Sevda Tahirli: “Biz problemlərin ictimailəşməsi yönündə addımlar atırıq”

Sevda Tahirli: “Biz problemlərin ictimailəşməsi yönündə addımlar atırıq” backend

Müsahibimiz Mirzə Ələkbər Sabir fondunun prezidenti, Bakı Dövlət Universitetinin dosenti, biologiya elmləri namizədi Sevda Tahirlidir:

- Sevda xanım, Mirzə Ələkbər Sabir fondunun fəaliyyəti və keçirdiyi layihələr hansı istiqamətdə həyata keçirilir?
- Qeyd edim ki, Mirzə Ələkbər Sabir fondu şairin 150 illik yubileyi ərəfəsində - 2012-ci ildə rəsmi olaraq qeydiyyata alınıb və həmin gündən də fəaliyyətə başlayıb. Bizim fəaliyyətimizin əsas məqsədlərindən biri də cəmiyyətimizdə insanların milli dəyərlərimizə sahıb çıxa bilməsi və onların qorunması, eləcə də Sabirin hər zaman vurğuladığı kimi, insanlarda, xüsusilə gənclərdə vətənpərvərlik hissini daha da dərinləşdirməkdən ibarətdir. Buna görə də biz, imkanlarımız daxilində bu məqamlara diqqət yetirməyə çalışırıq.
İlk hədəfimiz “dilimiz” olub. Bu, bir sirr deyil ki, hazırda cəmiyyətin müxtəlif sahələrində dilimizin tətbiqi zamanı mütəmadi olaraq bir çox urəkağrıdıcı hallara yol verildiyinin şahidi oluruq. Bunlara TV-radio məkanından tutmuş internet saytlar, hər növ xidmət sahələri də daxil olmaqla reklam və elanlarda, eləcə də digər sahələrdə də rast gəlinir.Vəziyyət ciddi bir həyəcan, haqlı bir narahatlıq yaratdığından bu sahədə layihə üzərində çalışırıq. İstiqamətimiz Azərbaycan ədəbi dilinin müasir dövrdəki vəziyyətinin monitorinqidir. Doğrusu, ötən iki il ərzində bu sahədə bəzi addımlar atmışıq və inşallah, nəsib olarsa, bundan sonra da bu məsələni diqqətdə saxlamaq niyyətindəyik. Məqsədimiz vəziyyətin nə dərəcədə gərgin və problemin hansı diapazonda olduğunu diqqətə çatdıraraq ictimailəşdirmək, bu qüsurların aradan qaldırılması yönündə aidiyyəti qurumlara kömək göstərməkdən ibarətdir. Bu gün bir çox faktlar aşkar edilib. Çox istərdik ki, gerçəklik daha ürəkaçıcı olsun. Arzuolunandır ki, dilimizdə yol verilən yanlışlıqlar, bilərəkdən, ya bilməyərəkdən, laqeydlikdən və ya diqqətsizlikdən yaranmış olan problemlər tez bir zamanda aradan qalxmış olsun. Bu gün diqqət vermədiyimiz hansısa bir məqam bizim dilimizdə kök salarsa, sabah onu dilimizdən çıxartmaq çox çətin olacaq. Ona görə də vaxtında, zamanında həyəcan təbilini çalmaq, insanların bu məsələyə diqqət etməsini təşkil etmək lazımdır.
Biz monitorinqi təşkil etdiyimiz zaman, layihəyə gəncləri də cəlb etmişdik. Bu işdə Bakı Dövlət Universitetinin tələbələri bilavasitə, yaxından iştirak edirdilər. Layihəmiz başa çatdıqdan sonra ən ürəkaçan məqamlardan biri tələbə gənclərin etirafı idi. Onlar qeyd etdilər ki, layihə çərçivəsində bu problemlərlə o qədər yaxından maraqlanıblar ki, monitorinq bitdikdən sonra, əvvəllər, bəlkə də, görüb hiss etməsələr də indi xüsusi səy göstərmədən də reklamlarda, elanlarda, internet saytlarında, veriliş aparıcılarının nitqində, menyularda yol verilən nöqsanlar onların diqqətini cəlb edir. Bu gün həmin gənclər nitqlərinə xüsusi diqqət edirlər. Həmçinin, başqalarının da yol verdiyi səhvləri hiss edirlər. Əslində hiss etmək və ya hiss etdirmək, diqqətə çatdırmaq gözəl bir duyğudur, bir şeyin fərqinə varmağı aşılayan duyğudur. İnsan hiss edib fərqinə varırsa, artıq onu düzəltməyə meyil edəcək. Yaxud, təşəbbüs edəcək. Bunun özü də gözəl bir cəhətdir. Bunu etmiş olsaq, hansısa müsbət nəticələrə çatmaq olar. Biz bu işi günahkar axtarmaq və ya kimisə cəzalandırmaq üçün deyil, səbəbləri və nəticəni müəyyənləşdirmək üçün edirik. Biz problemlərin ictimailəşməsi yönündə addımlar atırıq.
