Varis - son illər Azərbaycan ədəbiyyatını ölkə hüdudlarından kənarda layiqincə təmsil etməyə müvəffəq olan yazıçılarımızdandır. Azərbaycan Yazıçılar İttifaqının Komissiya üzvü, Rusiya Yazıçılar Birliyinin üzvü olan yazıçımızın 2008-ci ildən üzü bəri Azərbaycanda 10, Türkiyədə 3, Rusiyada 2, Özbəkistanda 2, Amerikada 1 kitabı işıq üzü görüb. Üzümüzə gələn il onun Nyu-Yorkda, Moskvada, İstanbulda və Bişkekdə yeni kitabları işıq üzü görəcək. Bir neçə ölkənin nüfuzlu ödüllərinə layiq görülmüş yazıçımızın yaradıcılığı həm də ona görə dəyərlidir ki, o, Qarabag həqiqətlərini dünyaya yaymaq missiyasını da yerinə yetirir.
-Varis bəy, bu günlərdə dünya ədəbiyyatının böyük hadisələrindən hesab edilən Yazıçıların 2016-cı il Beynəlxalq Nyu-York Konfransında ABŞ nəşriyyatlarına, ədəbi agentlərinə və redaktorlarına“Yetmiş yeddinci gün» romanınızın təqdim və tövsiyyə edilməsi Azərbaycan adına böyük uğur hesab edilir. Bu hadisəylə bağlı nələri söyləyə bilərsiniz?- Müasir dünya ədəbiyyatında nəsrin yerini və perspektivlərini müzakirə edən, eləcə də yazıçıyla ədəbi agent və redaktor arasında körpü yaratmağa xidmət göstərən, rəsmən Writers Digest Annual Conference adlanan bu konfransda Matyu Kuin Martin, Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor kimi tanınmış ədəbiyyat mütəxəssisləri tərəfindən «Tarixi roman üçün tədqiqat», «Dinamik xarakterlərin yaradılması», «Uğurlu müəllif olmağın sirləri», «Dram janrı müasir dönəmdə», «Xorror və detektiv ədəbiyyat bu gün» kimi maraqlı seminarlar keçirildi, «Müəlliflər üçün marketinq strategiyası» adlı çox faydalı təlim baş tutdu. Şübhəsiz, konfrans çərçivəsində ən diqqətçəkən məqam pitçinq – uğur qazanacağı ehtimal edilən nəsr əsərlərinin ədəbi agentlər və redaktorlar üçün prezentasiyası oldu. Bu il ilk dəfə Nyu-York Konfransının pitçinq siyahısına MDB məkanını təmsil edən yazıçıların da əsərləri daxil edilmişdi: Aleksandr Qritsenko, Andrey Aksyonov, Nataliya İmpris, Simon Bebel, Saşa Kruqosvetov, Vladimir Şatakaşvili, Viktoriya Balaşova və eləcə də mən bu siyahıda idik.
Amerika ədəbi agentlərinə və redaktorlarına mənim Bakıda və İstanbulda çap edilən, Moskvada çapa hazırlanan «Yetmiş yeddinci gün» romanım təqdim edildi. Qeyd edim ki, pitçinq hüququ əldə etmiş bütün sinopsislər Writers Digest Annual Conference 2016-nın rəsmi kataloquna salınaraq daha böyük arealda yayılmaq imkanı qazandı.
Konfransın MDB üzrə agenti Lyn Menkenin verdiyi açıqlamaya görə keçmiş Sovetlər Birliyi yazarlarının əsərləri fərqli təəssürat axtaran Amerika ədəbi agentlərinin və redaktorlarının böyük marağına səbəb olub. Demək, üzümüzə gələn il yaxşı təkliflər gözləməyə dəyər.
Onu da xatırladım ki, mənim Amerikada debütüm ötən il baş tutub, «Metamorfoz» romanım nəşriyyat hesabına çap edilərək satış şəbəkəsinə buraxılıb.
