Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun Trend-ə müsahibəsi
- Eldar müəllim, təmsil etdiyiniz qurum bu gün dövlətimizi və xalqımızı çox narahat edən kifayət qədər ciddi bir problemin həlli ilə məşğuldur. Öncə Dövlət Komissiyasının fəaliyyəti ilə bağlı məlumat verməyinizi xahiş edirik.- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialı hərbi təcavüzü ilə bağlı baş verib. 1988-ci ildə başlayan münaqişə özü ilə birgə Azərbaycana çoxsaylı problemlər gətirdi. Onlardan ən ağırı humanitar problemdir ki, Azərbaycan hələ də bu problemdən əziyyət çəkir. Humanitar problem etnik təmizləmənin aparılması, insanların əsir-girov götürülərək saxlanması və itkin düşərək sonrakı taleyinin qaranlıq qalması ilə müşayiət olunur. Münaqişənin başladığı ilk dövrdə çox sayda vətəndaşımız əsir və girov götürülmüş, itkin düşmüşdü. O dövrdə yaranmış humanitar problemin həll edilməsi üçün konkret olaraq dövlət qurumu fəaliyyət göstərmədiyi üçün bu məsələ daha çox xaotik şəkildə həll edilirdi. 1993-cü ilin yanvar ayında mərkəzləşmiş dövlət qurumu - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradıldı. Qurumun qarşısına qoyulmuş əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş şəxslərin azad olunması, itkin düşmüş vətəndaşların axtarışından ibarət idi. 25 ilə yaxın bir dövrdə fəaliyyət göstərən Dövlət Komissiyası tərəfindən bu günə kimi zəruri olan müəyyən işlər aparılıb və Komissiya bu gün də fəaliyyətini davam etdirir. Bu fəaliyyətin nəticəsində bu günə kimi humanitar problemin gündəlikdə saxlanmasını tənzimləyə bilmişik.
- Təəssüf ki, hələ də əsirlikdə olan vətəndaşlarımız, girov götürülmüş və itkin düşmüş soydaşlarımız var. Bu vətəndaşlarımızın azad olunması, taleyinin müəyyən olunması ilə bağlı Dövlət Komissiyası tərəfindən hazırda hansı işlər görülür?
- Əvvəlcə, gəlin, bu sahə ilə bağlı bəzi terminlərə aydınlıq gətirək:
İtkin düşmüş şəxs kimdir – Harada olduğu onun yaxın qohumlarına və müvafiq dövlət qurumlarına məlum olmayan və ya etibarlı məlumatlara əsasən, eyni zamanda milli qanunvericiliyə uyğun olaraq beynəlxalq və ya lokal silahlı münaqişələrdə, ölkədaxili gərginlik və iğtişaşlarda, o cümlədən təbii fəlakətlər zamanı (sel, zəlzələ, sunami, torpaq sürüşməsi, uçqun və s.) yoxa çıxdığı bildirilən şəxsdir.
Şəxsin itkin düşmüş və ölmüş elan edilməsinin hüquqi əsasları və nəticələri Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Hərbi əsirlər – Beynəlxalq silahlı toqquşma zamanı münaqişə edən tərəflərdən birinin silahlı qüvvələrindən düşmən tərəfin əlinə keçmiş şəxslərdir. Münaqişədə iştirak edən tərəfə mənsub olan, öz ərazisində və ya ondan kənarda, hətta bu ərazi işğal edilsə belə, fəaliyyət göstərən mütəşəkkil müqavimət hərəkatlarının üzvləri də daxil olmaqla, digər polis və könüllü dəstələrin üzvləri saxlanılarkən hərbi əsir hesab edilir.
Kombatantlar – (fr. combattant) Silahlı qüvvələrin tərkibinə daxil olan və döyüş əməliyyatlarında iştirak edən hərbçilərdir. Bu onunla bağlıdır ki, kombatant olan şəxsin güc tətbiq etmək və öldürmək ixtiyarı var. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, döyüş əməliyyatlarında iştirak etməyən hərbçilər, eyni zamanda, silahlı qüvvələrin tərkib hissəsi sayılmayan polis və digər hərbiləşdirilmiş qurumlar, həmçinin döyüşən silahlı qüvvələrin tərkibində olan tibbi və ruhani heyət kombatant hesab edilmirlər.
