Azərbaycan Ordusunun Mixaylosu — Qarabağ və Əfqanıstan müharibəsinin veteranı danışır

Azərbaycan Ordusunun Mixaylosu — Qarabağ və Əfqanıstan müharibəsinin veteranı danışır backend

Kiçik ölkə olmağımıza baxmayaraq qanlı-qadalı müharibələr görmüşük. Sovet dövrü İkinci Dünya müharibəsi, Əfqanıstan müharibəsi, müstəqilliyimiz isə Qarabağ müharibəsi ilə yadda qaldı. Ölkə.Az-ın bu dəfəki müsahibi Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, rəssam Tərlan Eyvazovdur.

Qısa arayış:

Eyvazov Tərlan Baba oğlu 1960-cı il avqust ayının 13-də o vaxtkı Salyan, indi isə Hacıqabul rayonunun ərazisində yerləşən Qızılburun kəndində anadan olub. 1977-ci ildə rəssamlıq məktəbinə daxil olub. 1979-ci ildə rəssamlıq məktəbini bitirib, elə həmin ilin noyabr ayında Sovet ordusuna həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətə gedəndən ay yarım sonra 27 dekabr 1979-cu ildə Əfqanıstan müharibəsi başlayıb. Odessa hərbi dairəsindən 1980-ci il yanvar ayında Əfqanıstana göndərilib.



Tərlan iki il həqiqi hərbi xidmət keçdikdən sonra Bakıya gəlir. Bir müddət işlədikdən sonra Azərbaycan Dövlət Pedeqoji Universitetinin bədii qrafika fakultəsinə daxil olur. Universiteti qırmızı diplomla bitirib. Meydan hadisələrində və Qarabağ müharibəsində ön sıralarda olub. Azərbaycan ordusu yaranarkən onun silah-sursatla leqal və qeyri-leqal yollarla təmin olunmasında iştirak edib. 1992-ci ilin əvvəlindən xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində xidmət edib. Hərbi xidməti 1997-ci ilin avqust ayında bitirib. Hərbi xidməti kapitan rütbəsi ilə başa vuran Tərlan Eyvazov polkovnik leytenant vəzifəsində olub. Bu bir çoxlarında təəccüb yaratsa da, xüsusi təyinatlı kəşfiyyat briqadasının komandiri polkovnik, Milli Qəhrəman Eldar Ağayev torpaqların azad edilməyənə qədər vaxtından əvvəl hərbi rütbələrin verilməsinin əleyhinə olub. Onun müavini kimi də Tərlan Eyvazov yüksək rütbə almayıb.


- Necə oldu ki, Əfqanıstana getdiniz?


- Odessa hərbi dairəsinin quru qoşunlarında xidmət edirdim. Bir ay yarımdan sonra televizordan eşitdik ki, Əfqanıstan hadisələri başlayıb. Bundan sonra şayiə gəzdi, daha sonra isə şayiə öz təsdiqini tapdı. Bizim hərbi hissənin şəxsi heyyətinin böyük əksəriyyətini vaqonlarla Əfqanıstana göndərəcəkdilər. Bizə belə bildirilmişdi ki, SSRİ sərhəd qoşunları Əfqanıstana daxil olub, onların yerləri boş qalıb və biz onların yerlərini tutmalıyıq. Oraya çatandan sonra məlum oldu ki, biz də Əfqanıstana xidmət etməyə yollanırıq. "Ural" maşınları ilə bizi Əfqanıstana göndərdilər. Mən Əfqanıstanın Şindan şəhərinə yaxın hərbi hissəyə düşdüm.



- Oraya yerləşəndən sonra əməliyyatlar başladı...

- Razılaşmaya görə, Sovet qoşunları Əfqanıstana xarici bir təcavüzün qarşısını almaq üçün oraya göndərilmişdi. Əfqanıstanın komminist rejimi sonradan çətinliklərlə üzləşdi. Əks inqilabi qüvvələr xaricdən gələn dəstəyin köməkliyi ilə fəallaşdı. Əfqanıstan hökuməti bu işin öhdəsindən gəlmədiyi üçün SSRİ rəhbərliyindən inqilabı yatırtmaq üçün kömək istədi. 1980-ci ilin yazından Əfqanıstanda əməliyatlarda iştirak etməyə başladıq.

