“İmkan verməyin, dəyyuslar bizi parçalasın” – Aydın Abbasov

“İmkan verməyin, dəyyuslar bizi parçalasın” – Aydın Abbasov backend

"VAXT GƏLƏCƏK, MƏN HƏR ŞEYİ DANIŞACAĞAM” Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasovun BakiPost.az-a eksklüziv müsahibəsi: - Aydın müəllim, çoxdandır heç yerdə görünmürsüz, nə ilə məşğulsunuz? - Övlad böyüdürük. Çalışırıq ki, Azərbaycan üçün gərəkli şəxsiyyətlər yetişdirək.

- Azərbaycanda deyilsiniz. Bu, işlə bağlıdır, yoxsa ölkədə darıxırsınız?

- Azərbaycan bizim yurdumuzdur, vətənimizdir. Biz vətəndə darıxa, sıxıla bilmərik. Azərbaycanda ancaq yaşayıb yaratmaq olar. Mən Azərbaycanda oluram. Sadəcə, oğlum İstanbulda universitetdə oxuduğu üçün daha çox onun yanında qalmağa çalışıram.

- Hazırda fəaliyyətiniz nədən ibarətdir?

- 19 yaşında bir övladım var. Hazırda onun təhsili ilə məşğul oluram. Maşallah, bizim ailə böyükdür. Qardaşlarım xaricdə yaşayır. Onların da uşaqları var. Azərbaycana gələndə onları Gəncəyə, Xoşbulağa və digər gözəl məkanlara aparıram. İstəyirəm ki, vətəni görüb yaxşı tanısınlar, daha çox sevsinlər. Əsillərinin Azərbaycandan olduğunu unutmasınlar.

Mən özüm də xeyli müddət Azərbaycandan kənarda yaşamışam. Azərbaycan, xüsusilə də Gəncə mənim üçün çox əzizdir. Bizim uşaqlar Gəncədə gəzməyi, Azərbaycanın səfalı yerlərini görməyi xoşlayırlar. Uşaqlıqdan yaz-yay aylarını dağlarda keçirməyə öyrənmişik. İndi elə bir yaşa gəlib çatmışıq ki, gənclərimizə, gələcək nəsillərə də vətəni sevməyi öyrətməyi artıq öz devizim hesab edirəm. Bu işlər artıq bizim missiyamıza çevrilib.

HƏYATIMIN ŞANSLI DÖVRÜ İDİ

- Gənc yaşından siyasi fəaliyyət, qaynar bir həyat tərzi, Milli Məclis, Avropa Şurası... Bunlardan sonra, yalnız bu işlərlə məşğul olmaq, övlad, qohum-əqrabayla vaxt keçirmək cansıxıcı deyil ki? İndi həmin vaxtların xiffətini çəkmirsinizmi?


- O vaxtlar həyatımızın ən məsuliyyətli və gərgin dövrü idi. Azərbaycan demokratik dövlətdir və hər bir vətəndaşın seçib-seçilmək hüququ var. Mənim cavan yaşımda millət vəkili seçilməyim dövlətimizin apardığı gənclər siyasətinin nəticəsi idi. Valideynlərim həm ümummilli lider Heydər Əliyevin, həm də cənab İlham Əliyevin prezidentliyi dövründə dövlət qulluğunda işləyib. Ona görə mən dövlətçilik prinsiplərini özüm üçün əsas həyat amalına çevirdim. Bu səbəblərdən qərara gəldim ki, Azərbaycan dövlətçiliyinə xidmət edim.

Gəncə kimi bir şəhərdən millət vəkili seçilmək, oranı parlamentdə təmsil etmək böyük fəxr idi. Azərbaycanı Avropa Şurasında təmsil etmişəm. Bu, həmin dövrdə Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük təcrübədir. İnsanın həyatında şanslı dövrü olur. Mənim üçün də həmin dövrdə parlamentdə təmsil olunmağım böyük bir şans və təcrübə idi...

