Oleq Kuznetsov: “Yerevanda nə deyirlər, desinlər, Dağlıq Qarabağ Ermənistan deyil”

Oleq Kuznetsov: “Yerevanda nə deyirlər, desinlər, Dağlıq Qarabağ Ermənistan deyil” backend

“İşğal edilmiş torpaqlarda rəsmən hərbi təlimlər keçirilməsi bütün əndazəni aşmaqdır”

Tarix elmləri namizədi, Cənubi Qafqazın tarixinə və müasir həyatına dair çoxsaylı yazıların müəllifi, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun “Kavkaz & Qlobalizasiya” adlı beynəlxalq sosial-iqtisadi və siyasi tədqiqatlar jurnalının redaksiya heyətinin üzvü Oleq Kuznetsov Rusiyanın “MİRAJ” İnformasiya Agentliyi üçün müsahibəsində bu yaxınlarda Ermənistanın “Mi-24” döyüş helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməsi ilə əlaqədar Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş münaqişə barədə fikirlərini bölüşüb. (AzerTAc)
- Bəri başdan deyim ki, bu, hər mənada görünməmiş hadisədir. Bu hadisəyə eyni zamanda bir neçə müstəvidən yanaşmaq olar, amma bütün hallarda bu, çox qeyri-adi hadisədir. Özünüz düşünün: azərbaycanlılar Ermənistan hərbi hava qüvvələrinin həmin helikopterini Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən hərbi təlimlərdə iştirak edərkən vurublar. Buna görə də ilk növbədə həmin təlimlərin kim tərəfindən və hansı məqsədlə keçirilməsi məsələsini aydınlaşdırmaq lazımdır. Hazırda Rusiyada yalnız rəsmi Yerevanın nöqteyi-nəzəri səsləndirilir və bu nöqteyi-nəzərə görə, noyabrın 10-dan başlayaraq Dağlıq Qarabağ ərazisində Ermənistan Silahlı Qüvvələrinin və hüquqi statusu və təşkili çoxlu suallar doğuran qondarma “Dağlıq Qarabağ respublikası” ordusunun birgə təlimləri keçirilirmiş.
Rəsmi məlumata görə, qondarma “Dağlıq Qarabağ respublikası” ordusunun şəxsi heyəti 18 min nəfərdir. Lakin 2012-ci ildə keçirilmiş son “prezident seçkiləri” zamanı səsvermədə 40 mindən az adam iştirak edib və bu faktı beynəlxalq müşahidəçilər, o cümlədən Rusiyadan olan müşahidəçilər də təsdiqləyiblər. Bu o deməkdir ki, “dqr”-də hər bir hərbi qulluqçuya cəmi bir yarım adam düşür. Buradan birmənalı şəkildə belə nəticə çıxarmaq olar ki, “dqr” silahlı qüvvələri sıralarında Ermənistandan və diasporun yerləşdiyi başqa ölkələrdən gəlmiş, əsasən erməni millətindən olan xarici hərbi muzdlular əksəriyyət təşkil edir. Ermənistanda bu muzdluları bildirən xüsusi hüquqi termin var: “yerkrapa” və ya “könüllü”, onların hüquqi statusunu müəyyənləşdirən qanun qəbul olunub, mayın 8-i qanunvericilik yolu ilə onların peşə bayramı günü elan edilib. Bu ölkədə Ermənistan Respublikasının əvvəllər “könüllü əsaslarla” Dağlıq Qarabağ ərazisində hərbi xidmətdə olmuş vətəndaşlarını öz sıralarında birləşdirən “Yerkrapa Könüllüləri İttifaqı” adlı ictimai-siyasi hərəkat da mövcuddur. Erməni politoloji dilindən rus hüquqi dilinə tərcümə etsək, Dağlıq Qarabağdakı silahlı qüvvələr əsasən Ermənistan silahlı qüvvələrinin strukturlarına inteqrasiya etmiş və Dağlıq Qarabağ torpaqlarında işğalçı korpusdan ibarət olan qanunsuz silahlı dəstədir. Hərbi təlimləri də məhz onlar keçiriblər. Bu təlimlər zamanı Azərbaycan hərbçiləri erməni helikopterini vurublar.
Belə manevrlərin keçirilməsi faktının özü onun Ermənistan tərəfindən siyasi provokasiya olduğunu göstərir. Bu provokasiya heç də, ilk baxışda göründüyü kimi, Azərbaycana qarşı deyil, Rusiyaya və bütövlükdə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) qarşı yönəlib. Ermənistan-Azərbaycan cəbhə xəttində hər gün atışmalar baş verir, hər iki tərəfdən snayperlər işləyir. Odur ki, atəşkəs xəttində, demək olar hər gün provokasiyalar qeydə alınır. Başa düşmək lazımdır ki, bu insidentlərdə erməni tərəfindən həlak olan yerkrapa-könüllülər rəsmən Ermənistanın hərbi qulluqçuları deyil, buna görə də rəsmi Bakı onlar barəsində Yerevana heç bir rəsmi tələb irəli sürə bilmir. Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin məhv edilməsi ilə bağlı insident isə tamam başqa məsələdir. İstəsəniz, bunu təkcə bilavasitə Ermənistana qarşı deyil, həm də bütövlükdə Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına qarşı hərbi təcavüz aktı kimi interpretasiya etmək olar. Xoşbəxtlikdən, KTMT-nin flaqmanı olan Rusiya bu provokasiyaya uymadı və bu məsələ yalnız Ermənistan mətbuatında isteriya ilə başa çatdı.