- Cəmiyyətimizdə ümumilikdə hansı qüsurları görüb, onları ictimaiyyətin diqqətinə çatdırırsınız?
- Fikrimi belə izah edərdim. Cəmiyyətimizdə bəzi məqamlara diqqət ayırmağımız, həqiqətən də, zəruridir. Milli-mənəvi dəyərlərimizə bir az da həssas yanaşmaq lazımdır. Bu yöndə dövlət təşkilatlarının, eləcə də bir sıra qurumların gözəl layihələri var. Məsələn, Heydər Əliyev Fondu bu yöndə diqqətçəkən təşəbbüslər edir, sevindirici ilklərə imza atır. Əlbəttə ki, bu, çox diqqətəlayiq və alqışlanacaq bir addımdır. Ancaq cəmiyyətin üzvləri tərəfindən də həmin dəyərlərin qorunması yönündə işlərin həyata keçirilməsinə yardım etmək vacibdir. Cəmiyyətimiz, xüsusilə gənclərimiz bu işlərin həyata keçirilməsi yönündə fəaliyyətlərinin daha da dərinləşməsinə nail olmalıdırlar. Gözləmək lazım deyil ki, bunu kimsə edəcək. Ən gözəl təsirin şəxsi nümunə olduğunu unutmayaraq elə özümüzdən başlamaq lazımdır. Ədəbiyyatımızın, incəsənətimizin, folklorumuzun, musiqimizin, mətbəx mədəniyyətimizin zənginliyinin təbliğini, içimizdə olan vətənpərvərlik və sevgi hissimiz ilə sintez etməyi də unutmamalıyıq. Lakin həyati gerçəkliklər bəzən bizə o qədər yaxın olur ki, bizim üçün günün birində sanki yoxmuş kimi adiləşə bilər. Biz çox zaman əlimizdə olanları itirdikdən sonra onun həqiqi dəyərini anlamağa başlayırıq. Bu da təəssüf hissinin bütün çalarları ilə insana həyatı boyu sakitlik vermir, düşündürür. Odur ki, dəyərlərimiz əlimizdən getmədən onları zamanındaca qiymətləndirməyə çalışmalıyıq. Qiymətləndirmək üçünsə sevgidən başlamaq lazımdır. Sevək ki, dəyərlərimizə sahiblənə bilək və təbliğ edək. Düşünürəm ki, dəyərlərimizə sahiblənmək hissinin təbliğatını cəmiyyətin kiçik üzvləri, eləcə də inkişaf edən gənclərimiz də daxil olmaqla bütün təbəqələr arasında gücləndirmək lazımdır. Çox şey bəzən ilk baxışdan adi görünən məsələlərdən başlayır. Yəqin razılaşarsınız ki, tədbirlərdə Dövlət Himni səsləndirilən zaman barmaqla sayılacaq qədər insanın himni oxuduğunun şahidi oluruq. Amma niyə himnimiz hamımız tərəfindən bir nəfər kimi uca səslə oxunmasın? Yanımda kimsə oxumasa belə, şəxsən mən qürur hissi ilə oxuyuram. Çünki Dovlət Himnimizin səsləndiyi həmin an ümummilli liderimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fikrində vurğulandığı kimi, ən gözəl bir məqamdır.
-Fond Mirzə Ələkbər Sabir yaradıcılığı üçün hansı işləri görəcək?