- Milli Məclisdə ən gənc deputatlardan idiniz, amma heç bir yaddaqalan çıxışınızı görmədik. Potensialınız ola-ola niyə susqun deputatlardan olmağa üstünlük verdiniz?

- Mən millət vəkili olduğum müddətdə fəaliyyətimi seçicilərimlə birbaşa təmas üzərində qurmuşam. Gəncə şəhərinin bir neçə yerində ofislərim var idi və bütün vətəndaşların üzünə açıq idi. Həmin ofislərdə könüllülər və digər şəxslər məni seçicilərimlə əlaqələndirirdilər. Seçicilərimin problemləri ilə birbaşa məşğul olmuşam. Həmin problemləri aidiyyəti qurumlar qarşısında müzakirəyə çıxarmışam. Seçicilərin problemlərininin həll edilməsi üçün vacib deyil Milli Məclisin mikrafonlarından istifadə edəsən. Mən çalışırdım həmin problemləri aidiyyəti qurumlara yönəldim. Bu daha effektli olurdu.

Çıxışlarım isə əsasən Avropa Şurası Parlament Assambleyasında olub və çalışmışam ki, Azərbaycanın mövqeyini müdafiə edim. Hesab edirəm, öz missiyamı layiqincə yerinə yetirmişəm.



SOSİAL ŞƏBƏKƏLƏRDƏN İMTİNA EDƏCƏYƏM


- İndi sosial şəbəkələrdə Milli Məclisdəkindən daha fəalsınız... Parlamentdə sosiallaşmaq çətin idi?

- Hesab edirəm ki, sosial şəbəkələr insana müəyyən qədər lazımdır. Çünki məsələlər var, dostlarla, qohumlarla bölüşmək istəyirsən. Şəbəkələr bu məsələlərdə insana yardımçı olur. Amma sosial şəbəkələr insanlar arasında canlı ünsiyyətin qarşısını alır. Məncə, məlumat almaq üçün sizin saytdan və digər KİV-dən istifadə etmək daha məqsədə uyğundur. Sosial şəbəkələr müəyyən mənada vaxt keçirmək üçün yerdir. Fikrimcə, sosial şəbəkələrdə vaxt keçirməkdənsə, hansısa idman növü ilə məşğul olmaq daha faydalı olardı. Ona görə də qərara gəlmişəm ki, sosial şəbəkədə olan profilimi bağlayım.



- Bunun ciddi bir səbəbi var?

- Yox, sadəcə şəbəkələr insanın vaxtını alır və asılılıq yaradır. Amma deyim ki, sosial şəbəkələr xaricdə yaşayan dostlarımıza vətənimiz, günü-gündən gözəlləşən Bakımız barədə məlumat vermək üçün gözəl məkandır.

- Söhbətimizin əvvəlində dediniz ki, xaricdə yaşayan qohumlarınızı gətirib Azərbaycanı gəzdirirsiniz. Bəs Abbas müəllimi nə vaxt gəzməyə aparacaqsınız? Onun geri qayıtmaq fikri varmı?

- Abbas müəllim bizim böyüyümüzdür. Biz kimik ki, onu gəzməyə aparaq? Lazım bilsə o bizi haralarasa aparar, gəzdirər və göstərər... Bizdə çox güclü ailə ierarxiyası var. Ona görə də çalışırıq ki, bu ierarxiyadan kənara çıxmayaq. Abbas müəllim Azərbaycandan köçməyib. Hazırda kitab yazmaqla məşğuldur. İstədiyi vaxt Azərbaycana gəlib gedə bilər.

ABBAS ABBASOV SİYASİ FƏALİYYƏTİNİ TAM DONDURUB


- Abbas müəllim dövlətin idarəçiliyində nüfuzlu şəxslərdən biri idi. Hazırda isə həm siyasi proseslərdən, həm də vətəndən uzaqlaşıb. Bütün bunlar Abbas müəllimi qürbətdə darıxdırmır ki?

