Qarabağ Qazilərinə yeni status veriləcək – Etimad Əsədov - MÜSAHİBƏ

Qarabağ Qazilərinə yeni status veriləcək – Etimad Əsədov - MÜSAHİBƏ backend

Son günlər Qarabağ Qaziləri Birliyinin passivliyini, yaxud da səssizliyi açıqca hiss olunur. Buna səbəb nədir? Qurumun sədri Etimad Əsədovla əlaqə saxladıq. Birliyin sədri Hafta.az-ın əməkdaşına müsahibəsində söylənilənlərin əksini dedi. Onun sözlərinə görə, son dönəmlər sadəcə başları özlərinə qarışıb. Üstəlik də payız mövsümünə “yay hazırlıqları” ilə gəldiklərini dedi.

- Etimad bəy, Qarabağ Qaziləri son vaxtlar gözə passiv dəyir. Mediada da az-az görünürsünüz. Passivliyin səbəbi nədir?

- Mən passiv olduğumu düşünmürəm. Sadəcə, son vaxtlar media bizə qarşı bir az diqqətsizləşib. Bilmirəm niyə? Yəni bizim fəaliyyətimizi işıqlandırmaq baxımından. Onu deyə bilərəm ki, biz son vaxtlar mediadan daha çox sosial şəbəkələrdə aktivik. Amma biz öz əlillərimizin, qazilərimizin problemləri ilə məşğuluq. Hətta yay tətilində Milli Məclis üzvləri dincəlməyə gedəndə də, bizim fəaliyyətimiz dayanmadı. Əlillərimizin yanında, onların problemləri ilə məşğul olmuşuq. İndi qarşıdan payız gəlir. İşlərimiz daha çoxdur. Əlillərin sosial problemləri ilə bağlı sənədlər hazırlayıb, aidiyyəti orqanlara təqdim edəcəyik.


- 31 iyul-2 avqustda cəbhədə vəziyyət gərginləşəndə sizin qurum hansısa qərar qəbul etdimi? Müdafiə Nazirliyinə və ya digər aidiyyəti qurumlara hər hansı təklif və müraciətlə çıxış etdinizmi?

- Həmin vaxt biz öz mövqeyimizi bildirdik. Qarabağ qaziləri döyüşmək üçün təşkilata müraciət etdilər. Biz də Müdafiə Nazirliyinə, eləcə də birbaşa Ali Baş Komandana döyüşmək, öz hərbi potensialımızı gənclərlə bölüşmək üçün müraciətlər etdik. Çox xoş qarşılandı. Amma hələ ki, buna ehtiyac olmadığı deyildi. Yenə də bildirirəm ki, əgər müharibə başlayacaqsa, biz hər an əldə silah döyüşməyə hazırıq. Biz öndə gedəcəyik. Bayrağı da Xankəndinə Qarabağ Qaziləri olaraq biz taxmaq istəyirik.


- Aidiyyəti qurumlar sizinlə maraqlanırmı? Təklif və müraciətlərinizə vaxtında cavab verilir?


- Prezident qarşısında çıxış etdik. Qazilərin övladlarının təhsil haqqı məsələsi ilə bağlı müsbət cavab aldıq. Qarabağ Qazilərinə yeni status veriləcək. Və onlar bundan sonra xüsusi pasport daşıyacaqlar. Bundan başqa, yeni bir qrup Qarabağ əlillərinə avtomobil verilməsi nəzərdə tutulur. Bundan başqa, ölkə başçısının qərarına əsasən, 2018–ci ilə qədər Qarabağ əlillərinin evlə təmini tamamilə başa çatdırılacaq.

- Əlillərin pensiya təminatı, tibbi sığortası ilə bağlı nə yeniliklər var? Bununla bağlı fəaliyyətiniz nə yerdədir?

- Pensiyaların qaldırılması ilə bağlı təklif hazırladıq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdən sonra bizim pensiya təminatımızın yaxşılaşdırılması ilə bağlı müsbət cavab aldıq. Əlli faiz pensiyaların qaldırılması məsələsi gündəmdədir. Bu yöndə də işlər davam edir.


- Müsahibələrinizin birində demişdiniz ki, “mən müharibə istəmirəm”. Necə fikirləşirsiniz, Qarabağ qazisinin bu cür ifadəsi ruh yüksəkliyi baxımından əsgərlərə mənfi təsir edə bilərmi?

- Mənim sözüm təhrif edilib. Demişəm ki, müharibə çox dəhşətli bir şeydir. Mən bunu savaş görmüş adam kimi deyirəm. İstərdik ki, ərazilərimiz sülh yolu ilə qaytarılsın. Amma erməni də bizim torpaqları verən deyil. Bunu dəfələrlə demişəm, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytarmayacaq. Bunun üçün də biz əldə silah torpaqların müdafiəsini gözləyirik. Çünki mən qalib ordunun əsgəri, qalib ölkənin vətəndaşı olmaq istətyirəm. Bu yolda canımı verib, vətən daşı olmağa da hazıram.

- Etimad bəy, Qarabağ Qaziləri vətənpərvərlərin yığışdığı bir yerdir. Bəs siz son günlər hansısa vətənpərvərlik aksiyaları keçirirsinizmi? Gənclərlə, əsgərlərlə döyüş təcrübələrinizi bölüşüb onlarla bu ruhda söhbətlər aparırsınızmı?

- Bu cümə günü Ümid Partiyasının qərargahında gənclərlə vətənpərvərlik ruhunda görüşlər keçiriləcək. Bu ay yenə orta məktəb şagirdlərilə bizim belə görüşlərimiz nəzərdə tutulub. Bununla yanaşı, biz mütəmadi olaraq əsgərlərimizlə görüşlər təşkil edirik. Görüşlərə əsasən bir şüarla gedirik: “Vətən üçün şəhid olmağa dəyər!”. Bizim rayon şöbələrimiz tez–tez cəbhə bölgələrində olurlar.

- Ötən il prezident seçkilərində Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadənin vəkili idiniz. Nə vaxtsa siyasətə qoşulmaq və ya Qarabağ Qazilərindən ayrılıb, siyasi fəaliyyətlə məşğul olmaq fikriniz varmı? Varsa, bu hansı istiqamətdə olacaq?

- Bilirsiniz, Azərbaycan cəmiyyətində belə bir tendensiya var: kimsə siyasi proseslərdə iştirak edirsə, seçkilərdə aktivlik göstərirsə, o saat adını qoyurlar ki, siyasətə qoşulub. Əslində mən bununla vətəndaş kimi öz aktivliyimi ortaya qoydum. Bununla da demək istəyirəm ki, hər kəs dövlətin ümdə məsələlərində öz mövqeyini ortaya qoymalı, aktivlik göstərməlidir. Baxın, mən siyasətçi deyiləm. Amma ötən parlament seçkilərində Qarabağ Qazilərini parlamentdə təmsil etmək istəyirdim. Bu o demək deyil ki, mən siyasətə qoşuldum. Mən siyasətə qatılmaq istəmirəm. Bu, heç vaxt da baş verməyəcək.

Tural Turan, Hafta.az
Diaspora