Firidun Məmmədov: “Vicdanlı həkimlərimiz də var, amma vicdansızları da az deyil” Əvvəli burada http://qaziler.az/news.php?id=189 Çəkinə - çəkinə gənclik şəkillərini bizə göstərir. Orta məktəbin məzunu olarkən “vinetka” üçün çəkdirdiyi şəkilləri. Bu şəkillərdən bizə uzun kirpikləri qaşına dəyən bir gənc boylanır. Dediyinə görə, sinif qızları həmişə onun kirpiklərinə sataşarlarmış uzun olduğu üçün. İndi o gözlərdən, uzun kirpiklərdən, düşmən tankından atılan mərminin param-parça etdiyi səbəbindən, əsər-əlamət qalmayıb.
Yəqin ki, özü də istəyərdi ki, adi, kimsənin diqqətini cəlb etməyən gözləri olsun, ancaq yetər ki, görsün. Onu dünya işığından məhrum etməsin. Bir gözü görmür, bir gözündəsə 4 faiz görməsi var. Allah heç olmasa bunu ona çox görməsin. Qonağımızla söhbətimiz davam edir. Yəni, “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi (əlili) Firidun Məmmədovla...-Firidun müəllim, Qarabağ Qazilərinin içində elə əlillər var ki, bəzilərinin heç qolları yoxdur. Özlərini idarə edə bilmirlər. Belə insanları təkcə həyat yoldaşının üzərinə atmaq da doğru olmaz. Elə insanlara dövlət tərəfindən sosial xidmət işçiləri ayrılırmı?
- Sevda xanım, siz mənim tam yaralı yerimə toxundunuz. Biz bu məsələni Əmək və Əhalinin Müdafiə naziri Səlim Müslümovla görüşümüzdə onun nəzərinə çatdırdıq. Dedim ki, cənab nazir, belə əlil Azərbaycanda olsun 3-4 nəfər. Məsəl üçün mən şəxsən öz yaxınlarıma rəva bilmərəm ki, o gedib iki qolu olmayan insana xidmət eləsin. Siz təsəvvürünüzdə canlandırın, bu nə deməkdir…Onun əynini geyinməyindən tutmuş, su içməyi, siqaret çəkməyi - onun bütün təminatını kimsə onun üçün eləməlidir. Son dərəcə ağır bir işdir. İndi baxın, nə qədər ədalətlidir ki, bu insanı yalnız həyat yoldaşının ümidinə qoymaq. Özü də zabit olub bu insan. Vətən üçün canını qoyub bu adam. Özü də onlar iki qardaşdırlar. Onlardan biri iki gözünü itirib müharibədə, tam 1-ci qrup əlildir, biri iki qolunu itirib. Onun xanımının üzərinə bu qədər yük qoymaq hansı ədalət tərəzisinə sığır? Axı dövlət 500 manat verə bilər ki, sən gecə-gündüz ona xidmət göstərirsən. Bu, bir nəfərin görə biləcəyi iş deyil. Heç olmasa, gündüz onun üçün bir adam olmalıdır. Nazir deyir ki, düz deyirsən, amma bu qanunvericilikdə yoxdur. Amma bunu həll etmək çox çətin iş deyil axı. Dövlət istəsə həll edər axı…Bizim başqa bir Qarabağ əlilimiz var. Onun həyat yoldaşı ondan konkret kasıb olduğu üçün boşanır. Bu adamın da iki ayağı yoxdur. Həyat yoldaşı onları qoyub gedib. 2 oğlu, bir qızı var. Qadın gedib qızı da aparıb özüylə. Oğlanlar isə qalıblar atasıyla. Uşaqlar da böyükdür. Ona oğlanları xidmət edir. İndi məhkəmə “Sən övladlarına xidmət edəcək gücə sahib deyilsən, ey Qarabağ Qazisi!” – deyib onun oğlanlarını zorla əlindən alıb anasına vermək istəyir. Mən getdim Səbayel rayon İcra Hakimiyyətinin Qəyyumluq Şöbəsinə. Oranın işçiləri ilə görüşəndə dedim ki, bu adamın qıçı yoxdur, övladları pis-yaxşı onun xidmətindədirlər. İndi siz bunu da onun əlindən alırsınız. Bəs, bu əlillə bağlı hansı qərar verirsiniz? Deyirlər, vallah qanunda belə yazılıb. Sanki daşa-divara deyirsən…
- Firidun müəllim, bu qanunlar insanlar üçün yazılmayıb ki, bəyəm?