-Siz eyni zamanda erməni yalanlarına qarşı ciddi təbliğat aparırsınız. Bu istiqamətdə gördüyünüz işlərdə nə kimi yeniliklər var? Son dəfə on minlərlə erməninin şikayəti ilə Rusiyada "Yaş əsgər çəkmələri" adlı əsərinizə qadağa qoyulduğu barədə xəbər yayılmışdı.
- Bəli, bu onların xırda bir qələbəsi oldu. Amma mübarizə davam edir. Soyuq müharibədə ədəbiyyat böyük əhəmiyyət kəsb edir ki, mən də bundan maksimum yararlanmağa çalışıram. Bir neçə fakt gətirəcəyəm. Türk dilində kitabların yayıldığı çox böyük coğrafi ərazidə kifayət qədər populyarlıq qazanan, 1000 kitap.com portalının reytinqində 50000 adda bədii kitab nümunəsi arasında ötən ilin əvvəllərində 52-ci pilləyədək yüksələn, nüsxələri hətta Böyük Britaniyada yerləşən məşhur Birmingem Universiteti Kitabxanası tərəfindən istənilən " Son məktub" romanımda Xocalıda qana boyanan bir sevgi tarixçəsi yer alıb. Amerikada psixoloji və fəlsəfi romanlar kateqoriyasından çıxaraq ABŞ və Kanadada maraqla qarşılanan "Metamorfoza" romanımda döyüşdə şücaət göstərən qəhrəman Mübariz İbrahimovun meyitinin belə əllərini bağlayan erməni əsgərlərinin qorxaqlığı səhnəsi ilə bədnam qonşularımızın bir millət olaraq qorxaq olması diqqət önünə gətirilib. Rusiyada elektron kitab formatında əhatəli oxucu auditoriyası toplayan, hazırda böyük tirajla çapa hazırlanan "Əzilmiş fotoşəkillər" romanımda 1989-cu il Sumqayıt hadisələrinin erməni izlərinə toxunulur. Türk Dünyası Mədəniyyətinə Dəstək fondunun sifarişi ilə Qırgızıstanda çapa hazırlanan "Bir ovuc torpaq" romanım isə büsbütün Qarabağ müharibəsindən bəhs edir. Əslində Qarabağ mövzusu hər bir əsərimin içindən keçir. 2013-cü ildə Özbəkistanda fantastik - 126 000 tirajla çıxan "Sonuncu ölən ümidlərdir" adlı sırf sevgi romanımda da Qarabağ müharibəsində ata-baba torpağını itirənlərimizin ağrı-acılı həyatı barədə epizod var.
-Demək, qələmlə mübarizəniz davam edir.
-Əlbəttə. Özü də get -gedə daha da təkmilləşərək. 2015-ci ildə ermənilərlə mübarizəni beynəlxalaq müstəviyə keçirmişəm. 1918-ci ildə ermənilərin Qubada türklərlə yanaşı yəhüdiləri də qətliama məruz qoymaları barədəki "Xrizantema dəstəsi" adlı hekayəm Ümumdünya Dağ Yəhüdiləri Konqresinin internet səhifəsində tövsiyyə olunan ədəbiyyat statusu alıb. 2-ci dünya müharibəsində 200 000-ə yaxın erməninin faşist ordusunun tərkibində vuruşaraq xaincəsinə ruslara güllə atması barədəki "Qar uçqunları" adlı hekayəm isə bu il Qələbə günü ərəfəsində Rusiyanın məşhur Proza.ru ədəbiyyat portalında dərc edilərək reytinq qazanıb. Bu əsərlər həm yəhüdilərə, həm ruslara, həm də digər xalqlara ermənilərin tək türkün deyil, hamının düşməni olmasını təlqin edir.
- Çox əhəmiyyətli bir iş görürsünüz, bu yolda sizə yorulmamaq, usanmamaq, daha böyük hədəfləri vurmağı arzulayıram. Varis bəy, bəs dövlət rəsmiləri sizin bu fəaliyyətinizə reaksiya verirmi?