Mülki şəxslər, başqa sözlə, dinc əhali – silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün şəxslərdir. Mülki şəxslərin hərbi əməliyyatlarda iştirakı, belə demək mümkünsə, humanitar hüquqla qadağan edilmişdir. Əks halda onlar humanitar hüquqla himayə olunmaq statuslarını itirirlər və onlara qarşı güc tətbiq edilə bilər. Buna baxmayaraq, onlar mülki şəxs statuslarını itirmirlər və kombatant hesab edilmirlər.
Beynəlxalq hüququn əsas mənbəyi olan Cenevrə Konvensiyaları müharibələr zamanı mülki şəxslərin girov götürülməsini və saxlanmasını qadağan edir. Ancaq Dağlıq Qarabağ münaqişəsində bunun tam əksini gördük. Humanitar problemin həlli ilə bağlı fəaliyyətdə çox həssas olan bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Danışıqlar zamanı əsir və girov götürülmüş şəxslərin azad olunması və onların ailələrinə qaytarılmasına ümid daha çoxdur, amma itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması çox uzun və daha çətin bir prosesdir. Bu problem daima Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısına qoyduğu əsas vəzifə son vətəndaşımız azad olunanadək fəaliyyətin davam etdirilməsidir. Dövlət Komissiyasının sədri Mədət Quliyev bu vəzifəyə təyin olunandan sonra keçirdiyi ilk müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bizə çox mühüm, həssas və vacib bir sahəni tapşırdığını və etibar etdiyini bildirdi. Biz bu problemlə bağlı yaranan məsələlərin həlli üçün daim fəaliyyətimizi davam etdirməli, humanitar problemin nəticələrinin yüngülləşdirilməsi üçün məqsədyönlü iş aparmalıyıq. Komissiya sədrinin xüsusi tapşırığı isə siyahıların dəqiqləşməsi məsələsi idi.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun davam etməsi humanitar problemi gündəmdə saxlayır. Bu isə Dövlət Komissiyasının fəaliyyətini çətinləşdirən əsas amillərdən sayılır. Bu barədə nə deyə bilərsiniz?
- Münaqişə tərəfləri arasında atəşkəsin imzalanmasından xeyli vaxt keçməsinə baxmayaraq, Dövlət Komissiyasına hələ də hər gün müraciətlər olur. Çox təəssüf edirəm ki, münaqişədə status-kvonun davam etməsi itkin düşmüş şəxslərin axtarışına birbaşa mane olan əsas amildir. Çünki bütün itkinlər - azərbaycanlılar da, ermənilər də hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərində itkin düşüblər. Dövlət Komissiyasında hazırda 3851 nəfərin adı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Bu, 2016-cı ilin 1 dekabr tarixinə olan məlumatdır. Onların əksəriyyəti intensiv hərbi əməliyyatların getdiyi dövrdə itkin düşüblər. Atəşkəsdən sonra da itkin düşmüş şəxslər olub, amma onların sayı azdır. 3851 nəfər itkin düşmüş şəxsdən 3118 nəfəri hərbçi, 733 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 62 nəfəri uşaq, 259 nəfəri qadın, 300 nəfəri isə yaşlı insan olub.
Yuxarıda qeyd etdim ki, beynəlxalq humanitar hüquq mülki şəxslərin münaqişələr zamanı girov götürülməsini qadağan edir. Amma 733 nəfər mülki şəxs itkin düşmüş şəxs kimi rəsmi qeydiyyatdadır. Bu, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır və müharibə cinayətidir.
Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə uyğun olaraq, biz hazırda itkin düşmüş şəxslərlə bağlı siyahının dəqiqləşməsi üçün zəruri işlər aparırıq. Bununla paralel olaraq, itkin düşmüş şəxslərin fotoşəkillərinin tam şəkildə əldə olunması da tapşırılıb. Təəssüf ki, 150 nəfərin fotosunu tapa bilməmişik. Fotoşəkli tapılmayanlar, əsasən, işğal olunmuş ərazilərimizin ahıl yaşlı şəxsləridir. Biz ictimaiyyətdən bu məsələdə dəstək gözləyirik.
- Münaqişə başlayandan bu günə kimi nə qədər vətəndaşımız əsir və girovluqdan azad edilib?