- İştirak etdiyiniz əməliyyatlardan danışın.

- Əvvəlcə yaxınlıqda olan yaşayış məntəqələrindən başladıq. İlk əməliyyatda yaşıllıq deyilən bir ərazidə Herat şəhərinin ətrafında olan qəsəbənin düşməndən təmizlənməsində iştirak etdik. Elə oldu ki, Sovet qoşunları oranı mühasirəyə aldı və qəsəbəyə Əfqanıstan Respublikasının qoşunları daxil oldu. Əfqan qoşunları işin öhdəsindən gələ bilmədiyi üçün bizim bölük həmin əraziyə daxil oldu. Deyilənə görə, orada olan əks inqilabi qüvvələri məhv etməli və əsir götürməli idik. İlk əməliyyat olaraq heç bir döyüşün şahidi olmadıq. Kənddə axtarışlar apardıq. Bir neçə nəfəri əsir tutduq. Helikopterdən atəş açıldı. Onların kim olduğunu bilmirdik. Biri yıxılmışdı, digəri isə ayaq üstə durmuşdu. Onlara yaxınlaşarkən bir kişi və qadın olduğunu gördüm. Kişinin ayaq budundan güllə dəydiyi üçün yerə yıxılmışdı, ancaq heçnə olmamış kimi əlini başının altına qoyaraq uzanmışdı. Tağım komandirim onları güllələməyi əmr etdi. Ancaq onun yaralanmağına baxmayaraq məğrur dayanması mənə ağır təsir etdi. Komandirə qadının yanında kişini güllələməyin düz olmadığını dedim. O insanlara toxunmadıq. Onların sağ qalmasında rolum oldu. Əlimdə olan tibbi ləvazimatları qadına verib geri qayıtdıq.



Bundan sonra əfqan müxalifəti taktikasını dəyişdi. Artıq onlar şəhərdən dağlara çəkildilər. Artıq əməliyyatları dağlarda keçirməli olduq. Əfqanıstan dağları soyuq və sıldırımlıdır. Əfqanıstanın dağları bozdur, ağac yoxdur. Əfqanlar da o yerləri yaxşı bildikləri, mağaraları yaxşı tanıdıqları üçün orada gizlənirdilər. Orada toplaşır, ərzaq, silah-sursat yığaraq müəyyən yollara, məntəqələrə basqınlar edirdilər. Biz də onların toplandığı yerləri və silahlı dəstələrini məhv etmək üçün əməliyyatlar həyata keçirirdik. Həmin əməliyyatalarda dəfələrlə iştirak etmişəm.




- İtkilər olurdumu?


- Təbii. Ancaq mətbuatda yazılan qədər deyildi. Sovet ordusu dünyanın ən güclü ordularından biri idi. Əfqan müxalif qüvvələri isə maksimum avtomat, pulemyot və minaatanlarla silahlana bilirdilər. Onların o yerlərə bələd olması və qəfil hücumları itki verməyimizə səbəb olurdu. Silahsız dəstələr gələndə müəyyən yerlərdə hücuma keçib, məhv etməyə çalışırdılar. Əvvəllər biz əməliyyatlara gedəndə kəndlərdə, qəsəbələrdə bizə hücumlar olurdu, hətta atın üstündə qılıncla da hücum edirdilər. Sonradan başa düşdülər ki, bu ordu ilə bacarmaq olmaz. Ona görə taktikalarını dəyişdilər.

- Hansı əməliyyat daha çox yadınızda qalıb?

