ATV-nin prezidenti: “Cəmiyyətimizin zövqünün əsirinə çevrilmişik”

ATV-nin prezidenti: “Cəmiyyətimizin zövqünün əsirinə çevrilmişik” backend

“Mən heç vaxtı şou əhli olmamışam” “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlının APA-ya müsahibə verib. Qaziler.az saytı həmin müsahibəni təqdim edir.

- ATV-yə rəhbər təyin olunan zaman ilk verdiyiniz açıqlamada “Bu kanal əla idi, əla da olacaq” demişdiniz. Doğrudanmı telekanalda hər şey qaydasında idi? Ümumiyyətlə, sizin rəhbərliyiniz altında telekanalda hansı dəyişikliklər baş verib?

- Əvvəla, üç il bundan əvvəl verdiyim açıqlamanı mənə xatırlatdığınız üçün sizə təşəkkürümü bildirirəm. Mən bu gün mərdi-mərdanə deyə bilərəm ki, açıqlamamda dediyimi həqiqətən yerinə yetirmişəm. Kanal həqiqətən əla idi. Yəni bu mənada ki, ATV ən yüksək reytinqli telekanal olub və bu gün də həmin reytinqi, birinciliyi saxlamaqla iki dəfə də artırıb. Mən dediyim sözü isbat etmişəm.

- Bu gün əksəriyyət Azərbaycan telekanallarını kəskin şəkildə tənqid edir. Tənqidin səbəbi kimi də telekanalların bayağı şouya meyllənməsi göstərilir. Sizin bu məsələyə münasibətiniz necədir?

- Mən bu suala müqayisəli şəkildə cavab vermək istəyirəm. Bizim futbol azarkeşləri daim futbolumuzun səviyyəsinin aşağı olmasından şikayətlənir. Bəs futbolumuzun səviyyəsinin aşağı olması nə ilə bağlıdır? Biz nə qədər çalışsaq da, xaricdən legioner gətirməklə futbolumuzun səviyyəsini qaldıra bilməyəcəyik. Çünki altı və ya yeddi yaşlı uşaqlarla işləmədən inkişafa nail ola bilməyəcəyik. Eynən də televiziya. Biz cəmiyyətdə kitaba olan həvəsi, elmə olan marağı, intellektimizi qaldırmaqla zövqümüzü qaldıra bilərik. Bu gün biz öz cəmiyyətimizin zövqünün əsirinə çevrilmişik. Bu həqiqətən belədir. Mən özümü bu cəmiyyətdən ayırmıram. Mən də bu cəmiyyətin üzvüyəm. Bilirəm ki, bu, təkcə bizdə belə deyil. Bu vəziyyət qonşu telekanallarda da hökm sürür. Biz məhsulu istehsal edirik, məhsul da satılmalıdır. Satılan mal da zövqə uyğun olmalıdır. Bu çox vacib məsələdir. Amma zövqü formalaşdırmaq ümdə, ən böyük, ən yüksək, ali bir məsələdir. Biz onu da edirik. Bacardığımız qədər edirik. Bizim boynumuza düşəndən artıq edirik ki, əskik etmirik. Kommersiya kanalıyıq, elə layihələrimiz olub ki, həmin layihələr heç bir kommersiya yükü daşımayıb. Loru dillə desək, o layihələr bizim üçün yük olub. Bir olmayıb, iki olmayıb, üç olmayıb, çox olub belə layihələr. Lakin bunu da etməliyik. Niyə? Çünki istəyirik ki, tamaşaçı bunu da görsün. Və bunu da mümkün qədər bacarırıq. “Ford Boyard”ı düz iki il keçirdik. Elə bilirsiniz o, çox reytinqli veriliş oldu? Zövqümüzə uyğun olmayan, baxmaq istəmədiyimiz verilişlərdən “Ford Boyard”ın reytinqi iki dəfə yarım aşağı oldu. İki dəfə yarım... Onun dəyəri isə, nə deyim sizə, bəlkə də yüz, yüz əlli dəfə artıq idi. Həmin o zövq məsələsini qabartmaq naminə buna getdik. “Aydın səs” layihəsi oldu. Heç bir kommersiya yükü yox idi bu verilişin. Nə oldu reytinqi? Çox çətin məsələdir və olduqca yaralı mövzudur. Yaxşı ki, bu problem qabardılır.