- Abbas müəllim həm Heydər Əliyevin, həm də İlham Əliyevin dövründə Azərbaycan hökumətinin əsas fiqurlarından olub. O, vəzifəsindən istefa verdikdən sonra cənab prezident tərəfindən "İstiqlal ordeni” ilə təltif olunub. Bu, cənab prezidentin bizim ailəmizə, nəslimizə və Abbas müəllimin fəaliyyətinə verdiyi ən böyük qiymətdir. Hazırda Abbas müəllim dövlət işində işləməsə də, idman sahəsində tanınan və hörmətli insanlardandır. O, Dünya Güləş Federasiyasının nüfuzlu şəxslərindən biridir və Azərbaycan güləşinin inkişafı üçün əlindən gələn hər şeyi edir. Sadəcə, hazırda dövlət işləri ilə məşğul olmur. Daha çox kitab yazmağa və idmana vaxt sərf edir.



- Atanız özü də idmanla məşğuldurmu?


- Hazırda onun 67 yaşı var. Ona görə də ağır idman növü ilə məşğul olmur... Əsas odur ki, siqaret çəkmir. (gülür)

- Abbas müəllim Rusiyada yaşayan azərbaycanlıların koordinasiyası və diaspor fəaliyyətini tamamilə dondurub?

- Məndə olan məlumata görə, Abbas müəllim o işlərlə artıq məşğul olmur. Onun hazırda ictimai fəaliyyəti Güləş Federasiyası ilə bağlıdır.

O ƏSƏBİLƏŞƏNDƏ ELƏ DƏ YAXŞI OLMUR

- Abbas Abbasovun proseslərdən uzaqlaşdırılması və bunun əsl səbəbləri barədə sualları saxlayıram. Çünki bu tipli suallara verdiyiniz cavabı təxmin etmək çətin deyil: "Bunları Abbas müəllimin özündən soruşun”. Sadəcə, bir məsələ maraqlıdır: proseslərdən və vətəndən uzaqda qalması Abbas müəllimə necə təsir edib? Ümumiyyətlə, onun indiki hakimiyyət və Azərbaycanın gələcəyi ilə bağlı fikri, proqnozları maraqlıdır... Sizcə, o öz postunda qalsaydı, siyasi mənzərə indikindən fərqlənərdimi?

- Abbas müəllim elə adamdır ki, bu mövzularda onunla çox da danışmaq olmur. O məsləhət almağı, həm də məsləhət verməyi xoşlamır. O, ölkədən gedəndən sonra öz işimlə bağlı bir söz soruşdum, bundan sonra nə edəcəyimi, hansı mövqedən çıxış etməyin düzgün olmasıyla bağlı məsləhət almaq istədim. O isə mənə bildirdi ki, qərarı özün ver. Situasiyadan çıxmağı və öz yolunu özün müəyyənləşdir. Aramızda elə bir pərdə olub ki, bir-birimizə hər məsələdən ötrü müraciət etməmişik. Həmişə çalışmışam ki, Abbas müəllim əsəbiləşməsin. Çünki o əsəbiləşəndə elə də yaxşı olmur.

Həm də bilirsiniz, Abbas Abbasov daha böyük düşünən adamdır. Məncə onunçün vəzifə çox keçmiş zamandır. Adam həmişə böyük düşünür, daha ali ideyalar uğurunda çalışır. O əslində, indi də xidmətdədir - indi daha böyük auditoriyada Azərbaycanın, millətinin təbliğini aparar, öz şəxsi nümunəsində də xalqımızın talantını, yüksək keyfiyyətini nümayiş etdirir. Dəfələrlə şahidi olmuşam ki, onun öz xalqına hədsiz bağlılığı, bunu hər yerdə rahat şəkildə büruzə verməsi, öz millətiylə fəxr etməsi hamının diqqətini çəkib. Bu keyfiyyət ona həmişə hörmət gətirib. Mən fəxr edirəm ki, atam müxtəlif millətlər arasında həmişə azərbaycanlı olmağının tam versiyasını nümayiş etdirib.

