Gerçək tarixi şəxs olan və kütləyə əsasən nəvəsi İsmayıl Şıxlının məşhur romanından sonra tanınan Cahandar ağanın nəticəsi Gürbüz Alqazak Moderator.az saytına müsahibəsində babası və ailəsi, həmçinin, nəsil şəcərəsi haqqında maraqlı məlumatlar verib.
Qeyd edək ki, Cahandar ağa İsmayıl Şıxlının “Dəli kür” romanın qəhrəmanı 1853-cü ildə Qazağın IIŞıxlı kəndində dünyaya gəlmişdi. Yusif ağanın oğludur.O, 1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərinindən ibarət bir qrupun pusqusuna düşür. Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa öz atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur. Cahandar ağa qəbri IIŞıxlıda Bakı-Tibilisi şose yolunun, Sınıq körpüyə yaxın hissəsində yolun sağ kənarında yerləşən köhnə qəbirstanlıqdadır.
Gürbüz bəy, əvvəlcə özü haqqında danışır:
-Mən Cahandar ağanın kiçik oğlu Həsən ağanın nəvəsiyəm-oğlu Turan bəyin 7 övladından böyüyüyəm. Texniki ali məktəbi bitirib, Dövlət Su İşlərində çalışmışam. Oradan da təqaüdə çıxmışam. İki qızım bir oğlum var; oğlum Bakıda Memarlıq və İnşaat İnstitutunda sonuncu kursda oxuyur. Özüm Türkiyənin İğdır şəhərində yaşayıram. Şeir, roman və tarixi araşdırmalardan ibarət əsərlərim var. Hər ilin yayında ata yurdum Qazaxda sürgün edilən, qaçqın düşən qohumlarımızı, şəcərəmizə aid insanların övladlarını bir araya yığar, nəslimiz haqqında öz aramızda araşdırmalar apararıq. İnşallah önümüzdəki il bu məsələlərlə bağlı kitab çap etməyi düşünürəm.
-Babanız Cahandar ağanın şəxsiyyəti haqqında danışaq:İsmayıl Şıxlının məşhur “Dəli Kür” romanı onu nə dərəcədə düzgün təqdim etmişdi?
-Sizə də məlumdur ki, o roman sovet dövründə yazılıb. Ağaların, bəylərin xoş görülmədiyi zamanda qələmə alınan romanda Cahanadar ağa yaxşı təsvir olunmayıb. Romanda onunkəbinli bir arvadı qaçırmasından bəhs edilir. Amma romanda adı Mələk olan qadının gerçək adı Güllü idi və o, evli yox, nişanlı olub. Güllü xanım nişanlı ikən “Allahyara ərə getsəm, özümü Kürə atacağam” deyirmiş.
Cahandar ağanın obrazının romandakı oğlu Şamxalın gerçək adı Şəmiddindir. Onu 1920-ci ildə güllələdilər. İsmayıl Şıxlı isə Cahandar ağanın qız nəvəsidi. Özü də deyirdi ki, həmin dövrdə Cahandar ağanı ancaq o qədər anlada bilərdim.
Romanda Cahandar ağa guya müsəlman, türk uşaqlarının təhsil almasına qarşı çıxan şəxs kimi göstərilir. Amma elə deyildi: Cahandar ağa yalnız müsəlman-türk uşaqlarına rus müəllimlərinin dərs deməsini istəmirdi. “Bir milləti millət edən, yalnız onun milli dəyərləridir”, deyərdi.
-Cahandar ağa hansı aspektdən gizli qaldı? Onun bilinməyən tərəfləri nələr idi?
- Cahandar ağa çox sərt təbiətli, amma bir o qədər də kövrək ürəkli biriydi. Onun bağışlamadığı insanlar vətənə xəyanət edənlər və öz kültürünə, soy-kökünə biganə yanaşanlar idi. Öz doğma əmisi oğlanlarına belə çar ordusuna xidmət etdikləri üçün yaxşı gözlə baxmırdı. Onsuz da, Qarayazı meşələrinə görə rus hökuməti ilə münasibətləri pozulmuşdu. Onun təbəələri-rəiyyət ağa kimi yaşayırdı. Ən kasıb rəiyyətinin belə əlinin altında İrandan gələn adamlar və ermənilər nökər kimi işləyərdilər. Cahandar ağanən rəiyyəti o biri ağaların rəiyyətlərindən əsaslı dərəcədə seçilərdi.
- Cahandar ağanın əsli və ailəsi haqqında məlumat almaq istərdik: hazırda onun varislərindən kimlər yaşayır?
-Cahandar ağanın aid olduğu şəcərə Qazaxa ağalıq etmiş üç nəsildən birincisidir. Məmməd ağanın oğulları Şıxı ağa və Alqazax ağanın nəslindəndir. Sovet dönəmində hər iki nəslin nümayəndələrinə Şıxlinskilər deyilirdi. Cahandar ağanın böyük oğlu Şəmiddin güllələndi, onun qızı Nəzifə nənə Qazaxda yaşayır. İkinci oğlu Şəmistan Ermənistanda müəllim işlədi. Şəmistanın nəvə-nəticələri Bakıda və başqa yerlərdə yaşayır, Cahandarov soyadı daşıyırlar.
