"Təlimatla təminat paralel gedir” Bunu deyərkən qazi yaxın tarixdə Türkiyə ilə hərbi təlimlərimiz zamanı türk komutanının çıxışını xatırlayır: "Komutanın dediyi kimi orduda əsgərlərin maddi təminatı və qida təminatı güclü olarsa, onlar daha güclü şəkildə döyüş əzmi göstərərlər. Dediklərində doğruluq var, çünki hərbi xidmət və döyüşlərdə hərbçinin keçirdiyi gərgin anlar və həddindən artıq qüvvə sərf etməsi onun kalori itirməsinə səbəb olur. Bu səbəbdən gərəkdir ki, güclü qidalanma həmişə olsun. Diqqət yetirsəniz ordumuzun yaxın illərdə maddi təminat bazası güclənib qida rasionunda çeşidliliyin və bolluğun mövcudluğu danılmazdır. Müdafiə nazirimiz bu sahədə çox işlər görüb”.
"Döyüş tarixi” rubrikasının yeni qonağı Rəşid Əsgərov 1975-ci ildə Ağdam rayonun Xıdırlı kəndində anadan olub. Uşaqlıq illərindən silah və texnika həvəskarı olan yeniyetmə Rəşid 1992-ci ildə 17 yaşında ikən hərbi çağırışı gözləmədən könüllü müharibəyə yollanır. Onun "Döyüş tarixi” silahdaşlarından fərqli təzahürü, lakin eyni təsəvvürü yaradırdı. O da müharibə veteranıdır, yoldaşlarını xilas edərkən düşmən silahının qəlpəsinə tuş gəlib. Ayaq nahiyəsində aldığı dərin yara bir neçə ay çətinliklər yaradıb. 2 il müddətində vətənin müdafiəsində dayanan Rəşid Əsgərovun müharibə təəssüratlarından əlavə "İctimai Qarabağ” təəssüratları da vardı.Bəlkə də çoxlarına maraqlıdır ki, hələ 1988-ci ildən etibarən ermənilərin azərbaycanlılara və yaxud Azərbaycan hökumətinə qarşı kin-küdurətinin yaranması zamanla necə üzə çıxıb, onların bu halətinin səbəbi və yaxud səbəbkarı kimlər idi?
Qazimiz uşaqlıq və gənclik illərinin keçirdiyi Qarabağ bolgəsində ermənilərə çox rast gəldiyini deyir: "Bəlkə də onların simalarından çox Azərbaycana qaşı gördükləri iyrənc təbliğatları yadımda qalıb. Adi erməni fəhləsinə kimi bizə qarşı kin vardı və müharibə öncəsi təxribatlar bunu göstərirdi. Yerli əhalinin cahilliyindən yararlanaraq kəndə gələn erməni ev ustaları tikdikləri evlərin bünövrələrinə və ya çəkilən hasarlara erməni dilində yazdıqları "cümlələrlə” əhalinin ağlını tovlayıb bunun tikilən yeni evin xüsusi simvolu kimi qələmə verirdilər. Bəzi sakinlərin bünövrəyə atılan lövhənin üzərində adlarının qeyd olunması mənə elə gəlir ki, avam bir insanı şöhrətpərəstlik silahı ilə aldatmaq idi. Bunu ermənilər yaxış bacarırdı. Soruşacaqsınız ki, bunu niyə edirlər? Baxın, elə əsl kin sualının cavabı buradadır. Erməni hərbi qüvvələri ilk hücumlarını Xankəndinə etmişdilər, müharibə də həmin tarixdən başladı. Xankəndinə qədərki dövrdə isə müxtəlif təxribatlara başladılar. Azərbaycan hökumətinə, rəhbərliyə qarşı bilavasitə yerli əhalinin adından qondarma şikayətlər yaradıb Sovet hökumət rəhbərliyinə göndərirdilər. Həmin ev-bünövrə məsələsində isə məhz indiki dövrdə bizim ərazi iddialarımıza cavab məqsədilə həyata keçirilmiş davranışlar dayanır. Əgər ərazi iddialarında tapınırıqsa, ermənilər bir vaxtlar tikdikləri evlərin bünövrələrini qazıb həmin dəlilləri beynəlxalq təşkilatlara göstərəcəklər ki, ”bu ev erməni külfətinə məxsusdur” yazısıyla bizə inanılmaz zərbə vurmaq niyyətindədirlər.
Ermənilərin bu cür təbliğatlarını danışmaqla bitməz deyən qazimiz bəzi sakinlərin belə addımlara aldanmasının şahidi olduğunu və buna təəssüf etdiyini dilə gətirir.