- Əlbəttə. Bu yaxınlarda Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla geniş söhbətimiz olub. Əli müəllim fəaliyyətimə müsbət qiymət verərək məni bir az da ruhlandırıb. Yeri gəlmişkən, əsərlərimin beynəlxalq geosiyasətdə rezonansının effektivliyi üçün bu sahənin gözəl bilicisi olan Əli müəllimin siyasi ədəbiyyatından yetərincə bəhrələnirəm.
- Bu yaxınlarda bir neçə nüfuzlu beynəlxalq mükafata nominantlığınız barədə də xəbərlər aldıq.
-Bəli. " 3+1" audiokitabına görə Varşavada keçirilən Slavyan Ədəbiyyatı Festivalının YUNESKO ilə birgə təsis etsiyi Adam Mitskeviç medalına nominant oldum. Habelə, "21" esselər toplusuna görə Antuan Sent Ekzüperi (Fransa) mükafatının nominantı oldum. "Yanvarın 13 günü" adlı romanım isə nüfuzlu Beynəlxalq Moskva Ədəbi Mükafatının şort-listinə daxil oldu. Yeri gəlmişkən, bu münasibətlə "Yanvarın 13 günü" "Müasirlər və klassiklər" adlı məşhur vintaj seriysından çap olunaraq dünyanın 23 ölkəsində satışa çıxarıldı. Qürür duyuram ki, həmin əsərdə Azərbaycanla bağlı dünya oxucusuna çatdırmaq istədiyim vacib informasiyalar var. Burada Şuşanın erməni qəsbkarları tərəfindən vəhşicəsinə talan edilməsi barədə faktlarla yanaşı Şərqin böyük sufi şairi və övliyyası Seyyid Nigari Qarabağinin timsalında Qarabağın yerli türk mədəniyyətinin beşiyi olmasından, erməni snayperinin gülləsinə tuş gəlib görmə qabiliyyətini itirdikdən sonra bu dəfə paralimpiya hərəkatına qoşularaq olimpiya çempionluğu qazanan İlham Zəkiyevin timsalında Azərbaycan xalqının yenilməzliyindən, xristian dini mərkəzinin Vatikan kitabxanası və Roma katakombalarının bərpası üçün bütün xristian dünyasına nəticəsiz müraciətindən sonra Azərbaycanın birinci xanımı, müsəlman inanclı Mehriban Əliyevanın sayəsində bu problemin yüksək səviyyədə həlli epizodu ilə Azərbaycanın humanizm və tolerantlığından söz açılır. Bu fraqmentler müasir dövrdə " insan və təbiət", " insan və cəmiyyət" əksliklərinin ziddiyyəti şəklini almış münasibətlərinə toxunan fəlsəfi yüklü əsərə bir sənədlilik çalarları əlavə edir.
- Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı müstəvisində layiqli yer alması, ədəbiyyatımızın dünya oxuxularına çatdırılması üçün nələr etmək lazımdır?
- Bu gün Azərbaycan yazarlarının dünya miqyasına çıxmasında ən böyük baryer dil baryeridir. Keyfiyyətli tərcümə çox bahalıdır, ucuz yerli tərcümələri isə xarici nəşriyyatlar qəbul etmirlər. Təsəvvür edin, ingilisdilli, rusdilli, ispandilli, fransızdilli yazıçının öz dilində yazdığı roman dərhal ədəbi agentə, nəşriyyat redaktoruna, kitab bazarına çıxış deməkdir. Azərbaycanlı yazar isə dilemma qarşısında qalıb: Tanınmalıdır ki, dünyada dərc olunsun. Dünyada dərc olunmalıdır ki, tanınsın. Gördüyünüz kimi məsələnin həlli "toyuq əvvəl yaranıb, yoxsa yumurta" sualının cavabı kimi müşkülə dirənib.