Daha iki oğlu- Qiyas bəy və babam Həsən ağa qaçaq düşdükdən sonra məcburi Türkiyə tərəfə keçib, orada yaşadılar. Onların övladları, nəvə-nəticələri Türkiyədə Alqazax soyadını daşıyırlar. İsmayıl Şıxlının “Ölən dünyam” əsərindəki Həsən ağa Cahandar ağanın kiçik oğlu, mənimsə babamdır.
-Cahandar ağanın məzarı hazırda Qazaxın İkinci Şıxlı kəndindədir. Lakin tarixi bir şəxsiyyətə aid olmasına baxmayaraq, məzar o qədər də yaxşı vəziyyətdə deyil (bu barədə biz də saytda yazmışıq). Cahandar ağanın nəticəsi kimi bu barədə nə deyə bilərsiz? Bu barədə nə etmək fikriniz var?
-Diqqətinizə görə təşəkkür edirəm. Bu ilki planlarımızda onun məzarını düzəltmək məsələsi də var. Cahandar ağanın atası Yusif ağanın və qardaşlarının məzarı yan-yanadır. 4 yanaşı qəbir Cahandar ağanın məzarından daha yaxşı durumdadır. Hətta sol tərəfdəki hissədə Cahandar ağanın babası Kazım ağanın məzarı belə onun baş daşına baxanda daha yaxşı vəziyyətdədir. İnşallah, gələn il onu düzəldəcəyik.
Əvvəllər birinci və ikinci Şıxlı kəndləri arasında Ağalıq deyilən yer olub. Şıxlınskilər sürgün ediləndə malları sovet quruluşuna qalmasın deyə, hər şeyi yandırıblar. Sovet quruluşu isə Ağalıqı tamamilə yox etmək üçün orada nə varsa, hamısını kürüyüb Kür qırağına atdılar. Əvvəllər bütün mahal Ağalıq adlanan həmin yerdən idarə olunardı. İndiki Qazax rayonu sonradan mərkəzə çevrildi. İdarəçilik Ağalıqdan əvvəl Qazaxlı kəndindən edilirdi. 1810-cu ildə Mustafa ağa sürgün ediləndən sonra kəndin adamları da pərən-pərən oldu, evləri dağıdıldı. Yerdə qalan azsaylı əhali də 1940-cı ildə Aşağı Salahlı kəndinin kiçik bir məhəlləsinə köçürüldü.
-İsmayıl Şıxlı Cahandar ağanı məşhur romanında kişilik simvolu kimi xarakterizə etdi, tanıtdı. Amma oxucu kütləsi onun kimisə qaçırmasına, ikinci arvad almasına pis münasibət göstərdi. Bütün bu əhvalatlar gerçək həyatda necə olub?
-Həqiqətən də iki arvadı olub, amma birincisi ilə yaşamırdı. Ağalıq qüruru boşamağa da imkan vermirdi. İkincisi ilə evlənməmişdən qabaq birinci arvadı ilə əlaqəni tamam kəsmişdi. Birinci arvad “ağzı pozuq” və Cahandar ağaya qadınlıq edə bilməyən birisi idi. Həm də hadisələri bugünkü şərtlərə görə yox, öz dövrünə uyğun qiymətləndirmək lazımdır. O zaman iki, ya üç arvad almaq eyib sayılmazdı.
-Deyilənlərə görə, bolşevik Həmid bəy Sultanov babanız Həsən ağa və qardaşı Qiyasın Türkiyəyə keçməsinə yardımçı olub. Bu barədə danışaq…
-…Babam Həsən ağa, qardaşı Qiyas, Qori Müəllimlər Seminariyasının Qazax filialının müəllimləri olan əmisi oğlu Alay bəy və arvadı, məşhur general Əliağa bəy Şıxlinskinin qardaşı oğlanları Süleyman və Mustafa - bir sözlə, barələrində güllələnmə hökmü çıxarılan 20 ziyalı Dilcan dərəsində onlara qatışacaq başqa qrupu gözləyən zaman Həmid bəy Sultanov onlara tərəf gəlir və böyük qardaşları Şəmiddinin güllələndiyi xəbərini verir. Bunu eşidən Qiyas bəy Türkiyəyə getməkdən vaz keçərək, geri qayıdır. Hadisə yerinə çatanda dəhşətli mənzərə ilə qarşılaşır: görür ki, güllələnən qardaşının nəşini canavarlar yeyib, ancaq sümükləri qalıb. Bundan sonra Türkiyəyə getməkdən qəti vaz keçir və qisas almaq üçün iki il dağlarda qaçaqçılıq edir. Yalnız qardaşını ru əsgərlərinə satanları və onu öldürənləri məhv edəndən sonra Türkiyə tərəfə keçir.
Elmin Nuri
Moderator.az
Cahandar ağanın oğlu Qiyas bəy
Cahandar ağanın kiçik oğlu Həsən ağa
Nəticəsi Gürbüz Alqazak (müsahibimiz)