ƏXLAQ BU MİLLƏTİN SÜTUNUDUR

Buna görə də Abbas Abbasova hamı bir böyük kimi hörmətlə yanaşır. İstər gürcü olsun, istər rus, inquş, özbək... Vallah, dədəm olduğuna görə demirəm. Mənim millətimin belə oğulları çoxdur. Qadasını alım onların.

Sadəcə bilmək lazımdır ki, biz Türk oğlu Türkük və böyük Türk dünyasının nümayəndələriyik.

Dünya imperiyaları içində ən uzun iqtidar türklərin olub.

Allah türkləri, millətimizi və dövlətimizi qorusun. Onu qoruyub saxlayaq, 20-ci illərin müsibəti gəlməsin başımıza. Bir olaq ki, dəyyuslar parçalamasınlar bizi. Azərbaycan milləti namuslu millətdi. Mən belə bilirəm. Hər millətin öz keyfiyyəti var. Amma önəmli olan, əsas məsələ əxlaqdır. 21-ci əsrdə dünyanı, heç kəsi nəyləsə təəccübləndirmək olmur. Millətimin əxlaqı isə dünya üçün təəccüblü və maraq kəsb eləyən məsələdir. Əxlaq bu millətin sütunudur. Onu gərək, qoruyaq. Nəyin bahasına olur olsun! Milləti onun sərhədləri müəyyən etmir, əxlaqı və qeyrəti müəyyən edir.

Nə isə, inşallah zaman gəlsin, çox maraqlı məslələr danışaram...

DANIŞMAĞI YOX, VURMAĞI SEVİRƏM


- İndi niyə danışmırsınız, hansı zamanı gözləyirsiniz?


- Elçin, bəzən danışmamaq insana daha çox hüzur gətirir... (gülür)

- Amma danışmamaq bəzən səhv təsəvvürlərin yaranmasına da gətirib çıxarır...

- Hər şeyi danışmaq üçün səbr etmək və zamanı gözləmək lazımdır. Mən ümumiyyətlə, danışmağı çox da sevmirəm. Hövsələm çatmır. Gənc olanda ümumiyyətlə, bu məsələlərlə aram yox idi.

Mübahisə yarananda, söz-söhbət düşəndə bir başa vururdum kii, az danışılsın (gülür).

- Yeri gəlmişkən, gəncliyinizin və uşaqlığınızın necə keçməsi də maraqlıdır. Övladının yanında olmaq üçün ölkəsindən kənarda yaşayan bir şəxs, vaxtilə eyni münasibəti atasından görübmü? Adətən vəzifəli şəxslərin övladları atalarının diqqəti və onlara vaxt ayrılmasından korluq çəkirlər...

- Atamız bizə həmişə diqqət yetirib, vaxt ayırmağa çalışıb. Biz dörd qardaşıq. Həmişə çalışmışıq ki, bir-birimizə örnək olaq. Ailəmizdə yüksək səviyyədə disiplin var. Atamız həmişə nə işlə məşğul olmağımızla maraqlanır. Qardaşlar arasında böyük-kiçik məsələsi çox mühümdür.



- Qardaşlarınız indi nəylə məşğuldurlar, hansı sahənin adamlarıdır?


- Yusif Serbiyada yaşayır, iş adamıdır və Serbiya Güləş Federasiyasının vitse-prezidentidir.

Son olimpiya oyunlarinda Rasul Çunayevi məğlub edən erməni idmançı sonradan məhz serb güləşçisinə məğlub oldu. Sevinirəm ki, Yusif də artıq güləş dünyasında hörmətli adama, nüfuz sahibinə çevrilib. Digər qardaşım Vüsal da iş adamıdır, müxtəlif layihələr üzərində çalışır. Arif isə Xarici İşlər Nazirliyində işləyir.

- Motosiklet həvəskarısınız... Və bu həvəsiniz də bəzən müəyyən söz-söhbətlərə səbəb olub.

