“Aprel döyüşündə iştirak edənlər Qarabağ döyüşçülərinin övladlarıdır“ - DÖYÜŞ TARİXİ

“Aprel döyüşündə iştirak edənlər Qarabağ döyüşçülərinin övladlarıdır“ - DÖYÜŞ TARİXİ backend

3 ilə yaxın hərbi dövrünü itkilər və əziyyətlərlə keçirmiş və döyüşlərdən birində yanında mina partlaması nəticəsində yaralanmış ikinci qrup Qarabağ əlili qazi Qormaz Cəfərli Hadi oğlu Rubrikamızın qonağıdır. O, 1973-cü ildə Ağdamın İmamqulubəyli kəndində anadan olub. Yaddaşında itkin və şəhid olmuş cəbhə yoldaşları və əsl qəhrəmanların adı qalıb. Bir neçə döyüş batalyonları gəzən Qorxmaz çox təvazökar olsa da həmsöhbətimiz maraqli faktları və etirafları ilə müsahibəyə maraq qatırdı. Deyir nə aşpaz olmuşam, nə də səngərdə yatan. Günüm-güzəranım elə çiynimdə 9 kiloluq silah-sursatla və bir də cəsədlərlə keçirdi. Qarabağ döyüşündə hər kəsin alnına eyni tale yazılmır. Şəhid olmaq ucalıqdır, döyüşmək cəsarətdir, yaralı qazi isə xalq üçün dəyərli zinətdir. Tanrı onları şəhidlərimdən bizə miras buraxıb. 20 ildən artıq müddətdir ki, mina partlayışından aldığı kantuziya yarasının əziyyətini çəkir. Bir neçə xəstəxanada 1 il və ya 3 il müalicə alıb. Hələ də bədənində tirtəmələr, kantuziyanın yaratdığı fəsadlarla yaşayır. Elə illərdir dilinə gətirmədiyi "Döyüş tarixi" təəssüratlarını da mənimlə ilk dəfə bölüşdü. Buna görə özümü şanslı hesab etməliyəm.

Qorxmaz Cəfərli SSRİ tarixinin sonuncu hərbi çağırışçılarından olub. 1991-ci ilin birinci yarısında hərbi xidmətə yollanan qazimiz Rusiyanın Yekaterinburq şəhərində hərbi xidmət yolu keçib: "Həmin vaxtı bizimlə xidmət edən Bərdəli yoldaşlarım vardı, çox mərd oğlanlar idi. Belə demək düzgündürsə, onlar bizə təkan verdilər ki, biz qürbətdəki yolumuzu yarımçıq qoyub Qarabağı düşmən işğalı təhlükəsindən azad edək. Qaçıb gəldik vətənə.

Döyüş tarixim Qarabağda Ağdamın kəndlərində baş verib. SSRİ-nin dağıldığı ərəfədə belə bir addım atmalıydıq. Həm də ona görə ki, birliyin tərkibində iki dövlət savaşırsa, sovet rəhbərliyi bunun üçün bir addım atmırsa, deməli, öz torpaqlarımızı ancaq özümüz müdafiə etməliyik. Bir sıra siyasi səbəblər həmin dövrdə də cərəyan edirdi. Ancaq vətəni üçün savaşa gedən azərbaycanlı belə mövzulara o qədər diqqət yetirmir. Siyasi proseslər torpağı bizə qaytarmır, torpağı sülhlə qaytarırlar. Ancaq dünya tarixində bu günə kimi gedən müharibələr elə sülhə nail olmaq üçün aparılıb. Sülh yolunda ölənlər və şəhid olanlar..."

Qazi təmkinli və iradəli danışığı ilə Döyüş tarixini filmə çevirmişdi. Sanki işğal altında olan torpaqlarımızdakı müharibə aurasını insan öz içində hiss edirdi. Çox qəhrəmanlarımızın olduğunu deyən Qorxmaz Cəfərli pulemyotçu Şakir, "Qara qartal" vəsiqəsi alan iki azərbaycanlıdan biri Şükürov Sadiq, Təbriz, Xudu Xuduyev və başqa igidlərimiz haqqında danışdı. "Qara qartal" vəsiqəsi keçmiş Sovet dönəmində Rusiyada hərbi təlim keçmiş müxtəlif xalqlardan olan 200 nəfərdə var idi. Hər adam o vəsiqəni almaq imkanına malik deyildi. Həmin 200 nəfərdən 2-si azərbaycanlı idi. Onun ilk qoşulduğu özünümüdafiə batalyonu Xudu Xuduyevin rəhbərliyi altında mübarizə aparırdı. Daha sonra başqa batalyonlara ezam olunan qazi ümumi hərbi hissə daxilində hər batalyondan seçilən 6 nəfər əsgərin tərkibinə daxil olur. Həmin əsgərlər göstərdikləri şücaətinə görə seçilənlərdir. Bu əsgərlər birbaşa düşmənlə üz-üzə mübarizəyə qoşulmuşdular.

