“Bakı və Bərdə ofislərimiz itkin düşmüş təxminən 3700 nəfəri qeydiyyata götürüb və bunların 80%-i döyüşçülər olub” Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Elena Aymone Sesseranın APA-ya müsahibəsi - Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı təyin edilməyinizdən bir neçə ay keçir. Sizin rəhbərliyiniz altında hansı işlər görülüb? - Mən BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısı kimi fəaliyyətimə mart ayında başladım və bundan az sonra aprel gərginliyi baş verdi. Ölkədə yeni olduğumdan, mənim üçün çətin idi, hələ kontekst barədə çox şey öyrənməli idim. Ancaq mənim bundan əvvəlki təcrübəm BQXK-nın vəziyyətə olan cavabını qısa müddətdə uyğunlaşdırmağa imkan yaratdı. Biz cəbhə xəttinin hər iki tərəfində ehtiyacı olan mülki şəxslərə dəstək üçün əlimizdən gələni etdik və münaqişə zonasına yaxın ərazilərdə yaşadıqları üçün gündəlik həyatında çətinliklərlə üzləşən şəxslərin əziyyətini azaltmaq üçün fəaliyyətlərimizi davam etdirməkdəyik. BQXK aprel gərginliyində əziyyət çəkmiş mülki əhalinin ehtiyaclarını qarşılamaq üçün 2016-cı il üçün olan büdcəsini artırıb.
- BQXK münaqişə zonasına yaxın ərazilərdə yaşayan mülki şəxsləri dəstəkləmək üçün nələr edir?
- BQXK həm beynəlxalq sərhədlər, həm də təmas xətti boyu işləyir və münaqişənin nəticələrini qarşılamaq üçün Bakı və Yerevandakı nümayəndəliklər, Bərdədəki ofis və Dağlıq Qarabağdakı missiya vasitəsilə fəaliyyət göstərir. Aprel gərginliyindən sonra biz diqqətimizi əsasən insanların təxirəsalınmaz ehtiyaclarını qarşılamağa cəmləşdirdik və adi yaşam tərzlərinin bərpasına çalışdıq. Təmas xətti boyu döyüşlərin intensivləşməsi ev və su sistemləri də daxil olmaqla infrastrukturun dağılmasına və məhsul itkisinə gətirib çıxardı. Bundan əlavə, təhlükəsizliklə bağlı vəziyyət və müharibənin partlayıcı qalıqları adamları öz sahələrində işləməkdən çəkindirdi. BQXK dərhal cəbhə xəttinin hər iki tərəfində olan münaqişə qurbanlarına yardım etməyə başladı. BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə sıx əməkdaşlıq şəraitində Ağdam və Goranboy rayonlarından olan, evləri dağılmış mülki şəxslərə Azərbaycan Ərazilərinin Yenidənqurulması və Bərpası Agentliyinin onlar üçün ev tikdiyi müddətdə yaşayış yeri kirayələmək üçün maddi yardım edib. Gərginlikdən dərhal sonra AzQAC və BQXK evləri zədələnmiş ailələri əsas təmir işlərinə imkan yaratmaq üçün plastik örtüklə təmin etdi. Mal-qarasını və ya məhsulunu itirmiş 1500-dən artıq fermerə növbəti məhsul üçün maddi yardım göstərildi. Cəbhəyanı 18 icmanın üzvləri “İş müqabilində nağd pul” layihəsinə cəlb olundu. BQXK Tərtər, Ağdam, Füzuli və Goranboyun 21 kəndində su infrastrukturunu təmir etməkdə hakimiyyət orqanlarına və icmalara yardımçı oldu.
Səhiyyə və Müdafiə Nazirliklərinin dəstəyi ilə BQXK cəbhə xəttinə yaxın ərazilərdə çalışan tibb işçilərinə döyüş yaralanmaları barədə seminar və təcili yardım otağı - travmalar kursu təşkil etdi; AzQAC-la sıx əməkdaşlıq barədə biz cəbhəyanı icmalar üçün İlk Yardım Kursları da təşkil etmişik.
BQXK və AzQAC, ANAMA ilə də əməkdaşlıq şəraitində, partlayıcı qalıqların yaratdığı təhlükə ilə bağlı maarifləndirici sessiyalar həyata keçirir.
Onu da başa düşmək lazımdır ki, cəbhə xəttinə yaxın ərazilərdə uzun müddət yaşamaq adamların, əsasən də qadın və uşaqların, psixoloji durumuna güclü təsir edir. BQXK və AzQAC yerli hakimiyyət orqanları ilə birlikdə icmalara münaqişə ilə bağlı stresi idarə etmək və aradan qaldırmaq üçün proqram həyata keçirəcək.
Onu da əlavə edim ki, bizim işimizin ən vacib hissələrindən biri də silahlı münaqişə tərəflərinin rəsmiləri ilə beynəlxalq humanitar hüquqa riayətlə bağlı öhdəlikləri ilə əlaqədar davamlı konfidensial və ikitərəfli dialoq aparmaqdır. Bura xüsusilə də döyüşlərin aparılması, mülki şəxslərin müdafiəsi və məsələn, mülki şəxslər və ya humanitar sahədə işləyənlər cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyət göstərərkən yaranan əlavə ehtiyat tədbirlərinə ehtiyac kimi mövzular daxildir.