- Bəli, belə bir hobbim var. Kolleksiyam da var. İnsanın elə bir dövrü var ki, başını hər hansı bir işlə qatmaq istəyir. Adrenalinin azaldığı bir vaxtda motosiklet çox yaxşı hobbidir. Motosiklet sürməyi xoşlayıram. Bunu heç vaxt gizlətməmişəm. Vaxtım olan kimi çalışıram ki, motosikletlə adrenalin yaşayım. Çox gənc yaşlarımdan beləyəm... Bəzən baykerlərdən narazılıq edirlər, deyirlər səs-küy salırlar, gərək uzaq bir yer tapaq.

- Bildiyimə görə Abbas müəllim sizin adınızı Azərbaycanın ilk dünya çempionu Aydın İbrahimova görə qoyub...

- Aydın İbrahimov bizim yaxın qohumumuzdur və atamla çox yaxşı münasibətləri olub. Amma mənim adımı ona görə qoymayıb. Mənə babamın adını qoyublar. Abbas müəllimin atasının adı Aydın olub.

- İndi Aydın İbrahimovla aranız necədir? Səhv eləmirəmsə, o, ölkədən çıxarkən həbs olunmuşdu. İndi o haradadır?

- Aydın İbrahimovla indi də münasibətlərimiz çox yaxşıdır. İndi o, Bakıda yaşayır. Əlaqələrimiz də çox yaxşıdır. Tez-tez danışırıq.

- Addan söz düşmüşkən bir məsələni də dəqiqləşdirək. Eşitmişəm, deputat yoldaşlarınızdan biri sizin şərəfinizə övladının adını Aydın qoyub...


- Mənə çox maraqlı gəldi, siz bunu haradan eşitmisiz? (gülür) Deyəsən, belə bir şey olub, amma dəqiq bilmirəm.

- İndi aranız necədir keçmiş deputat yoldaşlarınızla, kimlərlə sıx əlaqəniz var?

- Mən həmişə deputat yoldaşlarıma hörmətlə yanaşmışam. Bu hörmət həm yenidən seçilən, həm də seçilməyən millət vəkillərimizə aiddir. Ömrümün müəyyən hissəsi onlarla bərabər keçib. Hazırda bir-birimizlə əlaqə saxlayırıq.



GƏNCƏDƏ BAŞ VERƏNLƏRƏ VAXTI ÇATANDA QİYMƏT VERƏCƏYİK


- Son illərdə bir neçə dəfə Gəncədə olmuşam. Məndə təəssürat belədir ki, Gəncə sürətlə tikilir, həm də sürətlə sökülür. Siz necə düşünürsünüz, Gəncə tikilir, yoxsa sökülür?


- Düşünürəm ki, hər işin bir sonu və nəticəsi olmalıdır. Hər bir söküntü və tikinti plana uyğun şəkildə aparılmalıdır. Gəncədə aparılan işlər də bir şəkil alacaqdır. Biz isə nəticəyə qiymət verərik.

- Bir müddət əvvəl sosial şəbəkələrdə Cavad Xana heykəl qoyulması ilə bağlı kampaniya başlamışdı. Sonu necə oldu?


- Həmin kampaniya təxminən iki il əvvəl bir neçə nəfərin təşəbbüsü ilə başladılmışdı. Mən də həmin təşəbbüsə qoşulmuşdum. Çünki Cavad Xan Azərbaycan xalqının qürur mənbəyidir. Qədirbilən gəncəlilər də heç bir zaman Cavad Xanı unutmurlar. Ona görə də gəncəlilərə təşəkkürümü bildirirəm. İnanıram ki, Cavad Xana heykəl qoyulacaq. Çünki o, Azərbaycanın şanlı tarixidir.

- Bəs niyə bu kampaniyanın əslində Gəncə şəhər rəhbərliyinə qarşı olduğu deyilirdi?

- Bu fikirlər haqqında mənim məlumatım yoxdur.

- Bildiyimizə görə, həmin vaxt məhz bu nüansa görə kampaniyanın qarşısını aldılar. Şəhər rəhbərliyi Cavad Xana heykəl qoyulması ilə bağlı öz planlarının olduğunu açıqladı.