- Xarici ölkələrdən gətirilən verilişlər hazırlanarkən yerli spesifikanı nəzərə alırsınız?

- Əlbəttə, nəzərə alırıq. Məsələn, “Ford Boyard”ın milliləşdirilməsini nə qədər mümkün idisə, etdik. Bilirsiniz, lisenziyalı verilişlərin öz şərtləri var. Həmin verilişlərin özündən ağır nizamnamələri var. Lisenziyalı verilişləri tərcümə edib mənimsəmək bizə dörd-beş aya başa gəlir. Mənimsəmək bir tərəfdən, daha sonra onun şərtlərinə əməl etmək lazımdır. Orda elə tələblər var ki, həmin çərçivədən kənara çıxmaq olmaz. Orda işığın müəyyən bucaqdan verilməsi şərtdir. Eləcə də digər şərtlər. Amma yenə deyirəm, “Ford Boyard”ın milliləşdirilməsi nə qədər mümkün idisə, onu etdik. Tanınmış simaları bu layihəyə cəlb etdik. Özü də bu, bir illik layihə olmadı, iki ilə yaxın davam etdi.

- Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, “telekanalların rəhbərləri həmişə bizə deyirlər ki, biz özümüz də o verilişlərə baxa bilmirik, xoşlamırıq”. Həmin telekanal rəhbərlərinin içərisində siz də varsınız?

- Yox, mən baxıram. Çünki efirə baxmaq mənim işimdir. Gəlin, açıq danışaq. Elə verilişlər olur ki, həqiqətən istəyirəm kanalı dəyişim. Amma elə verilişlər də olur ki, baxıram. Məsələn, sizə seriallarla bağlı bir faktı deyim. Bunu etiraf etsək də, etməsək də, get-gedə bu sahədə irəliləyiş baş verir. Demək olmaz ki, irəliləyiş yoxdur. Televiziyada artıq elə şeylər meydana çıxıb ki, onlar vaxtilə Azərbaycan efirində olmayıb. Artıq nailiyyətlər var. Bunlar təkcə bizim kanalla bağlı deyil, digər kanallarda da var. İrəliləyişlər var və bunu görməmək olmaz. Amma birdən-birə sıçrayış... Televiziya çox incə sahədir. Televiziyada inqilabi dəyişiklik etmək qeyri-mümkündür. O, şüur kimidir. Kitabı oxumadan onun sonunu bilməzsən və yaxud da əksinə. Bu inkişaf etməlidir. Şüur ona çatmalıdır. Şüuru da ona çatdırmaq üçün... Biz cəmiyyət olaraq hamımız bir yerdə addımlayırıq. Cəmiyyətin bir hissəsi zövqlü olub, bir hissəsi zövqsüz ola bilməz. Biz, ümumiyyətlə, hamını nəzərə almalıyıq. Bu bizim borcumuzdur, işimizdir. Hər hansı bir zümrə ilə çalışmırıq. Bizdə ixtisaslaşmış televiziya kanalı deyil. Nə təhsil kanalıdır, nə də ki, alver kanalıdır. ATV ümumi, ictimai-siyasi verilişlərin yayımlandığı kanaldır. Burda hər bir zövqə yer olmalıdır - uşaqdan tutmuş ahılınacan. Bu da çətin məsələdir. Ahıl elə bir şəraitdə böyüyüb ki, onun zövqü tam başqadır, 180 dərəcə fərqlidir. 60 yaşda olan insanlar tamamilə başqa düşüncəyə malikdir. Ahıllar tutaq ki, repressiyaları görübsə, digərləri o repressiyanı görməyib. O birilər müharibəni görməyib, bu birilər aclığı görüb. Biz özümüz nələrdən keçmişik, nə əziyyətlər görmüşük... Mənim gördüyümü sən yaşamamısan. Biz 20 Yanvarı yaşamışıq, hadisələrin içində olmuşuq, o qorxunu görmüşük. Asan deyil, ondan sonrakı dövr də çətin idi. Yəni hər bir tamaşaçının öz zövqü var. Biri 100 kitab, biri isə 1 kitab oxuyur. Bir kitabla təbii ki, 100 kitab bərabər ola bilməz. Müqayisə üçün bunların hər biri ayrı-ayrılıqda 50 kitab oxumayıb. Sonda yenə birində 100 kitab, birində də 1 kitab qalır. Bu çox vacib, mühüm məsələdir, həm də sosioloji məsələdir. Bunların hamısı öyrənilməlidir. Bunlarla ayaqlaşmaq da çətindir. Necə edəsən ki, bir yandan zövqü oxşayasan, digər tərəfdən də ifrat bayağılaşmayasan? Çətindir həqiqətən. Siz özünüz də görürsünüz ki, televiziya yaralı yerdir. Biri deyir ki, belə olmalı deyil, elə olmalıdır. O biri əksini deyir. Kimisi deyir ki, belə olmalı deyil və yaxud elə olmalıdır. Kim deyir bunu? Kim bunu müəyyən edir? Bizim öz milli-mənəvi dəyərlərimiz var və bu dəyərlərə riayət etməliyik. Bu, bizim borcumuzdur. Azərbaycanlıyıq, öz düşüncə tərzimiz, tariximiz, bayramlarımız, matəmlərimiz var. Bunu biz bilirik də, amma bundan artığını tələb etmək də düzgün deyil axı. Kimsə durub bir yazı yazıb deyir ki, bu belə etmədi, elə etdi. Siz bilirsiniz kimdir o? Kim deyir onu? Bir nəfər deyir də. O bir nəfərin də mövqeyi ilə 10 min oxucu tanış olur, vəssalam.