- Lakin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda deyilirdi ki, bu helikopter “dağlıq qarabağ respublikası”na məxsusdur...

- Bu fikir böyük səfehlikdir, sadəlövh adamlar üçün nəzərdə tutulan təbliğat xarakterli şayiədir. Yaxşı məlumdur ki, qondarma “dağlıq qarabağ respublikası” de-yure beynəlxalq hüququn subyekti deyil. Onun mövcudluğu faktının qanuniliyini dünyanın başqa dövlətləri bir yana, hətta Ermənistan özü də tanımayıb (yeri gəlmişkən, noyabrın 14-də Ermənistan Milli Məclisində bu məsələ ilə bağlı keçirilmiş səsvermədə “dqr”-in tanınmasının lehinə bu ölkənin ali qanunvericilik orqanının 190 deputatından yalnız 8-i səs verib). Beynəlxalq hüquq normalarına görə, beynəlxalq səviyyədə tanınmayan heç bir dövlətin istər mülki, istərsə də hərbi aviasiyası ola bilməz, ən azı ona görə ki, belə dövlətin beynəlxalq səviyyədə tanınmış statusunun olmaması səbəbindən, o, obyektiv olaraq hava gəmilərinə livreyalar - fərqləndirici nişanlar vurmaq imkanından məhrumdur. Odur ki, helikopterin dünyada heç kimin tanımadığı “dqr”-ə məxsus olması fikri lap əvvəldən cəfəngiyatdır. Vurulan helikopterin Ermənistan HHQ-yə aid fərqləndirici nişanı olub. Deməli, o, Ermənistanın helikopteri olub. Vəssalam.
Bundan əlavə, “dağlıq qarabağ respublikası”nın hərbi strukturları BMT-nin bir neçə sənədində məhz “erməni separatçılarının silahlı birləşmələri” adlanır. Bu birləşmələrin təşkilati-ştat strukturu yaxşı məlumdur və “dqr-in hakimiyyət orqanları” bunu o qədər də gizlətmirlər. Həmin struktura dağ briqadası, tank alayı, habelə əlavə artilleriya və hava hücumundan müdafiə qüvvələri ilə birlikdə alay infrastrukturlu beş möhkəmləndirilmiş rayon daxil olduğunu öyrənmək üçün onların rəsmi saytına baxmaq kifayətdir. Lakin “dqr”in özünün hərbi aviasiyasının olması barədə bir kəlmə də danışılmır. Deməli, kimsə yalan danışır - ya Dağlıq Qarabağın bu faktı gizlədən işğalçı “hakimiyyət orqanları”, ya da Azərbaycan hərbçiləri tərəfindən vurulan helikopterin “dqr” HHQ-yə məxsus olduğunu iddia edən təbliğatçılar. Mənim fikrimcə, indiki halda mass-media yalan danışır.
Belə bəyanatlar hərb işindən uzaq olan, hərbi əməliyyatlarda iştirak təcrübəsi olmayan insanları çaşdıra bilər. Lakin on minlərlə həmvətənim kimi mənim də belə təcrübəm var, ona görə də belə fikirlərin cəfəngiyat olmasını mən daha aşkar görürəm. Erməni helikopteri “İqla” səyyar zenit-raket kompleksindən raketlə vurulan zaman cəbhə xətti boyunca, sağ bortu Azərbaycan mövqelərinə tərəf yönəlmiş halda hərəkətdə olub. Helikopter vurulanda, pilotlar maşını idarə etmək imkanını itirəndə o, yerə düşməzdən əvvəl vintin fırlanma ətaləti hesabına Azərbaycan istehkamları tərəfə əyilməyə başlayıb. Vurulmuş helikopter həmişə sağ tərəfə düşür. Əgər helikopter sol bortu Azərbaycan mövqelərinə tərəf yönəlmiş halda uçsaydı, vurulandan sonra o, erməni mövqelərinin içərisinə düşməli idi. Bütün bunlar hərb işinin əlifbasıdır, lakin nədənsə müharibədə bunu unudurlar. Nəticədə təbliğatçılar öz hərbçilərinin səriştəsizliyini birtəhər ört-basdır etmək üçün yalan deməyə məcbur olurlar. Buna oxşar nümunələri lap yaxın vaxtlarda Ukraynada çox görmüşük, indi isə Ermənistanda da bunu müşahidə edirik.
Lakin, necə deyərlər, olan olub, keçən keçib, helikopterin qırıntıları və pilotların cəsədlərinin qalıqları Azərbaycan tərəfin sərəncamındadır. Bu qalıqların tanınması üçün əlamətlər çoxdur. Helikopterin mühərrikinin nömrəsi, bortdakı avtomatik yazı qurğuları (“qara qutular”), hər bir silah vahidinin nömrəsi, pilotların şəxsi sənədləri, şəxsi nömrə jetonları, heyət komandirinin uçuş tapşırığı, heyət üzvlərinin soyadları – bütün bunlar məlumdur. Azərbaycan hərbi əks-kəşfiyyat əməkdaşlarının müasir total informasiyalaşma şəraitində bütün bu kompleks informasiya sayəsində konkret hansı helikopterin vurulmasını, onun kimə məxsus olmasını və helikopterdə kimlərin uçmasını müəyyən etməsi heç də çətin deyildi. Buna görə, təəccüblü deyil ki, hadisənin ertəsi günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumatda göstərilirdi ki, vurulmuş Mi-24 helikopteri Yerevan yaxınlığında, “Erebuni” aerodromunda dislokasiya edilmiş 15-ci helikopter eskadrilyasına (32822 nömrəli hərbi hissə) məxsus olub, onun heyəti isə mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azat Saakyandan ibarət idi. Əgər kimsə daha ətraflı – heyət üzvlərinin şəxsiyyət vəsiqələrinin nömrələri, şəxsi nömrələri, silah vahidlərinin nömrələri və sair əlavə məlumatlarla maraqlanırsa, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət etmək olar. Bu xidmətdə hər cür ətraflı informasiya var.