- Bu iddialarla bağlı bir söz deyə bilmərəm. Cavad Xanla bağlı hər hansı müsbət fikri olan insanı ancaq alqışlaya bilərəm. Cavad Xanın ən böyük hörmətini cənab prezidentimiz İlham Əliyev saxlayıb. Heydər Əliyev Fondu tərəfindən Gəncənin mərkəzində Cavad Xanın məqbərəsi təmir edilib. Mən buna yalnız sevinirəm. Gəncəlilərə minnətdaram ki, Azərbaycanın dahi şəxsiyyəti Cavad Xanın xatirəsini belə yüksək tuturlar.

- Gəncə kimi qədim tarixi bir şəhərdə bir neçə dəfə dahi şəxsiyyətlərlə bağlı aşağılayıcı faktlar ortaya çıxıb. Belə faktlardan biri Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Rəsulzadə ilə bağlıdır. Siz bu cür məsələləri nə ilə əlaqələndirirsiniz?

- Çox vacib sualdır. Rəsulzadənin büstünə çuval keçirilməsi ilə bağlı məsələnin Milli Məclisdə də müzakirələrə çıxarıldığını bilirəm. Xatırlayıram ki, bu iş həmin vaxt öz həllini tapmışdı. Araşdırmalar nəticəsində məlum olub ki, Rəsulzadənin büstünün ətrafında təmir işləri gedir. Təmir işləri başa çatdıqdan sonra həmin problem öz həllini tapdı. Rəsulzadə Azərbaycanın dahi şəxsiyyətlərindən biridir. Belə bir şəxsin adı ətrafında mənfi faktların ortaya çıxması bizim millətə baş ucalığı gətirməz.

Biz tarixi şəxsiyyətlərimizi, keçmişimizi unutmamalıyıq. Öz şəxsiyyətlərimizə Azərbaycan üçün gördüyü işlərə görə qiymət verməliyik. İnsanların şəxsi həyatını müzakirə etmək bizə yaraşmaz. Rəsulzadə kimi adamlar hər zaman bizim tariximizdə qalacaq. Hesab edirəm ki, tarixi şəxsiyyətlərin ətrafında həyata keçirilən təxribatlar yolverilməzdir.

- Gəncənin indiki rəhbərliyinin sizə qarşı aqressiv münasibəti fikrimizcə, aydın görünür. Hətta qohumlarınızın həbs olunması və sizin şəhərdə hər hansı fəaliyyət göstərməyə imkan verilməməsi barədə də məlumatlar var. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Gəncə şəhərində mənimlə bağlı heç bir qohumum həbs olunmayıb. Bundan başqa şəhərdə mənim heç bir biznesim olmayıb ki, kimsə də ona maneçilik yaratsın. Amma Gəncədə əmimin böyük müəssisəsi var. Hazırda o, biznes fəaliyyəti ilə məşğuldur.

ÖLKƏDƏKİ NURÇULARI TANIYIRAM

- Yəni əminizə qarşı heç bir maneçilik yoxdur?


- Əmimə fəaliyyəti ilə bağlı heç bir maneçilik göstərilmir. Kim göstərə bilər ki? Əgər belə olarsa, bu iş birbaşa Prezidentin tapşırıqlarına sayğısızlıq olar. Prezident İlham Əliyev dəfələrlə sahibkarlara necə diqqət göstərmək lazım olduğunu deyib. Sahibkarlara qarşı maneçiliklər Azərbaycanın prezidentinin fəaliyyətinə kölgə sala bilər.

- Bir müddət əvvəl ölkəmizdə az qala Gülən təşvişi yaranmışdı. Nurçuluqda ittiham olunan şəxslərin bəzilərini siz də çox yaxşı tanıyırsınız. Milli Məclisdə, tədbirlərdə, ölkənin idarə olunması ilə bağlı təşkil olun kampaniyalarda bərabər çalışmısınız. Bununla bağlı nə deyə bilərsiniz? Gülənçilərin bütün dövlət qurumlarında yüksək postlar tutması ilə bağlı dolaşan fikirlər sizcə, nə dərəcədə həqiqətə uyğundur? Ölkə üçün doğrudanmı nurçu, gülənçi təhlükəsi ola bilər?