- Elə kitabdan danışdınız, istərdim “Kitabçı” jurnalı haqqında da fikirlərinizi öyrənək. Jurnalın fəaliyyətindən razısınız?

- “Kitabçı” jurnalının çap olunmasının özü artıq bir ictimai hadisədir. Bu o deməkdir ki, kitab yaşayır. Biz kitaba olan marağı qabardırıq. Səlim müəllim (“Kitabçı” jurnalının baş redaktoru Səlim Babullaoğlu - red.) də bu işlə yüksək səviyyədə, peşəkarlıqla məşğul olur. Bir az əvvəl demişdim. Biz həmin o 1-2 faizə işləyirik. “Kitabçı” da qeyri-kommersiya layihəsidir. Bizim uğurumuzun başında kitab durur.

- Aparıcılarınızın bilik və bacarıqlarından, intellektual səviyyəsindən razısınızmı?

- Eləsi var ki, çox razıyam. Eləsi var ki, orta razıyam (gülür). Eləsi də var ki, tam narazıyam. Lakin yetişdirməkdə davam edirik. İşçilərimizin üzərində çalışırıq. İş gedir. Adını açıqlamayacağam, o gün birini çəkdim kənara. Mən belə hallarda özüm daha çox utanıram. Əslində həmin insan özü utanmalıdır. Ona dedim ki, bir az çox kitab oxu. Çünki bu efirdən hiss olunur. Aparıcı kimi yaxşıdır, gözəldir, nitqi düzgündür. Amma bir də görürsən heç gözləmədiyin yerdə elə bir xaric buraxır ki. Veriliş gül kimi gedir, ancaq bircə xaric hər şeyi alt-üst edir. Aparıcının savadsızlığı özünü büruzə verir. Həmin dediyim kitabsızlıq öz sözünü deyir. Bax, budur problem.