-Siz dediniz ki, Ermənistanın Mi-24 helikopterinin məhv edilməsi hərbi-siyasi provokasiyadır. Atəş açmaq barədə əmr hansı səviyyədə verilib?

-Sizin bu sualınızdan görünür ki, hərbi işdən çox uzaqsınız. Lakin bir halda ki, mənə bu sualı vermisiniz, deməli onun cavabı minlərlə başqa adam üçün də maraqlı ola bilər. İş burasındadır ki, lənətə gəlmiş helikopter ehtimala görə, “İqla” səyyar zenit-raket kompleksinin raketi ilə vurulub. Bu kompleks bölüyün ağır silahıdır, ona xidmət edən heyət isə bilavasitə bu bölüyün komandirinə tabedir. Bu o deməkdir ki, döyüş təlimatlarına uyğun olaraq raketin buraxılması barədə qərarı yalnız iki nəfər qəbul edə bilər – səyyar zenit-raket kompleksinin heyət komandiri və bölük komandiri. Döyüş şəraitində bunu onlardan başqa heç kəs edə bilməz. Yuxarı vəzifəli rəis yalnız ən ümumi xarakterli “düşmən aviasiyası aşkar edildikdə döyüş sahəsinin hava hücumundan müdafiəsi tədbirləri görülsün” tipli əmr verə bilər, lakin düşmənin helikopterini filan tarixdə, filan yerdə və filan vaxtda vurmaq barədə sərəncam verə bilməz. Bu cür qərarlar bir neçə saniyə ərzində qəbul edilir və obyektiv olaraq belə qərarların yuxarı rəislərlə razılaşdırılması üçün heç bir halda vaxt olmur, çünki helikopterin sürəti saatda bir neçə yüz kilometr, bölüyün müdafiə sahəsinin eni isə yarım kilometrdir. Helikopter bu məsafəni təxminən 20 saniyəyə uçur. Mənə məlum olan budur ki, Ermənistana məxsus Mi-24 helikopterinin məhv edilməsi haqqında qərarı səyyar zenit-raket kompleksinin heyət komandiri, kontrakt əsasında xidmət edən çavuş verib. Onun öz hərbi borcunu vicdanla yerinə yetirərək atəş açması mətbuatda informasiya isteriyasına səbəb olub.
Üstəlik, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu insident barədə yalnız bir neçə saatdan sonra xəbər tutub. Noyabrın 12-də o, Moskvada işgüzar səfərdə olub, MDB iştirakçısı olan ölkələrin müdafiə nazirlərinin müşavirəsində iştirak edib. Yeri gəlmişkən, həmin müşavirənin işində Ermənistanın müdafiə naziri, general-polkovnik Seyran Ohanyan da iştirak edirdi. Buna görə hər iki nazir Mi-24-ün məhv edilməsindən praktiki olaraq eyni vaxtda, Moskvada xəbər tutub. Yaranmış şəraitdə onlar eyni otaqda olduqlarına baxmayaraq, bir-birinə iradlarını üzbəüz, göz-gözə söyləyə bilməyiblər. Çünki insident barədə heç nə bilmirdilər, indi Ermənistanın müdafiə naziri öz imicini necəsə saxlamaq üçün kütləvi informasiya vasitələrində informasiya isteriyası sifariş etməyə məcburdur. Mən bunun başqa bir ağlabatan səbəbini görmürəm.

