Mövzu: Dəfinələr yurdu Azərbaycan “Manşet” proqramının bugünkü qonağı arxeoloq Pərviz Qasımov olub. İlham Tumasın aparıcısı olduğu proqramda qonaq Azərbaycan xalqının mənşəyinin arxeoloji materiallar əsasında təsdiqi, bununla bağlı elmi mübahisələr, qazıntılar zamanı tapılmış dəfinələr və sair maraqlı məsələlər barədə danışıb.
- Bu gün erməni alimləri Azərbaycanın qədim tarixini saxtalaşdıraraq iki yöndə fikir irəli sürürlər: Birincisi, Azərbaycan türkləri XI əsrdə Orta Asiya ərazisindən gəliblər, azərbaycanlılar yerli deyil və ermənilərin, farsların və gürcülərin “torpaqlarını və mədəniyyətini oğurlayıblar”. Onların ikinci fikri budur ki, azərbaycanlılar türkləşmiş “farslar və Qafqaz xalqlarıdır”.
- Ötən il noyabrda keçirilmiş Qaraçay - Balkar xalqının etnogenezinə aid Moskva konfransının qətnaməsində göstərilmişdi ki, erkən əcdad türk dilinin Altay dağlarında formalaşması, əcdad türk dilinin vur-tut 2200 il yaşı olması barədə fikirlər köhnəlmiş və son tədqiqatlarla özünü doğrultmamaqdadır. Bir sıra rus, erməni və osetin alimləri bundan sonra ciddi narahatlıq keçirdilər. Çünki, illərlə qurduqları irqçi və anti-türk konsepsiya dağılırdı. Konfransın qətnaməsi dərc edildikdən sonra rus alimləri – türkoloq Anna Dıbo, paleolinqvist – A. Kasyan, arxeoloq-tarixçi L. Kleyn, antropoloq M. Gerasimova, arxeogenetik Yelena və Oleq Balanovskilər və digərləri birgə məqalə yazaraq bu qətnamənin əleyhinə çıxış etdilər.
- Mən də onlara cavab yazarkən qətiyyən türk mənşəli alimlərin əsərlərindən istifadə etmədim. İstinad etdiyim ədəbiyyat ABŞ və Avropa, hətta bəzi rus arxeoloqlarının, arxeoloji nəzəriyyəçilərinin və paleolinqvistlərinin, türkoloqların son tədqiqatlarının nəticələri idi.
- Müasir Qərb arxeoloji nəzəriyyələrində bir fikir qətidir – müəyyən arxeoloji mədəniyyət daşıyıcılarının dili barədə dəqiq yazılı məlumat yoxdursa, bu barədə fikir yalnız ehtimal, fantaziya ola bilər. Özlərinə sərf etmədikləri üçün rus alimləri bu metodoloji məntiqi görməzdən gəlirlər.
- Eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəlində bölgədə müxtəlif arxeoloji mədəniyyət daşıyıcılarının dili barədə məlumat yoxdur. Ya bu mədəniyyətlərin tərkibində prototürklərin mövcud olması ehtimalı yekdilliklə qəbul edilməlidir, ya da bu mədəniyyətlərin dil mənsubiyyəti probleminin araşdırılması kənara atılmalıdır. Amma az sayda bəzi Qərb, bütünlükdə isə, Rusiya akademik elm çevrələrində belə bir fikir ortaya atılır ki, qədim arxeoloji mədəniyyətlərin daşıyıcılar istənilən dilə mənsub ola bilərdilər, yalnız türk dilindən başqa. Bu, antitürk və irqçi motivli yanaşmadır.
- XIX əsrdə Avropada tarix, arxeologiya, dilçilik və dogər elm sahələri irqçi baxışların təsiri altında idi. Bu irqçi baxışlar Rusiya elminə də təsir etdi. Stalinin ölümündən sonra isə sovet elmində alman post-primordialist konsepsiya özünə yer etdi.
- 2007-ci ildə Moskvada 53-cü Beynəlxalq Assiroloqlar Konqresində dünyaca şöhrətli finlandiyalı paleolinqvist akademik Simo Parpola şumer dili üzrə araşdırmaların yekununu açıqladı. O bildirdi ki, şumer dili Ural dilləri ilə genetik qohumdur. Amma alim həm də bildirdi ki, bu qədim dildə prototürk dilindən sözlər, qramatik, fonoloji və sintaksis alınmalar var.
- Simo Parpolanın fikirinə görə, Ural dağlarınının cənubundan Şimali Qafqazadək ərazi qədim Uraldilli və əcdad türk dilinin erkən vətəni və qonşuluq arealı idi. Şumer dilini isə bölgəyə Maykop arxeoloji mədəniyyəti daşıyıcıları gətirdilər. Hər halda biz görürük ki, söhbət 2200 il əvvəldən getmir. Söhbət 5 min il əvvəldən, yəni, e.ə. III minilliyin əvvəlindən gedir və türk dilinin erkən vətəni Altay dağlarında deyil, Qərbi Asiyada yerləşib. Arxeologiya tarix elminin riyaziyyatıdır, bu elmdə fakt əsas rol oynayır.