- Cəmiyyətdə ən çox müzakirə olunan verilişlərin aparıcıları Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızı sizin telekanalda çalışır. Onların bu qədər müzakirə obyektinə çevrilməsi sizi narahat etmir?

- Zaur Baxşəliyevin verilişi sosial verilişdir və həqiqətən cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Burda incəliklər var. Əslində bu veriliş canlı olmalı deyil, yazılı getməlidir. Yazılı olan verilişin keyfiyyəti daha yüksək olur. Niyə? Çünki onun üzərində çalışırlar, montaj gedir, pis yerlər kəsilir. Siz təsəvvür edirsiniz Zaurun verilişinin arxasında nə qədər zəhmət durur? Veriliş hər gün yayımlanır, bu, artıq seriala bənzəyir. Çox çətin prosesdir. Mən canlı veriliş kimi Zaurun verilişini çox yüksək qiymətləndirirəm. İnanın mənə, sözsüz ki, istədiyimiz canlılığa gəlib çıxa bilmirik. Çünki bu bizim üçün çətindir. Başqa problemlər ortaya çıxır ki, onlarla ayaqlaşa bilmirik. Bu məsələləri də burda aça bilmirəm. Canlı veriliş bizim üçün daha uyğundur. Təbii ki, burada da müəyyən qüsurlar ortaya çıxır. Amma gəlin baxaq, görək Zaurun verilişinin üstünlükləri nə qədərdir? Bu verilişdə neçə-neçə ailələrə xoşbəxtlik bəxş olunub. Neçə ailənin övladlarının sağlamlıqları bərpa olunub. Budur məsələ. Bundan danışmaq lazımdır. Bir də mən ATV-nin çox müzakirə olunmasının səbəbini yaxşı başa düşürəm. Baxırlar da kanala. Siz başqa bir verilişi müzakirə etmirsiniz. Siz baxılan verilişi müzakirə edirsiniz. Baxılan, əziyyətli, zəhmətli işin də qüsuru olur. Mən heç kimə daş atmıram, amma digərlərinin işsizliyi bizim işləməyimiz fonunda çox görünmür. Bundan da danışmaq lazımdır. Niyə bunun üstündən sükutla keçilir? Niyə bu kimi, bundan da yaxşı veriliş başqa kanalda olmasın? “Səni axtarıram”da neçə ailələr bir-birinə qovuşub. Bu veriliş lazımdır. Mən bilirəm siz nəyi nəzərdə tutursunuz. Gedin, bir neçə il əvvəlki verilişi bugünkü verilişlərlə müqayisə edin. Görün, nə qədər fərq var, nə qədər dəyişiklik olub. Olub axı bu dəyişiklik. Heç nə ideal deyil, bircə Allahdan başqa.

- Bir neçə il əvvəl sizin telekanalda işçilərinizlə müsahibədə olmuşam. Həmin ərəfədə hər şeyə şəxsən özünüzün nəzarət etdiyinizi müşahidə etmişdim...

- Mən heç vaxt öz reklamımla məşğul olmamışam. Bu fikirdə də deyiləm. Təhsil etibarilə də, düşüncə tərzi ilə də müəlliməm. Mənim reklama ehtiyacım yoxdur. Əgər gedib verilişlərlə maraqlanıramsa, lap canlı verilişi gedib izləyirəmsə, bu əhəmiyyətli deyil. Əsas odur ki, biz bunu duyuruq və çalışırıq ki, bu və ya digər məsələlər yerindəcə həll olunsun. Hansı veriliş hansı səpkidə olmalıdır, onları bir yerdə müzakirə edirik. Televiziyanın içindəyəm, kənarda deyiləm və kabinetlə də ölçülən adam deyiləm.

- Elmi yaradıcılıqla məşğul olmağa vaxtınız qalır?

- Elmi yaradıcılıqdan gedib şouya çıxdıq (gülür). Mən heç vaxtı şou əhli olmamışam, bu o demək deyil ki, şou pisdir. Vaxt və imkan tapdıqca, əsasən gecələr doktorluq işimin üstündə çalışıram.
Diaspora