- Bu günə kimi Azərbaycan dövləti tərəfindən aparılan səmərəli danışıqlar nəticəsində 1437 nəfər vətəndaşımız əsir və girovluqdan azad olunub. Onlardan 351 nəfəri hərbçi, 1086 nəfəri mülki şəxsdir. Göründüyü kimi, girov götürülmüş mülki şəxslərin sayı əsir götürülmüş hərbçilərin sayından daha çoxdur. Bu o deməkdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əraziləri işğal olunduğu zaman mülki şəxslər beynəlxalq hüquq normalarına zidd olaraq hədəfə çevrilib, onlara qarşı girovluqda olarkən qeyri-insani davranış sərgilənib, ağır işgəncələrə məruz qalıblar. 1086 mülki şəxsin arasında 210 uşaq, 342 qadın, 285 qoca olub.
- Necə hesab edirsiniz, Dağlıq Qarabağ münaqişəsində 3851 nəfərin itkin düşmüş şəxs kimi axtarışda olması “böyük statistika” deyilmi?
- Belə bir el məsəli var: “bir insan, bir aləm”. Əlbəttə, bir nəfərin də itkin düşməsi çoxdur. Bu rəqəmlərə sadə riyazi say olaraq yanaşmaq mümkün deyil. Bu rəqəmlər canlıdır və onlar hər gün bizimlə danışır və təmasda olurlar. Bilirsinizmi, bizim üçün iş prosesində ən çətin an hansıdır? İtkin düşmüş şəxsin anasının verdiyi suallara cavab tapa bilməmək, illər boyu təkrarlanan eyni suallar qarşısında eyni cavablarla donub qalmaq. Bu hal bizim ən ağır anımızdır.
- Bu ilin aprel ayındakı döyüşlərdə itkin düşmüş, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları varmı?
- Xeyr, həmin döyüşlərdə hər iki tərəfdən itkin düşən, əsir və girov götürülən şəxslər olmayıb. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm ki, itkin düşmüş 3851 insanın arasında 873 nəfərin bilavasitə intensiv hərbi əməliyyatların getdiyi dövrdə əsir, girov götürülməsi və saxlanması barədə dəqiq məlumatlar var. Aidiyyəti beynəlxalq təşkilatlarla bu şəxslərin sonrakı taleyi ilə bağlı müntəzəm şəkildə danışıqlar aparılır, onların sonrakı taleyi barədə məlumatların verilməsi tələb edilir. Təəssüf ki, Ermənistan tərəfi əsir-girov götürüldüyü faktı məlum olan 873 nəfərlə bağlı edilən bütün müraciətlərə cavab verməkdən yayınır və onların saxlanması barədə məlumatları danır. Əsir-girovların azad edilməsi və itkinlərin axtarışı sahəsində Dövlət Komissiyasının əsas tərəfdaşı 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsidir. 2008-ci ildə BQXK ilə Dövlət Komissiyası arasında “Ante mortem” məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi imzalanıb. Bu fəaliyyət çərçivəsində itkin düşmüş şəxslər haqqında ilkin olaraq məlumatlar toplanır və sonrakı prosesdə onlardan istifadə olunur. Eyni zamanda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələr toplanılır. Sonra isə ekshumasiya və identifikasiya prosesi aparılır. 2014-cü ildən itkin düşmüş şəxslərin yaxınlarından bioloji nümunələrin toplanması bu gün də davam etdirilir. Artıq Bakı, Sumqayıt və Salyanda bu proses başa çatdırılıb. Fəaliyyət bütün respublika ərazisində həyata keçiriləcək. Toplanılan bütün nümunələr Dövlət Komissiyası tərəfindən yaradılmış xüsusi laborator şəraitdə saxlanılır. Bu, çox ağır və çətin bir prosesdir. Çünki bir itkin düşmüş şəxsin 4 yaxın qohumundan, əsasən atasından, anasından, qardaşından və bacısından, olmadıqda isə digər yaxınlarından bioloji nümunələr götürülür. Bu, bütün itkin düşmüş şəxsləri əhatə edəcək. İndiyə kimi 694 ailədən tam şəkildə, 450 ailədən isə qismən olmaqla, bütövlükdə 3164 nümunə toplanılıb. Nümunələrin toplanması prosesi başa çatdıqdan sonra digər yeni bir mərhələyə start veriləcək. Naməlum şəkildə dəfn olunmuş məzar yerlərindəki meyit qalıqlarının ekshumasiyası aparılacaq. Bizə hazırda 160 naməlum məzar məlumdur. Məzarlar hərbi əməliyyatların getdiyi dövrdə döyüş bölgəsindən çıxarılaraq dəfn edilmiş hərbçilərə aiddir. Onlar tanınmadan dəfn olunublar. Bu məzarlar əsasən döyüş bölgələrinə yaxın ərazilərdədir. “Ante mortem” proqramının tam başa çatdırılması üçün vacib olan şərt işğal altındakı torpaqların azad edilməsidir. Münaqişənin həlli prosesində sülh əldə olunandan sonra isə həm fərdi, həm də kütləvi şəkildə dəfn edilmiş bütün naməlum məzarlar üzrə proses aparılacaq. Bu, beynəlxalq layihədir. Naməlum məzarlarda dəfn olunmuş şəxslərin kimliyinin müəyyən olunması üçün götürülmüş bioloji nümunələrdən istifadə olunacaq.