- Mən də dedim ki, o əlilə xidmət etmək üçün sizin sosial xidmət işçiləriniz var axı. Deyirlər ki, yox, bizdə yaş həddinə görədir o işçilər. 60-70 yaşdan sonra xidmət işçisi gedir. Nə qədər başa salmağa çalışıram ki, bu adam 1-ci qrup əlildir, özünü idarə edə bilmir, siz ona bir işçi verməlisiniz ki, ona yardım eləsin. Bu adam fiziki cəhətdən özünü idarə edə bilmir. Çox laqeydliklə, etinasızcasına cavab verirlər. İndi biz təkliflər paketi hazırlayırıq. Orada göstəririk ki, iki qolu olmayan, iki ayağı olmayan, arabada oturan insanlara bu adamlara sosial xidmət işçiləri ayrılsın.
-Firidun müəllim, o insanlara elə bir protez qol düzəltdirmək olarmı? Heç olmasa bir qolla özünü idarə edə bilsin.
- Protez qol var axı, amma o biz deyən funksiyaları yerinə yetirmir…
- Mənim bildiyimə görə, Amerikada yeni protez qol istehsal ediblər ki, müəyyən funksiyaları yerinə yetirir...
- Vallah, mən də eşitmişəm, amma onu kimdir tapıb alıb gətirən? O olsa əla olar. Heç olmasa, 5 faiz də olsa özünü idarə edə bilər. Bir vaxtlar onun Nərimanovda bir ticarət köşkü vardı. Bakının meri Hacıbala Abutalıbovun göstərişi ilə şəhərdə abadlaşma işi aparanda onun köşkünü də götürdü. Həmin iki qol yox insan o vaxt gedib Hacıbala müəllimin qəbuluna ki, mənə Nərimanov icra hakimiyyətindən 3 gün vaxt qoyublar. Xahiş edirəm, tapşırın ki, mənim köşkümə dəyməsinlər, mənim vəziyyətimi görürsünüz. İki qolu da yoxdur, üstəgəl çənəsi də dağılıb müharibədə. Danışanda çox çətinliklə danışır. Hacıbala müəllim zəng vurub Nərimanov icra hakimiyyətinə ki, ona nə qədər vaxt qoymusunuz, oradan da deyiblər 3 gün. Deyib nahaq yerə, gedin indi sökün. Həmin an sökdürüb onun köşkünü. İndi onun yerində təzə köşk qoyulub - amma Qaziyə yox, başqa adama satıblar oranı. Əgər dövlət məmurları müharibə əlillərinə vicdanla kömək göstərsələr, bütün problemlər həllini tapar. Mən Qazi anası adlı layihə hazırlayıram. 23 yaşım vardı mən iki gözümü itirəndə. Mən ən yaraşıqlı, savadlı bir oğlan idim. Oxuyurdum. Mənim ata-anamın da mənimlə bağlı arzuları, ümidləri var idi. Onun hamısının üstündən bir andaca xətt çəkildi. Mənim ağır yaralanma xəbərim gəldi. O gündən indiyə kimi anam hipertoniya xəstəliyindən əziyyət çəkir. Mənim anam illərlə qoluma girib parka, təmiz havaya gəzintiyə çıxarıb.
-Firidun müəllim, gözünüzün görmə faizi nə qədərdir?
- 4 faizdir. Bir gözüm ümumiyyətlə görmür, amma o biri gözüm 4 faiz görür. Mənim gözümün bülluru dəyişdirilməlidir, amma 20 il bundan əvvəl qoyulub deyə, artıq bitişib ora. Əvvəlki bülluru çıxarıb yenisiylə əvəzləmək mümkün deyil.
- Firidun müəllim, Qarabağ əlillərinin ev, maşın növbəsi ilə bağlı vəziyyət nə yerdədir?
- Sözün düzü, təzə nazir gələndən bizimlə mütəmadi görüşür, problemlərin həlli üçün göstərişlər verir. Əvvəlki nazirin vaxtında biabırçılıqlar var idi. Səlim Müslümov problemləri birbaşa bizdən soruşur, hətta müavinlərinin mobil telefonlarını bizə verib ki, lazım olanda zəng edib dərdimizi deyə bilək.
