Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun qafqazinfo-ya müsahibə verib.
Azərbaycanda FETÖ təhlükəsi ilə bağlı sualları cavablandıran deputat bu cərəyanın ölkəmizə heç bir təsiri olmadığını vurğulayıb. Siyavuş Novruzov bildirib ki, əslində məsələ çox qabardılır. Media mənsublarını sözügedən mövzuda dəqiq informasiyalar verməyə çağıran millət vəkili onu da bildirib ki, Azərbaycanda dini cərəyanların fəaliyyəti tam təhlükəsizdir: “Azərbaycanda "Dini etiqad azadlığı" haqqında qanun var. Dini icmalar qanun çərçivəsində qeydiyyatdan keçib fəaliyyət göstərməlidir. Kimliyindən asılı olmayaraq, əgər kimsə qanundan kənar fəaliyyət göstərirsə, bunun hüquqi formada cəzası olur. "Dini ekstremizm" haqqında qanun qəbul etmişik. Elə dini cərəyanlar var ki, onlar dövlətin fundamental quruluşunu dəyişdirməyə cəhd göstərir. Konstitusiyada qəbul olunub ki, Azərbaycan demokratik, unitar, hüquqi dövlətdir. Kiminsə Azərbaycanın dövlət quruluşunu təhdid etməsi, dəyişdirməsi, dini dövlət yaratmaqla bağlı arzusu varsa, qanunun aliliyi həmin şəxslərə tətbiq olunacaq. Kimisə şirnikləşdirməklə, müəyyən vəsait ayırmaqla, vədlər verilməklə yoldan azdırırlar.Prezident administrasiyasında çalışan Elnur Aslanovun bu şəbəkənin adamı olduğu bildirilərək vəzifəsindən uzaqlaşdırılması ilə bağlı suala cavab verən YAP-ın nümayəndəsi onun vəzifədən FETÖ-ya görə uzaqlaşdırılmadığını, bunun iş fəaliyyətində yol verilən xətalara görə olduğunu bildirib.
Müsahibədə həmçinin Azərbaycanda sosial şəbəkələrlə bağlı mövzuya toxunana millət vəkili maraqlı təkliflər verib. Onun sözlərinə görə, başlıca məqam qeydiyyat məsələsidir: “Azərbaycanda internet azaddır. Sadəcə bunu təkmilləşdirmək lazımdır. İnternet azad şəkildə olmalıdır, ancaq bir şərtlə ki, hər hansı istifadəçi şəxsiyyət vəsiqəsinin kodu ilə qeydiyyatdan keçib bundan istifadə etsin. Kimsə məni sosial şəbəkədə təhqir edirsə, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmədə məsələ qaldırıram. Elə olur ki, 100 min adamın oxuduğu təhqirlə bağlı məhkəməyə müraciət edə bilmirsən. Sənin şərəf və ləyaqətin pozulur, necə müdafiə edəcəksən? Ona görə də hüquqi cəhətdən odur ki, şəbəkəyə şəxsiyyət vəsiqəsi ilə daxil ol. Söymək istəyirsənsə, buyur söy. Bununla da qanunla dediyin sözün cavabdehliyini daşıyırsan”.