"Heydər Əliyev bizim batalyona təşəkkür göndərdi"

Qarabağ qazisi ilk müharibə addımlarını atdığı özünümüdafiə batalyonundan sonra Yelmar Edilovun batalyonuna ezam olundu. Bundan sonra bir çox vacib döyüşləri, səngər xatirələrini bu batalyonun tərkibində yaşayıb: "Heç vaxt yadımdan çıxmaz ki, Qarabağ müahribəsi ərəfəsində ən ağır və eyni zamanda ən uğurlu döyüş Mərzili döyüşü olub. Bu döyüşdən sonra Heydər Əliyev bizim batalyonumuza salam göndərdi. Bu həm də bizim üçün böyük minnətdarlıq əlaməti idi.

"Əsgər yoldaşlarımçox təvazökar idi"


Müsahibənin onun üçün ilk olmadığını deyən qazi Qarabağ döyüşləri ərəfəsində tez-tez jurnalistlərin cəbhədən reportaj hazırladığını görüb. Qazi bildirib ki, jurnalistlər səngərdə mübarizə aparan əsgərlərimizdən müsahibə götürmək istədikləri vaxt onlar bundan imtina edirdilər. Batalyonumuzda təvazökarlıq vardı. Daha sonra görürdüm ki, əlacsız jurnaslitlər ümidini gedib aşpazlara bağlayırdı. Bəzi aşpazlarımızın danışdıqlarını eşitsəniz elə düşünərdiniz ki, o qədər ermənini bunlar öldürüb, bundan sonra da torpaqlarımızı rahatlıqla almağa qadirdirlər. Biz isə sadəcə torpağı almağı, düşməni zərərsizləşdirməyi düşnürdük. Əqidəmizin buna gücü çatırdı.

"Düşmən tərəfə keçəndə dönüb öz ölkəmə baxdım..."

Çəmənlidə gedən ağır döyüşlərdə çox itkilərimiz oldu. Bizimlə gedən 50-60 nəfər əsgərin çoxu bu döyüşdə həlak oldu. Biz meyitlərimizi də tapa bilmirdik, bir dəfə axtarışa çıxanda bir əsgər yoldaşımızı yaralı halda tapdıq. Daha sonra bir neçə meyitimiz qarşımıza çıxdı, lakin onları geriyə - öz tərəfimizə aparmaq çətin məsələ idi. 3-4 nəfər əsgərlə bu qədər meyiti aparmaq üçün danışdıq ki, hərəmiz birini götürüb yavaş-yavaş öz səngərimizə aparaq. Eyni zamanda elə etməliydik ki, düşmən bizim yerimizi öyrənməsin. Bir neçə şəhidimizi bu üsulla öz tərəfimizə apara bildik, lakin düşmən tərəfdə qalan meyitlərimiz də oldu".

-Sizcə, müharibənin tərifi nədir?

-Müharibə elə bir anlayışdır ki, onu yaşamasan dadını öyrənə bilməzsən. Müharibə bəzən yarım metr məsafə deməkdir. Biz elə bir mövqelərdə olmuşuq ki, dayandığımız yerdən yarımca metr o tərəfə keçsək, anında bizə atəş açacaqlar. Düşmən də ayıq idi. Səngərdə dayandığımız vaxt bizim qrupda döyüşən pulemyotçu Şakir və "Qara oreol" vəsiqəsi almış komandirimiz Şükürov Sadiq vardı. 18-19 yaşım vardı, həmin vaxt nə qədər mübarizə əzmi bizə güc versə də gördüyümüz meyitlər istər -istəməz insanda təlatüm yaradırdı. Düşmən tərəfində öldürülmək və sənin meyitinin tapılmaması çox ağır gəlir insana, ona görə çalışdığımız qədər ehtiyatlı və səriştəli olmaq lazım idi. Şakir mərd əsgər idi, hər zaman irəli atılmağa həvəsli idi. Bir dəfə səngərdə olanda Şakir komandirə dedi ki, icazə versin irəlidə dayanan düşmən tankını atəşə tutsun. Təbii ki, təcrübəli komandir buna icazə verməz, elə Şükürov Sadiq də belə etdi, çünki həmin anda düşmənə atəş açsaydıq, bizim arxamızda mövqe tutan onlarla əsgər yoldaşlarımız üçün təhlükə yarana bilərdi. Bunları ona görə deyirəm ki, müharibə bəzən həm də ağılla döyüşməkdir. Bizim ordumuz bəzi xalqlardan onunla fərqlənir ki, təkcə döyüşməyi yox, həm də ağılla hərəkət etməyi bacarırıq. Şükürov Sadiq kimi mərd konadirlərimiz çox idi. O insan indi bizdə olan Xıdırıstan, Quzanlı kimi bir neçə kəndimizin düşməndən geri alınmasında böyük rolu olub".