- Amma yaxşı olardı ki, başqa strukturlarla da belə münasibət yaransın…
- Əlbəttə. Keçən ilin əvvəlində biz Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı təkliflər paketi hazırlayıb cənab Prezidentə göndərdik. Çox sağ olsun, bir Prezident, Ali Baş Komandan kimi İlham Əliyev xahişimizə dərhal reaksiya verdi. Çox ciddi sərəncamlar imzalandı. Amma bir məsələ hələ də öz həllini tapmamış qalıb. Həmin paketdə Qarabağ qazilərinə (əlilləri), şəhid ailələri və müharibə veteranlarına xidmət göstərəcək komissiyanın yaradılmasını da təklif edirdik. O komissiyanın layihəsini də hazırlayıb vermişik. Çox müsbət də qarşılandı, qəbul edildi. Nazirlər Kabinetinə də göndərildi və dedilər ki, baxılır məsələyə. O komissiyaya hava kimi, su kimi ehtiyac var. Biz orada bütün strukturları təmsil edən komissiyanın olmasını təklif edirdik. Elə qurumlar var ki, heç ora bəlkə illərlə işimiz düşmür. Amma Səhiyyə Nazirliyindən, DİN-dən, Prokurorluqdan və sairə qurumların nümayəndələrindən ibarət bir komissiya yaratmaq bizim üçün çox vacibdir. Məsələn, dünən bir Qarabağ əlilinin atasını xəstəxanaya yerləşdirmişəm, xəstəxanadan pul istəmişdilər - 2 min manat. Sonra məlum oldu ki, əməliyyat lazımdır. Daha çox pul tələb olunur. İndi onun üzərində işləyirik, alınmasa, o haqda deyərəm yazarsınız. İnanın ki, professor xəstəni boğaza yığıb. Ədaları ilə, çirkin yanaşması ilə, sifət turşutması ilə. Noolar ki, səndən xahiş eləmişik, bütün xəstələrin pulunu alırsınız, bu da əlilin atasıdır da. Bəs o da bir oğul verib bu vətənə. Hərbi Hospitalda heç olmasa Ali Baş Komandanın ya Müdafiə Nazirliyinin göstərişi olarsa, əlillərimizi orada müalicəyə götürərlər. Orada həm şərait yaxşıdır, həm də savadlı həkimlər var. Biz bütün bu məsələlərlə bağlı təkliflər paketi hazırlayıb Milli Məclisə təqdim edəcəyik. Səhiyyə Nazirliyi ilə bizim çox ciddi əlaqələrimiz var. Belə məsələlər olanda məcbur oluruq ki, nazirliyi işə qarışdıraq. Bilirsiniz, hər dəfə də olmur axı. Mən hər gün bir neçə əlili xəstəxanaya yerləşdirməli oluram. Ümumiyyətlə, bütün dünyada belə bir təcrübə var ki, müəyyən bir struktur adından müraciət edəndə yanaşma başqa cür olur. Bu komissiya olsa, biz də nümayəndə kimi gedərik həmin xəstəxanaya. Söhbət vicdanlı həkimlərdən getmir ha, vicdansızlardan gedir. Məsələn, Neftçilər xəstəxanasında Mircəlal həkim var ki, böyrək, qaraciyər əməliyyatı edir. O, şəxsən Qarabağ əlilindən öz əmək haqqısını almır. 8 saatlıq əməliyyat aparır, amma özünə çatan əmək haqqını almır. Çünki vicdanı var. Amma eləsi var ki, bir müayinəyə görə 60 manat alır. Vicdanlılara çox təşəkkür edirik, amma vicdansızarı da nəyləsə qorxutmaq lazımdır ki, vicdanları ayılsın. Döyməklə, söyməklə qorxudan deyilik ki, ancaq Səhiyyə Nazirliyinin xəttiylə belələrini yerində oturtmaq lazımdır. Əvvəllər bir komissiya yaradılmışdı, bizim təşkilatı da orada mən təmsil edirdim. O komissiyada ölkənin bütün sahələri üzrə baş mütəxəssisləri, məsələn, baş psixiatrı, baş travmotoloq, baş nevropatoloq, baş cərrah otururdu biz də problemi birbaşa onlara deyirdik. O vaxt o komissiyaya görə indikindən çox yaxşı idi vəziyyət. Həmin komissiya yenə var, amma biz orada yoxuq deyə, Komissiya işləmir. Çünki şikayətçinin orada nümayəndəsi yoxdursa, o komissiya nə biləcək ki, bizim nə dərdimiz var? Heç onları maraqlandırmır ki, Qarabağ veteranının nə problemi var. Biz problemlərimizin həlli ilə bağlı davamlı təkliflərlə çıxış edirik. 4 gün bundan əvvəl yenə bir Qarabağ əlili vəfat elədi müalicəsizlikdən. Keçən illərdə hepatitdən nə qədər xəstəmiz vəfat elədi, hepatit dərmanları tapa bilmirdik.
- Hazırladığınız təkliflər paketini hökumətə nə vaxt təqdim etməyi düşünürsünüz?
- Sevda xanım, inşallah, bütün təklifləri tamamlayıb fevralda təqdim etməyi düşünürük.
Sevda Elay (Əsgərova)