- Azərbaycanın işğal altında olan torpaqlarında naməlum məzarların olması barədə Dövlət Komissiyasında məlumat varmı?
- İşğal altında olan torpaqlarımızda naməlum məzar yerlərinin olması barədə müəyyən məlumatlarımız var. Sadəcə, bizim o ərazilərə bu gün getmək və araşdırma aparmaq imkanımız olmadığı üçün onları tam dəqiqləşdirmək çətindir.
- Dövlət Komissiyasının Ermənistan tərəfi ilə məlumat mübadiləsi aparmaq imkanları hazırda hansı səviyyədədir?
- Ermənistanın Dövlət Komissiyası ilə təmsil etdiyim qurumun üzvləri arasında bir neçə dəfə Rusiyada, Tbilisidə, Cenevrədə görüşlər olub. Təəssüf ki, Ermənistan tərəfi hər dəfə əldə olunan razılığı sonra pozur. Bu da onlarla birbaşa işləmək perspektivini azaldır, bəlkə də, deyərdim, sıfıra endirir. Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti insanların taleyinin müəyyən olunması naminə bu məsələni siyasiləşdirmədən iş aparılmasını istəyir. Amma qarşı tərəf hər dəfə məsələyə qeyri-konstruktiv yanaşma sərgilədiyi üçün görüşlər fayda vermir. Əməkdaşlıq o zaman ola bilər ki, masanın üzərində konkret məsələlər olsun və əldə olunan razılıq sonradan pozulmasın. Biz bu gün də onlarla konkret mövzu üzrə görüşməyə və müzakirə aparmağa hazırıq. Hətta belə bir təkliflə beynəlxalq təşkilatlar qarşısında məsələ də qaldırmışıq. Azərbaycan təklif edir ki, ilkin olaraq hazırda tərəflərin əlində saxlanılan şəxslərin qarşılıqlı şəkildə azad edilməsi məsələsini müzakirə edək. Əgər qarşı tərəfi öz insanının da taleyi düşündürmürsə, onda hansı humanizmdən danışmaq olar?
- Dövlət Komissiyası tərəfindən hazırda itkin düşmüş şəxslərin siyahısında dəqiqləşdirmələr aparılır. Bu işdə hansı yeniliklər var?
- Dövlət Komissiyası itkin düşmüş şəxs kimi adları qeydiyyatda olan vətəndaşlarla bağlı dəqiqləşdirmə işini bu gün də davam etdirir. Dəqiqləşmə prosesində təbii ki, yeni-yeni məqamlar da üzə çıxır. Misal üçün, bu il ərzində aparılmış araşdırmalar zamanı itkin düşmüş 3118 hərbçinin arasında 1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçinin adını müəyyən etdik. Ümumiyyətlə, bu, çox həssas və çoxşaxəli problemdir və araşdırdıqca yeni çalarlar ortaya çıxır. Bu gün Dövlət Komissiyasını itkin düşmüş 18 Əfqanıstan veteranının taleyi çox düşündürür. Ona görə də Sizin vasitənizlə xüsusilə Əfqanıstanda döyüş yolu keçmiş MDB ölkələrinin bu sahədə fəaliyyət göstərən təşkilatlarına və harada yaşamasından asılı olmayaraq, beynəlmiləl ruhu ilə yaşayan hər bir “əfqanlı”ya müraciət edirik. Onlardan xahiş edirik ki, döyüş yoldaşlarının taleyinə biganə qalmasınlar və onların taleyinin müəyyən edilməsi işində yardımçı olsunlar. MDB ölkələrindəki təşkilatlara ona görə müraciət edirik ki, onların qarşı tərəfə ən azından söz demək, təmas yaratmaq imkanları var. Əgər bu sahədə qeyd etdiyim təşkilatlar və insanlar bizə kömək edərsə və heç olmasa, bircə insanın da taleyi müəyyən edilərsə, biz o insanlara minnətdar olarıq. Mən şübhə etmirəm ki, səsimizə səs verən tapılacaq. İndi axtardığımız həmin 18 nəfərin bəlkə də vaxtilə Əfqanıstanda ölümdən qurtardığı cəbhə, səngər yoldaşları hazırda başqa bir ölkədə, başqa bir şəhərdə yaşayır. Əminəm ki, bu müsahibəmdən sonra onlar səngər dostlarının taleyinə biganə qalmayacaqlar. Çox çətin də olsa, söyləyim, bəlkə də 18 nəfərdən bəziləri bu gün həyatda yoxdur. Amma, heç olmasa, onların ruhu qarşısında bir dost, yoldaşlıq borcunu qaytarmış olarlar.