Düşməndə olan torpaqlarımızda artıq hərbi əməliyyatlar keçirmişdilər. Neytral ərazilərdə əsgələrimiz əlləri ilə mina axtarırdılar. Belə bir təhlükəli ərazidə dolaşmaq da böyük cəsarət tələb edirdi. Kəşfiyyat xarakterli əməliyyatlarımızın birində düşmən tərəfə keçməli olduq. Səngəri adlayıb əks tərəfə ayaq basanda arxama dönüb öz ölkəmə baxdım. Düşündüm ki, buradan sonra ölüm də bizdən yan keçməyə bilər. Bəlkə bir də geri qayıda bilmədim. Çoxlu şəhid verdik, gözümün önündə bir neçəsi minaya düşdü, meyitləri daşımaqdan təmiz haldan düşmüşdük.

"Onlar polkovnikdirsə, mən də generalam”

Bakıda və rayonlarda yaşayan Qarabağ veteranları hal-hazırda dövlət tərəfindən humanitar yardım alırlar. Hər ay bu yardımın verildiyini deyən həmsöhbətimiz özünün də bu siyahıda olduğunu deyir: "Əvvəlcə qeyd edim ki, hazırkı vəziyyətimə görə dövlət başçısına və veteranlara dəstək verən qurumlara minnətdarlığımı bildirirəm. Dövlət bizdən qayğısını əksik etmir. Mənə Qarabağda döyüşdüyüm üçün Bakıda Pirallahı adasında bir ev də verilib. Humanitar yardım isə almaqdan imtina etmişəm. Ona görə ki, Qarabağ döyüşü iştirakçılarına verilən yardım onların özlərinə təqdim edilmir və birbaşa tələb olunur ki, biz özümüz gedib yardımımızı götürək. Bu nə dərəcədə düzgün addımdır? Birinci Vətən Müharibəsində ona görə döyüşməmişik ki, indi bizi yardım almaq üçün ayaqlarına gətirsinlər. Mən bu yardımdan imtina etmişəm. Bir dəfə yardım verildiyini öyrənəndə gedib maraqlandım, soruşdum ki, yardımı nəyə görə bizim özümüzə çatdırmırlar? Hökmən lazımdırmı ki, özümüz gəlib yardım alaq? Əgər bir Qarabağ əlili fiziki əmək qabiliyyətini itiribsə, o necə gəlib yardım ala bilər? Digər tərəfdən düşünürəm ki, bizə qarşı hörmətsizlikdir. Yardım paylanan məntəqədə bu sualları onlara ünvanlayanda dedilər ki, nə olsun polkovniklər də gəlib bizdən yardımlarını götürürlər. Mən isə dedim ki, əgər onlar polkovnikdilərsə, mən də generalam".

"Aprel döyüşlərində ordumuz mənə Amerika ordusunu xatırladırdı"

"Döyüş tarixi"ndən bizə qalan ancaq xatirələrdir deyir Qarabağ əlili. Bir də vurğulayır ki, indi bəzi torpaqlarımız ki, bizdədir, onları geri almağımızda az da olsa əməyimiz keçibsə, bunu xoş xatirələrə yazmaq olar. Hərçənd ki, ağrılı günlərimizi yaşamışıq: "Mən 23 ildən sonra Qarabağ döyüşlərini xatırladan Aprel savaşının şahidi oldum. Həmin ərəfədə cəbhə bölgəsində idim və görürdüm ki, "Sanitar" maşınları nə qədər yaralılarımızı daşıyır, səngərlərdə döyüşmək üçün labüd olan böyük hazırlığı və əzmkarlıq var. Müdafiə Nazirliyi ordumuzu yüksək səviyyədə döyüşə hazır vəziyyətə gətirib. Bu qürurumuzdur. İtkilər hər müharibənin simvoludur. Şəhid veririksə, deməli, layiqincə mübarizə aparmışıq və aprel döyüşləri bizim qələbəmizlə başa çatıb. Həmin ərəfədə ordumuzun hazırlıq səviyyəsinə tamaşa edəndə elə düşünürdüm ki, burada güclü Amerika ordusu var. Amma bu Azərbaycan ordusu, Azərbaycan əsgərləri idi".

Qazi bəzən Qarabağ döyüşçülərinə aprel döyüşləri ilə bağlı atılan ismarıclara da cavab verib: "Bu döyüşdən sonra bizə bəzi ismarıclar gəlirdi ki, aprel döyüşü Qarabağ savaşından heç də geri qalmır. Doğrudur, aprel döyüşlərində bir çox mərdliklərin qəhrəmanlıqların şahidi olduq, şəhidlərimiz oldu. Amma bir şeyi qeyd edim ki, elə həmin döyüşdə iştirak edənlər Qarabağ qazilərinin övladlarıdır. Bir fərq var ki, indiki dövrdə orduda davamlı təlimlər keçirilir, qüvvətli əsgərlərimizi seçirlər. Bizim vaxtımızda isə fiziki və psixoloji cəhətdən zəif əsgərlər müharibəyə qoşulurdu, yaralı daşıyanda silah daşıyanda, düşmənlə üz-üzə gələndə bu fəasadlar öz nəticəsini göstərirdi. Sevinirəm ki, ordumuz hal-hazırda inanılmaz dərəcədə yüksək hazırlığa malikdir. Elə xalqımızın da vətənpərvərlik ruhu yüksədir. Mən bunları illər sonra Aprel döyüşündə gördüm.


Rüfət Soltan


Diaspora