- Əməliyyatlar çox olub. Ancaq özümün iştirak etdiyim bir əməliyyat daha çox yadımda qalıb. General Qromovun şəxsən hazırlayıb, həyata keçirdiyi Lurkox dağlarındakı əməliyyat çox bicliklə hazırlanmışdı. Çingizxanın nəvəsi Tuluy xan Herata hücum edəndə görür ki, Herat gözəl müdafiə olunub və sayca monqol qoşunu azdır. Monqol qoşununun dinamik hərəkət etməsi üçün əsas faktorlardan biri də, hər monqol döyüşçüsünün əlavə bir və ya iki atı olurdu. Tuluy xan əmr edir ki, bütün ehtiyat atların tərkində samandan müqəvvalar düzəldilsin. Qoşunlar döyüş yerinə çıxarkən Heratı müdafiə edən qüvvələr görür ki, Tuluy xanın qüvvələri əvvəlkindən və kəşfiyyatın verdiyi məlumatdan çoxdur. Ona görə də, döyüşə girmirlər və şəhəri Tuluy xana təslim edirlər. Sonradan məlum olur ki, Tuluy xan onları aldadıb.

Qromov bilirdi ki, əfqan qoşunlarının içərisində müxalifətə işləyən qüvvələr var. Ümumi operativ əməliyyat iclasında məlumat verir ki, havadan Loşkara desant atacağıq. Çünki onlarla başqa cür alınmır. Yalan informasiya iclasda deyilir. Həqiqətin necə olacağını isə çox az adam bilirdi. Həmin yerə paraşütlə bir neçə yüz müqəvva atılır. Məlumatlandırılmış mücahidlər müqəvvaları atəşə tutur. Bu zaman onların atəş nöqtələri təsbit olunur. Bununla da dəqiq artilleriya atəşləri ilə mücahidlər məhv edilir. Bu taktika ilə az itki verib, o yeri mücahidlərdən aldılar. Qromovun mərdanə döyüş qabiliyyətinə görə orada çox böyük hörməti var idi.

Bəzən mənə sual verirlər ki, iki müharibədə olmusan. Erməni ilə əfqanın fərqi nədir? Deyirəm ki, erməni ilə əfqanı necə bir tərəziyə qoymaq olar? Əfqanlar çox mərd xalqdır. Heç kəsə boyun əyməyən xalqdır.

- Dünya müharibələrindən sonra əsasən iki müharibəni qeyd edirlər: Vyetnam və Əfqanıstan müharibəsi. Bu iki müharibəni bir-birinə bənzədən əsas məsələlərdən biri də, hər iki müharibənin iştirakçıları arasından çoxlu sayda muzdlu qatil, reket, mafiya başçıları çıxmasıdır. Bu nə ilə əlaqədardır?

- Sizi başa düşdüm, yerində verilmiş sualdır. Dediklərinizi təkcə bu iki müharibəyə aid etməzdim. Ümumiyyətlə, ciddi müharibədə iştirak edən şəxslərdə bu hallar olur və bu başa düşüləndir. Hətta İkinci Dünya müharibəsindən sonra baxmayaraq ki, Stalin rejimi var idi, savaşdan qayıdan insanların bir çoxu bu yolu tutdu. O zaman sənədləri gizlədirdilər, məlumat yaymırdılar, ört-basdır edirdilər. O bandaların öhdəsindən dövlət çox çətinliklə gəlib. Sovet hökumətinin yıxılmasının səbəblərindən biri də o idi. Biz Əfqanıstandan ilk çıxanlardan olduğumuza görə 1983-cü ildə məni hərbi komissarlığa çağırdılar və dedilər ki, sizə Böyük Vətən müharibəsi iştirakçıları ilə eyni imtiyazlar verilir. Buna təəccübləndim. Sovet rəhbərliyi bunu anladığı üçün o zaman partiya, komsomola, ictimai təşkilatlara bildirdi ki, Əfqan müharibəsi iştirakçıları ilə işləyin. Onlar bilirdi ki, Əfqan müharibəsi iştirakçıları ilə işləməsələr, yaxşı olmayacaq. Əfqanıstandan sovet qoşunları çıxanda SSRİ dağılmağa başladı. Artıq dövlət boşalmışdı. Həmin dövrdə reket dəstələr fəaliyyətə başladılar. Səbəb də o idi ki, SSRİ-də artıq banditizm fəallığa başlamışdı. Sıradan bir adam gəlib reketlik edəndə, döyüş görən bir adam bunu həzm edə bilmədi və əfqan döyüşçüləri banditizmə, reketçiliyə başladılar. Bu, müharibədən irəli gələn psixoloji durum idi.

