döyüşçüyə, əsgərə, zabitə vaxtlı-vaxtında məxfilik pozulmadan çatdırılan informasiya sadaladığımız bütün kontingentin öz vəzifəsini dəqiq bilməsinə, düşmənin hiylə və təbliğatına uymamasına, mənəvi psixoloji durumunun məhv edilməməsinə xidmət edən amildir. Bu, problemin hərbi konteksti idi. Mülki kontekstdə isə əsasən mülki KİV və TV jurnalistlərinin öz peşə borcuna daha tələbkar yanaşması, bir çox məlumatları araşdırıb, bu barədə yazarkən diqqətli olması, əsasən də hərbi mövzularla yazıda, heç olmasa azacıq mövzunun detalları barədə məlumatlı olmasıdır. Bu gün şoubiznes haqqında yazılarda püxtələşmiş jurnalist, heç zaman qısa müddətdə hərbi mövzuda yazılar yazıb, bu yazıları keyfiyyət və dəqiqliklə efirə və mətbu orqana çıxara bilməz. Düşmənin onun yazısındakı qəbahətdən istifadə edərək, əks həmləsinə imkan yaratmamalıdır.

- Düşməni informasiya aləmində necə zərərsizləşdirmək olar?

- Düşünürəm qəbahətlər göstərildi. Həm mülki, həm hərbi, həm də beynəlxalq kontekstdə. Bu qəbahət və səhvlər aradan qaldırılarsa, sözsüz ki, düşmən məhz informasiya və psixoloji müharibə anlamında məğlub olacaqdır.
Diaspora