- Doğrudur, mətbuat səhifələrində nurçu kimi təqdim olunan adamların bəzilərini tanıyıram. Amma mənim bu cərəyanla bağlı heç vaxt heç bir bilgim olmayıb. Ümumiyyətlə, mən inanmıram ki, Azərbaycanda hansısa bir sekta, hansısa bir cərəyan öz planlarını həyata keçirə bilsin. Azərbaycan güclü idarə olunan, oturuşmuş bir dövlətdir.

PREZİDENTƏ GÖRƏ OĞLUMA TƏŞƏKKÜR ETDİLƏR


- Amma gözümüzün önündə Türkiyə təcrübəsi var...

- Türkiyədəki durum bir qədər fərqlidir. Amma buna baxmayaraq, Türkiyədəki proseslərin bu cür baş verməsi gözlənilməz oldu. Həmin gün gecə Bakıdan İstanbula uçurdum. Gedib qaldıq hava limanında, əvvəlcə bizi buraxmaq istəmirdilər. Hər şey gözümün önündə baş verdi. Körpülərin üstündə tankları gördüm. Bakıdakı yanvar hadisələri, Gəncədəki proseslər yadıma düşdü. Biz bu şeylərin hamısını görmüşük.

Türkiyə bu bəlanı da şükür Allaha ki, yenə bildi. Bu, bizim üçün də çox vacib məsələ idi. Cənab prezident İlham Əliyevin vaxtında qardaş ölkəyə dəstək bəyanatı verməsi Türkiyədə dillər əzbərinə çevrilmişdi. Hətta mənim övladıma universitetdə buna görə təşəkkür etmişdilər.

İstərdim ki, həm qardaş Türkiyədə, həm də doğma Azərbaycanımızda sabitlik olsun, narahatlıq yarada bilən bütün problemlər həll olsun. Bizim millət sülhsevər millətdir.

Digər millətlərlə müqayisədə çox potensiallıdır. Hansı millət xalqıma hörmətlə yanaşır, məndən də qarşılığını görür.

Biz Qarabağ kimi problemimizin olduğu bir dövrdə yaşayırıq. Mən özüm də bir övlad, ata və qardaş kimi yalnız bir yerdə olmağı dəstəkləyirəm. Azərbaycanın rəhbəri də bir yumruq ətrafında birləşməyimizin tərəfdarıdır. Aprel döyüşləri də göstərdi ki, Azərbaycan xalqı prezidenti ilə birləşib şanlı ordumuzu dəstəklədi.

Allah şəhidlərimizə rəhmət eləsin. Gənclərimizin sülh içərisində yaşaması daha gözəldir. İstəyərəm ki, şəhidlərimiz heç olmasın. İstəyərəm ki, öz millətçiliyimizi qoruyaq. Özbəkistanda azərbaycanlılara qarşı münasibəti görmüşəm. Digər millətlərin də azərbaycanlılara hörmətini hiss etmişəm. Düzdür, dünyada baş verən qloballaşma sərhədləri aradan götürür. Ona görə də insanlar harda və necə istəyirlərsə, yaşaya bilirlər. Müxtəlif peşələrin sahibi ola bilirlər. Amma harda yaşamağımızdan asılı olmayaraq, vətənimizi bir an da olsun yaddan çıxarmamalı, onun maraqları uğurunda fəaliyyət göstərməliyik.

Əgər bizim başlıca məqsədimiz bu olsa, istər nurçu olsun, istər hansısa digər xain məqsədlərə xidmət edən təşkilatlar, ölkəyə heç bir ziyan gətirə bilməzlər. Güclü dövlətimizin ətrafında möhkəm birləşməli, onu qorumalıyıq.

Başqa yol bilmirəm.

Elçin ZAHİROĞLU

Bakı Post
Diaspora