Vyetnam müharibəsi daha geniş miqyaslı idi. Orada ABŞ ordusu ilə həm xalq, həm də dövlət müharibə aparırdı. Əfqanıstan müharibəsi isə kiçik miqyaslı idi. Çünki biz o zamankı hakimiyyətin yanında idik. Əfqanıstanda dinc əhali daha çox qırıldı. Çünki biz onlara qarşı daha ağır silahlardan istifadə edirdik.

1997-ci ildə Seul şəhərində ümumdünya qurultayında bizim də nümayəndəmiz iştirak etmişdi. Orada veteranları iki Koreyanın sərhəddinə aparıblar. Bizim veteranlar oradakı əsgərlərə yaxınlaşanda bizimkilərdən maraqlandılar ki, hansı müharibənin veteranlarısınız? Bizim veteranlar deyəndə ki Əfqanıstan müharibəsinin iştirakçısıyıq, qabaqlarında farağat dayanıb, təzim ediblər. Həqiqətən də Əfqanıstan müharibəsinin veteranları təzimə layiqdirlər.

- Sovet dövründə hərbi xidməti bitirib Azərbaycana gəldiniz. Nə işlə məşğul oldunuz?

- Əsgərlikdən gəldikdən sonra rəssamlıqla məşğul oldum. Fikrim ali savad almaq idi. O zaman isə bizdə xüsusi rəssamlıq məktəbi yox idi. Ona görə də seçim edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakultəsinə daxil oldum.

- Bir qədər sonra meydan hərəkatı başladı.

- Müəllim işləyəndə meydan hərəkatı başladı. O zaman mən də meydanda oldum. Sonra isə Qarabağa xalq yardımı komitəsi yarandı. Komitənin işində də iştirak etmişəm. O zaman Xocalı hava limanını OMON yaxşı hazırlanmış əməliyyatla ələ keçirdi. Bunlar hamısı gözümün qarşısında baş verdi.

- O zaman bu əməliyyatdan danışaq.

- Bu əməliyyat çox məxfi hazırlanmışdı. Hətta biz də xəbərsiz idik. Xankəndinin mərkəzindən Xocalı hava limanına qayıdırdıq. Bilirdim ki, orada həm erməni, həm də bizim polislər dayanır. Ora çatanda gördüyüm şəxsləri tanımadım. Gördüm ki, bunlar tamamilə fərqli insanlardır. Qorxu keçirdim. Biz də hərbi formada idik. Aralarında rusca danışırdılar. Onlardan biri o birinə söyüşlə bizi nəzərdə tutub dedi, bunları nə vurub sərərdim yerə. O zaman bildim ki, bizim OMON-un uşaqlarıdır. Dedim, bayaqdan canımıza vəlvələ düşüb deyirik ki, indi bunlar kimlərdir. Onlar gecə ilə xüsusi bir əməliyyat keçirərək qan tökmədən Xocalı hava limanına nəzarəti ələ keçirdilər. Bu OMON-un keçirdiyi ilk və uğurlu əməliyyatlarından biri idi.

OMON ondan sonra orada gedən-gələn bütün təyyarələrin yoxlanması, filtirasiyasına nəzarət etməyə başladı.


- Necə oldu ki, Azərbaycan ordusuna yazıldınız?


- Azərbaycan ordusuna yazılmamışdan qabaq leqal və qeyri-leqal yollarla silah alıb, döyüşən qüvvələrə verirdik.

- Leqal necə silah alırdınız, qeyri-leqal necə?