- Aprel döyüşlərində Ermənistan tərəfi xeyli sayda hərbçinin itkin düşdüyünü və onlarla meyitin döyüş meydanında qaldığını bildirdi. Bu döyüşlərdə itkin düşən kimi qeydiyyata alınan şəxslər oldumu? Döyüş meydanında qalan neçə nəfərin meyiti ölkəsinə qaytarıldı?
- BQXK və ATƏT-in iştirakı ilə tərəflərin həyata keçirdiyi döyüş meydanında meyitlərin axtarışı və götürülməsi əməliyyatları çərçivəsində BQXK-nın neytral vasitəçi kimi tərəflərlə razılaşdırılmış şəkildə meyitlərin qaytarılması ilə bağlı keçirdiyi 2 əməliyyat sayəsində 2016-cı ilin aprel hadisələrində itkin düşən şəxs yoxdur. Bu, döyüş zamanı həlak olanların ailələri üçün çox vacib nəticədir. O ki qaldı rəqəmlərə, bu, BQXK-nın ictimaiyyətə açıqlayacağı məlumat deyil, rəqəmlərin açıqlanması barədə qərarı münaqişə tərəfləri verir.
- Hazırda münaqişə tərəfləri neçə nəfər şəxs saxlayır?
- Hazırda BQXK Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlıya və Bakıda saxlanılan bir erməni hərbi əsirə baş çəkir.
- Sizin siyahınızda itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyatdadır? Onlardan neçəsi Azərbaycandandır?
- Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hal-hazırda təxminən 4500 nəfər itkin kimi bizim qeydiyyatımızdadır. Bu, 90-cı illərdə itkin düşənlərdir. Bizim Bakı və Bərdə ofislərimiz təxminən 3700 nəfəri qeydiyyata götürüb və bunların təxminən 80%-i döyüşçülər olub.
- BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərdiyi illər ərzində neçə şəxsin əsirlikdən azad olunmasına yardım edib?
- Bir məsələni dəqiqləşdirək ki, BQXK-nın kiminsə azad edilməsi ilə bağlı heç bir rolu yoxdur, bu qərarı ancaq saxlayan tərəf verə bilər. Bizim rolumuz siyasi səviyyədə qərar qəbul edildikdən sonra tərəflər arasında təhvilvermənin həyata keçirilməsinə dəstəkdir. O ki qaldı təhvilverməyə, 1992-ci ilin əvvəllərindən bəri təxminən 700 nəfər şəxs BQXK-nın Dağlıq Qarabağ missiyası, Bakı və Yerevan nümayəndəliklərinin dəstəyi ilə qaytarılıb. Müharibənin ilk illərində vəziyyət qarışıq idi və adamlar tutulurdu, sonra BQXK-nın vasitəçiliyi olmadan da qaytarılırdı.
- Bu ilin sentyabr ayında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 100-dən çox şəxsin fotoşəklinin əldə edilmədiyini açıqladı. Dövlət Komissiyası itkin düşmüş həmin şəxslərin ailə üzvlərindən, qohumlarından, dostlarından və yaxınlarından onların fotoşəkillərinin tapılmasına yardım etmələrini xahiş etmişdi. Bununla bağlı Dövlət Komissiyası ilə BQXK arasında əməkdaşlıq aparılırmı? Aparılırsa, hər hansı nəticə əldə olunubmu?
- Biz Dövlət Komissiyası, xüsusən də İşçi Qrup ilə Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin taleyinin aydınlaşdırılması istiqamətində çox yaxından əməkdaşlıq edirik. AzQAC və Dövlət Komissiyası ilə birgə biz 2008 və 2011-ci illər arasında itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanmasını həyata keçirmişik və bu, Dövlət Komissiyası tərəfindən tədricən işlənilir. Bundan əlavə, biz itkinlərin ailə üzvlərindən bioloji nümunələr toplayırıq. Bu iş Dövlət Komissiyası və Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalı ilə birgə həyata keçirilir. BQXK Dövlət Komissiyasına itkinlərin taleyini aydınlaşdırmağa kömək edə biləcək məlumatın toplanmasında və mərkəzləşdirilməsində dəstək verir. Bu, fotoşəkillər kimi vizual materialın toplanmasına da aiddir. Bəzi itkin düşmüşlərin ailələrində ola bilsin ki, əzizlərinin şəkilləri olmasın.
- BQXK-nın Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri, xanım Dəniz Duran APA-ya müsahibəsində bu ildən itkin düşmüş şəxslərin qohumlarından bioloji istinad nümunələrinin toplanılmasına başlandığını bildirmişdi. Bu günədək neçə nəfərdən nümunə götürülüb?