-Bu insidentin Rusiya üçün və Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı üçün nəticələri necə olacaq?


-Sizin bu sualınıza tarixi illüziya ilə cavab verəcəyəm. 1871-ci ildə Fransa Prussiya ilə müharibədə uduzandan sonra Rusiya imperiyasının xarici işlər naziri və sonuncu kansleri Aleksandr Mixayloviç Qorçakovdan soruşurlar ki, Rusiyanın 1856-cı il Paris Sülh Müqaviləsinin şərtlərini yerinə yetirməkdən birtərəfli qaydada imtina etməsinə və 1853-1856-cı illərin Krım müharibəsi nəticəsində özünün Qara dənizdə məhv edilmiş hərbi dəniz donanmasını bərpa etməsinə Böyük Britaniya necə reaksiya verəcək. Qorçakov bu suala lakonik şəkildə cavab verir: “Tayms” qəzetində məqalə ilə.
İndiki halda da buna oxşar bir vəziyyət müşahidə edirik. Həlak olmuş erməni hərbi təyyarəçilərinin ailələrinə Rusiya Xarici İşlər Nazirliyi xətti ilə rəsmi başsağlığı verilməsindən başqa heç bir praktiki addım atılmayacaq. Bir qədər bundan əvvəl mən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva Sərhəd İnstitutunda dərs deyirdim. Orada çar Rusiyası dövründə sərhədçi zabitlər haqqında qədim bir lətifə eşitdim: Bir dəfə bir qaçaqmalçını tuturlar, növbətçi zabit onun istintaqsız və məhkəməsiz asılması barədə əmr verir. Onun xidmət yoldaşlarından biri komanda üzrə raport yazır və bu hadisə Əlahiddə Sərhəd Keşik Xidmətinin komandanlığına məlum olur. İnstansiya üzrə aşağıya belə bir dərkənar göndərilir: “Meyit basdırılsın, zabit qovulsun, iş unudulsun”.
Bu dəfə də belə olacaq.
Başa düşmək lazımdır ki, Ermənistan qoşunlarının hərbi manevrləri de-yure Azərbaycana məxsus, hazırda işğal altında olan Dağlıq Qarabağ ərazisində keçirilib. İşğal rejimi özlüyündə beynəlxalq hüquq normalarına ziddir, lakin dünyada buna hələ birtəhər dözürlər, işğal edilmiş torpaqlarda rəsmən hərbi təlimlər keçirilməsi isə bütün əndazəni aşmaqdır. Bugünkü şəraitdə bu ona oxşayır ki, Rusiya öz qoşunlarını Yeni Rusiyaya yeritsin və orada yerli könüllülərə ümumqoşun döyüşünün aparılması taktikasını öyrətsin. Dünyada necə hay-küy qalxacağını təsəvvür edirsinizmi? Bundan əlavə, bizim ölkə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsini heç vaxt şübhə altına almayıb və son iyirmi il ərzində Dağlıq Qarabağ torpaqlarının dinc yolla Azərbaycanın yurisdiksiyasına qaytarılmasına tərəfdar olub. Yerevanda nə deyirlər, desinlər, Dağlıq Qarabağ Ermənistan deyil. Buna görə də Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağın “erməni separatçılarının silahlı dəstələri”nin işğal etdikləri ərazilərdə Azərbaycan ordusunun atəşi nəticəsində hansı itkilərə məruz qalmasından asılı olmayaraq, Rusiya heç vaxt və heç bir şərtlə, həlak olanların ailələrinə XİN xətti ilə başsağlığı verməkdən uzağa getməyəcək.
Diaspora