"Erməni fotostudiyası”
"Yadımdadır, rayonumuzda şəkil çıxardılan məntəqə var idi və oranı ermənilər işlədirdi. Yazının əvvəlində qeyd etdiyim əhvalatla eyni məramı izah edən bir hadisədir. Şəkil çıxardılan məntəqədə müxtəlif sənədləşdirmələrlə bağlı əhali müraciət edirdi. 18 yaşına qədər vətəndaşları üçün şəkil - 5 manat, böyüklər üçün isə cəmi 3 manat təşkil edirdi.
-Sizcə, qəribə deyil bu?
-Əlbəttə qəribəlik var. Çünki normalda uşaqlar üçün daha ucuzu olmalıdır, nəinki böyüklər üçün elə deyil?
-Elədir.
-Əgər bir işin içində sənədləşdirmə və əks təbliğat varsa, deməli, bu ermənilər üçün normal bir addımdır. Azərbaycan hökumətinə qarşı hər hansı bir erməni vətəndaşının şikayət etməsi uyğun deyil və yaxud təsirsizdir. Lakin bunu Azərbaycan vətəndaşları toplum şəklində edirsə, ciddi məsələdir. Bu foto çap etmək alternativ rol oynasa da, əsas məsələ onlara müraciət edən əhalidən şəxsiyyəti təsdiq edən sənədlərinin nömrəsini almaq idi. Bunu təhlükəsizlik və müraciət baxımından ifadə edən erməni fotoşovinistlər üçün təbii ki, həmin nömrələr ölkə rəhbərliyinə qarşı xalqın şikayətini çatdırmaqda əsas vasitə olmuşdu. Baxın, bu cür oyunbazlıqlarla onlar öz kinlərini göstərirdilər".
"Sülh şəraitində necə, yaşamaq olar?”
Qonağımız ona ünvanladığmız "sülh, yoxsa müharibə?” sualına ətraflı və maraqlı cavab verib. Rəşid Əsgərov məsələyə aydınlıq gətirərkən bir müharibə iştirakçısı kimi 5 rayonun verilməsi mövzusuna da toxunub. Onun sözlərinə görə, bu ermənilərin sığortalanma siyasətidir: "Mən düşünürəm ki, ölkə başçısı 5 rayonun bizə verilməsi məsələsi ilə razı deyil. Fakt budur ki, hal-hazırda da həmin məsələ həllini tapmayıb. Çünki düşmən bu rayonların bizə qaytarılması zəminində bir növ sığortalanma siyasəti aparır. Belə olan halda digər rayonların da sülhlə geri alınması sual altında qalmış olur. Hesab edək ki, bu 5 rayon bizə verilib və sakinlərimiz artıq orada yaşayır. Rayon yerində təsərrüfat işləri aparan azərbaycanlı, Hidayət Rüstəmov, Eldar Hümbətov kimi şəhidləri, Şuşa batalyonu, Tərtər batalyonundan şəhid olan qəhrəmanlarımızı, günahsız yerə qətl edilən vətəndaşlarımızı xatırlayır, bu anda isə digər tərəfdə erməni kəndlisi gözümüzə dəyir. Şəhidlərimizin qanı tökülən torpaqda yağı düşməni görmək nə dərəcədə məntiqli görünür? Millət vəkili Aqil Abbasın 10 il əvvəl dediyi bir söz vardı: "Uşaq vaxtı qolumuz, ya dizimiz qanayanda üzərinə torpaq töküb qanı saxlayardıq. İndi torpağımızdan qan axır, onu necə saxlayaq?!” Ziyalının fikirlərini məni uzun illər düşündürüb. Burada bir məna gizlənir. Belə ki, əgər sən biriylə mübahisə etmisən və o səni döyüb. Bu zaman böyüklərdən biri gəlib sizi davadan uzaqlaşdırır və barışdırmağa cəhd göstərir. Sən nə qədər vuran həmin adamla barışsan da, daxilində ona qarşı intiqam hissi yaşayır, əgər sənə etdiyini sən də ona etsən, bax onda tam rahatlıqla barışa razı olarsan. Bu Qarabağ savaşı da bunun kimidir. 5 rayonun verilməsi Ermənistanla aramızda sülhün bərqərar olması anlamına gəlir, lakin xalqın vətənpərvər nümayəndələri bununla heç cürə barışa bilməyəcək. Ölkənin başbilənləri bunu yaxşı başa düşür.
Ali baş komandan nə vaxt əmr versə, savaşa girməyə hazıram. Hər kəsin peşəkar olduğu bir sahə var. Elektrikin gördüyü işləri mən heç vaxt bacarmaram, çünki elektrik saçan istənilən əşyaya qarşı çəkincəkliyim var. Lakin mənə 20 nəfər gənci həvalə etsinlər, 2 ay ərzində onları torpaq uğrunda döyüşə hər an hazır olan "canavar” edərəm. Bu mənim bir döyüşçü kimi yekunumdur”.
Rüfət Soltan