- O zaman Ayaz Mütəllibovun fərmanı ilə müdafiə şurası yaradıldı. Mən də müdafiə şurasına dəvət edildim. Buna səbəb isə Əfqanıstan döyüşçüləri adından mətbuatda millət vəkili Rəhim Qazıyevə açıq məktub ünvanlamağım oldu. Həmin qəzetlər də durur. O zaman yazıda bildirdim ki, iqtidar-müxalifət çəkişmələrindən qurtulub işimizi bir tərəfə yönəltməliyik. O məktuba Rəhim Qazıyev yaxşı münasibət bildirdi. Bizi müdafiə şurasına dəvət etdilər. O zaman bildirdim ki, əgər müdafiə şurası rəsmi şəkildə yaradılırsa, biz orada iştirak edəcəyik.

Bir qrup Əfqanıstan döyüşçüsü ora qatıldıq. Əsas məqsəd Azərbaycanda daxili imkanlar hesabına müdafiə sənayesinin qurulması idi. Bir də Rusiya Azərbaycandan silahları daşıyırdı, onun qarşısını almaq lazım idi. Biz də onun qarşısını almağa çalışırdıq.

Qarabağda müharibə gedirdi. Bizim orada döyüşən hərbi hissələrimizin silahla təminatı çox zəif idi. Biz hərbi hissələrə ya pulla, ya danışıqlarla, ya da plan qurub hücum edib, rus hərbi hissələrindən silahları ələ keçirib, Qarabağa göndərirdik.

- Rus ordusunun Azərbaycandan çıxarılması ilə bağlı danışın.

- Azərbaycan müstəqillik qazanandan sonra rus ordusu əvvəlcə strateji raketlərini çıxarmağa başladı. Bu Ayaz Mütəllibovun hakimiyyəti vaxtına təsadüf edirdi. Elçibəyin zamanında bu proses başa çatdı.

- Orduya nə zaman qoşuldunuz?

- Orduya 1992-ci ilin mart ayında gəlmişəm. Müdafiə komitəsi 3 ay fəaliyyət göstərəndən sonra onun fəaliyyətinə xitam verildi. Ondan sonra belə qərara gəldik ki, Əfqan cəmiyyətinin xətti ilə Əfqanıstan döyüşçülərini orduya cəlb edək. O zaman hər bir siyasi qurum istəyirdi ki, özünün bir batalyonu olsun. Biz isə göstərmək istədik ki, bizim heç bir siyasi məqsədimiz ola bilməz. Nizamnaməyə uyğun olaraq Müdafiə Nazirliyinin tərkibində hərbi hissələr olmalıdır. O zaman bir neçə hərbi hissə yarada bildik. O hərbi hissələrdən biri də bizim hərbi hissə oldu.

- Sizin hərbi hissə hansı oldu?


- Bizim hərbi hissə 776 saylı xüsusi təyinatlı idi. Çox təəssüf ki, həmin hərbi hissə sonradan Səfər Əbiyevin dövründə ləğv edildi. O hərbi hissənin 18 Milli Qəhrəmanı, 107 Şəhidi var idi.

- Qarabağda döyüş yolunuza haradan başladınız?

- Bizdən əvvəl 6 saylı reyd dəstəsi var idi. Sonradan 776 saylı hərbi hissə yarandı. Şuşa veriləndən sonra bizi oraya apardılar. Artıq gec idi. Bundan sonra hərbi hissəmiz geri çağırıldı. Təmərküzləşmə getdi. Nisbətən geniş ştatla 776 saylı xüsusi təyinatlı hərbi hissə yaradıldı. Bundan sonra hərbi hissəmiz yay aylarında Ağcəbədi, oradan isə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etməyə atıldı.

- Xüsusi əməliyyatlar olubmu?


- Xüsusi bir əməliyyatımız 1992-ci ilin noyabr ayında olub. Qubadlı istiqamətində bizim qoşunlar da getmişdi. Laçın dəhlizini bağlamağa çox az qalmışdı. Sonradan ermənilər əks hücuma keçdi. Çox güman rusların köməyi var idi. Ermənilərin əks hücumu zamanı qoşunlarımız çox böyük sürətlə geriləməyə başladı. Biz o zaman düşmən qüvvələrinin qarşısını Güləbird kəndində ala bildik. Həmin dövrdə əmr verilmişdi ki, könüllülər buraxılsın. Könüllülərin yerini tuta biləcək gənc əsgərlər hazırlıqlı deyildi. Buna baxmayaraq gənc əsgərlərimizlə bizə tapşırılan tapşırığı yerinə yetirə bildik.