- Fondumuz M.Ə.Sabir yaradıcılığının cəmiyyətimizdə, xüsusilə də cəmiyyətin əsas hissəsi olan gənclər arasında təbliği yönündə, eləcə də beynəlxalq aləmdə tanınmasına yardımçı olmaq üçün bir sıra layihələr üzərində çalışır, yaxın gələcəkdə onları həyata keçirmək yönündə işlər aparır. Qeyd etmək yerinə düşər ki, biz bu yaxınlarda Sabirin “Hophopnamə”sinin Türkiyədə təkrar nəşr olunduğunu öyrənmişik. Bu, Türkiyə İş Bankının təşəbbüsü ilə layihəyə daxil edilməklə baş tutmuşdur. Hal-hazırda o kitab əlimizdədir. Qeyd edim ki, Sabirin “Hophopnamə”sinin ilk nəşri Türkiyədə 1975-ci ildə baş tutub. Bu, sevindirici bir haldır ki, Sabir yaradıcılığı Türkiyədə diqqət mərkəzində tutulur. Bəzən, “Sabir Azərbaycanın şairidir. Onu yalnız azərbaycanlılar başa düşər. O, məhz azərbaycanlılar üçün yazıb” fikrini vurğulayırlar. Lakin qeyd edim ki, İranda, Amerikada, Almaniyada, eləcə də Sovet dövründə bir çox sovet respublikalarında Sabirin şeiri həmin xalqların dilinə tərcümə edilərək çap olunmuşdur. Demək ki, Sabir yaradıcılığı nəinki öz xalqı üçün gərəklidir, həmçinin dünya xalqlarına da gərək ola biləcək bir xəzinədir.
Sağlığında Sabirin sonbeşiyi olam atamın-Məmmədsəlim Tahirlinin ən böyük arzusu Sabirin Bakıda da ev muzeyinin açılması olmuşdu. Və o, bu yolda bəzi işlər də gördü, amma ömür vəfa etmədi. Öncədən görüləcək işlər barəsində danışmağı sevməsəm də qeyd edim ki, hazırda fond olaraq, bu yöndə də bir layihə üzərində çalışırıq. Nəsib olarsa, bütün bunları həyata keçirməyi düşünürük.
-Sevda xanım, Sabir nəslinin nümayəndəsi olaraq, Sabir yaradıcılığını Azərbaycan ədəbiyyatında necə dəyərləndirirsiniz?
- Mən Sabirə çox zaman mənsub olduğum ailənin nümayəndəsi müstəvisindən deyil, vətəndaş mövqeyimdən baxıram, onu Azərbaycan xalqının nümayəndəsi kimi görürəm. Düşünürəm ki, o, yalnız bizim ailənin nümayəndəsi olmaq miqyasından çıxaraq başqa bir müstəviyə keçib. O, bütün xalqın milli-mənəvi dəyərinə çevrilib. Tədqiqatçılar hər zaman vurğulayırlar ki, onun yazdığı şeirlər, sanki mənəviyyat kodeksidir. Kim əsl insan olmaq iddiasındadırsa, həmin şeirlərdə cilalanmış mənəviyyat üçün xarakterik əlaməti tapa bilər. Yəni, mənəviyyatını cilalamaq istəyirsənsə, Sabirin şeirlərinə diqqət elə. Onun şeirlərində insanlıq fəlsəfəsi var. Onun şeirlərində təkamül arzulayan, inkişafı təbliğ edən məqamlar çoxdur. O, fikirləri ilə ailə münasibətlərində harmoniya axtarır. Məişət problemlərində inkişaf istəyir. Elmə, təhsilə, insani davranışlar da xoş münasibət təbliğ edir. Vətənə sevgi istəyir, vətənpərvərlik istəyir. Sabir, əsasən, humanist münasibətin təbliğindədir. Onun seirləri “Yanındakı insanın halından xəbərdar ol!” ismarıcını verir. Sabir yaradıcılığı ilə insana doğru münasibət, doğru yaşam üçün istiqamət verir. Elə məsələlər də var ki, indi öz həllini tapmaqdadır. Məsələn, onun vurğuladığı təhsilmeyilli olmaq, təhsilə dəyər vermək kimi ciddi bir məsələ hazırda öz həllini tapıb. Doğrudır, biz indi də bu yöndə bəzi arzuolunmayacaq məqamların aradan qaldırıldığı bir dövrü yaşayırıq. Hər bir məsələdə pozitivliyimi qoruyan birisi kimi düşünürəm ki, təhsil sistemində atılan ciddi addımlar çox yaxın zamanda bu problemlərin yoluna qoyulması yönündə öz müsbət həllini tapacaq.
Sabirin şeirlərində vurğulanan və bu gün gənclərdə, cəmiyyətdə görmək istədiyimiz dəyərli məqamların niyə olmamasının cavabını isə uzaqda deyil, çox zaman elə özümüzdə axtarmalıyıq.
Diaspora