Hazlrda mən Şərqi Avropanın ən böyük prodüsser mərkəzi ilə işləyirəm. Əsərlərim sinopsis şəklində yüksək səviyyədə xarici nəşriyyatlara təklif olunur. Amma əfsus ki, tərcümə məsələsində ilişib qalıram. Dünya nəşriyyatları azərbaycancadan özləri tərcümə etmirlər, istədikləri keyfiyyətli tərcümə isə baha olduğundan reallaşdıra bilmirəm. Nəticədə əlverişli məqam itirilir. Raketlə, təyyarə ilə irəliləmək əvəzinə at arabası ilə irəliləmək anlamındadır vəziyyət. Bu yerdə ürək ağrısı ilə onu da deyim ki, qazandığım uğurlara nifrət və qısqanclıqla yanaşan ermənilərdən Mnasakanyan soyadlı biri nominantı olduğum mükafatlardan birinin saytında belə bir rəy yazmışdı : "Bu bakılı yazarın dünya səviyyəsinə çıxa bilməyəcəyinə arxayınam. Tərcümələr böyük kapital tələb edir. Azərbaycanda isə varlıların heç birində biz ermənilərdəki mesenantlıq hissinə rast gələmməzsən." Bax belə.
- Cox təəssüfedici bir məqamdır. Ümud edək ki, Mnasakanyanın arzusu ürəyində qalar, inşallah. Unutmayaq ki, Azərbaycan Haci Zeynalabdin Tağıyevi də yetişdirib. Yaxşı, Varis bəy, bəs özünüz hal- hazırda nə oxuyursunuz?
- Hazırda ərəb əsilli məşhur Amerika sosioloqu Nassim Talebin "Qara qu quşu" əsərini oxuyuram. Avstraliya kəşf edilənədək köhnə dünyanın insanları təcrübələrinə əsaslanaraq əmin idilər ki, qu quşları ancaq ağ olur. İlk qara qu ilə qarşılaşma ornitoloqları hədsiz təəccübləndirdi. Amma bu əhvalat başqa səbəbə görə əhəmiyyətlidir: Bu əhvalat sübut etdi ki, bizim bilgilərimiz nə qədər dar çərçivəli, səthi və nisbidir. Bir müşahidə min illərin "qu quşu ancaq ağ ola bilər" məzmunlu aksiomunu yox etdi.
Bilirsiniz, qara qu quşu terminini bu sosioloq gündəmə necə gətiribsə, artıq dillər əzbərinə çevirib. Gözlənilməzliklər, xaos, stabil olmayanlar özlərində qara qu quşunu inikas etdirir. Qara qu quşu sindromu, təbii ki, şərti olaraq Qarabağ müharibəsi, neftin qiymətinin kəskin düşməsi, devalvasiya, mənəvi deqradasiya adları altında bizim də həyatımıza basqı etməkdədir. Amma qara qu quşları axı barmaqla sayılası qədərdir. Təbiətdə əksərən isə ağ qu quşları mövcuddur. Demək, gərəkdir ki, qara rənglərə təslim olmayaq. Cəmiyyətdə ümidsizlik, bədbinlik aşılamaq, pessimizm ovqatı yaratmaq yolverilməzdir. Ruhdan düşməməliyik, inamınızı itirməməliyik, fərdi qələbələrimizə doğru daim inamla şütüməliyik. Fərdlərin qələbəsi isə son anlamda özündə xalqın güclənməsini ehtiva edir. Demək, xalq olaraq ən böyük qələbəmiz olan Qarabağ qələbəsini də mütləq əldə edə biləcəyik!
- Oxucularımızı yaxın zamanlarda nə ilə sevindirəcəksiniz?
- Üzümüzə gələn il bir neçə ölkədə kitablarım çıxacaq. Bakıda isə "Amin" adlı sayca 11-ci romanım işıq üzü görəcək. Bu ilin sonu, gələn ilin əvvəli xalqımıza inanılmaz bir töhfə verməyin də bir addımlığındayam. Nə olduğunu isə hələ demirəm. Təki reallaşsın!
Elnur Eltürk