- Bizimkilər Laçın dəhlizinə kimi gedib çıxdı. O zaman toy-bayram edildi ki, artıq müharbə bitdi. Dəhlizi götürdüksə, müharibə bizim xeyrimizədir. Bakıda parad keçirildi. Qələbə olmadan bu parad nəyə lazım idi?

- Bakıda keçirilən parad Laçın dəhlizi ilə bağlı deyildi. Parad Azərbaycan ordusunun bir illik yubileyi münasibəti ilə keçirilirdi.

- İş orasındadır ki, zabit heyətinin böyük əksəriyyəti Bakıda keçirilən parada gəldi. Belə desək, ordu başsız qaldı. Və elə məhz bu ərəfədə ermənilər əks hücuma keçdi.

- Bu barədə Rəhim Qaziyev danışa bilər. Yəqin bunu təbliğat vasitəsi kimi edirdilər. İnsanlarda ruh yüksəkliyi yaratmaq istəyirdilər. Məndə ixtiyar olsa idi, bunu etməzdim. Həqiqətən, parad vaxtı deyildi.

Ermənilər bütün gücünü Laçın dəhlizi istiqamətinə yığmışdı. Bütün gücləri ilə çalışırdılar ki, dəhliz bağlanmasın. Bizim qoşunların geri çəkilməsi, onların lazımi qədər silah və yeməklə təmin olunmaması, əvvəlcə əməliyyatların ciddi, sonra isə yaxşı təşkil olunmaması bu nəticəyə gətirib çıxardı.

O zaman ordumuz möhkəmlənməmişdi. Bir komandirin ölümü onun dəstəsinin ruhdan düşməsi ilə nəticələnirdi. Bir şəxsə bağlı batalyonlar var idi. Bunlar normal hal idi. Uduzmağımızın əsas səbəblərindən biri isə ermənilərə rusların kömək etməsi oldu.




- Dəhliz bağlanmadı. Geri çəkildiniz. Bundan sonra nələr baş verdi?


Açığı, bu döyüşlərdə biz kəşfiyyatçı kimi yox, adi döyüşçü kimi iştirak etdik. Ağdam, Füzuli döyüşləri oldu. Bir qədər sonra bizə yeni ştat verildi. Bundan sonra müntəzəm şəkildə hazırlaşmağa başladıq. 1993-cü ilin sonuna nəzərdə tutulan Azərbaycan ordusunun geniş hücum əməliyyatına hazırlıq başladı. Cəsarətlə deyərdim ki, o dövrkü baxımdan bizim hərbi hissə hücuma yüksək səviyyədə hazırlaşdı. Hərbi hissəmizdə kadr heyəti var idi və xaricdən bizə "QRU"-nun xətti ilə mütəxəssislər gəldi. Bu peşəkarlar tamamilə şəxsi və özəl xətlərlə cəlb olunmuşdu. Onlar bizimlə 1 ay işlədilər. Bizim hərbi hissə tamamilə təmin olunmuş, hazırlıqlı bir vəziyyətdə idi. Türklərin də hazırladığı əsgərlər Yaşmadan gəlib bizə qoşuldu. "QRU"-nun xətti ilə gələn kəşfiyyatçıları biz o zaman çox yaxşı qarşıladıq. O zaman "QRU"da işləyən həmyerlimiz onların Azərbaycana gəlməsini şəxsi təşəbbüsü ilə etmişdi. Həmin şəxslər məzuniyyət götürərək gəldilər və 1 ay bizim əsgərlərə təlim keçdilər. İndi bunu başqa yerə yozurlar, ancaq bu tam şəxsi təşəbbüslə atılan bir addım idi. O zaman türk, iranlı kəşfiyyatçılar da bizə gəlib. Ancaq ruslar bu sahənin mütəxəssisləridir.



