Bir fotoyla məşhurlaşan müəllim DANIŞDI — “Dəftəri, qələmi olmayanlara dəftər-qələm alıb verirəm“

Bir fotoyla məşhurlaşan müəllim DANIŞDI — “Dəftəri, qələmi olmayanlara dəftər-qələm alıb verirəm“ backend

Son günlər sosial şəbəkə fenomeninə çevrilən Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmov Ölkə.Az-ın suallarını cavablandırıb.

- Nəcəf müəllim, yəqin xəbəriniz var ki, sizin bir fotonuz sosial şəbəkələrdə, mətbuatda yaxşı mənada səs-küyə səbəb olub.

- Bəli, xəbərim var.

- İstərdim əvvəlcə özünüz haqda məlumat verəsiniz.


- 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşam. 1986-87-ci illərdə hərbi xidmətdə olmuşam. 1991-ci ildə Nəsrəddin Tusi adına Pedaqoji Universitetə daxil olub, 1996-cı ildə oranı ibtidai təhsilin pedaqoqikası və metodikası ixtisası üzrə bitirmişəm. Bir müddət Ostayır kənd orta məktəbində işləmişəm, bir neçə ildir ki, Dəlləkli kənd orta məktəbində ibtidai sinif müəllimiyəm.

- Bu foto təsadüfən çəkilib, yoxsa hər gün o uşaqları məktəbə aparırsınız?

- Hazırda bizim kənddə bir metrə yaxın qar var. Bizim uşaqlar o qarda, yağışda məktəbə gedirlər. Evim məktəbə yaxındır. O uşaqlar kəndin aşağısından gəlirlər, bizim evin yanından hər gün onlara kömək edib məktəbə aparıram. Elə uşaq var ki, boyu balacadır, çantası ağırdır, çantasını götürürəm. İndi də kitabların sayı çoxdur.

- Fotonu kim çəkib?


- Fotonu məktəbimizin yaxınlığında yaşayan Sakit Ziyadov adlı şəxs çəkib, rayonda mədəniyyət evində işləyir. Şəkil çəkiləndə xəbərim olmayıb, internetə yerləşdiriləndən sonra xəbər tutmuşam. Məktəbimiz kəndin yuxarı başında yerləşir deyə, şagirdlər də bizim evin yanından keçirlər.

- Etiraf edək ki, son illər müəllim adı, müəllim nüfuzu xeyli aşağı düşüb. Sizcə burada təqsir müəllimlərdədirmi?


- Hər kəs nüfuz da qazana, səviyyəni yuxarı qaldıra, yaxud aşağı sala bilər. İndi mənim də əlimdən bu gəlir, eləmişəm. Eşidirəm ki, bəzi saytlar xoşagəlməz şeylər yazırlar. Yazırlar ki, onlar müəllimin öz uşaqlarıdır, müəllim o uşaqlardan pul alır. Mənim öz övladlarım böyükdürlər. Pul alır demək də şər atmaqdır, böhtandır. İnsanların hamısı eyni səviyyədə deyil ki.

- Başqa bir formada şagirdlərinizə köməyiniz dəyirmi?


- Əslində, bu haqda danışmaq istəməzdim. Amma soruşdunuzsa, deyim. Şagird var ki, dəftəri yoxdur, dəftər alıb verirəm, qələmi olmayana qələm alıram. Bu mənim insanlıq borcumdur.

- Əmək haqqınız nə qədərdir?


- Həftədə 24 saat dərsim var.

- Təxminən 300 manat civarında.

- Bəli.

- O şəkil sosial şəbəkələrdə yayılandan sonra sizinlə əlaqə saxlayan oldu?


- Tələbə yoldaşlarımdan, kənd camaatından, rayon camaatından zənglər gəldi, xoş sözlər dedilər.

Ölkə.Az
Diaspora