- Bəs Daşaltı əməliyyatında itkin düşmüş şəxslərin axtarışı ilə bağlı yeni məlumatlar varmı?
- Siyahıların dəqiqləşməsi prosesində Dövlət Komissiyası Daşaltı əməliyyatında itkin düşmüş şəxslərin axtarışına da ayrıca kontekstdə yanaşır. Daşaltı əməliyyatında itkin düşmüş şəxslərin axtarışı ilə bağlı həmin döyüşdə iştirak etmiş şəxslərlə, yəni birbaşa şahidlərlə də görüşlər keçirilir və onların verdikləri məlumatlar sənədləşdirilir. Hazırda Komissiyada olan məlumata əsasən, bu əməliyyatda 44 vətəndaşımız itkin düşüb. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, Daşaltı əməliyyatı Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlıların çox sayda itkin düşdüyü ilk tarixdir. Təəssüf ki, bu belədir. Siz bilirsiniz ki, 30 avqust tarixi dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd edilir. Hətta ayrı-ayrı ölkələrin özündə də “İtkinlər günü” qeyd edilir. Əgər gələcəkdə respublikamızda “İtkinlər günü” təsis edilərsə, bu günün Daşaltı əməliyyatının - 26 yanvar tarixinin olduğu gün məqsədəuyğun olardı.
- Eldar müəllim, dəvətimizi qəbul edib gəldiyiniz və maraqlı müsahibə üçün təşəkkür edirik.
Dəyərli oxucuların diqqətinə 1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçimiz barədə məlumatları təqdim edirik:
1. Abbasov Rəfael Soltan oğlu – 1968-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Mağaracıq kəndində anadan olmuş, Ermənistandan qovulmuş Rəfael ailəsi ilə Azərbaycanda məskunlaşmış və itkin düşənədək Bakı şəhərində yaşamışdır. Hərbi hissədə zirehli döyüş maşınının sürücü-mexaniki vəzifəsində xidmət etmiş, 8 may 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı zamanı ağır yaralı vəziyyətdə köməksiz qalan Rəfael ermənilər tərəfindən əsir götürülmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, Rəfael əvvəl Yerevan şəhər həbsxanasında saxlanılmış, sonra Sovetakana (bəzi məlumatlarda bu yer Sovetaşen kimi də göstərilir) göndərilmişdir.
2. Əliyev Əliyar Fərrux oğlu – 1961-ci ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 08.05.1992-ci il tarixdə Şuşa şəhəri ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
İtkin düşənədək Əliyev Əliyar Fərrux oğlu Suraxanı Rayon Hərbi Komissarlığının qeydiyyatında olmuşdur.
3. Əliyev Rəsul Arif oğlu – 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, itkin düşənədək Sumqayıt şəhərində yaşamış, 28.10.1993-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndi yaxınlığında çiynindən yaralanaraq əsir götürülmüşdür.
4. Hacıyev Azər Nəriman oğlu – 1962-ci ildə Şuşa şəhərində anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 13.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
5. Həmidov İlqar Şahgəldi oğlu – 1965-ci ildə Lerik rayonunun Livədirgə kəndində anadan olmuş, itkin düşənədək Lerik rayonunun Livədirgə kəndində yaşamış, 02.10.1992-ci il tarixdə Laçın rayonunun Səfiyan kəndi ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, İlqar yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüş və Ermənistan ərazisində saxlanılmışdır.