Artıq qüvvələr tükənirdi, əsgərlər yorulmuşdu. O zaman komandanlıq qərar verdi ki, cəbhəyə yeni nəfəs vermək lazımdır. 1994-cü ilin yanvarında Füzuli istiqamətində hərəkətə keçdik. Bizə verilən tapşırıq Füzuli istiqamətinə gedib, düşmənin arxasına keçmək, düşmən arxasında qarışıqlıq yaratmaq və zərbə vurmaq, hücuma keçən hərbçilərimizə yol açmaq idi. Bunu təmin etmək üçün 1994-cü ilin yanvar ayında bizim hərbi hissəmiz Tərtər istiqamətinə yola düşdü. Tərtər istiqamətində hərəkət əsas məqsəddən yayınmaq üçün idi.O zaman komandir müəyyən tapşırıqlar verərək məni geridə saxladı. Bir neçə gün sonra isə mən də cəbhəyə yollandım. Geridə qalan zaman televizora baxa bildim. Televizorda "Vesti" proqramına baxanda belə bir ifadə işlətdilər ki, Azərbaycan cəbhə xəttinə ən hazırlıqlı hərbi hissəsini göndərdi. Düşmənin əsas üstünlüyü tez zamanda təmərküzləşmələri idi. Onlar Tərtər istiqamətində hücumun qarşısını almaq üçün Tərtər istiqamətinə ordu yığmağa başladılar. Gecə ilə bizim hərbi hissə Tərtərdən Füzuli istiqamətinə yol aldı. Bizim hərbi hissə Füzuliyə yol alıb, öz vəzifəsinin icrası üçün hazırlığa başlayanda kəşfiyyat məlumat gətirdi ki, ermənilər Tərtər istiqamətində toplaşıb. Ermənilər əvvəlcə bizim edəcəyimiz hücumun qarşısını almağa toplaşıblar. Görəndə ki, Tərtər istqamətində boşluqdur, bundan istifadə edərək özləri hücuma keçib Tərtəri, Bərdəni, Yevlaxı ələ keçirib, Azərbaycanın Gəncəbasar hissəsini mühasirəyə almaq fikrindədirlər. Təcili olaraq bizim Füzuli istiqamətindən həyata keçirəcəyimiz əməliyyat saxlanılır. Yenidən tələsik Tərtərə qaytarıldıq. Ermənilər hücuma hazırlaşan zaman bizim hərbi hissə hücuma keçdi. Çox ağır döyüşlər getdi. Çoxlu sayda itki verdik. Bütün kəşfiyyatın və radio kəşfiyyatın ələ etdiyi məlumata görə, düşmən bizdən 3 dəfə çox itki vermişdi. Hazırlıq bu demək idi. Düzdür, orada döyüşən digər hərbi hissələr 777, 772, 703 saylı hərbi hissələr döyüşlərdə böyük şücaət göstəriblər. Biz isə təzə qüvvə idik.



Tərtər döyüşlərinin mahiyyətinə baxsaq eynilə 41-45-in cəbhə xəttini xatırladır. Orada eyni gücə malik iki qüvvələr hər bir silahdan istifadə edərək döyüşürdü və heç kim də qaçmırdı. Axırda erməni ordusu gördü ki, bacarmır və gücsüzlüklərini etiraf etdi. Ermənilər təəccüblə deyirdilər ki, bu qüvvələr bir ay əvəlki qüvvələr deyil. Bir ay ərzində döyüşməyi necə öyrəndiniz?

- Füzuli istiqamətində planlar baş tutmadı.


- Düşmən Tərtər istiqamətində cəbhəni yaracaqdı. Buna görə də Tərtərə getdik. Yoxsa plana görə Füzuli, Hadrut və digər yerlər düşməndən alınacaqdı.

- Bu əməliyyatlarda sizin vəzifəniz nə olub?


- Hərbi hissə komandirinin müavini idim.

- Müharibə bitdi və illər sonra aprel döyüşləri başladı.