- İndiyə qədər bu layihə Bakı, Abşeron, Sumqayıt və Salyanda həyata keçirilib. Biz indi Neftçalada bu işi davam etdiririk və sonra qonşu rayonlara keçəcəyik. Bu günə kimi, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və BQXK 3000-dən artıq nümunə toplayıb. Bu nümunələr Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında saxlanılır ki, bir gün eksqumasiya edilə biləcək insan qalıqlarını DNT nümunələrinin müqayisəsi vasitəsilə identifikasiya etmək və ailələrinə qaytarmaq mümkün olsun. Bunun nəticəsində bəzi ailələr bir gün əzizlərinin taleyini öyrənə və həqiqi yas prosesinə başlaya biləcəklər. Bütün bioloji nümunələrin toplanılması bir neçə il tələb edəcək. Təxminən 3700 azərbaycanlı itkin düşüb və identifikasiyanın aparılması üçün hər bir itkinin 3-6 bioloji ailə üzvündən nümunə götürülməlidir. Bu, BQXK və Dövlət Komissiyasının birlikdə həyata keçirdiyi nəhəng bir işdir.
- Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmaları ilə bağlı hansı işlər görülür?
- BQXK-nın saxlanılan şəxslərin azad edilməsində və qaytarılmasında heç bir rolu yoxdur. Belə qərar əvvəldə də deyildiyi kimi, siyasi səviyyədə qəbul olunur. Azadedilmə barədə qərar qəbul olunduqda, BQXK neytral vasitəçi olaraq beynəlxalq sərhəddə və ya təmasa xəttində təhvilvermənin həyata keçirilməsinə yardımçı kimi kömək edir. O vaxta kimi isə BQXK mandatına uyğun olaraq istər münaqişə ilə əlaqədar, istərsə də digər səbəblərdən azadlıqdan məhrum edilmiş şəxslərə müntəzəm surətdə baş çəkir. Bu mandat Cenevrə konvensiyalarından irəli gəlir. BQXK saxlanma yerlərində olan şərait və rəftarı qiymətləndirmək və saxlanılan şəxslərlə ailələri arasında əlaqələrin məktublar (Qızıl Xaç məktubları) vasitəsilə saxlanmasını təmin etmək üçün başçəkmələr həyata keçirir.
- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” və ya digər görüntülü kommunikasiya vasitəsilə əlaqə yaratmaları üçün tərəflərə müraciət olunubmu?
- BQXK-nın tərəflərlə xüsusi mövzularda aparılan dialoqu ikitərəfli və konfidensial xarakter daşıyır. Ümumiyyətlə, BQXK ailə əlaqələrinin mümkün kommunikasiya vasitələri ilə bərpa edilməsi və qorunması üçün əlindən gələni edir.
Sizi əmin edə bilərəm ki, BQXK saxlanılan şəxslər üçün təmin olunan səhiyyə xidmətlərinə ciddi fikir verir.
- Mətbuatda D. Əsgərov və Ş. Quliyevin sağlamlıq durumu ilə bağlı müxtəlif məlumatlar yayılıb. Ailələri də onların sağlamlıq durumunun yaxşı olmadığını deyir. BQXK bu haqda nə deyə bilər?
- Saxlanılan şəxs ailəsinə öz sağlamlıq durumu barədə məlumat verə bilər. Ancaq BQXK baş çəkdiyi saxlanılanların şəxsi məlumatlarını ictimailəşdirmir. Mən sizi əmin edə bilərəm ki, BQXK saxlanılan şəxslər üçün təmin olunan səhiyyə xidmətlərinə ciddi fikir verir. Bizim bütün dünyada saxlanma yerlərinə keçirdiyimiz başçəkmələrin ayrılmaz hissəsi saxlanılan şəxslərə olan münasibəti, onlara təqdim edilən xidmətləri və saxlanma şəraitini yoxlamaqdır. BQXK-nın başçəkmələrdə iştirak etmək və tibbi xidmətin təmin edildiyini yoxlamaq üçün həkimləri var. BQXK-nın həkimi müntəzəm olaraq Dağlıq Qarabağda saxlanan hər iki azərbaycanlıya, eləcə də Bakıdakı erməni hərbi əsirə baş çəkir. Ancaq vurğulamaq istəyirəm ki, saxlayan tərəf saxlanılan şəxsin səhhəti üçün məsuliyyət daşıyır.
- Suriya hadisələri başlayandan bəzi Azərbaycan vətəndaşları da orada döyüşlərdə iştirak edir. Həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün sizə ailələrdən hər hansı müraciət daxil olubmu?
- Bir neçə ailə BQXK-nın Azərbaycandakı nümayəndəliyinə yaxın qohumlarının Suriyada axtarışı üçün müraciət edib. Ailələrin Suriyada olan Azərbaycan vətəndaşları barədə ətraflı məlumat verə bildiyi halda BQXK-nın Bakı ofisi axtarış sorğusunu aça bilər. Təəssüf ki, həmin ailələr ətraflı məlumat vermə meyarını qarşılamayıblar. Suriyada vəziyyət olduqca təhlükəlidir və BQXK-nın axtarış fəaliyyəti böyük çətinliklərlə üzləşir.