6. Qarayev Şakir İmdad oğlu – 1964-cü ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Ağdam rayonunun Muradbəyli kəndində yaşamış, 23.07.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.
7. Qarayev Rasim İmdad oğlu – 1962-ci ildə Ağdam rayonunda anadan olmuş, itkin düşənədək Ağdam rayonunun Muradbəyli kəndində yaşamış, 23.07.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.
8. Həsənov Əsədulla Nuşirəvan oğlu – 1963-cü ildə Qubadlı rayonunun anadan olmuş, itkin düşənədək məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmış, 13.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
9. Qasımov Əli Baloğlan oğlu – 1967-ci ildə Salyan rayonunun Boranıkənd kəndində anadan olmuş, itkin düşənədək Salyan rayonunun Boranıkənd kəndində yaşamış, 09.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
10. Quliyev Sadıq Əli oğlu – 1966-cı ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuş, itkin düşənədək Mingəçevir şəhərində yaşamış, 04.01.1994-cü il tarixdə Ağdam rayonunun Çeyil yüksəkliyi ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
11. Cabbarov Əli Telman oğlu – 1971-ci ildə Bakı şəhərində anadan olmuş və itkin düşənədək Bakı şəhərində yaşamışdır. 8 may 1992-ci ildə Şuşanın Ermənistan hərbçiləri tərəfindən işğalı zamanı yaralı vəziyyətdə əsir götürülmüşdür. Bir neçə mənbədən alınmış məlumata əsasən, Əli əvvəl Yerevan şəhər həbsxanasında saxlanılmış, sonra Sovetakana (bəzi məlumatlarda bu yer Sovetaşen kimi də göstərilir) göndərilmişdir.
12. İmaməliyev Arif Ələkbər oğlu – 1960-cı ildə Bakı şəhərində anadan olmuş, itkin düşənədək Bakı şəhərində yaşamış, 15.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
13. İsaqov Elbrus İsaq oğlu – 1966-cı ildə Cəbrayıl rayonunda anadan olmuş, itkin düşənədək Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində yaşamış, 10.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
14. Mustafayev Vidadi Şəfa oğlu – 1963-cü ildə Xankəndi şəhərində anadan olmuş, 1988-ci ildə digər Xankəndi şəhərində yaşayan azərbaycanlı əhali ilə birlikdə evlərindən qovulmuş Vidadi ailəsi ilə Xocalı şəhərində məskunlaşmış və itkin düşənədək Xocalı şəhərində yaşamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən dinc Xocalı əhalisinin qəddarcasına məhv edildiyi zaman Vidadi bir neçə Xocalı sakini ilə birlikdə əsir götürülmüş və Əsgəran rayon milis şöbəsinə aparılmışdır. Şahidlərin məlumatına əsasən, Vidadi onların gözü qarşısında Ermənistan hərbçiləri tərəfindən kameradan çıxarılmış və bundan sonra onu görən olmamışdır.
15. Nəbiyev Kamil Zaman oğlu – 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuş, itkin düşənədək Sumqayıt şəhərində yaşamış, 12.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Onun həyat yoldaşı bu xəbəri eşidərək özünə qəsd etmiş, qısa müddətdə atasını və anasını itirmiş Kamilin 3 azyaşlı uşağı yetim qalmışdır.
16. Nəsirov Cəmil Bəndə oğlu – 1962-ci ildə Tovuz rayonunda anadan olmuş, itkin düşənədək Tovuz rayonunun Qaraxanlı kəndində yaşamış, 10.02.1994-cü il tarixdə Kəlbəcər rayonunda, Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdür.
17. Səmədov Etibar Tapdıq oğlu – 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuş, itkin düşənədək Cəlilabad rayonunun Göytəpə kəndində yaşamış, 15.06.1992-ci il tarixdə Ağdam rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə itkin düşmüşdür. Aparılmış araşdırmalar nəticəsində toplanılmış şahid ifadələri nəzərə alınaraq, Etibar Səmədovun döyüş bölgəsində yaralı vəziyyətdə əsir götürüldüyü ehtimal olunur.
18. Xəlilov Yunis Abduləli oğlu – 1969-cu ildə Kürdəmir şəhərində anadan olmuş, itkin düşənədək Ucar rayonunun Küçəkənd kəndində yaşamış, 15.05.1992-ci il tarixdə Şuşanın Turşsu kəndində gedən döyüşlərdə itkin düşmüşdür.