- Aprel hadisələrini çox yüksək dəyərləndirirəm. Qarabağ müharibəsində biz sovetdən təzə ayrılmışdıq. Camaat hələ ayılmamışdı. Rayonlarımız işğal olunurdu. Hamı geri qayıdacağına inanırdı. Heç kim anlamırdı ki, nə baş verir. İllər keçəndən sonra başa düşdülər ki, bayraq nədir, dövlət nədir, düşmən nədir, torpaq nədir. Əksər vətəndaşlar bayrağın nə olduğunu anlamırdı. Hərbi hissədə bayraq qaldıranda gülürdülər ki, bunun başı xarabdır. Aprel hadisələri onu göstərdi ki, bizim vətəndaşlar müstəqil ölkənin vətəndaşı olaraq bunu anladı, məsulliyəti dərk elədi. Azərbaycan türklərindən əlavə talış da, ləzgi də, kürd və digərləri də dedi ki, qalan oğlum da dövlətə qurbandır. Bundan artıq nə istəyə bilərik? Bunu kim elədi? Təbii ki, Azərbaycan əsgəri elədi. Xalq ayağa qalxdı. Hətta ölkəmizdən küsüb gedənlər xaricdən dəstək mesajları yağdırdı. Parisin ortasında ermənilərin qaldırdığı bayrağı əllərindən alıb yerə atdılar. Aprel hadisələri budur. Sən də cəbhədə idin, sonra isə keçmiş döyüşçülərlə birlikdə cəbhəni gəzdin. Ordumuzun vəziyyətini özün gördün.



Müharibəni təkcə ordu aparmır. Müharibəni xalq dövlətlə bir yerdə aparır və aprel hadisələri zamanı bu vəhdəti gördüm.

- Aprel hadisələrindən sonra keçmiş döyüşçülər cəbhəyə yola düşdü. Onların içərisində siz də var idiniz.

- Əsgərlər bizi görəndə təəccübləndilər. Əsgərlərlə söhbət etdik. Sonra isə kağız karandaşımı götürüb əsgərlərimizin şəkillərini çəkməyə başladım. Bir neçə əsgərimizin şəklini çəkdim. Əsgərlər bizi çox yaxşı qarşıladı. Ön xətdə olana heç nə gəlib çatmır. Əfqanıstanda da bunu görmüşəm. Nə gələn yemək, nə gələn konsertdən öndəkilərə heç nə çatmır. Biz düşmənlə üzbəüz dayanan əsgərlərin yanına getdik. Onlar bizi çox yaxşı qarşıladı.

- Etiraf edək ki, informasiya müharibəsində uduzuruq.



- Bunu həmişə demişəm. Əlimizdə bütün imkanlar ola-ola savadsız, lazımsız, formal şəkildə olan qadağalarla bunun qarşısını alırlar. Əgər informasiya məsələsini öz üzərlərinə götürürlərsə, zəhmət çəkisinlər, işlərini düzgün qursunlar. Kim birinci informasiya yayır, üstünlüyə elə o malik olur.

- Azərbaycan-Ermənistan dövlət sərhəddində baş verən hadisədə də işi gördülər, dərhal KTMT-yə çıxdılar, səslərini başlarına atdılar ki, Azərbaycan dövlət sərhəddimizi pozub.

- Bu məsələdə də 9 saat gecikdik. Bu hazırlanmış bir şey idi. Onlar Qarabağ istiqamətində dəfələrlə təxribatlar törətdilər, buna KTMT reaksiya vermədi ki, bu, Azərbaycanın daxili işidir. O zaman keçdilər dövlət sərhəddinə. Əgər bu informasiya müharibəsi belə davam edəcəksə pis nəticələnəcək. Dediniz ki, ordudan, cəbhədən məlumat yaymayın, yaymadıq. Ancaq işləyin də. Bu təkcə Vaqif Dərgahlının işi deyil. Bu kompakt şəkildə görülən işlərdir. Biz təmannasız kömək edə bilərik, imkan versinlər, işləyək. Həmişə gecikirik.

Qanunu sərtləşdirməklə iş görülmür. Deyirlər ki, tənqid olmaz. Hər şeyi də tərifləmək də olmaz axı. Sadəcə olaraq işləmək lazımdır.

Səxavət Məmməd
Fotolar: Nurlan Gülməmmədov

Ölkə.Az


Diaspora